Aprel döyüşlərinin qəhrəmanları

gənclərin qürur mənbəyinə çevrilib

 

Son vaxtlar ölkədə hərbi vətənpərvərliklə bağlı keçirilən tədbirlərin sayı əhəmiyyətli dərəcədə artıb. Etiraf edilməlidir ki, vətənpərvərliyin təbliği ilə bağlı tədbirlər müxtəlif təşkilatlar tərəfindən könüllü surətdə hhəyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən həyata keçirilən "Təhsil ocaqlarında Milli Qəhrəmanlar guşələrinin yaradılmasına ictimai dəstək" layihəsi davam edir.

Layihənin rəhbəri, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı bildirib ki, Ümummilli Liderimiz Heydər Əliyev Milli Qəhrəman ailələri ilə görüşü zamanı demişdi: "Vətənin müdafiəsi uğrunda şücaət, qəhrəmanlıq nümunələri göstərmiş insanlar qiymətləndirilir və unudulmur. Vətənin, ölkəmizin müdafiəsi uğrunda şəhid olmuş insanların adı daim qəlbimizdədir, onların xatirəsi bizim üçün əzizdir, onlar bizim qəlbimizdən çıxmaz, unudulmaz! Nə qədər Azərbaycan Xalqı, Azərbaycan Dövləti var, Şəhidlərimiz qəlbimizdə yaşayırlar və yaşayacaqlar!". O, deyib ki, layihənin məqsədi respublikanın bütün orta təhsil ocaqlarında Milli Qəhrəmanlarımıza həsr olunmuş foto-güşələrin yaradılmasıdır: "214 Milli Qəhrəmanımızın fotolarından ibarət foto-plakatlar nəşr etdirərək Bakı şəhərinin Binəqədi, Nəsimi, Nizami, Pirallahı və respublikamızın Bərdə, Tərtər, Fizuli rayonlarında ümumi olaraq 130 təhsil ocağında Milli Qəhrəman guşələri yaradılacaq. Bu da yeniyetmələrimizin və gənclərimizin Vətən yolunda canlarını fəda etmiş qəhrəmanları heç vaxt unutmamalarına, özlərinin gələcək işlərində, həyatında qəhrəmanlardan nümunə götürməyə köməklik edəcək. Bu gün hər bir uşaq, yeniyetmə və gəncin Vətənimizin layiqli vətəndaşı, Torpaqlarımızın qəhrəman müdafiəçiləri olması üçün onların vətənpərvər ruhda böyüməsi, tərbiyə alması vacib məsələdir".

      Bu arada aprel döyüşləri zamanı həlak olmuş şəhidlərin anım mərasimləri keçirilir. Bu döyüşlərdə qəhrəmanlıq göstərərək, mayın 8 - də şəhid olan əsgərlərimizdən biri də Əli İntiqam oğlu Heydərovdur. Ə.Heydərov 1997-ci ilin may ayının 10-da Qobu qəsəbəsində fəhlə ailəsində anadan olub. Əli Heydərovgil ailədə 4 uşaq olublar, onun iki qardaşı və bir bacısı var. Şəhidin ailəsi ilə görüşmək üçün Moderator.az-ın əməkdaşı Qobu qəsəbəsinə yola düşdük. Bizi şəhidin atası və yaxınları qarşıladı. Atası İntiqam kişi Əlinin şəhid olmasına inana bilmədiyini deyir: "Əli ailədə ikinci övladımdı. Əli zəhmətkeş uşaq idi. Əsgərliyə gedənə qədər ağır işlərdə işləyirdi. Qobuda yerləşən kərpic zavodunda işləyirdi. Hərbi xidmətə gedənə yaxın dedim ki, zavoddan çıx, bir az dincəl. Bir - iki ay istirahət edəndən sonra hərbi xidmətə yola düşdü. Gənc əsgər kimi Gəncə şəhərində hərbi xidmətə başladı. And içmə mərasimində yanına getmişdim. Sonra Əlini Goranboyun Tapqaraqoyunlu kəndinə göndərdilər. Həmişə telefonla danışırdıq. Deyirdi ki, yanıma gəlmə, onsuz da məni tapa bilməyəcəksən. On bir ay idi ki, xidmət edirdi. Dedim ki, Əli ehtiyatlı ol, çalış posta yatma. Mayın 6 - da bizimlə telefonla danışdı. Qohum - əqrabayla, dostlarıyla danışdı. Dedi ki, ata elə köhnə yerimdəyəm". Mayın 8 - də gündüz bizə xəbər gəldi ki, Əli şəhid olub. Gecə saat 12 - dən sonra cənazəni gətirdilər. Mayın 9 - da dəfn etdik. Mayın 10 - da isə, Əlinin doğum günü idi. Əlidən sonra nə çəkirəm, bir Allah bilir, bir də mən. Tək qalanda daha çox pis oluram. Anası daha çox əzab çəkir. Bacıları yanına gəlib gedirlər. Tək qalan kimi isə, Əlinin şəklini qucaqlayıb ağlayır. Şəhid olmaq Əlinin arzusu idi, əsgərliyə getməmişdən əvvəl deyirdi ki, mən gedib şəhid olacam. İnanmırdıq. Deyirdim ki, belə demə. Amma, sən demə bunu hiss edib". Böyük qardaşı İnqilab da Əlini itirməklə, həm bir qardaş, həm də bir dost itirdiyini deyir: "Əli məndən dörd yaş kiçik idi. İki qardaş bir yerdə kərpic zavodunda işləyirdik. Həmişə bir böyük qardaş kimi mənə hörmətlə yanaşıb. Sakit uşaq idi, Əlinin cəsarətini şəhid olanda bildik". Şəhidin anası Svetlana xanımı görmək üçün həyətdəki masadan qalxıb evə daxil oluruq. Düzdü, bizim üçün şəhidin anasını danışdırmaq, ona keçmiş günləri yenidən xatırlatmaq çətin olsa da, şəhid anasıyla bu barədə az da olsa, söhbət edirik. Svetlana xanım Əlinin on üç yaşından işləyərək, evə çörək gətirdiyini deyir: "Əli çox sakit uşaq idi, həmişə bizim qayğımıza qalardı. İmkansız olduğumza görə, on üç yaşından işləyərək evə çörək gətirirdi. Deyirdi ki: "Ana, darıxma, hər şey yaxşı olacaq. Əsgərliyə gedib oxuyub hərbidə qalacam". Əlinin evdə yoxluğu görünür. Amma bircə təsəllim odur ki, oğlum şəhid olub. Mən Əliyə görə həmişə başımı uca tutmuşam. Bütün şəhid analarına üzümü tutub deyirəm ki, başlarını dik tutsunlar. O, gün olsun torpaqlarımız işğaldan azad olunsun. Biz də bayrağımızı Qarabağda sancaq". Sonda bizə ayırdıqları vaxta görə, şəhidin ailəsinə minnətdarlğımızı bildiririk. Allahdan övladlarına rəhmət, özlərinə səbr diləyib, oradan ayrılırıq.

