Milli qəhrəmanlarımız gənclər
üçün vətənpərvərlik
nümunəsidir
Azərbaycanın milli qəhrəmanları,
şəhid oğul və qızlarına göstərilən
yüksək ehtiram, onların adlarının əbədiləşdirilməsi
gənclər arasında vətənpərvərlik hisslərini
birə-beş artırır. Bu kimi tədbirlər gəncləri
Vətən uğrunda canını fəda verən qəhrəman
oğullarımıza oxşamağa sövq edir. Belə qəhrəman
oğullardan biri də şəhid Mübariz İbrahimovdur.
Müntəzəm
olaraq onun əziz xatirəsinin yad edilməsi gənclərdə
yüksək ruh hissi yaradır. Bu günlərdə şəhid
milli qəhrəmanımızın xatirəsi bir daha onun
doğulub boya-başa çatdığı Biləsuvar
rayonunda anılıb. Biləsuvar rayon Gənclər və
İdman İdarəsi və YAP Gənclər Birliyi Biləsuvar
rayon təşkilatının birgə təşkilatçılığı
ilə Milli Qəhrəman Mübariz İbrahimov və
"İgidliyə görə" medalı ilə təltif
olunan Fərid Əhmədovun xatirəsinə həsr
olunmuş "Qəhrəmanlar unudulmur" adlı vətənpərvərlik
mövzusunda tədbir keçirilib. Tədbirdə Biləsuvar
rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər
şöbəsinin baş məsləhətçisi Mirzə
Cəfərov, Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
Biləsuvar rayon şöbəsinin rəis müavini Ramiq
Sultanov, Təhsil şöbəsinin metodisti Ağamməd
Caniyev və Qarabağ Müharibə Əlili Və Şəhid
Ailələri İctimai Birliyinin Biləsuvar rayon şöbəsinin
sədri Bəhruz Əliyev iştirak ediblər. Tədbir Milli
Qəhrəman Mübariz İbrahimovun əziz
xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi
ilə başlayıb. Tədbiri giriş nitqi ilə açan
Biləsuvar rayon Gənclər və İdman İdarəsinin
rəisi Aqşin Bağırov və digər nümayəndələr
Mübariz İbrahimovun tərcümeyi-halı, keçdiyi
döyüş yolu və misilsiz qəhrəmanlıq
şücaəti, vətənpərvərliyi barədə gənclərə
geniş məlumat veriblər. Bildiriblər ki, Mübarizin qəhrəmanlığı
və əziz xatirəsi nəinki doğulub boya-başa
çatdığı Biləsuvar rayonunda, eyni zamanda
bütün türk dünyasında anılır. Mübariz
İbrahimov1988 ci il fevralın 7 də Biləsuvar rayonu
Əliabad kəndində anadan olub. 1994-cü ildə şəhid
M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə
daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi
bitirib. Elə həmin il hərbi xidmətə
cağrılıb. Xidmətinə Daxili Qoşunların N
saylı hərbi hissəsinin xüsusi Təyinatlı Bölüyündə
başlayıb. Xidməti zamanı çavuş rütbəsi
alıb və xidmətini 2007-ci ildə bitirib. Bir müddət
mülki işlərdə işlədikən sonra 2008- ci ilin
yayında yenidən öz arzusu ilə hərbiyə
qayıtmaq istəsə də, valideynlərinin
razılığı olmayıb. Yenidən 2009-cu ilin avqust
ayında valideynlərini razı salıb və hərbi xidmətə
yollanıb. Bu dəfə artıq gizir kimi
çalışmağa başlayıb. Çox
çalışsa da əvvəl-əvvəl bir neçə
ay düşmənlə sərhəd olan rayonlarda xidmət
etmək nəsib olmayıb. Nəhayət 2010 cu ilin aprel
ayından Tər-Tər rayonunun N saylı hərbi hissəsində
xidmətinə başlayır. Çox çəkmir ki, uzun
müddət düşündüyü, arzusunda olduğu
şəhidlik planını həyata
keçirmək və düşmənə ən
sarsıdıcı zərbəni vurmağın
yollarını tapır. Nəhayət ömrünün ən
gənc cağında 22 yaşında, 19 iyun, 2010-cu il tarixində
gecə saat 23:30- radələrində
düşündüyü əməliyyata başlayır. 22
yaşlı bu mərd oğul 1 kilometrlik neytral məsafəni,
minalanmış sahəni tək keçir və mənfur
düşmənlərimizin ağlasığmaz sayda əsgər
və zabitini elə birinci həmlədə məhv edir.
