Milli atributlara hörmət

vətənpərvərlik nümunəsidir

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması üçün təkcə qəhrəman oğlu və qızlarımızın təbliğatı, onların göstərdiyi şücaətin gənclərə aşılanması kifayət etmir. Eyni zamanda yaşadığı dövlətin atributlarına hörmətlə yanaşmaq, onu uca tutmaq da vətənpərvərlik nümunəsidir. Bu mənada qarşıdan gələn Bayraq Günü ərəfəsində Müdafiə Nazirliyinin həyata keçirdiyi layihə mühüm əhəmiyyət kəsb edir.

Belə ki, 9 Noyabr Azərbaycan Respublikası Dövlət Bayrağı Günü ərəfəsində müdafiə naziri general-polkovnik cənab Zakir Həsənovun təsdiq etdiyi tədbirlər planına əsasən Silahlı Qüvvələrdə "Bayrağım - varlığım, bəxtiyarlığım" devizi altında hərbi vətənpərvərlik hətəsinə start verilib. Həftə ərzində Silahlı Qüvvələrin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində, eləcə də cəbhəyanı rayonların icra orqanları ilə birlikdə silsilə tədbirlər həyata keçiriləcək. Açıq səma altında Azərbaycanın tarixi bayraqları sərgisi təşkil olunacaq, bayraq haqqında şeir, mahnı və marş müsabiqələri keçiriləcək, şair və yazıçıların iştirakı ilə "Azərbaycan ədəbiyyatında bayraq" mövzusunda ədəbi-bədii gecə, "Heydər Əliyev və Azərbaycan bayrağı" mövzusunda dəyirmi masa, aprel döyüşləri zamanı işğaldan azad edilmiş Bayraqtəpə və Lələtəpə zirvələrinə bayraq yürüşü təşkil olunacaq. Tədbirlərə övladlarının cənazələri üzərinə sərilmiş bayraqlarla gələn şəhid valideynləri və Azərbaycan Bayrağı ordeni ilə təltif olunan döyüşçülər ilə görüşlər və sair daxildir. İlk tədbir Müdafiə Nazirliyi və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə reallaşıb. Tərtər rayon Bayraq meydanında keçirilən möhtəşəm tədbiri layihə müəllifi polkovnik Abdulla Qurbani açaraq Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının və müstəqilliyinin müqəddəs rəmzlərindən olan bayrağımızın tarixi haqqında ətraflı məlumat verib, bu bayrağın yenidən qaldırılması üçün canlarını fəda etmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, xalqımızın ümummilli lideri Heydər Əliyevin sayəsində Naxçıvanda ilk dəfə olaraq Muxtar Respublikanın bayrağı kimi qəbul olunan Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı haqqında geniş söhbət açılıb və möhtərəm prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyevin sayəsində bu bayrağın tezliklə Şuşada, Xankəndində, Laçında, Kəlbəcərdə və işğal alltında olan digər torpaqlarda dalğalanacağına əminlik bildirilib. Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov belə bir şərəfli və qürurverici tədbirin məhz Tərtər rayonunda keçirilməsinə göstəriş verən Müdafiə Nazirliyinin rəhbərliyinə bütün tərtərlilərin minnətdarlığını bildiribbu bayrağın etibarlı əldə olduğunuordu ilə xalqın bu bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını vurğulayıb. Aprel döyüşlərinin qəhrəmanlarından olan polkovnik Polad Həşimov, kapitan Mirdaməd Bağıyev, hərbi hissə komandirinin şəxsi heyətlə üzrə müavini polkovnik Valeh Rəcəbov, polkovnik-leytenant Vüqar Şıxlınski, şəhər gəncləri adından Ülviyyə İsmayıllı və başqaları çıxış edərək Azərbaycan bayrağının müqəddəsliyindən və bu bayraq uğrunda hər bir əmrə müntəzir olduqlarından danışıblar. Gəncə qarnizonu zabitlər evinin bədii təşviqat qrupu və "N" hərbi hissəsinin hərbi orkestrinin ifasında bayraq haqqında marşlar və mahnılar təqdim edilib. Yüzdən çox bayrağın nümayiş etdirildiyi açıq səma altında Azərbaycan bayraqları sərgisində Midiya dövründən başlayaraq bu günümüzədək bayraqlar nümayiş etdirilib. Yüzlərlə tamaşaçı Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, eləcə də, Azərbaycan xanlıqlarının: Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və s. bayraqlarına böyük maraqla tamaşa ediblər. Sərgidə Xalq Cümhuriyyətinin Gəncədə qəbul edilən ilk bayrağından 1991-ci ildə qəbul edilən müasir üçrəngli bayrağınadək 9 bayraq nümunəsi, 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı nümayiş olunub. Müasir Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları və ilk hərbi paradda Azadlıq meydanında təqdim olunan Azərbaycan Xalq Cümhuriyyətinn döyüş bayrağı tamaşaçılarda böyük maraq oyadıb. Tərtərlilər və bölgənin müdafiəsində mətin dayanan Vətən oğulları qələbə bayrağımızın tezliklə cənnət Qarabağımızda dalğalanacağı əminliyi ilə tədbirdən ayrılıblar. Silahlı Qüvvələrdə bayraq gününə həsr olunmuş hərbi vətənpərvərlik həftəsi davam edir.

