Gənclər hər bir sahədə

vətənpərvər olmalıdır

 

Məlumdur ki, hər bir dövlətin gələcəyi onun yetişməkdə olan sağlam düşüncəli gənclərindən asılıdır. Həmin gənclər isə elə yetişdirilməlidir ki, onlarda vətənpərvərlik hissi yüksək olsun. Gənclərin vətənpərvər ruhda böyüməsinə təsir edən amillər təkcə milli qəhrəmanların təbliği, onların həyat və döyüş yolu barədə tədbirlərin keçirilməsi ilə əhatə olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikasının milli atributları-Silahlı Qüvvələri, Bayrağı və s. barədə də gənclərdə ətraflı bilgilər formalaşdırılmalı, onlarda həmin atributlara sevgi, məhəbbət hissi yaradılmalıdır. Bu baxımdan Azərbaycan bayrağına gənclərdə sevgi, məhəbbət hissinin yaradılması məqsədilə keçirilən tədbirlər əhəmiyyətli hesab edilə bilər.

Bu kimi tədbirlər də öz növbəsində gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına müsbət təsir göstərir. Bu baxımdan Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həyata keçirdiyi "Bayrağım-varlığım, bəxtiyarlığım" adlı layihə xüsusi əhəmiyyət kəsb edir. Layihə çərçivəsində növbəti tədbir Horadiz şəhərindəki Dövlət Bayrağı Meydanında təşkil olunub. Əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi hörmət və ehtiramla yad edilib, Azərbaycanın Dövlət himni oxunub. Layihənin müəllifi, polkovnik Abdulla Qurbani tədbirdə çıxış edərək, Azərbaycan xalqının və dövlətinin varlığının, istiqlalının, müstəqilliyinin rəmzi olan bayrağımızın tarixi haqqında məlumat verib, hərbi vətənpərvərlik həftəsinin həm Silahlı Qüvvələrin şəxsi heyətinin, həm də hər bir vətəndaşın Dövlət bayrağına sədaqət ruhunda tərbiyə olunmasında mühüm əhəmiyyət kəsb etdiyini nəzərə çatdırıb. Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev çıxışında bildirib ki, Azərbaycan ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində rayonun 21 kəndi və Horadiz qəsəbəsi işğaldan azad edilib. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsinə gedərək hərbçilərdə güclü ruh yüksəkliyi yaratması nəticəsində nail olub. Füzulililərin hər zaman Azərbaycan əsgəri ilə bir yerdə olduğunu deyən Alı Alıyev bildirib ki, aprel döyüşləri zamanı rayon sakinləri öz evlərini tərk etmədilər, ordumuza dəstək oldular. Füzulililər işğal altındakı torpaqlarımızın azadlığı uğrunda Ali Baş Komandanın əmri ilə müqəddəs savaşa hazırdırlar. Milli Məclisin deputatı Xanhüseyn Kazımlı dəfələrlə cəbhə bölgəsində olduğunu, işğaldan azad edilən Lələtəpə yüksəkliyinə getdiyini deyərək, Azərbaycan Ordusunun tezliklə işğal altındakı torpaqlarımızı azad edəcəyinə inamını ifadə edib. General-mayor Mais Bərxudarov bildirib ki, Azərbaycan Ordusu düşmənin bütün təxribatlarının qarşısını qətiyyətlə alır, torpaqlarımızın və xalqımızın müdafiəsində əzmlə dayanıb və Ali Baş Komandanın əmri ilə qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməyə hazırdır. Aprel döyüşləri zamanı göstərdiyi şücaətə görə hər iki övladı Prezident İlham Əliyevin Sərəncamına əsasən "İgidliyə görə" medalı ilə təltif olunmuş şəhid atası Əşrəf Qəhrəmanov bildirib ki, bugünkü bayram tədbirinə oğlunun məzarı üzərindəki bayraqla gəlib. Açıq səma altında Azərbaycan bayraqları sərgisi tədbir iştirakçılarının marağına səbəb olub. Sərgidə Atabəylər, Səfəvilər, Hülakilər, Ağqoyunlular, Qaraqoyunlular, Şirvanşahlar, Avşarlar, Gəncə, Bakı, İrəvan, Qarabağ, Şəki və digər xanlıqların bayraqları, həmçinin Böyük Vətən müharibəsində 77, 223, 402, 416-cı milli atıcı diviziyalarının və 1945-cilin mayında reyxstaqda dalğalanan qələbə bayrağı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi döyüş bayraqları nümayiş etdirilib. Tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının, hərbi orkestrin ifasında səsləndirilən hərbi vətənpərvərlik mövzusunda mahnılar, rəqslər və marşlar tamaşaçılarda yüksək əhval-ruhiyyə yaradıb, qələbəyə inam hissini daha da artırıb.

