“Şərq qapısı” qəzeti: doğma
Naxçıvanımızın canlı
salnaməsi
Bu gün Azərbaycanın ən
qocaman mətbu orqanlarından olan “Şərq qapısı” qəzetinin
95 yaşı tamam olur. “Şərq qapısı” qəzeti
müxtəlif dövrlərdə mövcud olan ideoloji, iqtisadi
çətinliklərə, bəzi hallarda yaradılan süni
maneələrə baxmayaraq fəaliyyətini
dayandırmamış, ötən 95 ildə muxtar
respublikamızda baş vermiş siyasi, iqtisadi, sosial və mədəni
hadisələrin davamlı, əhatəli salnaməsi kimi əhəmiyyətli
mənbəyə çevrilmişdir. Qəzet bir neçə
nəsil üçün məktəb olmuş,
Naxçıvanda jurnalist kadrların yetişməsində
böyük rol oynamışdır. “Şərq
qapısı”nın 95 illik inkişaf yolu muxtar respublikada
ziyalılığın təkmilləşmə, dirçəliş
və yüksəliş yoludur. Belə ki, “Şərq
qapısı”nın yaradıcılıq məktəbində
yetişən ziyalılar sonralar Azərbaycan miqyasında, hətta
daha geniş dairədə tanınıb məşhurlaşmış,
elmi-ədəbi nüfuz qazanmışlar.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdıqdan sonra “Şərq qapısı” qəzetinə verdiyi müsahibədə demişdir: “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. O vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.
Naxçıvanda qəzet çıxarmaq ideyası hələ XIX əsrin 90-cı illərində irəli sürülmüşdür. O vaxt maarifpərvər ziyalı Məhəmməd Tağı Sidqinin yenicə açdığı “Məktəbi tərbiyə” adlı təhsil ocağı xalqın savadlanması, təhsil alması yolunda fəaliyyətə başlamışdı. 1894-cü ildə ziyalılar qəzet nəşr etdirməkdən ötrü Peterburqa, çar üsul-idarəsinə ərizə və məktublarla müraciət etsələr də, müraciətlərinə cavab verilməmişdir. Sonrakı illərdə də bu məsələ dəfələrlə gündəliyə gətirilmiş, ancaq dövrün mütərəqqi ziyalıları öz istəklərinə nail ola bilməmişlər.
1921-ci ilin noyabrında “Cavanlar həyatı” qəzetinin nəşrə başlaması ilə Naxçıvanda qəzetçiliyin təməli qoyulmuşdur. Vərəqə kimi çap olunan “Cavanlar həyatı” qəzeti cəmi iki aya yaxın müddət ərzində fəaliyyət göstərmişdir. 1921-ci ilin dekabr ayından etibarən Naxçıvanda “Füqəra səsi” adlı yeni bir qəzet nəşr olunmuşdur. Mətbuat tarixçiləri “Füqəra səsi” qəzetini “Cavanlar həyatı”nın davamı olan mətbuat orqanı hesab edirlər.
1922-ci ilin aprel ayından isə “Şərq qapısı” qəzeti nəşr olunmağa başlamışdır. “Şərq qapısı” 1930-cu ilədək ərəb, 1930-40-cı illərdə latın, 1940-cı ildən 2001-ci ilin iyununadək kiril əlifbası ilə çap olunmuşdur. Həmin dövrdən indiyədək latın qrafikalı əlifba ilə nəşr edilir.
“Şərq qapısı” qəzeti 95 illik tarixi ərzində böyük ədiblər, tənqidçilər, jurnalistlər nəsli yetişdirmişdir. Qəzetə keçən əsrin iyirminci-otuzuncu illərində Həmid Mahmudov və Əhməd Haşımov, Həsən Əlizadə, Əvəz Sadıq, Abbas Gülməmmədov, Hüseyn Mahmudov, Şirəli Şirəliyev, Ə.Hacızadə, Xəlil Əminov, Musa İsmayılov redaktorluq etmişlər. Azərbaycanın Xalq yazıçısı Əli Vəliyev 1933-1935-ci illərdə “Şərq qapısı”nın redaktoru vəzifəsində çalışmış və qəzetin ictimai təsir imkanlarını, vətəndaşlıq missiyasını artıran ciddi və kəsərli yazılar çap etmişdir.
