Vətənə sahiblik borcu

 

Uşaqlara yurdu tanıtmaq lazımdır

           

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində sistemli şəkildə, davamlı olaraq tədbirlər həyata keçirilir, layihələr reallaşdırılır. Sevindirici haldır ki, bu işdə istər müvafiq dvlət qurumları, istər yerli icra hakimiyyətləri, istərsə də qeyri-hökumət təşkilatları aktivlik nümayiş etdirirlər. Belə tədbirlərdən biri bu günlərdə Gənclər və İdman Nazirliyi tərəfindən həyata keçirilib.

Belə ki, nazirliyin 2016-cı il üçün tədbirlər planına uyğun olaraq, Sumqayıt şəhərində, Sabunçu, Nərimanov və Yasamal rayonlarında çağırışyaşlı gənclərin iştirakı ilə mədəni-kütləvi tədbirlər keçirilib. Hərbi xidmətə çağırış kampaniyası dövründə təşkil edilən tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında açıq elan edilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Keçirilən tədbirlərdə Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov və digər natiqlər vətənpərvərlik mövzusunda çıxış edərək, tədbirin məqsədi və əhəmiyyətindən, Azərbaycan dövlətçiliyinin inkişafında, müstəqilliyin qorunub saxlanılmasında gənclərin üzərinə düşən vəzifələrdən, məktəblilərin hərbi-fiziki və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindən danışıb, gənclərə öz tövsiyyələrini bildirdirmiş, hərbi xidmətə yolasalınan gənclərə isə uğurlar arzulayıblar. Tədbirlərdə iştirak edən gənclərə xüsusi hazırlanmış "Tövsiyyə-yaddaş" kitabçaları paylanıb, gənc müğənnilərin ifasında vətənpərvərlik ruhlu mahnılardan ibarət konsert proqramları təşkil edilib. Sumqayıt şəhərində gənclərlə görüş "28 May Mədəniyyət Evi"ndə təşkil olunub. Tədbirdə Sumqayıt şəhər Veteranlar Şurasının sədri Leyla Qasımzadə və keçmiş döyüşçü İnanəddin Məhiyəddinov çıxış edib. Tədbirdə Sumqayıt şəhər gəncləri ilə yanaşı, Qubadlı rayon məktəbliləri də iştirak edib.  Sabunçu rayon "Gənclər Evi"ndə təşkil edilən tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin sektor müdiri Məhəmməd Əsədov, Gənclər və İdman İdarəsinin rəis müavini Malik Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin əməkdaşı Turxay Musəyibov, Bakı şəhər Təhsil İdarəsinin metodisti Bəhram Nağıyev, Sabunçu rayon "Gənclər Evi"nin müdiri Ramiz Məmmədov çıxış ediblər. Nərimanov rayonunda görüş isə Odlar Yurdu Universitetində təşkil olunub. Tədbirdə Odlar Yurdu Universitetinin rektoru, professor Əhməd Vəliyev və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov çıxış ediblər. Tədbirdə çağırışyaşlı gənclərlə yanaşı, tələbələr də iştirak edib. Yasamal rayonunda isə tədbir 21 saylı tam orta məktəbdə keçirilib. Tədbirdə Yasamal rayon Gənclər və İdman idarəsinin rəis müavini Ramil Cəbrayılov və 21 saylı tam orta məktəbin direktor müavini Zöhrə Yusubova çıxış edib. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yasamal rayon şəbəsinin əməkdaşı kapitan Emil Həsənov da iştirak edib.

Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyi isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbirini Xaçmaz rayonunda keçirib. Tədbiri açan Xaçmaz şəhər 1 saylı orta məktəbin direktoru Adil Müslümov qonaqları tədbir iştirakçılarına təqdim etdikdən sonra layihənin aktuallığından danışıb. Bildirib ki, ölkəmizin tarixi haqqında sistemli, uşaqların başa düşəcəyi tərzdə verilən məlumatlar da vətənpərvərlik tərbiyəsində mühüm rol oynayır: "İstər  dərsliklərdəki ayrı-ayrı mətnlərdə, istərsə də aparılan tərbiyəvi söhbətlər, tədbirlər zamanı verilən belə məlumatlardan şagirdlər Vətənimizin zəngin tarixi, xalqımızın zaman-zaman öz varlığını qorumaq üçün apardığı mübarizələr, azadlıq və müstəqillik uğrunda gedən mücadilələr haqqında biliklər əldə edir. Bu biliklər əqidəyə çevrilərək onlarda vətənpərvərlik hisslərini daha da artırır. Vətənpərvərlik tərbiyəsində xalqımızın qəhrəman oğulları, tarixi şəxsiyyətlər haqqında şagirdlərə verilən məlumatlar, aşılanan biliklər də güclü təsir qüvvəsinə malikdir. Şagirdlərlə aparılan vətənpərvərlik tərbiyəsi işi onların Vətənə məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə müsbət təsir göstərir".

