Vətənpərvərlik hissinin
vacib şərtlərindən biri...
Sirr deyil ki, gənclik bir millətin
yaşaması, inkişafı üçün
təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Çünki
hər bir ölkədə dövlətçiliyin,
müstəqilliyin daha da
möhkəmləndirilməsi, gələcəyin etibarlı
təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən,
onların aparıcı qüvvəyə çevrilməsindən
çox asılıdır. Bu baxımdan ölkəmizdə gənclərlə
iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların cəmiyyətdə
özlərini təsdiq etməsində böyük
rol oynamışdır.
Bu
gün gənc nəslin düzgün yetişdirilməsi
ölkə siyasətində önəmli yer tutur. Əsası
ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş dövlət gənclər siyasətinin Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin
nəticəsidir ki, bu gün Azərbaycan gəncləri
bütün sahələrdə özlərini doğruldurlar.
Ümummilli liderimiz Heydər Əliyev öz siyasətində
daima gənclərə qayğı göstərmiş,
onların bir fərd kimi yetişməsinə xüsusi önəm
vermişdir. Ulu öndər respublika rəhbərliyinə gəldiyi
ilk dövrlərdən gənclərin himayədarı kimi
çıxış edərək sağlam düşüncəli
yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər
görmüşdür. Hakimiyyətə gəldiyi ilk günlərdən
başlayaraq gənclər siyasəti ilə bağlı bir
çox fərman və sərəncamlar imzalayan ulu öndər
gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə
həmişə önəm vermişdir. Heydər Əliyev
nitqlərinin birində bu barədə demişdir׃ "Gənclərimiz
milli ruhda tərbiyə olunmalıdır, milli-mənəvi dəyərlərimizin
əsasında tərbiyələnməlidir. Gənclərimiz
bizim tariximizə yaxşı bələd olmalı, dilimizi
yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər
olmalıdır, vətənpərvərlik böyük məfhumdur.
Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə
sadiq olmaq, vətəni sevmək, torpağa bağlı olmaq -
budur vətənpərvərlik". Pedaqoq, İbtidai Hərbi
Hazırlıq üzrə mütəxəssis Nofəl Abasov
qeyd edib ki, gənclərin vətənpərvətlik ruhunun
formalaşmasında ibtidai hərbi hazırlıq xüsusi
önəm kəsb edir. Belə ki, gənclər arasında vətənpərvərlik
hissinin yüksəlməsi onların hərbi
hazırlığa münasibətilə paralellik təşkil
edir. İbtidai hərbi hazırlıq gənclərin qürur
hissini artırır, onlarda özünəinam hissini
formalaşdırır. Paralel olaraq ibtidai hərbi
hazırlıq görmüş gənc həqiqi hərbi xidmət
zamanı özünü rahat hiss edir, onun çətinliklərinə
asanlıqla sinə gərir. Çünki o, hərbi sirlərə
hələ orta məktəbdə oxuyarkın yiyələnib.
