Teatr vətənpərvərlik hissinin

insanlara ötürülməsi üçün vasitədir

 

Teatr incəsənətin elə bir növüdür ki, burda aktyor tamaşaçı ilə canlı ünsiyyətdə olur. Aktyorun hiss və duyğularını tamaşaçı onun üz cizgilərindən canlı-canlı oxuyaraq, anbaan dəyşən mimikanın nə dediyini izləyə bilir. Və tamaşaçı aktyorla birlikdə roldan rola da girir, onun hisslərini yaşayır.

 

Bütün dövrlərdə teatr cəmiyyətin ən prestijli yeri olub. Teatr öyrədən, insanın ruhunu özünə qaytaran olub. Tamaşaya qoyulan əsərlər zamanın tələbinə uyğun çatdırılıb. Uzun-uzun illər yol gələn klassik əsərlər var ki, onlar heç bir zaman repertuardan düşmür. Bunlar dünya ədəbiyyat nümunələri, eləcə də Azərbaycan klassiklərinin əsərləridi.

Bu gün Azərbaycanda xeyli sayda teatr fəaliyyət göstərir. Hər birinin də öz tamaşaçısı var. Doğrudu zaman-zaman teatr tamaşaları tənqid olunub, teatra gedənlərin sayı azalıb. Bunun da səbəbi səhnələşdirilən əsərlərin tamaşaçı zövqünə uyğun olmaması, zamanın tələbi ilə səsləşməməsidi. Azərbaycan teatrlarında demək olar ki, bütün mövzularda tamaşalar oynanılıb - uşaq teatrlarındakı nağıllardan tutmuş, ölkənin Akademik Milli Teatrında səhnələşdirilən müasir əsərlərə qədər.

Amma bu gün teatrların qarşısında duran ən böyük məqsəd vətənpərvərlik mövzusu olmalıdı. Müharibə şəraitində olan bir ölkənin sənət məbədində insanların vətənpərvərlik hissini coşduran, müharibə ovqatını oyadan əsərlər olmalıdı. Vətənpərvərlik mövzusunda tamaşalar tez-tez hazırlanmalı və təbliğ edilməlidir.

Torpaq uğrunda şəhid olanlar, veteranlar haqqında tamaşalar hazırlanmalı, əsərlər yazılmalıdı. Həm də bu tamaşa elə hazırlanmalıdır ki, həmin şəhidi oynayan aktyorun vasitəsilə zalda oturan tamaşaçı azərbaycanlı döyüşçünün necə döyüşdüyünü, düşmənə hansı hisslər bəslədiyini, vətəni sevdiyini, onun uğrunda canını verdiyi anları yaşaya bilsin.

Uzun illər Akademik Milli Teatrın səhnəsində bu və buna bənzər əsərlər tamaşaya qoyulub. Səməd Vurğunun "Vaqif" dramı on illərlə anşlaqla keçib. Hər tamaşasında tamaşa zalı dolu olub. İnsanlar bu tamaşadan çox şey öyrənib, tarixin o üzündə qalan hadisələri aktyor dili ilə yaddaşlarına hopdurublar. Yaxud bir neçə il əvvəl tamaşaya qoyulmuş "Şah Qacar" əsəri. Bu əsərdə də vətənpərvərlik hissi açıq-aydın duyulur, döyüş ruhu çatdırılır.

"Xəcalət" tamaşasında Qarabağda baş verən hadislərin fonunda bəzi neqativ halların baş verdiyi göstərilir. Baş rolu ifa edən Nurəddin Mehdixanlı öz peşəkar oyunu ilə müharibənin yaratdığı faciləri bir ailənin timsalında tamaşaşıya çatdıra bilib. Hüseynbala Mirələmovun qələmə aldığı bu teatr əsərində qaçqınlığın qlobal bir problem olduğu xüsusilə diqqətə çatdırılıb.

Tamaşa sona çatanda insan özü özünə hesabat verir ki, hər birimiz vətəni sevməliyik, torpağa can qurban etməliyik, düşmən qarşısından qaçmaq yox, onunla döyüşüb dizini yerə qoymalıyıq ki, sabahkı nəsil azad, müstəqil yaşaya bilsin. Nə yazıqlar ki, tamaşada vaxtilə Qarabağda çiyin-çiyinə döyüşən iki dostun sonrakı taleləri fərqli göstərilir. Biri hələ də əldən gedən torpağın qaytarılacağı günün həsrəti ilə yaşayır, o biri isə bu məsələdə dostundan fərqli olaraq xəcalət hissindən tamamilə yad olub.