Daha sonra ADİİM sədri Cavid Şahverdiyev bildirib ki, layihənin əsas məqsədi ölkəmizdə yaşayan azsaylı xalq, milli azllıq və etnik qrupların vətənə, xalqa və dövlətə bağlılıq,  məhəbbət və sədaqət ruhunda böyümələrinə, xalqımıza xas olan ən yaxşı mənəvi və əxlaqi keyfiyyətlərə yiyələnmələrinə yardım, bu istiqamətdə onların maarifləndirməsinə kömək etməkdir. QHT sədri vurğulayıb ki, gənclərimizin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasında təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti böyükdür: "Hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin, xüsusən də KİV üzərinə böyük məsuliyyət düşür. Azərbaycan xalqı gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqa, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlik hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Vətənpərvərlik qəhrəmanlığın əsasını qoyan amildir. Biz şanlı tariximizlə, əfsanəvi qəhrəmanlarımızla həmişə fəxr edirik. Cavanşir, Babək, Şah İsmayıl Xətai, Əliağa Şıxlinski, Cəmşid bəy Naxçıvanski, Həzi Aslanov, İsrafil Məmmədov, Mehdi Hüseynzadə kimi igid və cəsur sərkərdələrimizin şəxsi nümunəsi bizə əsas verir deyək ki, Azərbaycan xalqı qəhrəman xalqdır.bu xalq öz vətənini göz bəbəyi kimi qorumağa hazır olan mətin gənclər yetişdirib. Erməni qəsbkarlarına qarşı ölüm-dirim savaşında həlak olmuş qəhrəmanlarımızın ibrətamiz həyatı, şəxsi nümunəsi apardığımız hərbi vətənpərvərlik tərbiyəsi işində ön plana keçməlidir". Cavid Şahverdiyev deyib ki, insanın ən ali və əzəli hisslərindən olan vətənpərvərlik hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı olduğu ölkəyə məhəbbətdən qaynaqlanır: "Vətənpərvərlik həm də Vətənin naminə çalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir.

Bu hiss insanda anadangəlmə olsa da, digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir, artır. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, məktəbin ən vacib vəzifələrindən olub". Layihənin eksperti Ramin Mahmudov isə çıxıçında qeyd edib ki, insan fərd kimi doğulub, şəxs kimi fəaliyyət göstərərək təhsil-tərbiyə və əmək proseslərində vətəndaş hazırlığı keçir. Vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə sədaqətlə xidmət edən, mənəvi keyfiyyətlərə malik olan insan başa düşülür. Vətəndaşlıq tərbiyəsinin mənbəyi ailə, bu tərbiyənin, necə deyərlər, səmərəli nəticəsi isə vətənpərvərlikdir. Təcrübə göstərir ki, ailədə uşaqların əxlaqi kamillik baxımından milli və mənəvi dəyərlərə köklənmiş sağlam, planlı, sistemli və məqsədli şəkildə tərbiyəsi həmin ailə üzvlərinin vətəndaşlıq hisslərinin cilalanması ilə nəticələnmiş olur. Uşaqların vətəndaşlıq tərbiyəsi dedikdə yüksək əxlaqi, mənəvi keyfiyyətlərə yiyələnmə və şəxsiyyət kimi yetişmə nəzərdə tutulur. Bunun üçün gələcəyimiz olan uşaqlara Vətənimizin tarixini, coğrafiyasını, mədəniyyətini, milli adət-ənənələrimizi təlqin etməyi bacarmalıyıq. Bunun özü vətənpərvərlik, vətəndaşlıq nümunəsidir. Fikrimizcə, uşaqlara vətəni sevdirmək üçün vətəni onlara gərəyincə tanıtmaq lazımdır: belə olarsa, o fərd vətənin hər qayasını, daşını sevəcək. Bundan sonra Vətənə xidmətin əsasları uşaqlara mənimsədilir. Bu isə, ilk növbədə, ailədə, sonra məktəbdə həyata keçirilir. Belə olan təqdirdə həmin şagird bilikli, məsuliyyətli, vicdanlı və mübariz şəxs kimi formalaşacaq, gələcək fəaliyyətində Vətən sevgisi anlayışını Vətənə, dövlətə sadalanan keyfiyyətlərlə xidmət edən Vətəndaş kimi əxz edəcək: "Türk ulusunun vətəninə olan sevgisi və bağlılığı tarixi bir həqiqətdir və bu, ulusumuzu digər millətlər arasında üstün edən ən əsil özünəməxsusluqlardan biridir. Xalqımız tarix boyu Vətəninin mənfəətini öz mənfəətindən, Vətəninin gələcəyini öz gələcəyindən üstün tutan bir anlayışa, dərin bir Vətən sevgisinə sahib olmuş xalq kimi tanınmışdır. Məhz bu xalqın xələfləri kimi bu adı qorumaq sələflərimizin əmanətinə sahiblik borcu olmalıdır". Tədbirdə iştirak edən məktəbin müəllim və şagirdlər öz fikirlərini söyləyiblər. Tədbir iştirakçılarına ADİİM-in layihə ilə bağlı çap etdirdiyi bukletlər paylanılıb.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 4 noyabr.- S.15.