Müdafiə nazirinin cəbhə bölgəsinə
səfəri
Əsgər və
zabitlərin döyüş ruhunu artırır
Azərbaycanın
müdafiə naziri Zakir Həsənovun mütəmadi olaraq cəbhə
bölgəsinə səfər etnəsi əsgər və
zabitlər arasında döyüş ruhunun artmasına səbəb
olub. Müsbət haldır ki, müdafiə naziri birbaşa hərbçilərin
problemləri ilə maraqlanır, onların aradan
qaldırılması məqsədilə tövsiyyə və
tapşırıqlarını verir. Bu günlərdə də
müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı
Qüvvələrin Təlim və Tədris Mərkəzində
birlik, birləşmə, qoşun qisimləri və xüsusi
təyinatlı təhsil müəssisələrinin şəxsi
heyətlə iş üzrə zabit heyətinin nümayəndələri
ilə görüşüb.
Tədbirin əhəmiyyətini vurğulayan Müdafiə naziri döyüş və mənəvi-psixoloji hazırlıq işinin hazırkı vəziyyəti ilə bağlı ətraflı təhlil apararaq bu istiqamətdə fəaliyyətlərin daha da yüksək səviyyədə təşkili, hərbi qulluqçuların milli-mənəvi dəyərlər ruhunda tərbiyə edilməsi, müasir silah və texnikanı dərindən bilməsi və bir çox məsələlərlə bağlı fikirlərini toplantı iştirakçılarının diqqətinə çatdırıb. 2016-cı ilin cari dövründə Silahlı Qüvvələrimizin döyüş və mənəvi-psixoloji hazırlıq, həmçinin digər vacib sahələrdə qazandığı mühüm uğurlardan danışan nazir, bütün nailiyyətlərimizin əsasında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğuna göstərdiyi diqqət və qayğının dayandığını xüsusi qeyd edib. Sonda nazir döyüş və mənəvi-psixoloji hazırlıq işinin daima gücləndirilməsi ilə bağlı konkret tapşırıqlarını şəxsi heyətin diqqətinə çatdıraraq əmin olduğunu bildirib ki, Silahlı Qüvvələrimiz xalqın və dövlətin etimadına cavab olaraq qarşıda qoyulan bütün tapşırıqları bundan sonra da qətiyyətlə yerinə yetirəcəkdir. Bununla kifayətlənməyən müdafiə naziri Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə hərbi aviasiya bazalarından birində olub. Müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb. Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib. Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub. Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına əsasən, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün oktyabrın 28-də Hərbi Hava Qüvvələrinin hərbi hissəsinə tanışlıq səfəri təşkil olunub. Səfər çərçivəsində qonaqlara hərbi hissə barədə brifinq verilib və onların sualları cavablandırılıb. On beş dövləti təmsil edən iyirmidən çox hərbi attaşelik aparatlarının nümayəndələri hərbi hissənin məşğələ otaqları, yataqxana binaları, əsgər yeməkxanası, təlim nöqtələri və obyektləri ilə tanış olublar. Səfər çərçivəsində qonaqlara aviasiya texnikası, o cümlədən təlim-uçuş simulyatorları nümayiş etdirilib. Hərbi attaşelər səfərin yüksək səviyyədə təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Xatırladaq ki, orduda vətənpərvərlik hislərinin yüksəldilməsi məqdəilə həyata keçirilən tədbirlər bununla kifayətlənmir. Elə qəhrəman əsgər və zabitlərlə bağlı təşkili də bu silsilədən olan tədbirlərdəndir. Belə tədbirlərdən biri Baş leytenant Kamil Musəvi barədə keçirilib. Qeyd edək ki, Kamil Musəvi Silahlı Qüvvələrimizin peşəkar, vətənpərvər zabitlərindən biri olub. O, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin məzunudur. Vətən qarşısında əsgəri borcunu şərəf və vicdanla yerinə yetirib. Dəfələrlə Silahlı Qüvvələr üzrə keçirilən bir çox yarış və müsabiqələrdə qalib olub. Lakin bir il öncə cəbhə bölgəsində döyüş tapşırığını yerinə yetirən zaman tabeçiliyində olan əsgəri təhlükədən xilas edərkən ağır xəsarət alıb. Hərbi həkimlərin səyi nəticəsində o, ölümün pəncəsindən xilas edilib və bu gün də ayaqdadır. Sağ ayağını və sol gözünü itirməsinə, ciddi xəsarət almasına baxmayaraq döyüş ruhunu, qələbə əzmini itirməyib.
