Yolumuz Qarabağadır...
(SƏFƏR
QEYDLƏRİ)
Yazını ənənəvi
tərzdə başlamaq istəyirdim. Hətta fikirləşirdim
ki, bir neçə hissədən ibarət olsun. Amma qələm
məni başqa səmtə apardı.
-Ağdama mənsiz getmək istəyirsən? - deyə yarıtəəccüb, yarızarafatla mənə baxır.
-Yox, ay qağa, -deyirəm, - məni sənsiz ora buraxmazlar.
-Yavaş-yavaş ağıllanırsan, - deyir və siqaretindən bir qullab alıb gülümsünür.
Bu, Aqil Abbasdı.
-Qarabağa!? Niyə getmirəm ki....
Bu Yunus Oğuzdur.
-Məmnuniyyətlə, ay qağa. Sənnən kim səfərə çıxmaz ki...
Bu da Əbülfət Mədətoğludur.
İndi isə başlayalım:
Layihəmizin adı "Canımız Qarabağ, yazımız Qarabağdır!", məqsədimiz cəbhə bölgəsində yaşayan insanlarla görüşmək və dərdləşməkdir.
Yol yoldaslarım: Heç bir təqdimata ehtiyacı olmayan yazar və millət vəkili Aqil Abbas, "Olaylar" holdinqin rəhbəri, yazıçı Yunus Oğuz, "Ədalət" qəzeti baş redaktorunun birinci müavini, şair Əbülfət Mədətoğlu.
Burda mütləq qeyd edim ki, layihənin müəllifi bəndənizin sədri olduğu Azərbaycan Yazarlar Klubu, maliyyəçisi isə Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Səfərə, danışdığımız kimi, səhər saat 8-də çıxırıq.
Yolboyu Qarabağdan, onu azad etmə yollarından, hətta ABŞ prezidentliyinə namizəd Donald Trampdan danışırıq. Fikrimiz bir məsələdə üst-üstə düşür. Donald Tramp Amerikanın Jirinovskisidir. Düzü, bu versiyanı mən qızğınlıqla müdafiə edirəm.
Sonra Aqil Abbas "bu işin başını buraxın" deyir və onun danışdığı lətifələr qırışığımızı açır.
Kürdəmirdə nahar edirik.
Quzanlıya çatanda Aqil Abbas deyir ki, vaxtımız çoxdur, tədbirə üç saat var. Ona görə də bizi anadan olduğu Boyat kəndiylə tanış etmək istəyir. Amma vaxtımız Boyat kitabxanasına tanışlıqla məhdudlaşır. Onu da deyim ki, Aqil Boyatda 3-cü sinfə kimi yaşayıb, sonra Ağdama köçüblər. Cavanlığı orda keçdiyi üçün özünü daha çox ağdamlı sayır.
Boyat kitabxanasının 11 min kitab fondu var, Aqil Abbasın təşəbbüsü və vəsaiti ilə tikilib. Binanın üstündəki lövhədə də elə bu cür yazılıb. Əvvəllər Aqil Abbasın maliyyəsilə fəaliyyət göstərən kitabxana sonradan Mədəniyyət Nazirliyinin balansına keçirilib.
"İşçilərin maaşını heç cür artıra bilmirdik. Mədəniyyət naziri Polad müəllimdən xahiş elədim ki, burda bir qarovulçu və bağban ştatı da açılsın və kitabxanada işləyən xanımların ərləri ora işə götürülsün. Belə də elədilər."
Aqil Abbas maraqlı bir əhvalat da danışdı: "Füzulinin büstünü məşhur heykəltəraş, hazırda Konyada yaşayan və Konya Universitetində dərs deyən Məzahir Avşar hazırlamışdı. O da ağcabədilidir. Qonorarını alan zaman ona demişdilər ki, bu kitabxananı Aqil Abbas öz vəsaiti hesabına tikdirib. O da qayıdıb ki, onda mən də qonorar istəmirəm, ondan balaca kişi deyiləm ki!?"
