Gənclər hər zaman
Vətənin müdafiəsinə
hazırdır
Onların vətənpərvərlik
hisslərinin artırılmasına yönəlik tədbirlər
bu prosesi sürətləndirir
Son illər
paytaxtla yanaşı yerlərdə də gənclərin milli
mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində
görülən işlər, həyata keçirilən layihələr
region gənclərinin vətənpərvər ruhda
böyüməsi, tərbiyə olunmasına öz müsbət
təsirini göstərir. Bu baxımdan Şəki şəhərində
gənclərin vətənpərvər ruhda böyüməsinə
xidmət edən tədbirlərin keçirilməsi mühüm əhəmiyyət kəsb
edir. Xüsusilə, hərbi xidmətə yola düşən
və xidmət müddətini başa vuraraq geri qayıdan gənclərlə
keçirilən görüşlər gənclərin gələcək
həyatlarında böyük izlər buraxır. Bir müddət
əvvəl də Şəki şəhərində
çağırışçı gənclərin hərbi
xidmətə yola salınması münasibətilə təntənəli mərasim
keçirilib.
Çağırışçı gənclər əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhər icra hakimiyyəti binasının qarşısında ucaldılmış abidəsi önünə gül-çiçək düzüb, onun xatirəsini ehtiramla yad ediblər. Şəhərin mərkəzindəki parkın qarşısında keçirilən mərasimdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxış edərək, ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərdən danışıb. Bildirilib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasəti öz bəhrəsini verməkdədir. Ordumuzun dünyanın ən qabaqcıl ordusu kimi formalaşması üçün ölkə rəhbərliyi tərəfindən bütün zəruri tədbirlər görülür. Doğma Vətənimizin bir qarış torpağının belə düşmən tapdağında qalmaması üçün Silahlı Qüvvələrin şəxsi heyəti daim döyüş əzmini möhkəmləndirir, ordumuz ən müasir döyüş texnikaları ilə təchiz olunur. Məhz göstərilən dövlət qayğısının nəticəsidir ki, indi Azərbaycan Ordusu ən çətin döyüş tapşırığını belə yerinə yetirməyə tam qadirdir.
Mərasimdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, ağsaqqal və ziyalılar, valideynlər çıxış edərək, müstəqil Azərbaycanın ordusunda xidmət etməyin müqəddəs və məsuliyyətli vəzifə olduğunu bildirib, gənclərə şərəflə xidmət etməyi, sağ-salamat evə qayıtmalarını arzulayıblar. Hərbi xidmətə yollanan gənclər torpaqlarımızın keşiyində ayıq-sayıq dayanacaqlarını bildiriblər. Mərasimdən sonra gənclər hərbi hissələrə yola düşüblər.
Şəki Şəhər İcra Hakimiyyəti ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən görüşdə isə gənclərdə hərbi vətənpərvərlik hissinin artırılması və onların zərərli vərdişlərdən qorunmasına həsr olunmuş maarifləndirici tədbir keçirilib. Rayonun hüquq-mühafizə orqanları rəhbərlərinin, tam orta məktəblərin yuxarı sinif şagirdləri və təhsil işçilərinin iştirak etdiyi tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, bu cür görüşün rayon gənclərinin hərbi vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini daha da möhkəmləndirmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki şəhər şöbəsinin rəisi, polkovnik Asəf Əhmədov çıxışında qurumun bu sahədə həyata keçirdiyi məqsədyönlü tədbirlər barədə danışıb. Qeyd olunub ki, şöbə öz fəaliyyətində yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsinə, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə olunmasına xüsusi diqqət ayırır, bu istiqamətdə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.
Dövlət Xidmətinin yarandığı gündən keçən müddət ərzində bir sıra yeniliklərə nail olduğunu vurğulayan A.Əhmədov bildirib ki, çağırışçıların təyin olunduqları hərbi hissələrə daşınması üçün nəqliyyat vasitələri ilə təmin olunması, "ASAN xidmət" vasitəsi ilə qeydiyyatda olan bütün vətəndaşların hərbi qeydiyyata götürülməsi və qeydiyyatdan çıxarılması, çağırışçıların və hərbi vəzifəlilərin məlumatlarının vahid elektron məlumat sistemində yerləşdirilməsi və digər məsələlər bu sahədə işin keyfiyyətini daha da yaxşılaşdırıb. Görülən işlərin nəticəsidir ki, indi hərbi xidmətdən yayınan gənclər demək olar yoxdur. Tədbirdə, həmçinin Şəki şəhər polis şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayev, rayon prokuroru Elmar Camalov, şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İskəndərov və şəhər Təhsil Şöbəsinin əməkdaşı Abdurahman Məmmədovun mövzu ilə bağlı məruzələri dinlənilib. Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində bu cür tədbirlərin əhəmiyyətini yüksək qiymətləndiriblər.