"Dövlət Bayrağı Günü" münasibəti ilə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bir qrup əməkdaşı və Yaradıcılıq Mərkəzinin üzvləri isə ön cəbhədə əsgər və zabitlərlə görüşüb. Horadiz və Xocavənddə keçirilən görüş Müdafiə nazirliyinin Silahlı Qüvvələrdə "Bayrağım-varlığım, bəxtiyarlığım" adlı hərbi vətənpərvərlik həftəsinə həsr edilib.UNEC ilə yanaşı, rayon rəhbərliyi, ərazidə xidmət edən N saylı hərbi hissənin general, əsgər və zabitləri, Qarabağ müharibəsi veteranları, aprel döyüşlərində şəhid olan əsgərlərin ailə üzvləri iştirak edib.Dövlət himni səsləndirildikdən sonra əsgərlərə və UNEC tələbələrinə Azərbaycanın tarixi bayraqları sərgisi nümayiş etdirilib. Millət vəkili, UNEC-in kafedra müdiri, professor Xanhüseyn Kazımlı bildirib ki, hərbi vətənpərvərlik həftəsi gənc nəslin vətənə, torpağa olan bağlılığının və bayraq sevgisinin artırılmasına xidmət edir.UNEC-in prorektoru, müharibə veteranı Mikayıl Zeynalov Azərbaycan bayrağının etibarlı əllərdə olduğunu, ordunun bayraq altında Ali Baş Komandanın əmrlərinə hər an hazır olduğunu qeyd edib. Horadizin düşmən işğalından azad edilməsində keçirilən əməliyyatlarda fəal iştirak edən müharibə veteranı döyüş xatirələrini danışıb: "Azad etdiyimiz Horadiz torpağına üç rəngli bayrağımızı necə sancmağımızı bu gün burada bir daha fəxarətlə xatırladım".Yaradıcılıq Mərkəzinin üzvləri - İqbal Babayevin səsləndirdiyi "Bayrağım" şeiri, Aslan Əzimzadənin oxuduğu "Azərbaycanım" mahnısı və UNEC-in digər tələbələrinin hərbi vətənpərvərlik ruhunda ifaları iştirakçılarda nikbin duyğular yaradıb, qələbəyə inam hissini daha da artırıb.UNEC tələbələrinin "Bayrağım-varlığım, bəxtiyarlığım" layihəsinə dəstəyi Müdafiə Nazirliyinin hərbçiləri, rayon rəhbərliyi tərəfindən xüsusi qeyd edilib. Hərbi vətənpərvərliyin təbliğində fəal iştiraklarına görə Yaradıcılıq Mərkəzinin üzvləri hərbi hissə komandirinin fəxri fərmanları ilə təltif edilib.

Binəqədi rayonu ərazisində fəaliyyət göstərən "STEP İT" Akademiyanın inzibati binasında 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti və "İDRAK" liseyinin birgə təşkilatçılığı ilə "Bayraq mənliyimdir, bayraq kimliyim!" adlı tədbir keçirilib. Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili Elman Nəsirov, "İDRAK" liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov, 09 Noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət və "Xəmsə" intellektual oyunun qalibləri və iştirakçıları , rayon ictimaiyyəti, ASAN Könülləri və rayonun fəal gəncləri iştirak ediblər. Tədbir ilk olaraq Dövlət bayraqları və rəsm əsərlərindən ibarət sərgi ilə start götürüb. Daha sonra dövlətçiliklə bağlı video çarx nümayiş etdirilib. Videoçarxın nümayişindən sonra tədbirin aparıcıları tədbiri açıq elan edib və dövlət bayrağının yaranma tarixi haqqında məlumat veriblər. Daha sonra çıxış edənlər "İDRAK" liseyinin təsisçisi Mönsüm Alışov, Müdafiə Nazirliyinin zabiti Ramil Səfərov və Millət vəkili Elman Nəsirov bu əlamətdar günün tarixi haqqında geniş danışaraq bu gözəl bayram münaibətilə tədbir iştirakçılarını təbrik ediblər. Natiqlər çıxışlarında qeyd ediblər ki, gün gələcək biz ölkə rəhbəri cənab Prezidentin qüdrətli siyasəti sayəsində torpaqlarımızı işğaldan azad edəcəyik və üçrəngli bayrağımız Qarabağda dalğalanacaq. Sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxışında ölkəmizdə dövlət rəmzlərinə olan münasibətə diqqət çəkib. Yeniyetmə və gənclərə bayraq sevgisinin daha geniş şəkildə aşılanmasının vacibliyindən danışan natiq ümummilli lider Heydər Əliyevin və Prezident cənab İlham Əliyevin dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağımıza olan münasibətinin hər bir vətəndaş üçün nümunə olduğunu nəzərə çatdırıb. Çıxışlarla bərabər 9 Noyabr - "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibətilə rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında keçirilmiş inşa-yazı, rəsm, bədii-qiraət müsabiqələrinin qalibləri və "Xəmsə" intellektual yarışlarında fərqlənmiş şagirdlər mükafatlandırılıb. Çıxış və təltiflərdən sonra tədbirin bədii hissəsinə start verildiaktyor, bədii qiraətçi Azad ŞükürovAğalar Bayramovun ifalarında Bayraq şeirləri səslənib, rayonun yaradıcı gənclərinin ifasında mahnılar və rəqslər nümayiş edilib. Tədbirin sonunda Bakı Uşaq teatrı "Vətən" tamaşasını nümayiş etdirib.

Azərbaycan Kooperasiya Universitetində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Kooperasiya Universitetinin və UniversitetinTələbə- Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə "9 noyabr - Dövlət Bayrağı Günü" münasibətilə "Hərəyə bir bayraq" adlı aksiya keçirilib. Aksiyanın məqsədi gənclər arasında Dövlət Bayrağımıza olan hörmət və məhəbbət hisslərini daha da yüksəltmək, onların vətənpərvərlik duyğularının daha da möhkəmlənməsinə rəvac yaratmaqdır. "Hərəyə bir bayraq" adlı aksiya çərçivəsində Tələbə - Gənclər Təşkilatının fəal üzvləri dərsə gələn tələbələrə və müəllimlərə Müstəqil Azərbaycanın üçrəngli bayrağını təqdim edərək Bayraq Günü münasibətilə təbrik ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 11 noyabr.- S.15.