Aqil sübut edir ki, Məhəmməd Füzuli Boyatdandır. Yəni Ağcabədinin Boyatından. "O dey o evi görürsən, bax o yerdə onun anası yaşayıb, sonra hansı səbəbdənsə (səbəbini deyir, amma mən unutmuşam) İraqa gediblər və uşaq orda anadan olub. Ulu babalarının məzarı da Ağcabədidədir."
Aqilin tikdirdiyi kitabxanaya kitablarımızı hədiyyə elədik.
Aqil Aqil Abbas
Qayıdaq səfərə.
Boyat kəndinə çataçatda düzənlikdəki təpəciklərə uzun-uzadı baxdıq və burda Aqillə Yunus Oğuz arasında mübahisə düşdü: bu təpəciklər nəyə xidmət edir?
Yunus deyir ki, o təpəciklər kurqandır və altını qazsan, hansısa xanın, ya bəyzadənin nəşinin qalıqları çıxar. Mən deyirəm ki, bizim şahlarımız Qarabağda qışlamağı sevirdilər və bu təpəciklərdə məşəlçilər dayanırdı ki, qoşun yolunu azmasın. Aqil qayıdır ki, hər ikiniz düz demirsiniz. Bu təpəciklər ona görəydi ki, müsafirlər yolu düz tutub getsinlər.
Yunus bu versiyayla heç cür razılaşmır, deyir ki, karvan həmişə ulduzlara baxıb gedir.
Sonra söhbət Altıağacdan düşür. Yunuz deyir ki, Altıağac ona görə deyirlər ki, həmin məsafədən, yəni 6-7 kilometrdən ağaclar tozlanır. Aqil də deyir ki, "yox elə deyil, ağacları 7 kilometrdən bir basdırırdılar ki, karvan çalaya, çaya düşməsin..." Yunus yenə də razılaşmır. Onda Aqil lap əsəbiləşir: "Nədi, o zaman karvan "vozduşnı gedirdi?!"
Nəsə. Mübahisəmiz uzandıqca uzanır.
Sonra Kəhrizli kəndinə gedirik. Aqil burdakı dostlarıyla domino oynamağı, onlara əl tutmağı sevir. Həmidə xanımın yaşadığı ev və muzeyə baxışı saxlayırıq gələn səfərə.
Amma Kəhrizlidə Aqilin qanını bir adam qaraltdı. Nəsə köntöy söz dedi. Mirzə Cəlil demiş, çox yersiz söz dedi. Aqil də ona görə hirsləndi ki, həmin adam ağzının danışığını bilmir. Uzun müddət onun qarasınca deyindi. Soruşdum ki, onun adı nə idi. Aqil də dedi filankəs. Dedim ki, qanını niyə qaraldırsan elə onun adına 15 il iş düşür. Aqil nətəhər bərkdən güldüsə, qanqaraçılığı tamam getdi və söz verdi ki, mütləq onu yazacaq.
Aqil Abbas çox səxavətlidir. İllərdir ki, doğma el-obasına gəlib- gedir. Hamıya əl tutmağı sevir. Kiminə pul verir, kimini işə düzəldir. Bəzən Aqildən elə şeylər xahiş edirlər ki, ay toba, tanrının da ona gücü çatmaz.
Dostumuz Yusif Rza demiş, Aqil Qarabağın Səməd Vurğunudur.
Onun qəribə xasiyyətləri çoxdur. Nadir hal olar ki, Aqil olan məclisdə əlini cibinə salsın. Hər halda, mən belə görmüşəm.
Aqil hesab verməyə elə qaçır ki, sanki öz pulundan faiz alacaq...
Görürsən kimsə deyir ki, mən onu it ilindən tanıyıram. Mənsə Aqili elə Aqil ilindən tanıyıram.
Onun elə lətifələri var ki, danışsam öldürərlər, danışmasam, ölləm. Ona görə də susuram. Göydən sallanan dinməz Ay kimi.
Ağdamlı da, tərtərli də, ağcabədili də elə bilir ki, Aqil onların deputatıdır. Çünki Aqil millət vəkili olana qədər tanınmış qələm adamı idi və daim el-obasının yanındaydı. Onun məşhur bir deyimi var: Adamların içində olmaq lazımdır. Lap o məşhur şüardakı kimi: xalqın içinə getmək lazımdır.