Keçən il mən bu əsərə tamaşa edərkən diqqətimi çəkən bir məsələni qeyd edim ki, zalda oturanların demək olar ki, 80 faizi gənclər idi. Sonda səhnədən tamaşaçılara baş əyən aktyor heyətini və rejissoru alqışlayan gənclərin evlərinə döyüş ruhu ilə getdiklərini hiss etməmək mümkün deyildi. Əsər gənclərin vətənpərvərlik ruhuna böyük təsir etmişdi. Elə buna görə də

"Xəcalət" tamaşası ölkənin çoxlu sayda teatrlarında tamaşaya qoyulub və həmişə də alqışlarla qarşılanıb. Hələ üstəlik məcburi köçkünlərin məskunlaşdığı yerlərdə də nümayiş olunub.

Bu gün teatrlarda Qarabağ mövzusunda tamaşa qoyulması ən vacib iş olmalıdı. Təkcə "Xəcalət"lə iş bitmir. Niyəsə bu mövzuya az müraciət edilir. Halbuki hər həftə, hər ay vətənpərvərlik mövzusuna həsr olunmuş əsərlər tamaşaçıların ixtiyarına verilməlidi. Məncə, teatrlar bu mövzuya qarşı çox həssasdırlar və maraqlıdırlar. Amma gərək yazarlar da bunu öz qanlarında, canlarında hiss etsinlər. Torpaqları düşmən tapdağında olan bir məmləkətin yazarları yazdıqları hər sözdə, cümlədə vətənpərvərlik hissini oxucuya, tamaşaçıya çatdırmalıdırlar. Teatr bu hissin insanlara mesaj olaraq ötürülməsi üçün bir vasitədir.

İnsanlar döyüş acıdırlar, düşmənin məğlubiyyətini görmək həsrətindədirlər. Bunu heç olmasa teatrda etmək lazımdı. Məhz bu, gənclərdə döyüş ruhunu qaldıracaq. Bundan başqa Milli Qəhrəmanların tanıdılması üçün də teatr ən yaxşı vasitədir. Qəhrəmanlar haqqında tamaşa hazırlamaqda, məncə, aktyor və rejissor heyəti heç tərəddüd etməzlər. Çünki onların da ailəsində, qohumunda, qonşusunda, yaxud da çevrəsində Qarabağ döyüşlərində şəhid olan, yaralanan, qəhrəmanlıq göstərənlər var. Onların yaşadığı hissi, uzaq olmayan keçmişin qanlı-qadalı hadisələrini, ən azı, döyüş bölgələrinə gedib əsgərlərin necə döyüşdüyünü gözləri ilə görən sənətkarlar var. Bu da imkan verir ki, sənət adamları həmin elementləri insanlara çatdırıb onlarda döyüş ruhunu qaldırsın, torpağa, vətənə məhəbbət hissini alovlandıra bilsinlər.

Sonuncu aprel döyüşlərindən bizi çox da uzaq zaman ayırmır. İnsanlar hələ də o qələbənin həzzini yaşayırlar. Həmin 4 günlük müharibə insanlara cəbhə bölgələrində yaranan gərginliklə yanaşı bir qəhrəmanlıq ovqatını da yaşatdı. Bu ağır döyüşlərdə vətənə canını, qanını qurban verən şəhidlərimizin olması bir daha dünya dövlətlərini Qarabağ probleminə diqqətlə yanaşmağa vadar etdi. Əminəm ki, o günlərlə bağlı əsərlər yazılacaq, tamaşalar hazırlanacaq. O günlərdə teatrlarımız repertuarlarında dəyişiklik etməyi, vətənpərvərlik mövzusunun elementləri olan əsərləri tamaşaya qoymağı planlaşdırdılar. Baxmayaraq repertuar dəyişkənliyi bir günün, dörd günün işi deyil, amma teatrlarımız sonrakı günlərdə, aylarda buna nail oldular. Bu, o deməkdir ki, sənət də, sənətkar da bu məmləkətə xidmət edir, bu torpağa baş əyir.

Çünki tamaşaçı teatrın səhnəsində Qarabağ problemini özündə ehtiva edən, vətənpərvərlik hissini aşılayan müasir tamaşa görmək istəyir. Tamaşaçı bu mövzuda dramaturgiyanın dirçəlməsini arzulayır. Ədəbi mühitlə taetrın birgə işinin nəticələri tamaşaçının bu istəklərinə cavab verməlidi.

Ümid edək ki, sənət məbədi olan teatrlarımız tamaşaçılara vətənpərvərlik hissini alovlandıran tamaşalar səhnələşdirəcək. Repertuarda 20 Yanvar, Xocalı hadisələri, aprel döyüşləri ilə bağlı insanları qələbəyə səsləyən əsərlər çoxalacaq.

 

Züleyxa Nadir

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2016.- 16 noyabr.- S.12.