“Şərq qapısı” Böyük Vətən müharibəsi dövründə yazıçı-publisist Məhəmmədəli Tarverdiyevin baş redaktorluğu (1941-1945) ilə müharibə illərinin arxa və ön cəbhədəki ritmini əks etdirmiş, qəzetdə vətənpərvərlik ruhunda yazılara geniş yer verilmişdir. Müharibə dövründə qəzet cəbhə ilə xalq arasında körpü yaradan mətbuat orqanı kimi regionda hər evin qapısını açmış, döyüş səngərlərinə belə gedib çata bilmişdir. Müharibədən sonrakı dövrlərdə “Şərq qapısı” qəzeti tarixi yolunu davam etdirərək Azərbaycanda gedən proseslərin zəminində Naxçıvan hadisələrini əks etdirmişdir. Sonrakı dövrlərdə isə qəzetə Manaf Xudiyev (1953-1956), Fərman Tağıyev (1956-1960), Məmməd Bektaşi (1961-1962) və Hüseyn İbrahimov (1962-1965) baş redaktorluq etmişlər. Bu illərdə qəzetdə yeniləşmə hadisələrinə, ictimai meyillərin inkişafına, ədəbiyyat və incəsənət məsələlərinə, mədəniyyət tədbirlərinin işıqlandırılmasına da ciddi diqqət yetirilmişdir.
“Şərq qapısı” qəzeti ötən əsrin 70-ci illərinədək yalnız ziyalıların gücü ilə, çətin şəraitdə fəaliyyətini davam etdirmişsə, ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın rəhbəri seçilməsindən sonra ədəbi və mədəni həyatda baş verən əlamətdar hadisələr, mətbuata göstərilən qayğı “Şərq qapısı” qəzetindən də yan keçməmiş, qəzet 1970-ci ildən sonra yeni mərhələyə qədəm qoymuşdur. Ötən əsrin 70-80-ci illərində “Şərq qapısı” qəzetinin gündəlik və böyük formatda nəşri təmin edilmişdir. Qəzetin 50 illik yubileyində “Şərəf nişanı” ordeni ilə təltif olunması həmin dövrdə Azərbaycana rəhbərlik edən ümummilli liderimiz Heydər Əliyevin mətbuata və mətbuat işçilərinə böyük qayğısının nəticəsi idi.
Həmin dövrdə qəzet tez-tez xalqımızın dil, ədəbiyyat, mədəniyyət və tarixinə həsr olunan və Azərbaycançılıq ideologiyasına xidmət edən yazılarla çıxış etmişdir. Bu baxımdan 1987-ci ilin sonlarında xalqımızın ən qədim tarixi abidələrindən biri olan “Gəmiqaya” abidəsi haqqında dərc olunan “Xalqımızın mənlik heykəli” adlı yazı diqqəti cəlb edir. Həmin yazı barədə keçmiş Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsinin Siyasi Bürosu səviyyəsində kəskin iradlar bildirilmiş, qəzetə millətçilik damğası vurulmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda da bu məsələ ciddi müzakirə olunmuş, qəzetin redaktoru və redaktor müavini cəzalandırılmışlar. Buna səbəb isə həmin yazıda Nuh Peyğəmbərlə bağlı toponimlərin bir çoxunun Naxçıvanda mövcudluğu, əcdadlarımızın bəşəriyyətin ilk sakinlərindən biri olması barədə qocaman alim, filologiya elmləri namizədi Əbülfəz Hüseyninin düşüncələrinə qarşı çıxan erməni millətçilərinin haray-həşir salmaları olmuşdur.
XX əsrin 90-cı illərinin əvvəllərində “Şərq qapısı” qəzeti müstəqilliyimizin əldə olunmasına və dövlətçiliyimizin möhkəmləndirilməsinə öz layiqli töhfələrini vermişdir. Qəzet həmin dövrdə muxtar respublikamızda fəaliyyət göstərən ümummilli liderimiz Heydər Əliyevin müstəqilliyimizin bərpası və möhkəmləndirilməsi yolunda həyata keçiridiyi tədbirlərin fəal təbliğatçısı olmuşdur. “Şərq qapısı” 1990-1993-cü illərdə ulu öndərimiz Heydər Əliyevin muxtar respublikanın xilas olunması istiqamətində həyata keçirdiyi tədbirləri, qəbul etdiyi qərarları, imzaladığı fərman və sərəncamları, apardığı beynəlxalq səviyyəli danışıqları dolğun əks etdirmişdir. Bu dövrdə ulu öndərimiz Heydər Əliyev qəzetin fəaliyyəti ilə yaxından maraqlanmış, çətin şəraitdə belə onun nəşr olunmasını təmin etmişdir.