Ağcabədi şəhərinin mərkəzində maşını saxlatdırır:
-Gedək
orda bir çay içək.
Çayxananın həyətinə giririk. Aqil burda hamıyla
öpüşüb-görüşür. Özü demiş, öpüşməyi
xoşlayır. Dörd nəfər domino
oynayır. Onlarla da görüşür və
ərklə deyir ki, oynayanların ikisi qalxsın, ikisi
qalsın.
-Sizinlə
domino oynayacağıq, uduzan çayın pulunu verəcək
Bəxtimiz gətirir, amma çayın pulunu özü
verir.
İdman həvəskarıdır. Ən
çox sevdiyi futboldur. Ağcabədidə Bayram
günü münasibətliə keçirilən şahmat
yarışlarına cocuqlarla şahmat da oynadı...
Aqillə bir Qarabağ səfərimiz də olacaq. İndi
yazmadıqlarımı onda yazacam.
Nəhayət gələk mətləbə.
Ağdam camaatı ilə görüş saat 16.00-da Dram
Teatrında başladı. Onu da deyim ki, bir öl
öncə, elə bu vədə mənim həmin teatrda
"Qaçaq Qocalar" adlı əsərim səhnələşdirilib.
Görüşü
Ağdam rayon İcra Hakimiyyəti
başçısının müavini Ağa Zeynalov
açdı, sonra sözü mənə verdi.
Mən layihəmizi təqdim etdim, dedim ki, bu layihənin məqsədi
şair və yazıçıların cəbhə bölgələrinə
səfərini təşkil etmək, ictimaiyyət nümayəndələri
və hərbçilərlə görüş keçirməkdir.
Onu da dedim ki, yazıçılar da
dövlətimizə, ordumuza, cəbhə bölgələrində
yaşayan insanlarımıza dəstək vermək, onları
ürəkləndirməkdir...
Burdaca qeyd edim ki, həmin gün axşam posta getdik. Aqil Abbas Milli
Məclisin Təhlükəsizlik komissiyasının
üzvü olduğuna görə ora icazəsiz getməyə
haqqı var. Əsgərlərlə şəkil çəkdirdik
və dedik ki, bunu arxivimiz üçün çəkirik və
heç yerdə paylaşmayacağıq. Hər
halda, bu cür məsələləri bilirik və onun
üçün xüsusi təlimata ehtiyac yoxdur.
Məndən sonra Yunus Oğuz danışdı. Amma elə ilk dəqiqədəncə,
Azərbaycan bayraqlarını zalda görəndə kövrəldi...
Bir qədər susdu və onun bu susqunluğundan
istifadə edib bir hadisə danışım.
London səfərindəyik. Beynəlmiləl
komandayıq. Aramızda erməni
axçiləri və dığaları da var. Trafalqar
meydanında gəzişərkən gördük ki, bir nəfər
asfaltın üzərinə müxtəlif ölkələrin
bayraqlarını çəkir, belə deyək ki,
günün günorta vaxtı asfalt qraffitisiylə məşğuldur.
Bayraqların içərisində Azərbaycan
bayrağı var, amma erməni bayrağı yoxdu. Janna
adlı bir erməni axçisi heyrətlənir: Bəs erməni
bayrağı hanı!?
Yunus rus
bayrağını göstərib deyir:
-Bu de ha!
-Bu rus
bayrağıdır axı?!
Yunus
Oğuz:
-Erməni
bayrağı onun içindədir, -deyir...
Hamı gülüşür. Erməni axçisi əlini yelləyir...Başqa
neyləyəsidi ki...
Yunusun
kövrəkliyi getdi, bir xeyli türkçülükdən
danışdı və sözünü belə tamamladı:
O bayraqlar işğaldan azad ediləcək
torpaqlarımızda dalğalanacaq. Biz Ali Baş Komandan,
möhtərəm İlham Əlyevin əmrini gözləyirik!
Zaldan
alqışlar qopdu...
Növbədə Əbülfət Mədətoğludur. O, adətinə uyğun
olaraq qısa danışdı və öz şeirləri ilə
zaldakı insanları coşdurdu.
Əbülfət Mədətoğlu gözəl yol
yoldaşı və təbli şairdir. Onunla
qarşıda Biləsüvara səfərimiz var. Məcburi
köçkünlərlə görüşə gedirik.