Onun sözlərinə görə, gənclərin vətənpərvərlik
hissinin formalaşmasında onlara olan münasibət, dövlətin
gənclərə göstərdiyi qayğı xüsusi rol
oynayır. Belə ki, hələ ötən əsrin 90-cı
illərinin əvvəllərində dünyada, o cümlədən
Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə,
gənclər qarşısında duran problemlər və
onların həlli yolları da dəyişməyə
başladı. Bütün bunları gözəl hiss edən
ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil
formada yetişdirilməsi üçün Gənclər və
İdman Nazirliyini yaratdı. Bu nazirlik yarandıqdan sonra
dövlət gənclər siyasəti sahəsində
mühüm işlər həyata keçirməyə
başladı, nazirliyin yerli strukturları formalaşdı, gənc
nəslin mənəvi tərbiyəsi və fiziki
inkişafı, hüquqlarının müdafiəsi,
onların beynəlxalq qurumlarda iştirakı və gənclər
təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi
sahəsində lazımi tədbirlər görüldü, bir
sıra dövlət proqramları hazırlandı. Bu siyasətin
davamı olaraq ulu öndər Heydər Əliyev tərəfindən
imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il
tarixində Azərbaycan Respublikası gənclərinin ilk
forumunun keçirilməsi qərara alındı. Bu forumun
keçirilməsi ilə dövlət siyasətində gənclərə
diqqət, qayğı daha da artırıldı. Forum müstəqil
Azərbaycan Respublikasının gəncləri
qarşısında duran mühüm vəzifələrin həyata
keçirilməsində ölkə gənclərinin hər
bir sahədə fəal iştirak etməyə hazır
olduğunu nümayiş etdirdi və gənclərlə
işin nəzərəçarpacaq dərəcədə
canlanmasına səbəb oldu. Ulu öndər Heydər
Əliyevin gənclər siyasətini uğurla davam etdirən
ölkə Prezidenti İlham Əliyevin 2006-cı ildə
imzaladığı Gənclər və İdman Nazirliyinin
yenidən təşkil edilməsi haqqında fərman da
mühüm hadisə oldu. Dövlətin gənclərlə
bağlı siyasətinin uğurla həyata keçirilməsində
bu mühüm addımın çox böyük rolu var. Gənclərin
sağlam böyüməsi yolunda atılan bu addımla
bütün sahələrdə olduğu kimi idman sahəsində
də böyük irəliləyişlər əldə
olundu: "Nəzərə almaq lazımdır ki, idman sahəsinin
inkişafı elə ibtidai hərbi hazırlıq sahəsinin
inkişafı deməkdir. Çünki sağlam, idmanı
sevən gənc heç şübhəsiz ki, hərbi sahəyə
meyilli olacaq. Bu isə onların dözümlü, mərd, dəyanətli
olmasına birbaşa dəlalət edir. Beləliklə gənclərimiz
onlara dövlət tərəfindən göstərilən
qayğı nəticəsində vətənpərvər
olaraq yetişir". Onun sözlərinə görə,
hazırda da gənclərə dövlət qayğısı
yüksək səviyyədə göstərilir. Ölkəmizdə
məqsədyönlü şəkildə həyata
keçirilən işlərin nəticəsi olaraq bu gün
müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə
qədəm qoyub. Ölkə rəhbəri tərəfindən
uğurla davam etdirilən dövlət gənclər siyasətinin
düzgünlüyünü bu sahədə
qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
Prezident İlham Əliyevin gənclərin potensialından
ölkənin mənafeyi naminə tam və düzgün
istifadə olunması, onların faydalı məşğulluğunun,
dövlət idarəçiliyi sistemində
iştirakının təmin edilməsi məqsədilə
2005-ci il avqustun 30-da imzaladığı "Azərbaycan Gəncliyi
Dövlət Proqramının təsdiq edilməsi
haqqında" Sərəncamı da gənclərə
dövlət qayğısının davamı idi.
Bütün bunlar deməyə əsas verir ki, ölkəmizdə
uğurla həyata keçirilən dövlət gənclər
siyasəti gələcək nəslin intellektual səviyyəsinin
artmasına da olduqca müsbət təsir göstərir. Təhsil
sahəsində aparılan islahatlar da gənclər siyasətinin
ən vacib istiqamətlərindən biridir. Gənclərin
maariflənməsinə, savadlanmasına, elmi inkişafına
göstərilən xüsusi diqqət və
qayğının davamı olaraq, "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xaricdə təhsili üzrə
Dövlət Proqramı" çərçivəsində
tələbələrin dünyanın məşhur
universitetlərində təhsil almaq üçün göndərilməsi
xüsusi diqqətə layiqdir. "Gənc istedadlar
üçün xüsusi təqaüdlərin təsis edilməsi
haqqında", "Azərbaycanın gənc istedadlarına
dövlət qayğısı haqqında" Prezident fərmanları
bu istiqamətdə görülən mühüm tədbirlərdəndir:
"Prezident İlham Əliyev tərəfindən 2007-ci ilin
"Gənclər ili" elan edilməsi gənclərə
ölkə Prezidenti tərəfindən böyük önəm
verilməsinin növbəti sübutudur. Hazırda ölkəmizdə
gənclər siyasəti uğurla həyata keçirilir. Azərbaycan
əhalisinin 2,8 milyonu və ya 31%-i gənclərdir. Sosial həyatın
bütün sahələrinə nəzər salsaq, görərik
ki, orada gənclər əksəriyyət təşkil edir. Təbii
ki, bu, cənab Prezidentin gənc kadrların irəli çəkilməsi
ilə bağlı qarşıya qoyduğu vəzifənin
reallaşmasının nəticəsidir. Gənclər də
dövlət qayğısını daim öz üzərilərində
hiss edərək, nailiyyətləri ilə onlara göstərilən
qayğını doğrultmağa çalışırlar.