Son 21 ildə muxtar respublikada digər sahələr kimi, mətbuat da yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Mətbuata göstərilən diqqət və qayğıdan “Şərq qapısı” qəzetinə də xeyli pay düşmüşdür. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” 2000-ci il 29 mart tarixli Sərəncamından sonra qəzetin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilmişdir. Milli mətbuatımızın 135 illik yubileyində - 2010-cu il iyulun 22-də “Şərq qapısı” qəzeti redaksiyası və “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi üçün yeni redaksiya-nəşriyyat kompleksi istifadəyə verilmişdir. Yeni kompleksin istifadəyə verilməsindən sonra qəzetin rəngli nəşrinə başlanılmışdır. Burada əməkdaşlar üçün müasir iş şəraiti yaradılmışdır.
“Şərq qapısı” qəzetinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərlə yanaşı, redaksiya işçilərinin sosial müdafiəsinin gücləndirilməsi də daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, ötən dövr ərzində redaksiya işçilərinin əməkhaqları dəfələrlə artırılmış, onlar fəxri adlarla təltif olunmuşlar. Bu gün “Şərq qapısı” qəzeti redaksiyasında yaxşı qəzet çıxarmaq üçün ən müasir iş şəraiti yaradılmışdır. Redaksiyada çalışanların əksəriyyəti gənclərdir. Bu da muxtar respublikamızda mətbuatla yanaşı, gənclərə göstərilən qayğının parlaq təcəssümüdür.
Qəzetə göstərilən böyük diqqət və qayğının nəticəsidir ki, onun yubileyləri həmişə yüksək səviyyədə qeyd olunmuşdur. 1996-cı ildə Ali Məclis Sədrinin Sərəncamı ilə qəzetin 75 illik yubileyi dövlət səviyyəsində qeyd edilmişdir. Ulu öndərimiz Heydər Əliyevin bu münasibətlə “Şərq qapısı” qəzetinin kollektivinə ünvanladığı təbrik məktubunda deyilir: “75 illik şərəfli yaradıcılıq yolu keçmiş “Şərq qapısı” qəzeti öz səhifələrində muxtar respublikanın ictimai-siyasi, iqtisadi və mədəni həyatını, əhalisinin qayğı, istək və arzularını dolğun əks etdirməklə oxucularının rəğbətini qazanmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra “Şərq qapısı” qəzetinin kollektivi öz fəaliyyətində əsaslı dönüş yaratmış, ölkəmizdə gedən yeni cəmiyyət quruculuğu və demokratik dəyişikliklərin həyata keçirilməsi prosesinə fəal qoşulmuşdur. Əminəm ki, “Şərq qapısı” qəzeti Azərbaycanın azad və demokratik mətbuat sistemində layiqli yer tutaraq dövlətçiliyimizin möhkəmləndirilməsi yolunda bütün qüvvələrini səfərbər etmək, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaq üçün var gücünü sərf edəcəkdir”.
2001-ci ildə qəzetin 80, 2006-cı ildə 85, 2011-ci ildə isə 90 illik yubileylərinin qeyd olunması, Ali Məclis Sədrinin kollektivlə görüşməsi bu mətbu orqana göstərilən davamlı dövlət qayğısının ifadəsidir. “Şərq qapısı”nın 90 illik yubileyində qəzet Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Fəxri Fərmanı ilə təltif edilmiş, bir əməkdaş mənzillə təmin olunmuşdur.
“Şərq qapısı” qəzetinin 94-cü və 95-ci ildönümləri münasibətilə Amerika Birləşmiş Ştatlarının Milvauki vilayətində hökumət bəyannaməsi qəbul edilmişdir.
