Gənclərin vətənpərvər
ruhda
tərbiyəsi əsas prioritetdir
Binəqədi rayonunda bu məsələ
əsas diqqət mərkəzindədir
Gənclərin milli mənlik
şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində təkcə
bu sahəyə cavabdeh olan dövlət qurumları deyil, eləcə
də ayrı-ayrı yerli icra orqanları da zaman-zaman zəruri
addımlar atır, layihələr, tədbirlər həyata
keçirirlər. Bu mənada Binəqədi Rayon
İcra Hakimiyyətinin qeyd edilən istiqamətlərdəki
fəaliyyəti təqdir olunmalıdır.
Belə ki, təkcə bu ay ərzində Binəqədi Rayon İcra Hakimiyyəti gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik bir neçə silsilə tədbirlər təşkil edib. Bu ayın əvvəllərində Binəqədi rayonunun 9 məktəbəqədər təhsil müəssisəsi “Vətən Bizi Səsləyir-Yolumuz Qarabağa!” adlı vətənpərvərlik tədbiri keçirib.Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxridə Abbasova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və kollektivləri iştirak ediblər. Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxridə Abbasova və 158 saylı bağçanın müdiri Rəfiyyə Əsədova “Vətən Bizi Səsləyir – Yolumuz Qarabağa”! adlı vətənpərvərlik tədbirinin əhəmiyyətini vurğulayaraq, balaca yaşlardan uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırıblar. Natiqlər Cənab Prezidentimiz İlham Əliyevin ordu sahəsində apradığı uğurlu siyasətdən danışaraq tezliklə torpaqlarımızın azad edilməsini və üçrəngli bayrağımızın Qarabağda asılacağını vurğulayıblar.
Çıxışlardan sonra Binəqədi rayonu 9 məktəbəqədər təhsil müəssisələri (158, 138, 210, 211, 298, 272, 266 , 177 , 151) təşkil etdiyi bədii kompozisiyalar nümayiş edilib.
Tədbirin sonunda Azərbaycan Respublikasının böyük bayrağı səhnəyə gətirilərək bayraq flaşmobu nümayiş edilib və səhnəyə canlı olaraq 158 saylı bağçanın məzunu olan uşaq çıxaraq “Qarabağ” şikəstəsini səsləndirib.
Binəqədi Rayon İcra Hakimiyyətinin gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlmiş daha bir layihəsi “Qarabağ Həftəsi” adlanır. Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə “Qarabağ həftəsi” layihəsinə start verildi.
Binəqədi rayonu 297 və 300 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə “Qarabağ həftəsi” layihəsinin ilk təqdimatı keçirilib. Təqdimatda Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP rayon təşkilatının əməkdaşları, 297 və 300 saylı orta məktəbin rəhbərlik və kollektivi iştirak ediblər.
297 saylı orta məktəbdə keçirilən “Ağdərə harayı” adlı təqdimat Ağdərə rayonuna həsr olunub. İstedadlı şagirdlərin təqdimatında Ağdərə rayonunun tarixi, ərazisi, əhalisi, iqtisadiyyatı haqqında ətraflı məlumat verilib. Bildirilib ki, rayon 8 avqust 1930-cu ildə təşkil edilib. 10 sentyabr 1939-cu ilədək Cerabert, 1991-ci ilə qədər Mardakert, həmin tarixdən ləğv olunana kimi Ağdərə adlanıb. İnzibati mərkəzi Ağdərə şəhəri olub. 1992-ci ilin oktyabrında Azərbaycan hökumətinin qərarı ilə Ağdərə rayonu ləğv edilərək, ərazisi Dağlıq Qarabağa aid olmayan üç rayon - Tərtər, Ağdam, Kəlbəcər rayonları arasında bölünüb. Həmçinin o da bildirildi ki, Ağdərə rayonu Qarabağın ən çox azərbaycanlının yaşadığı rayonu olub. Belə ki, Ağdərənin 14 kəndində ümumilikdə 14 min azəbaycanlı yaşayıb. Lakin 7 iyul 1993-cü ildə erməni qəsbkarlarının Ağdərə şəhərini və rayonun bir çox kəndlərini yenidən işğal etməsi nəticəsində soydaşlarımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Rayon haqqında geniş slaydın təqdimatından sonra şagirdlərin ifasında vətənpərvərliyi tərənnüm etdirən şeirlər, mahnılar səsləndirilib, rəqslər ifa olunub. Sonda cari ilin 2-5 aprel tarixlərində Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş verən atışmada qəhrəmancasına vuruşan və şəhid olan oğullarımız haqqında və ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin orudumuzla bağlı fikirlərindən