Bayrağımız-qürur mənbəyimiz

 

Bu gün dövlət atributlarımızdan biri sayılan, qürur mənbəyimiz olan Bayraq Günüdür. Hər bir ölkədə olduğu kimi Azərbaycanda da onun atributlarından biri olan bayrağa böyük sevgi, məhəbbət var. İstənilən ölkə vətəndaşı çalışdığı sahədən asılı olmayaraq bayrağımızı zirvələrə qaldırmağa, onu yüksəklərdə dalğalandırmağa çalışır. Həmçinin bayrağımıza əl uzadan, onu təhqir etmək niyyətinə düşənlər də vətənpərvər oğullarımız tərəfindən öz layiqli cavablarını alırlar. Necə ki, milli atributumuzu təhqir edən erməni zabiti Qurgen Markaryan bu aqibəti yaşadı və qəhrəman Vətən oğlu Ramil Səfərov tərəfindən öz layiqli cavabını aldı.

 

Milli atributumuz sayılan Azərbaycan bayrağının tarixinə nəzər yetirdikdə aydın olur ki, bayraq ilk dəfə 9 noyabr,1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. Ondan bir qədər əvvəl, iyunun 21-də isə AXC hökumətinin bayraq haqqında qərarı olur. Beləliklə, 7 dekabr 1918-ci ildə Şərqdə və Türk-İslam dünyasında ilk demokratik, dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin açılışı zamanı Azərbaycan bayrağı Parlament binası üzərində qaldırılır. Azərbaycan Xalq Cümhuriyyətinin Rəyasət Heyətinin sədri Məhəmməd Əmin Rəsulzadə 1918-ci ildə Azərbaycan parlamentinin yığıncağında qeyd etmişdi ki, bizim qaldırdığımız bayrağın üç rəngi: türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoludur. Azərbaycan Xalq Cümhuriyyətinin ilk Parlamentini açan M.Ə.Rəsulzadə müstəqil Azərbaycanı təmsil edən milli bayrağımızdakı üç rəngi "türk hürriyyəti, islam mədəniyyəti və müasir Avropa iqtidari-əhraranəsini" (demokratiyasını) ifadə etdiyini xüsusi olaraq qeyd edirdi. O, başqa bir çıxışında isə deyirdi ki, Azərbaycanın Dövlət bayrağındakı üç rəng "Türk milli mədəniyyətinin, müasir Avropa demokratiyasının və islam sivilizasiyasının simvoludur. 1920-ci il, aprelin 28-də Bakıda Azərbaycan Xalq Cümhuriyyətinin süquta uğraması və Sovet hakimiyyətinin qurulmasından sonra Azərbaycan SSR elan olundu. Beləliklə, Sovet rejimi təkcə müstəqilliyimizi deyil, eləcə də milli atributlarımızı, eləcə də bayrağımızı əlimizdən aldı. Çox keçmədən qırmızı rəngdə, üzərində oraq və çəkic olan bayraq Azərbaycanın bayrağı kimi bizə sırındı. 1980-cı illərin sonlarında keçmiş müttəfiq respublikalarda, eləcə də Azərbaycanda baş qaldıran milli azadlıq hərəkatları zamanı Demokratik Respublikanın atributu olan üçrəngli bayraq meydanlarda görünməyə başladı. Artıq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı milli hərəkatın kütləvi tədbirlərində istifadə olunurdu. Ancaq onun rəsmi səviyyələrdə qəbulu, dövlət qurumlarının binaları üzərində dalğalanması hələlik mümkün olmurdu. Mərkəzi hakimiyyətin ciddi cəhdlə Moskvaya sədaqətlilik nümayiş etdirməsi fonunda üçrəngli bayraq rəsmi səviyyədə qəbul edilmirdi. Ancaq hər zaman olduğu kimi, bu dəfə də həmin qorxu mifini ümummilli lider Heydər Əliyev sındıraraq siyasi iradə, cəsarət nümayiş etdirdi və1990-cı il, noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada üçrəngli bayraq Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edildi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Qanun qəbul edərək onu Dövlət bayrağı elan etdi. 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa etdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli liderin prezident kimi həyata keçirdiyi islahatlar, imzaladığı fərman və sərəncamlarda hərbi bir sahə kimi milli atributlarımıza hörmətlə yanaşılmaq, onu uca tutmaq da öz əksini tapırdı. Bu baxımdan ümummilli liderin 1998-ci il, 13 mart tarixli "Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında" sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. Heydər Əliyev haqlı olaraq qeyd edirdi ki, Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir: "Gərək hər bir evdə Azərbaycan dövlətinin bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun".