“Şərq qapısı” qəzeti öz tarixi ənənələrinə söykənərək bu gün də qoca Şərqin qapısında həmişəcavan mətbuat orqanı kimi fəaliyyətini davam etdirir. Heç şübhəsiz ki, bu fəaliyyətin bir hərəkətverici qüvvəsi var – o da göstərilən dövlət qayğısıdır. Bu fəaliyyətin bir istiqaməti, dövlətə, Vətənə, xalqa xidmət edən bir mükəmməl ideoloji xətti var – o da muxtar respublika rəhbərinin verdiyi tapşırıq və tövsiyələr, göstərdiyi yoldur.
2011-ci ildə “Şərq qapısı” qəzetinin 90 illiyi münasibətilə kollektivlə görüşündə Ali Məclisin Sədri demişdir: “Qəzet Naxçıvanda maarif və mədəniyyətin, elmin inkişafına mühüm töhfələr vermiş, peşəkar jurnalist kadrların hazırlanmasında baza rolunu oynamış, ictimai fikrə öz təsirini göstərmişdir.Bu gün də cəmiyyətin informasiyaya olan ehtiyacının dolğun ödənilməsində, muxtar respublikamızın sosial-iqtisadi və ictimai-mədəni həyatının işıqlandırılmasında, milli-mənəvi dəyərlərin qorunmasında, günümüzün quruculuq və inkişaf salnaməsinin yazılıb gələcək nəsillərə çatdırılmasında “Şərq qapısı” qəzetinin üzərinə mühüm vəzifələr düşür. “Şərq qapısı” oxucuların, cəmiyyətin maraqlarına xidmət göstərən materialların verilməsini davam etdirməli, əhalinin maarifləndirilməsi və məlumatlandırılması işində fəallıq göstərməlidir. Qəzet çalışıb ona nail olmalıdır ki, hər bir vətəndaşımızda, gənclərimizdə vətənpərvərlik, yurd sevgisi hissləri və milli duyğular güclənsin, milli dəyərlər, adət-ənənələr qorunsun, xalq yaradıcılığının, milli mədəniyyətin təbliğinə diqqət artırılsın. Muxtar respublikanın bütün yaşayış məntəqələrinin, eyni zamanda ucqar dağ və sərhəd kəndlərinin həyatı da qəzet səhifələrində obyektiv əksini tapmalı, zəngin mədəniyyətimiz və qədim tariximizlə bağlı materiallar hazırlanmalıdır”.
Ali Məclis Sədrinin tapşırıq və tövsiyələrinin icrası istiqamətində səylər daha da artırılmışdır. “Şərq qapısı” qəzeti maarifçilik işini davam etdirir, oxucularına təqdim etdiyi informasiyalarda obyektivliyə söykənir, tarixi keçmişimizlə yanaşı, bu gün gedən proseslərə də diqqəti artırır, müasir dövrün tarixini yaratmağa çalışır. Qəzet tarixin ən müxtəlif dönəmlərində Azərbaycan dövlətinin, blokada şəraitində yaşayan Naxçıvanın çətin və şərəfli günlərinin yazılı salnaməçisi olduğu kimi, müasir Naxçıvanın bu gününün, muxtar respublikanın gələcəyinə hesablanmış nəhəng tədbirlərin, layihələrin həm bu günün oxucusuna, həm də gələcək nəsillərə çatdırılması üçün əlindən gələni əsirgəmir.
2012-ci ildən fəaliyyət göstərən internet saytı vasitəsilə “Şərq qapısı” bütün dünyada yaşayan azərbaycanlılar tərəfindən oxunur. Ay ərzində qəzetin saytına 250 mindən çox baxış sayının qeydə alınması “Şərq qapısı” qəzetinə, bütövlükdə isə Naxçıvan Muxtar Respublikasına günü-gündən artan marağın nəticəsidir.
95 illik şərəfli bir yol keçən “Şərq qapısı” qəzeti sağlam məfkurəli ideyası ilə doğma Naxçıvanımızın real salnaməsinə çevrilmişdir. Bu mənada “Şərq qapısı” qəzetini muxtar respublikamızın canlı tarixini yaşadan mühüm bir vasitə adlandıranlar yanılmırlar. Ötən illərin qəzet səhifələrinə baxanda, həqiqətən də, bir daha aydın olur ki, “Şərq qapısı”, sözün gerçək mənasında canlı tarix və canlı salnamədir.
Olaylar.- 2016.- 11 noyabr.- S.12.
İki sahil.- 2016.- 11 noyabr.- S.12.