N nömrəli hərbi hissədə K.Musəvi ilə keçirilən görüş şəxsi heyətin döyüş ruhunun, qələbə əzminin daha da yüksəlməsinə səbəb olub. Gənc zabiti görüş iştirakçılarına təqdim edən polkovnik Abdulla Qurbani onun həyat və qısa hərbi xidmət yolu barədə məlumat verib.
Baş leytenant K.Musəvi həmin dəhşətli anları xatırlayıb, ekstremal vəziyyətdə əsgəri təhlükədən necə xilas etdiyini, özündə güc toplayaraq təhlükəli zonadan necə çıxdığını yada salıb və minnətdarlıq hissi ilə bildirib ki, bu gün şəhid ailələri, eləcə də döyüşlərdə yaralanaraq əlil olanlar həm dövlətin, həm də Müdafiə Nazirliyi rəhbərliyinin daim diqqət mərkəzindədirlər: "Onlar hər cür qayğı ilə əhatə olunublar. Hər birimiz bu torpaq uğrunda canımızı və qanımızı qurban verməyə hazır olmalıyıq. Təki Vətən sağ olsun". Baş leytenantlar Cəlal Şahverdiyev və Səftər Məhərrəmov kursant yoldaşları olmuş K.Musəvinin hələ məktəb illərindən öz fəallığı, vətənpərvərliyi ilə digər kursantlardan seçildiyini qeyd edib və əminliklə bildiriblər ki, onun yarımçıq qalan zabitlik arzularını öz arzularına calayaraq ləyaqətlə həyata keçirəcəklər.
Polkovnik-leytenant Hafiz Şıxəliyev, kapitan Cəlal Kərimov, leytenant Ülfət Hümbətov, çavuş Habil Əliyev və başqaları çıxış edərək K.Musəviyə bir örnək zabit kimi gənclərin hərbi vətənpərvərlik tərbiyəsində uğurlu fəaliyyət arzulayıblar. Görüşün təşkilatçılarına minnətdarlığını bildirən K.Musəvi yaxın vaxtlarda paralimpiya hərəkatına qoşulacağını və mötəbər yarışlarda keçmiş döyüşçü İlham Zəkiyev kimi üçrəngli bayrağımızı zirvələrə ucaldacığını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Sonda K.Musəviyə Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının təsis etdiyi "General Həzi Aslanov" yubiley medalı təqdim olunub.
Məhz bu kimi tədbirlərin nəticəsidir ki, gənclər fərəhlə ordu sıralarında xidmətə yollanırlar. Daşkəsən rayonundakı N nömrəli hərbi hissədə "Dağlar çağırır səni, Azərbaycan əsgəri!" devizi altında bir qrup hərbi qulluqçunun döyüş növbəsinə təntənəli yolasalma mərasimi keçirilib.
Qoşqar dağının ətəyində toplanmış şəxsi heyət qarşısında çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycanın ordu quruculuğunda son illərdə qazanılan uğur və nailiyyətlərdən fəxrlə danışaraq ordumuzun bu gün Qafqazın ən qüdrətli ordusu olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, bugünkü mütəşəkkil ordunun yaranması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, onun daha da qüdrətlənərək, qarşıya qoyulmuş hər hansı bir döyüş tapşırığını yerinə yetirməyə qadir və hazır olan güc strukturuna çevrilməsi möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü və qətiyyətli fəaliyyətinin nəticəsidir. Vaxtilə zirvələrdə xidmətə göndərilən hərbi qulluqçulara əgər cəza tədbiri kimi baxılırdısa, bu gün ən yaxşı, nümunəvi, vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlıqlı, eləcə də fiziki keyfiyyətlərə malik sayseçmə əsgər və zabitlər məsuliyyətli, çətin, ancaq şərəfli mövqelərə göndərilir. Bununla yanaşı, düşmənlə təmas xəttində, sərt dağlıq şəraitində, ön mövqelərdə ən müasir xidməti şərait yaradılıb, yay-payız aylarından lazımi qış tədarükü görülüb, bütün təminat məsələləri yüksək səviyyədə həll edilib.