   Ölkəmizdə yaşayan azsaylı xalqlar nümayəndələri arasında Azərbaycana ərazi bütövlüyü, işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda döyüşmüş, qəhrəmanlıq göstərmiş igidlər olub. Bunlardan biri də Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş və Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına həlak olun yəhudi əsilli Milli Qəhrəman Albert Aqarunovdur".

 R.Cürənov bildirib ki, Albert Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olub.Çox erkən yaşlarından musiqi ilə maraqlanıb, musiqi məktəbində nəfəs aləti truba sinfini bitirib. Suraxanı rayonundakı 154 saylı məktəbin səkkizinci sinfini bitirərək peşə məktəbində sürücü-mexanik ixtisasına yiyələnib. Hərbi xidmətə gedənə qədər işləyib, ailəsinə kömək edib. 1987-ci ildə Albert Aqarunov Gürcüstanda hərbi xidmətə çağırılıb və xidməti dövründə tank komandiri olub.1989-cu ildə ordu sıralarından tərxis olunaraq Bakıda Suraxanıda Maşınqayırma zavodunda işləyib. Qarabağ müharibəsi başlayarkən, Albert Aqarunovun könüllü cəbhəyə yollanıb.Tank komandiri təyin edilən Albert Aqarunov Şuşada 777 nömrəli xüsusi təyinatlı batalyonda döyüşüb. Xankəndi, Daşaltı, Cəmilli istiqamətində gedən döyüşlərdə erməni işğalçılarının xeyli canlı qüvvəsini, zirehli texnikasını məhv edib. Düşmənin iki tankı bir-birinə yaxınlaşan zaman Albert Aqarunov bir mərmi ilə iki tankı vurub.Buna görə döyüş yoldaşları tərəfindən "yəhudi buterbrodu" adını alıb. Ermənilər onun başına 5 milyon rubl pul mükafatı qoyublar. 1992-ci il may ayının 8-i Şuşaya ilk girməyə cəhd edən erməni tankına flaqman tank kimi şəhərə asılmalı olan "fəxri" erməni bayrağı verilib. Bu tankın komandiri Qaqik Avşaryan olub. Lakin Avşaryanın 442 nömrəli tankı Şuşaya girməyə cəhd elədiyi anda Albert Aqarunovun 533 nömrəli tankı tərəfindən vurulub. Tankın komandiri Qaqik Avşaryan, sürücü mexanik Aşot Avanesyan, atıcı-artirelist Şahen Sarkisyan elə ilk və son atəşdən maşının kabinəsindəcə məhv edilib. Ümumilikdə ermənilərin Şuşaya hücumu vaxtı Albert Aqarunov düşmənin 9 tank, 7 ZTR və bir çox texnikanı məhv edib. Həmin döyüşdə Albert Aqarunov mövqeyini dəyişərkən öz tankının düz önündə qalmış şəhid əsgər yoldaşlarının cəsədini kənara çəkmək üçün hərbi maşından çıxıb və bu zaman erməni snayperinin gülləsinə tuş gəlib. Azərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Albert Aqarunov ölümündən sonra "Azərbaycan Milli Qəhrəmanı" adına layiq görülüb.

     Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən Yasamal Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Yasamal Rayon İcra hakimiyyətinin başçısı İbrahim Mehdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında müstəsna xidmətlərindən danışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov regionda baş verən hərbi-siyasi proseslərdən danışaraq bildirdi ki, artıq Azərbaycan iqtisadi, siyasi və hərbi qüdrətinə görə regionun lider ölkəsi hesab edilir. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev qeyd etdi ki, Azərbaycan gəncliyi vətənpərvər olduğunu daim sübut etmişdir. Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı çıxışında şəhid ailələrinə və müharibə veteranlarına dövlət səviyyəsində göstərilən qayğıdan danışıb.Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird eləcə də N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər mükafatlandırılıb.Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Yasamal rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 9-10 noyabr.- S.15.