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyev də dövlət başçısı kimi Azərbaycan Respublikasının dövlət rəmzlərinə böyük hörmət və ehtiramla yanaşır, onları uca tutur. Prezident İlham Əliyevin Azərbaycan Respublikasının dövlət rəmzlərinə böyük hörmət və ehtiramı təmin etmək məqsədilə 2009-cu il, noyabrın 17-də "Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında" sərəncamı bu mənada xüsusi qeyd edilməlidir və olduqca əhəmiyyətli bir hadisədir. Dövlət başçısı tərəfindən imzalanmış həmin sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2009-cu ilin dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Azərbaycan Respublikasının Dövlət bayrağının Azərbaycan vətəndaşlarının milli həmrəyliyinin, vahid məfkurə ətrafında sıx birləşmələrinin başlıca amillərindən biri olduğunu nəzərə alaraq və onun təbliğinin daim diqqət mərkəzində saxlanılmasını təmin etmək məqsədilə Bakı şəhərində, Xəzərin sahilində Dövlət Bayrağı Meydanının yaradılması da Prezident İlham Əliyevin dövlət atributlarına olan yüksək ehtiramının ən gözəl nümunəsidir. Təsadüfi deyil ki, dövlət başçısı bununla bağlı 2007-ci il, noyabrın 17-də müvafiq sərəncam imzalayıb. Həmin il, dekabr ayının 30-da isə Bakının Bayıl qəsəbəsində Prezident İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təməli qoyulub.Prezident İlham Əliyevin təşəbbüsü ilə meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb. 2010-cu il sentyabrın 1-də Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilib. İstər Dövlət Bayrağı Meydanının tikilməsi, istərsə də onun açılışı mərasimində çıxışı zamanı Prezident İlham Əliyev bayraqla bağlı səsləndirdiyi qürurverici fikirlər hər bir Azərbaycan vətəndaşında milli atributumaza olan sevgi, bağlılığı birə-beş artırıb. Dövlət başçısı qeyd edib ki, Bayraq Meydanı Bakının bir mədəniyyət mərkəzinə, Azərbaycanın bir siyasi mərkəzinə çevriləcəkdir: "Ölkəmizin mərkəzi olan Bakı şəhərində belə möhtəşəm meydanın yaradılması doğrudan da böyük hadisədir. Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq". Bu gün tam əminliklə deyə bilərik ki, hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Elə bunun göstəricisidir ki, idmançılarımız beynəlxalq idman yarışlarında, gənclərimiz elmi mübarizələrdə, hərbiçilərimiz hərbi idman oyunlarında qazandıqları qələbələrlə Azərbaycan bayrağının yüksəkliklərə qaldırılmasına nail olurlar. Bu gün peşəsindən asılı olmayaraq, istər idmançı, istər əsgər, istərsə də digər sahələrdə çalışan Vətən oğullarımız öz fəaliyyətləri, əməlləri ilə hər zaman Azərbaycan bayrağının öndə olmasını, yüksəklərdə müşahidə edilməsi, nəticə etibarilə onun Azərbaycan vətəndaşlarında qürur mənbəyinə çevrilməsinə çalışırlar. Çünki Azərbaycan Bayrağının yeri məhz yüksəkliklərdir. Necə ki, bu ilin aprel ayında uzun illər işğal altında olan yüksəkliklərimiz düşməndən azad edildikdən sonra Azərbaycan Bayrağı həmin yüksəkliklərdə dalğalandı. Əmin ola bilərik ki, tezliklə bayrağımız Şuşa, Laçın, Kəlbəcər, Xankəndi yüksəkliklərində də dalğalanacaq. İnanırıq ki, o gün heç də uzaqda deyil. Çünki biz buna qadirik. Bayraq Günümüz mübarək.

 

Süleyman

 

Olaylar.- 2016.- 9-10 noyabr.- S.9.