Tovuz şəhərindəki Heydər Əliyev meydanında layihənin müəllifi polkovnik Abdulla Qurbani çıxış edərək hərbi-vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələr şəxsi heyətinin, həm də mülki əhalinin xalqımızın və dövlətimizin milli varlığının, istiqlalının və müstəqilliyinin rəmzi olan müqəddəs bayrağımıza sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Tovuz rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov bütün xalqımız kimi hər bir tovuzlunun da bu bayraq altında Vətənə, xalqa və dövlətə sədaqətlə xidmət etdiyini bildirib. Qeyd olunub ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə edilməsi işi rayonda prioritet məsələlərdəndir. Tovuzlular istər Böyük Vətən müharibəsi illərində, istərsə də bu gün Vətənin müdafiəsində səylərini əsirgəməmiş, bu torpaq 3 sovet ittifaqı qəhrəmanı, 3 milli qəhrəman yetişdirmişdir. 300-dən artıq tovuzlu şəhidlik zirvəsinə ucalmış, bu torpaqdan olan xeyli sayda hərbi qulluqçu döyüş orden və medalları ilə təltif olunmuşdur. Hazırda Silahlı Qüvvələrin bütün qoşun növlərində yüzlərlə tovuzlu gənc xidmət edir, xüsusi təyinatlı təhsil müəssisələrində hərbi peşələrə yiyələnirlər. Hərbi hissənin zabiti polkovnik-leytenant Rasim Manafov yerli əhali ilə rayonun müdafiəsində dayanan hərbi hissə şəxsi heyətini sıx əlaqələrin birləşdirdiyini qeyd edib. Tədbirdə aprel döyüşlərinin fəal iştirakçılarından olanbu döyüşlər zamanı yaralanan zabit Eldəniz Sadıqova Azərbaycan Respublikası Prezidenti adından Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə layiq görüldüyü "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli və "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalları təqdim olunub. Zabit E.Sadıqov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirərək bu günAli Baş Komandanın döyüş əmrlərinə hazır olduğunu bəyan edib. Döyüşçü zabitin məktəbli qızı Gülçin atası ilə fəxr etdiyini böyük qürur hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıb. Aprel döyüşlərinin şəhidi Vüsal Alıyevin anası Şahnaz xanım övladının cənazəsi üzərinə sərilmiş bayraqla tədbirə gələrək bu bayrağın tezliklə işğal altında olan torpaqlarda dalğalanacağına əminliyini bildirib. Tovuzlular Azərbaycanın tarixi bayraqları sərgisinə maraqla tamaşa edib, hərbi vətənpərvərlik şeir, mahnı və marşlarını dinləyiblər. Heydər Əliyev meydanında keçirilən möhtəşəm bayraq tədbirində ön səngərlərdə xidməti borclarını şərəflə yerinə yetirən bir qrup döyüş və mənəvi-psixoloji hazırlıq əlaçısı da iştirak edib. Tovuzun gənc aşıqları "Misri" döyüş havası ilə tədbir iştirakçılarını qələbəyə səsləyiblər.

Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə rayon məktəblərinin şagirdləri arasında "9 noyabr Bayraq günü" münasibəti ilə "Bayraq mənliyimdir-qürur mənbəyimdir" mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 9 şəhər və 3 kənd məktəblərindən 28 nəfər şagird iştirak edib. Tədbirdən öncə Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov çıxış edərək müsabiqə iştirakçılarını təşkilatçılar adından qarşıdan gələn bayram münasibəti ilə təbrik edibonlara dərslərində uğurlar arzulayıb. Sonra o,qeyd edib ki,Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir.Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilib və qaldırılıb. Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, islamçılıq və müasirlik" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Azərbaycanda Dövlət Bayrağı Gününün elan edilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd ediləcək.2010-cu ilin sentyabrın 1-də isə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olub.162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Bərdə rayon Təhsil şöbəsinin metodisti Sevil Məmmədova müsabiqənin əsasnaməsi ilə iştirakçıları tanış etib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 8 noyabr.- S.15.