Bir neçə il əvvəl onunla Xocavənddə
olmuşduq (Beyləqandakı şəhərcikdə) və
Əbülfətin burda çox sevildiyinin şahidi oldum.
Çünki o da tez-tez elliləriylə görüşlərə
gedir, yazılar yazır, onları unutmur...
Nəhayət, Aqil Abbas çıxış elədi. Dedi ki, mən Zeynəb
Xanlarova kimi sonda çıxış eləməyi
xoşlayıram. Onun özünəməxsus
çıxışı zalın ovqatına bir sərinlik gətirdi.
Tədbirimiz səhərisi günü, noyabrın 8-də
Tərtərdə Heydər Əliyev mərkəzində davam
elədi.
Mərkəzin müdiri Səlimə Yusibovanın,
konfrans zalına yığışanların müsbət
aurası, eləcə də Azərbaycan bayrağına
bürünmüş məkanın möhtəşəmliyi
torpaqlarımızın tezliklə azad olunacağına
böyük umidlər yaratdı.
Tərtər
camaatı adından çıxış edən, rayon
Ağsaqqallar Şurasının sədri, şair Elman Qədirli
dedi ki, bu insanlar çoxdandır ki, silah, mərmi səsi
eşidirlər, bu gün isə yazıçı
sözü eşitdilər. Buna görə də
hamınıza minnətdarıq.
Oxşar çıxışları burda da elədik, təbii,
bəzi fərqli çalarlarla. Ona görə də
sizi yormaq istəmirəm.
Bircə
onu deyim ki, tədbir iştirakçılarına xeyli kitab
bağışladıq...
Əslində səfər yoldaşlarım haqqında
çox yaza bilərəm. Amma
düşünürəm ki, hələ yenə də səfərlərimiz,
ortaq xatirələrimiz olacaq, ona görə də bəzi qənaətlərimi,
müşahidələrimi sonraya saxlayıram. İş burasındadır ki, bəzən çox
sevdiyin bir adamdan yazmaq istəyirsən, aranızda böyük
sayğı olsa da, ümumi xatirələriniz azdı.
Bir dəfə xətrini çox istədiyim bir insana elə
belə də dedim: "Dostum, səninlə bağlı xeyli
qeydlərim var. Amma ortaq xatirələrimiz
olmadığına görə onu yazıya çevirə
bilmirəm."
Səfər xatirələr məkanı və
boxçasıdır.
İndi də
keçək Rayon İcra Hakimiyyəti
başçılarına: Ağdam RİH rəhbəri Raqub
Məmmədovla Qonaq Evində xeyli söhbət edirik. Çox mütaliəlidir. Şəhər
meydanında isə özünü Şah Abbas kimi aparır.
Hərəyə bir göstəriş verir.
Yadınızdadir: Şah Abbas Şeyx Səfi məqbərəsnini
girəcəyində bir quş zılı görür və
deyir: (soruşmur, ha) A gədə gözlərin kordu sənin!?
Ağır sualdır, cavabı da eyniylə.
Raqub
müəllim adi bir nöqsanı bağışlamır:
-Orda bir ağ ləkə var, götürün onu!
Ağcabədi icra başçısı Şahin Məmmədov
özünəməxsus, qurucu adamdır. Ölkədə ən
böyük "Heydər Əliyev Meydanı"nı və fərqli abidəni orda
gördüm.
Tərtərin
icra başçısı Müstəqim Məmmədovun isə
başı qarışıq idi: küçələri
soyurdular. Ali qonağı qarşılamağa
hazırlaşırdılar...
Bakıya
Ağcabədidən qayıdırıq və sözləşirik
ki, gələn dəfə görmədiyimiz yerləri
arın-arxayın gəzəcəyik və mən də
geniş bir səfər yazısı hazırlayacam...
Yenidən
görüşmək ümidiylə, dostlar...
Noyabrın üçüncü beş günlüyü, 2016
Bakı-Ağdam-Tərtər-Ağcabədi-Bakı
Elçin Hüseynbəyli
Olaylar.- 2016.- 15
noyabr.- S.12.