Bəşəriyyəti uçuruma
aparan yol
Narkomaniya cəmiyyəti təhdid edən
bəladır
Hazırda dünya birliyi
qarşısında duran mürəkkəb
və təhlükəli problemlərdən biri
narkomaniyadır. Narkomaniya cəmiyyəti təhdid edən sosial
bəlaya çevrilib. İlk
növbədə gəncliyin fiziki və
mənəvi sağlamlığına mənfi təsir
göstərən və ən ciddi sosial problemlərdən hesab
olunan narkomaniya təəssüflər
olsun ki, bizim ölkəmiz üçün
də aktual olaraq
qalmaqdadır. Bəs, Azərbaycanda, xüsusən də
regionlarda bu sosial bəlaya qarşı necə mübarizə
aparılır?
Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görülmüş işlər barədə danışan Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov bildirib ki, cari ildə təşkilatçılıq fəaliyyətinin və nəzarət mexanizminin yaxşılaşdırılması, regional şöbələrin və ərazi polis orqanlarının fəaliyyətinin əlaqələndirilməsi istiqamətində tədbirlər davam etdirilib. Həmçinin, bu ilin ötən dövründə 28 ərazi qurumu ilə qarşılıqlı əlaqədə 119 əməliyyat-profilaktik tədbir keçirilərək, qanunsuz dövriyyədən 160 kiloqrama yaxın tiryək, 37,7 kiloqram heroin, 14 kiloqram həşiş olmaqla, ümumilikdə, təxminən 211 kiloqram güclü təsirə malik narkotik vasitə götürülüb. Cari ilin 9 ayında respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar bütövlükdə 2511, o cümlədən satışla bağlı 620 müvafiq cinayət faktı müəyyən edilib, 118 nəfərdən ibarət 48 cinayətkar qrup zərərsizləşdirilib. "Qara bazarda" dəyəri 6 milyon 774 min manat təşkil edən 784,5 kiloqram və ya ötən ilin 9 ayı ilə müqayisədə 52 kiloqram çox müxtəlif növ narkotik vasitə götürülüb, 70,8 kq və ya 11,4 kq çox narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. Nazirliyin təşəbbüsü ilə İnzibati Xətalar Məcəlləsinə tərkibində narkotik maddələr olan yabanı bitkilərin məhv edilməsi üzrə tədbirlər görülməməsinə görə məsuliyyət nəzərdə tutan 209-cu maddə əlavə olunub. Şəhər, rayon polis orqanlarının narkotiklərlə mübarizə qurumları tərəfindən carı ilin 9 ayı ərzində həmin xətalarla bağlı 99 protokol tərtib edilib, 28 şəxs 6300 manat miqdarında cərimə edilib, daha 71 protokol üzrə müvafiq tədbirlər görülməkdədir. Ümumilikdə isə narkotiklərlə bağlı hüquqpozmalara görə 109 şəxs inzibati məsuliyyətə cəlb olunub ki, onlardan da 63-ü həbs, 46-sı cərimələnib. Qeyd edib ki, yeniyetmə və gənclər arasında narkotik vasitələrdən istifadənin qarşısının alınması, hüquqi maarifləndirmə, sağlam həyat tərzinin təbliği mövzularında ayrı-ayrı şəhər və rayonlarda 2000-ə yaxın görüş, 300-dən çox tam orta məktəbin rəhbərliyi, müəllimləri, psixoloqları və tibb işçiləri üçün təlim-məşğələlər keçirilib. Məlumat üçün qeyd edək ki, narkomaniyaya qarşı mübarizə məqsədilə regionlarda da maarigləndirmə tədbirləri davam etdirilib. Astara Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyanın sədri Allahverən Mahmudov bildirib ki, Komissiya tərəfindən qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar 2016-cı ilin ötən dövründə ictimai maarifləndirmə işləri genişləndirilmiş, antinarkotik təbliğat və digər təşkilati-hüquqi tədbirlər həyata keçirilmişdir. Belə ki, Dövlət Proqramının tələblərindən irəli gələn vəzifələrin həyata keçirilməsi məqsədilə komissiyada geniş tədbirlər planı hazırlanmış və icrası nəzarətə götürülmüşdür. Bu istiqamətdə rayonun bütün yaşayış məntəqələrində geniş izahat, maarifləndirmə və profilaktiki işlər görülmüşdür. 