Dağlarda döyüş növbəsi çəkən hərbi qulluqçuların xidmətləri komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilir və Müdafiə Nazirliyi rəhbərliyinin daima diqqət mərkəzindədir.
Polkovnik-leytenant Fuad Ələkbərov döyüş növbəsinə yola salınan şəxsi heyətin silah və texnikalara yaxından bələd olduqları kimi, onların döyüş ruhunun, vətənpərvərlik hissinin də yüksək səviyyədə olduğunu və göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarına əminliyini bildirirb. Respublika Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Daşkəsən rayon şöbəsinin sədri Elman Məmmədov yaşının səksənə yaxınlaşmasına baxmayaraq, bu gün gənc döyüşçülərə qoşulub zirvələrə qalxmağa hazır olduğunu, Qarabağ müharibəsi veteranı Zakir Məmmədov vaxtilə xidmət etdiyi hərbi hissə ilə bugünkü hərbi hissələrin həm maddi-texniki təchizat, həm də şəxsi heyətin döyüş ruhu baxımından yerlə göy qədər fərqləndiyini, Daşkəsən rayon icra hakimiyyətinin rəsmiləri Elman Əliyev və İlhamə Bayramova isə bütün xalqımız kimi daşkəsənlilərin də güclü dövlətimiz, güclü ordumuzla fəxr etdiklərini fərəh hissi ilə deyiblər. Döyüş növbəsinə yollanacaq əsgərlər adından çıxış edən Vüqar Dadaşov: "Bu gün bəlkə də mənim həyatımın ən xoşbəxt günüdür. Sumqayıtda doğulub, şəhər mühitində böyüsəm də, həmişə dağlara qalxmaq arzusuyla yaşamışam. Özüm ali təhsilliyəm. Oxuduğum kitablar, baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, həqiqətən cəsurlar, əqidəli, iradəli insanlar həmişə zirvələri seçərlər. Qartallar zirvələrdə məskən salar, dağ kəlləri, qar bəbirləri zirvələrə can atarlar. Bu mənada, mən və mənim əsgər yoldaşlarım fəxr edirik ki, qış mövsümünü biz dağlarda keçirəcək, şaxtaya, çovğuna sinə gərərək Vətən qarşısında əsgəri borcumuzu şərəflə yerinə yetirəcək, bu dağlardan Laçına, Kəlbəcərə, Şuşaya, eləcə də Azərbaycan əsgərinin yolunu səbirsizliklə gözləyən qədim Göyçə mahalına tezliklə yollar açacaq, xalqımıza əsl bahar, qələbə sevincini yaşadacağıq" - deyib. Daşkəsən Cümə məscidinin axundu Fariz Cəlal oğlu İslamda Vətən, dövlət sevgisindən, şəhidliyin ən müqəddəs məqam olduğundan danışıb, Vətən sərhədində keşik çəkən əsgəri cəhənnəm odunun yandırmayacağını vurğulayıb və döyüş növbəsinə yola salınan əsgərlərə xeyir-dua verərək onları müqəddəs kitabımız olan Qurani-Kərimin altından keçirib. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupunun çıxışları alqışlarla qarşılanıb. Hərbi qulluqçular musiqi sədaları altında böyük ruh yüksəkliyi ilə qarlı zirvələrə - döyüş növbəsinə uğurlanıblar. Həmin gün zirvələrdə döyüş növbəsini müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulardan bir qrupu məzuniyyətə yola salınıblar.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 1 noyabr.- S.15.