Aprel döyüşləri bizim

şanlı qələbəmizdir”

 

Prezident: "Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar"

 

Azərbaycan ordusunun günü-gündən artan nüfuzu beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunur. Ordunun ən müasir silahlarla təmin edilməsi, əsgər və zabitlərin sosial problemlərinin həlli nəticə etibarilə hərbçilər arasında ruh yüksəkliyi yaradıb. Azərbaycan ordusunun mütəmadi şəkildə təşkil etdiyi hərbi təlimlər isə işğal altında olan torpaqların geri qaytarılmasına hesablanıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən noyabr ayının 12-dən 18-dək səhra şəraitində qoşunların idarəolunması və silahların döyüş tətbiqinin yoxlanılması məqsədilə Silahlı Qüvvələrdə irimiqyaslı təlimlər başlayıb. Təlimlərə 60 minədək şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, eləcə də raket və artilleriya qoşunlarının 700-dək qurğu və sistemi cəlb olunub.Təlimlər zamanı qoşunların döyüşə tam hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, müdafiənin aparılması, əks-hücum əməliyyatının hazırlanması və keçirilməsi üzrə tapşırıqlar icra olunacaq. Təlimlərdə hava kəşfiyyatının aparılması məqsədilə pilotsuz uçuş aparatlarından istifadə olunacaq. Artıq Silahlı Qüvvələrdə keçirilən irimiqyaslı təlimlərin birinci mərhələsinə start verilib. Təlimin planına əsasən qoşunların idarəetmə sistemlərinin döyüş hazırlığının yoxlanılması, qüvvə və vasitələrin təyin olunan məntəqələrə çıxışı, eləcə də qoşunların fasiləsiz, operativ və gizli idarəedilməsi məqsədilə səhra idarəetmə məntəqələrinin açılması həyata keçirilir. "Həyəcan" siqnalı ilə qaldırılan qoşunlar və komanda idarəetmə məntəqələri əməliyyat təyinatı rayonlarına, döyüş aviasiya vasitələri ehtiyat aerodromlarına, Raket və Artilleriya Qoşunlarının birlik və hissələri müvəqqəti atəş və start mövqelərinə çıxarılıb. Döyüş texnikası və şəxsi heyətin hərəkətinin tənzimlənməsi və təhlükəsizliyinin təmin edilməsi məqsədilə yollarda və marşrutlarda komendant xidməti təşkil olunub. Hərəkət zamanı kolonların şərti düşmənin hava hücumundan müdafiəsini HHQ-nin aviasiya vasitələri təmin edir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən irimiqyaslı təlimlərə Hərbi Dəniz Qüvvələrinin gəmi və katerləri də cəlb olunub. Təlimlərdə iştirak edən gəmilərin və şəxsi heyətin ümumi hazırlığı, Xəzər dənizinin Azərbaycana mənsub hissəsində əməliyyat şəraiti və HDQ-nin idarə olunması yoxlanılıb. Təlimlərin ilkin mərhələsində HDQ-nin tam döyüşə hazır vəziyyətə gətirilməsi, gəmi qruplarının, hissə və bölmələrin cəmləşmə rayonlarına çıxışı, komplektləşdirmə və döyüş uzlaşması tədbirləri müvəffəqiyyətlə yerinə yetirilib.Təlimlərin gəmi və katerlərinin cəlb olunması ilə keçirilən mərhələsinin məqsədi Xəzər dənizinin əməliyyat zonasında enerji infrastrukturunun mühafizəsi, terror diversiya qrupu tərəfindən ələ keçirilmiş gəminin, helikopterdən endirilmiş xüsusi təyinatlılar tərəfindən azad edilməsi və tapşırıqların yerinə yetirilməsi zamanı digər qoşun növləri ilə uzlaşdırılmış birgə fəaliyyətlərin icrasından ibarətdir.