2016-cı ilin ötən dövründə rayonda narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni daha da gücləndirmək üçün rayon İcra Hakimiyyətinin, Gənclər və idman idarəsinin, Təhsil şöbəsinin, Astara Pedaqoji Kollecinin, rayon Mədəniyyət və turizm şöbəsinin, YAP rayon təşkilatı Gənclər Birliyinin, rayon Mərkəzi xəstəxanasının və rayon Polis şöbəsinin birgə kompleks tədbirlər planına uyğun olaraq müxtəlif mövzularda 9 tədbir - 1 seminar müşavirə, 1 idman yarışı, 1 rəsm sərgisi, 2 seminar, 4 görüş və mədəni-kütləvi aksiyalar keçirilmişdir. Bu tədbirlərdə 955 nəfərdən çox gənc iştirak etmişdir. Burada "Narkotiklərsiz XXI əsr", "Narkomaniya uçuruma aparan yoldur", "Bəşəriyyətin faciəsi", "Narkotiklərsiz həyat", "AİDS XXI əsrin bəlasıdır", "Zərərli vərdişlər sağlamlıq üçün təhlükədir", "Narkomaniyaya yox deyək" mövzularında məruzə və mühazirələr oxunmuş, söhbətlər aparılmış, seminar-müşavirələr keçirilmiş, foto və rəsm sərgiləri təşkil olunmuşdur. "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı"nın səmərəliliyinin artırılması məqsədi ilə rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi, Təhsil şöbəsi, Astara Pedaqoji Kolleci, rayon Mədəniyyət və Turizm şöbəsi, YAP rayon təşkilatının Gənclər Birliyi, rayon Mərkəzi xəstəxanası, Polis şöbəsi ilə birgə razılaşdırılmış "Gənclərimizi qoruyaq", "Narkomaniyaya yox deyək!" mövzusunda keçirilən seminar-müşavirələrin, müsabiqələrin və gənclərlə görüşlərin Əsasnaməsi hazırlanaraq icrası təmin edilmişdir. 29-31 yanvar 2016-cı il tarixdə Astara Olimpiya İdman Kompleksində rayon Gənclər və idman idarəsi Juboksinq Citsu Federasiyası ilə birgə "Narkomaniyaya yox deyək" devizi ilə respublika turniri keçirmişdir. Tədbirdə respublikanın 12 şəhər və rayon komandasından 95 idmançı, 24 məşqçi və nümayəndə iştirak etmişdir. Həmçinin Təngərüd, Şüvi kənd, Şiyəkəran kənd 2 saylı və Astara şəhər 1 saylı məktəblərdə rayon Gənclər və idman idarəsi Təhsil şöbəsi ilə birgə "Narkomaniyaya yox deyək" mövzusunda gənclərlə görüşlər keçirmişdir. 26 may 2016-cı il tarixində Gənclər evində rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi, Təhsil şöbəsi, Astara Pedaqoji Kolleci və əlaqədar təşkilatlarla birgə 31 may Dünya Tütünlə Mübarizə Gününə həsr olunmuş "Sağlam gənclik, sağlam gələcək" mövzusunda seminar və rəsm sərgisində tələbə gənclər, müəllimlər, idmançılar ümumilikdə 180 nəfər iştirak etmişdir. Bütövlükdə keçirilən tədbirlərdə iştirakçıları maarifləndirmək məqsədi ilə rayon İcra Hakimiyyəti, Gənclər və idman idarəsi tərəfindən hazırlanmış "Narkotiklərsiz həyat", "Zərərli vərdişlər sağlamlıq üçün təhlükəlidir", "Narkomaniya-uçuruma aparan yol" mövzularında bröşürlər paylanmışdır. Komissiyanın tədbirlər planına əsasən "Xaş-xaş" şərti adı altında rayon Polis şöbəsi, Gömrük xidməti, İnzibati ərazi dairələri üzrə nümayəndələr və bələdiyyələrlə birlikdə aprel-oktyabr aylarında kompleks əməliyyat-axtarış tədbirlər həyata keçirilmişdir. Ümumilikdə rayonda narkomaniyaya qarşı mübarizə məqsədilə bu və ya digər mövzuda çoxsalı tədbirlər davam etdirilib: "Nəticələr göstərir ki, bəşəri problem olan narkomaniya ilə mübarizədə ictimaiyyət nümayəndələrinin, ağsaqqalların, əhalinin bütün təbəqələrinin birgə mübarizəsi çox böyük əhəmiyyət daşıyır. Başqa sözlə, narkomaniyaya qarşı mübarizə ümumxalq işi olmalıdır. Yalnız bu halda biz gələcəyimizi bu bəladan qurtara bilərik".
Nurlan
Olaylar.- 2016.- 11 noyabr.- S.11.