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən Şəkidə seminar-keçirilib. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!" adlı layihə çərçivəsində baş tutan tədbir M.F.Axundzadə adına Şəhər Mədəniyyət Mərkəzində reallaşıb. Tədbirdə Şəki və Mingəçevir şəhər, Balakən, Zaqatala, Qax, Oğuz və Qəbələ rayon veteran təşkilatlarının sədrləri, fəal gənclər, veteranlar, müvafiq dövlət orqanları və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Seminar-müşavirəni Respublika Veteranlar Təşkilatı sədrinin müavini Cəlil Xəlilov açaraq, layihə barədə məlumat verib. Bildirilib ki, "Qarabağ uğrunda döyüşlərin qəhrəmanlarını tanıyaq və tanıdaq!" layihəsi Qarabağ uğrunda müharibədə şücaət göstərərək Azərbaycanın Milli qəhrəmanları adına layiq görülən, eyni zamanda, 2016-cı ilin aprelində təmas xəttində düşmən təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin həyatından və döyüş yolundan bəhs edir. Layihə xalqımızın qəhrəmanlıq tarixində mühüm xidmətləri olan Azərbaycan övladlarının keçdiyi şərəfli həyat yolunun yeniyetmə və gənclərə daha yaxından tanıdılması, onlarda vətənpərvərlik, xalqına, dövlətinə sədaqət, tarixinə hörmət ruhunun gücləndirilməsi məqsədi daşıyır. Diqqətə çatdırılıb ki, layihənin həyata keçirilməsində məqsəd, eyni zamanda, ölkədə yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində görülən işlərdə yaxından iştirak etmək, gənc nəslə hərb tariximiz, döyüş ənənələrimiz, milli qəhrəmanlarımız haqqında geniş bilgilər vermək, onları ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli ilə bağlı Azərbaycan dövlətinin mövqeyi barədə məlumatlandırmaqdan ibarətdir. Cəlil Xəlilov sonra Respublika Veteranlar Təşkilatının bu istiqamətdə həyata keçirdiyi tədbirlərdən danışıb. Seminar-müşavirədə daha sonra "Aprel döyüşləri xalqımızın qəhrəmanlıq salnaməsinin parlaq səhifəsidir", "Qəhrəmanlar unudulmur!", "Xalqı qəhrəmanlar ucaldır", "Şəki qəhrəmanlar diyarıdır" mövzularında məruzələr dinlənilib, çıxışlar olub. Tədbirin sonunda Azərbaycanın Milli qəhrəmanlarına həsr olunan film nümayiş etdirilib.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Şəkidə "Vətənin müdafiəsinə hazıram!" adlı hərbi-vətənpərvərlik tədbiri keçirilib. Kütləvi tədbirdə Şəki şəhərinin, Oğuz və Qax rayonlarının icra hakimiyyətlərinin nümayəndələri, Dövlət Xidmətinin rayon şöbələrinin rəhbərləri, bu rayonlarda yerləşən hərbi hissələrin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər. Tədbiri Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov açaraq, gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini, general-mayor Zaur Abdullayev çıxışında bildirib ki, Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra dövlət quruculuğunun bütün sahələrində olduğu kimi, ordu quruculuğunda da mühüm nailiyyətlər əldə olunub. Hazırda Milli Ordumuz peşəkar, yüksək nizam-intizamlı zabit korpusuna malik, müasir döyüş texnikası ilə təchiz edilən, qarşıya qoyulan vəzifələri yerinə yetirməyə qadir olan silahlı qüvvələr səviyyəsinə yüksəlib. Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlər görür. Xidmət tərəfindən ötən ildən başlayaraq regionlarda "Vətənin müdafiəsinə hazıram!" adlı hərbi-vətənpərvərlik mövzusunda silsilə tədbirlər həyata keçirilir. Xaçmaz şəhərindən başlanğıc götürən, Salyan və Masallıda uğurla davam etdirilən bu silsilə tədbirlərin növbəti ünvanı isə Şəki şəhəridir. Bu tədbirlər gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi işini daha da gücləndirmək, çağırışaqədərki hazırlığın keyfiyyətini daha da yaxşılaşdırmaq, gənc nəsli milli dövlətçilik ruhunda tərbiyə etmək, onlarda müstəqil dövlətimizə sədaqət hissini möhkəmləndirmək məqsədi daşıyır. Şəhid atası Oruc Salamov, Qarabağ müharibəsi veteranı Şahmar Bayramov çıxış edərək gənclərə Vətənimizin sərhədləri keşiyində ayıq-sayıq dayanmağı, işğal altındakı torpaqlarımızın düşməndən azad edilməsi üçün hər an hazır olmağı tövsiyə ediblər. Tədbirin gedişində Şəki şəhərindən şəhid atası Oruc Salamova, Qax və Oğuz rayonlarından şəhid anaları Sona Süleymanova və Esmira Yusifovaya, həmçinin rayonların icra hakimiyyətlərinin təmsilçilərinə, "Çağırışaqədərki hazırlıq" fənninin tədrisində fərqlənən müəllimlərə, xidmətdə yüksək nəticələr göstərən hərbçilərə Dövlət Xidmətinin xatirə hədiyyələri təqdim olunub. Tədbir vətənpərvərlik mövzusunda tərtib edilmiş bədii proqramla başa çatıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 15 noyabr.- S.15.