   Sevindirici haldır ki, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev ön xəttdə əməliyyat şəraiti ilə şəxsən tanış olub. Belə ki, noyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olub. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Ali Baş Komandan İlham Əliyev komanda idarəetmə məntəqəsindən düşmənin mövqelərini izlədi.Dövlətimizin başçısına cəbhə xəttində ümumi vəziyyətlə bağlı məruzə edilib. Sonra Prezident, Ali Baş Komandan İlham Əliyev döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənmiş bir qrup hərbçiyə qiymətli hədiyyələr təqdim edib. Dövlətimizin başçısı hərbçilərlə görüşüb və döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxış edib. Prezident qeyd edib ki, bu ilin aprel ayında Ermənistan dövlətimizə, xalqımıza qarşı növbəti silahlı təxribat törətmişdir. Qəhrəman Azərbaycan Ordusu - xalqımızın əsgər və zabitləri bu təxribata layiqli cavab vermişdir. Uğurlu əks-hücum əməliyyatı keçirərək düşmənə sarsıdıcı zərbələr vurmuşdur və Azərbaycanın işğal altında olan torpaqlarının bir hissəsi azad edilmişdir: "Bu gün biz Lələtəpə ərazisindəyik. Hələ bir neçə ay bundan əvvəl bu ərazi işğal altında idi. Biz bu işğala son qoyduq. Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının ərazilərində işğal altında olan 2000 hektardan çox torpaq uğurlu əks-hücum əməliyyatı nəticəsində işğalçılardan azad edilmişdir. Minlərlə hektar torpağa bu gün Azərbaycan Ordusu tam nəzarət edir. Onu da qeyd etməliyəm ki, əks-hücum əməliyyatımız əlverişsiz mövqelərdən başlamışdır. Biz yüksəklikləri, təpələri işğalçılardan azad etmişik və böyük qəhrəmanlıq göstərmişik. Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Azərbaycan Ordusu bu döyüşlərdə peşəkarlıq, qəhrəmanlıq, məharət göstərmişdir. Biz şəhidlər verdik, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Yaralı əsgərlərimiz, zabitlərimiz olubdur. Mən Hərbi Hospitalda yaralı əsgər və zabitlərimizlə görüş zamanı onlarda ruh yüksəkliyi gördüm. Onların bir arzusu var idi - tezliklə sağalmaq və döyüş bölgələrinə qayıtmaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan vətəndaşları vətənpərvər vətəndaşlardır. Bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda, torpaq uğrunda ölümə getməyə hazırdırlar. Aprel döyüşləri bizim şanlı qələbəmizdir. Azərbaycan Ordusu öz gücünü göstərdi. Ermənistan uzun illər öz ordusu haqqında yalanlar, miflər uydururdu. Guya onların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, hansı ordu yenilməzdir. Azərbaycan Ordusu yenilməz ordudur. Azərbaycan Ordusu istənilən vəzifəni icra etməyə qadirdir. İşğal edilmiş torpaqlarda, Dağlıq Qarabağda elə bir hərbi hədəf yoxdur ki, bu gün biz onu məhv edə bilməyək. Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir. Aprel döyüşləri bunu bir daha göstərdi. Aprel döyüşlərindən sonra ordumuzun maddi-texniki təminatı ilə bağlı əlavə tədbirlər görülür, vəsait ayrılıb, ən müasir, yüksək dağıdıcı qüvvəyə dəqiqliyə malik olan silahlar, texnika alınır artıq bizim sərəncamımızdadır". Dövlət başçısı əlavə edib ki, ordumuzun döyüş qabiliyyəti ilə bərabər, vətənpərvərlik ruhu da yüksəkdir: "Biz öz torpağımızdayıq, bura Azərbaycandır. Lələtəpə Azərbaycandır, Şuşa da Azərbaycandır, Xankəndi Azərbaycandır. Biz öz torpağımızdayıq. Heç bir ölkənin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik. Aprel döyüşləri bunu bir daha sübut etdi.

1994-cü ilin yanvar ayında Füzuli rayonunda uğurlu əməliyyat keçirilmişdir, 22 kənd işğalçılardan azad edilmişdir. Bu, böyük tarixi qələbə idi. Aprel döyüşləri növbəti tarixi qələbədir. Dünya bir daha gördü ki, Azərbaycan Ermənistanın işğalçılıq siyasəti ilə heç vaxt barışmayacaq. Biz öz ərazi bütövlüyümüzü bərpa etməliyik edəcəyik. Bu, bizim əzəli torpağımızdır, tarixi torpağımızdır biz bu gün hələ işğal altında olan bütün torpaqlarımıza qayıdacağıq. Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir. Lələtəpə tarixə düşdü. Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaqdır. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır. Azərbaycan gündən-günə güclənir, möhkəmlənir. Bizim güclü potensialımız güclü Ordumuz var. Biz Ordumuzla, əsgər zabitlərimizlə, sizinlə - bax, burada düşmənlə üz-üzə dayanan oğullarımızla fəxr edirik. Sizə eşq olsun! Azərbaycan inkişaf edəcək biz ərazi bütövlüyümüzü bərpa edəcəyik!" Sonra Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev müvafiq tapşırıqlarını verib. Dövlət başçısının tapşırıqlarının icra vəziyyətini müəyyən etmək üçün müdafiə naziri general-polkovnik Zakir Həsənov təlimlərin səhra şəraitində yaradılmış əsas komanda məntəqəsində olub. Nazir ərazidə idarə, xidmət, qoşun növlərinin yerləşmə nöqtələri, operativ idarəetmə qrupları məntəqələrindəki fəaliyyətlərlə tanış olub. Müşavirədə təlimlərə cəlb edilən birləşmə, hərbi hissələrin komandir rəis heyətinin fəaliyyətləri, planları qəbul etdikləri qərarlarla bağlı məruzələr dinlənilib. Müşavirədə çıxış edən Müdafiə naziri təlimlərin əhəmiyyətindən qarşıda duran vəzifələrdən danışaraq müvafiq tapşırıq göstərişlər verib. Etiraf edilməlidir ki, həm dövlət başçısı, həm müdafiə nazirinin şəxsən cəbhə bölgəsində əsgərlərin vəziyyəti ilə tanış olmaları hərbçilərin vətənpərvərlik hissinin yüksəlməsində müstəsna rol oynayır. Məhz bunun nəticəsidir ki, artıq Azərbaycan ordusu birdəfələk fərarilik bəlasından qurtulub. Gənclər heç bir bəhanə gətirmədən könüllü olaraq ordu sıralarına tollanırlar. Elə bu günlərdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissə birləşmələrdə gənc əsgərlərin andiçmə mərasimi başa çatıb. Əlahiddə Ümumqoşun Ordusunun birliklərin hərbi hissələrinin ərazilərində keçiriləcək mərasimlərdə hərbi rituala uyğun olaraq gənc əsgərlər təntənəli surətdə hərbi andı qəbul ediblər.

Andiçmə mərasimlərində hərbi hissələrin komandanlığı, yerli icra orqanlarının ictimaiyyətin nümayəndələri, veteranlar, əsgər valideynləri iştirak edib, mədəni-kütləvi tədbirlər keçirilib valideynlər hərbi hissələrdə yaradılmış şəraitlə tanış olublar.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 16 noyabr.- S.15.