Çünki Prezident İlham Əliyev gənclərə olan
münasibətini belə ifadə etmişdir: "Mənim gənclərə
xüsusi münasibətim var, mənim ürəyim sizinlədir.
Siz bütün işlərdə mənə arxalana bilərsiniz.
Mən də sizə arxalanıram". Bu yüksək
münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin
təminatçısı olan gənclər bütöv və
müstəqil Azərbaycan naminə bütün güclərini
toplamalı, vətənin inkişafı üçün səylə
çalışmalı, öz siyasətində onlara arxalanan
ölkə Prezidentinin etimadını həmişə
doğrultmalıdırlar: "Bizim həm də müharibə
şəraitində olmağımız,
torpaqlarımızın bir hissəsinin qəsb edilməsi gənclərin
məhz vətənpərvər ruhda böyüməsinin əhəmiyyətini
bir qədər də vacib edir. Gənclər dərk etməlidirlər
ki, Azərbaycanın əzəli torpağı olan
Dağlıq Qarabağ və ona bitişik 7 tayonumuz
düşmən tapdağı altındadır. Mənfur
qonşularımız olan ermənilər öz himayədarlarının
köməyi ilə torpaqlarımızı işğal ediblər.
Lakin bunlar qətiyyən Azərbaycan gəncini
qorxutmamalıdır. Əksinə, onlarda qisas, Vətənə
məhəbbət hissini artırmalıdır. Gənclər
bilməlidir ki, torpaqlarımızın işğaldan azad
edilməsi məsuliyyəti məhz onların üzərinə
düşür. Bu vəzifəni gələcək nəslin
üzərinə burxmaq olmaz. Gənclərimiz bu məsələnin
həllinə öz intelektləri, savad və
bacarıqları, hərbi bilikləri ilə nail ola bilərlər.
Hazırkı dövrün sürətli informasiya, yeni
kommunikasiyalar əsri olduğunu nəzərə alsaq, onda gənclərin
zərərli ideologiyalardan çəkinərək müasir
həyata uyğunlaşmaları vacib hesab olunmalıdır.
Odur ki, gənclərin maraq göstərdiyi texnologiyaların tərkibində
dövlətin gənclərlə bağlı siyasətinə
cavab verən alternativ təbliğat sistemi qurulmalıdır.
Nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisinin
31%-ni 14-29 yaşında olan gənclər təşkil edir.
Ölkə əhalisinin mühüm bir hissəsini əhatə
edən bu sosial təbəqənin vətənpərvərlik
tərbiyəsi ailədə, orta və ali məktəbdə
yüksək səviyyədə aparılmalıdır. Milli
dövlətin qarşısında duran ən başlıca
işlərdən biri əhaliyə düzgün, sağlam vətəndaşlıq
və vətənpərvərlik hisslərini
aşılamaqdır. Buna nail olmaq üçün isə ailədə
uşaqların vətənpərvərlik tərbiyəsi ilə
məşğul olması üçün valideynin, məktəbdə
isə müəllimin özü buna hazır olmalıdır.
Əks halda, gənclərin zərərli ideologiyaların
qurbanı olduğunun şahidi ola bilərik".
Yazgül
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2015.- 4 noyabr.- S.11.