ibarət videoçarx nümayiş etdirilib. Tədbirin sonunda çıxış edən Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova və 300 saylı orta məktəbin direktoru İradə Xəlilova “Qarabağ həftəsi” layihəsinin reallaşdırılmasının yüksək əhəmiyyətindən danışıblar. Bildiriblər ki, bu cür layihələr gənclərimizin və yeniteymələrimizin vətənpətvərlik ruhunda tərbiyə olunmasında olduqca vacibdir. Təqdimatdan sonra məktəb şagirdlərinin vətənpərvərliyə həsr olunmuş əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Dövlətimiz və xalqımız üçün hər zaman müqəddəs amallardan olan vətənpərvərliyin təbliği, Azərbaycanın əzəli tarixi torpaqları olan Dağlıq Qarabağın ermənilər tərəfindən işğal olunması faktının geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçirilən layihə silsilə olaraq Binəqədi rayonunun 32 orta ümumtəhsil məktəbini əhatə edəcək. Layihə çərçivəsində məktəb şagirdlərinin təqdimatında erməni işğalı altında olan 12 rayonumuz haqqında müxtəlif məlumatlar, slaydlar, həmin rayonlara məxsus tarixi və mədəniyyət abidələri, həmin rayonların tarixi şəxsiyyətləri, musiqisi və s. haqqında dolğun məlumatlar müxtəlif fərqli təqdimatlar vasitəsilə çatdırılacaq. Münsiflər heyətinin qərarı ilə ən fərqli və maraqlı təqdimatları hazırlayan məktəblər seçilərək mükafatlandırılacaq və onların iştirakı ilə layihənin yekun tədbiri keçiriləcək.
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə növbəti tədbir 179 və 182 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə baş tutub. “Qarabağ həftəsi” layihəsi çərçivəsində keçirilən növbəti tədbir Laçın rayonuna həsr olunub. Təqdimatda münsiflər heyətinin üzvləri, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, Binəqədi qəsəbə bələdiyyəsinin sədri Aytac Əliyeva, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Ziyad Nəbiyev, Binəqədi Mərkəzi Mədəniyyət Evinin müdiri Zivər Abbasova, YAP rayon təşkilatının əməkdaşları, 179 və 182 saylı məktəblərin rəhbərlik və kollektivi iştirak ediblər. Təqdimatı giriş sözü ilə açan 179 saylı tam orta məktəbin direktoru Kəmalə Şıxlinskaya orta məktəb şagirdləri arasında təşkil edilmiş bu layihənin vətənpərvərliyin tərənnüm etdirilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. O, təqdimatın məhz Laçının işğalı günündə keçirildiyini vurğulayaraq, “Laçın nağılı” adlı təqdimatda rayonda baş verən mühüm tarixi hadisələrin bir neçəsinin səhnəciklərlə canlandırılacağını diqqətə çatdırıb. Daha sonra Azərbaycanın ərazi bütövlüyü və dövlət müstəqilliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə çıxışına yekun vurub. Təqdimat hər iki məktəbin istedadlı şagirdlərinin ifasında müxtəlif səhnəciklərin nümayişi, şerlər, rəqslər və mahnıların ifa edilməsi ilə davam etdirilib. Təqdimatın sonu qələbə əzmi ilə başa çatdı. Erməni işğalına, çoxsaylı itkilərimizə baxmayaraq Şuşadan ucalan azan səsi ilə bütün insanlar Qarabağa, Laçına, Şuşaya qayıtmaq, qisasımızın tezliklə alınması əzmini göstərib. Laçın rayonuna həsr olunmuş “Laçın nağılı” adlı təqdimat bütünlüklə səhnəciklərin nümayiş etdirilməsi ilə tədbir iştirakçılarının böyük marağına səbəb olub. Təqdimatda yekun nitqi ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva layihənin əhəmiyyətindən danışaraq bildirib ki, “Qarabağ həftəsi” adlı layihə may ayının 27-nə qədər davam edəcək və işğal altında olan bütün rayonlarımızın orta məktəb şagirdləri tərəfindən təqdimatları təşkil ediləcək. Bütün təqdimatların yekunundan sonra qaliblər elan olunacaq və bağlanış tədbirində həmin təqdimatlara yenidən yer veriləcək. O, eyni zamanda vətənpərvərliyin təbliğinə xidmət edən bu cür layihələrin davamlı olmasının vacibliyini önə çəkərək, bunun yeniyetmələrin vətənə məhəbbət ruhunda tərbiyə olunmalarına böyük təkan verdiyini bildirib..
Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşəbbüsü ilə növbəti “Qarabağ həftəsi” layihəsi çərçivəsində növbəti təqdimat
83 saylı məktəb-lisey, 135 və 248 saylı orta məktəblərin birgə təşkilatçılığı ilə baş tutub. Keçirilən təqdimat Xocalı rayonuna həsr olunub. Təqdimatda YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, aparat rəhbəri Sevinc Abdullayeva, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvanə Əliyeva, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova, YAP rayon təşkilatının əməkdaşları, 83 saylı məktəb-liseyin, 135 və 248 saylı orta məktəblərin rəhbərlik və kollektivləri iştirak ediblər.
Təqdimat Azərbaycanın dövlət himninin və vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Daha sonra aparıcılar Xocalı rayonunun tarixi, etnoqrafiyası, coğrafi mövqeyi, iqtisadiyyatı, mətbəxi və s. haqqında danışıblar. Xocalı rayonunun tarixi abidələri və maddi-mədəniyyət nümunələrinin geniş təqdimatı olub. İşğal altında olan Xocalı rayonunda səsləndirilən və məşhurlaşan musiqi-muğam əsərləri, həmçinin Molla Pənah Vaqifin həyatından bəhs edən səhnəcik nümayiş etdirilib. Təqdimat vətənpərvərliyə həsr olunmuş müxtəlif şeirlərin səsləndirilməsi ilə davam etdirilib. Qarabağda və Xocalı rayonunda multikulturalizm mühitinin nümayiş etdirilməsi və Xocalı soyqırımının, erməni vəhşilərinin dinc azərbaycanlılara qarşı törətdiyi vəhşiliklərin əks etdirildiyi səhnəcik tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Təqdimatda geniş nitq söyləyən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov 20 faiz torpaqlarımızın işğal olunduğunu və Azərbaycanın artıq 26 ildir ki, Ermənistanla müharibə şəraitində yaşadığını söyləib. Bildirib ki, tarixən ermənilər tərəfindən azərbaycanlılara qarşı faciələr törədilib. Xocalı faciəsi isə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində öz ağlasığmaz vəhşilikləri ilə yaddaşlara həkk olunub. Bu faciə nəticəsində yüzlərlə soydaşımız həlak olub, əlil olub və 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə salınıb. Ramiz Göyüşov həmçinin Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilən xarici siyasət barədə danışıb. Vurğulayıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə səy göstərir, lakin Ermənistan öz işğalçılıq siyasətindən əl çəkməzsə ölkəmiz torpaqlarımızın işğaldan azad olunması üçün müharibə yolunu seçəcək: “Bu gün Azərbaycanın güclü ordusu var və xalqımız öz ordusuna inanır, onun arxasındadır”. Rayon təşkilatının sədri daha sonra bu cür tədbirlərin keçirilməsinin və şagirdlərin bu tədbirlərə cəlb olunmasının vətənpərvərliyin təbliği baxımından böyük əhəmiyyət kəsb etdiyini bildirib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 21-23 may.- S.15.