Düşmənin öz silahlarını özünə
istifadə edərək 5 saat tək orduya qarşı
döyüşür. Düşmən postunu keçir və
6 saat döyüşdükdən sonra duşmənin
çoxlu sayda əsgər və
zabitini məhv edir. Qayıtmaq imkanı ola-ola geri dönməyir, daha da irəli gedir və vətən
yolunda, bizlər üçün canından keçir. Məhz
bundan sonra Ermənistanda 3 günlük matəm elan olunur. Beləliklə,
ən böyük arzusu olan şəhidlik zirvəsinə
ucalır. Mübariz İbrahimovun cəsədini Ermənistan tərəfi
141 gün saxlayır. 2010-cu il noyabrın 7-də Müdafiə
Nazirliyinin Təlim-Tədris Mərkəzində keçirilən
vida mərasiminə Azərbaycan Prezidenti İlham Əliyev də
qatılır və nitq söyləyir. Sonra şəhid, qəhrəman
İkinci Fəxri xiyabanda dəfn olunur. Mübariz İbrahimova
Dövlət tərəfindən yüksək qiymət
verilir. Azərbaycan Prezidenti cənab
İlham Əliyev Mübariz Ağakərim oğlu
İbrahimova "Azərbaycanın Milli Qəhrəmanı"
adının verilməsi barədə sərəncam
imzalayır. Tədbirin sonunda məktəblilər qəhrəmana
həsr olunmuş şeirlər söyləyib, rəsm sərgisi
nümayiş etdirilib, videofilm göstərilib.
Müdafiə
Nazirliyi və Bərdə rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə isə Bərdə
rayon Mədəniyyət Mərkəzində
"Xalqımıza qələbə sevinci yaşadanlar"
silsiləsindən aprel ayında cəbhə xəttində
ermənilərin törətdikləri təxribatın
qarşısını alarkən şəhid olmuş Azərbaycan
Ordusunun baş leytenantı Ziya Həsənovun xatirə mərasimi keçirilib. Tədbirdən
öncə rayon ictimaiyyətinin nümayəndələri,
Ziya Həsənovun xidmət etdiyi hərbi hissənin
komandanlığı, döyüşçü dostları Bərdə
şəhidlər xiyabanına gedərək şəhidin məzarını
ziyarət ediblər. Mədəniyyət Mərkəzində
Əməkdar İncəsənət Xadimi Abdulla Qurbaninin
ssenarisi və rejissorluğu ilə Z.Həsənovun xatirəsinə
həsr olunmuş "Ruhumuzun qələbəsi naminə"
adlı kompozisiya təqdim edilib. Kompozisiyada Silahlı Qüvvələrin
mahnı və rəqs ansamblı, Gəncə qarnizonu zabitlər
evinin kollektivi, eləcə də Bərdə hərbi
birliyinin hərbi özfəaliyyət kollektivinin üzvləri
iştirak ediblər. Tədbirdə Ziya Həsənovun həyat
və döyüş yoluna işıq salınıb, qəhrəmanlığı
təbliğ olunub. Təqdim edilən vətənpərvərlik
mahnıları və hərbi marşlar
tamaşaçıları Qarabağ uğrunda mübarizəyə
səsləyib. Tədbirin sonunda Bərdə rayon İcra
Hakimiyyəti başçısının müavini Fəqət
Şadlinskaya çıxış edərək ölkəmizdə
şəhid ailələrinə göstərilən diqqət
və qayğıdan danışıb, xalqımızın şəhidlərə
yüksək ehtiram göstərdiyini və Prezident, Ali Baş
Komandan İlham Əliyevin əmri ilə hər an
torpaqlarımızın azadlığı uğrunda
döyüşə hazır olduğunu bildirib. Tədbirdə
iştirak edən Azərbaycan Əfqanıstan Veteranları
İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Cəmşid
Naxçıvanski adına hərbi liseydə Ziya Həsənovun
müəllimi olmuş Şakir Əhmədov, şəhid
zabitin xidmət etdiyi hərbi birləşmənin komandiri Eldəniz
İmaməliyev, Tərtər rayonundan gəlmiş Qarabağ
müharibəsi veteranları çıxış edərək
şəhidlərimizə Allahdan rəhmət diləyib,
onların qanlarının yerdə qalmayacağına,
işğal altında olan torpaqlarımızın tezliklə
azad ediləcəyinə əminliklərini bildiriblər.
Şəhidin atası Niyazi Həsənov göstərilən
diqqət və qayğıya görə ölkə Prezidenti
cənab İlham Əliyevə
minnətdarlığını bildirib.
Şəhid
Ziya Həsənovun ölümündən sonra layiq
görüldüyü "Cəmşid Naxçıvanskinin
yubiley medalı" onun ailəsinə təqdim olunub. Beyləqan
rayon Mədəniyyət Sarayında isə Müdafiə
Nazirliyi və Beyləqan Rayon İcra Hakimiyyətinin birgə
təşkilatçılığı ilə Azərbaycanın
dövlət müstəqilliyinin bərpasının 25-ci
ildönümü münasibətilə "Vətənə,
dövlətə canımız fəda!" devizi altında hərbi
vətənpərvərlik mərasimi keçirilib. Beyləqan
rayon mədəniyyət sarayında keçirilən tədbirdə
Füzuli, Ağcabədi, Xocavənd və Beyləqan
rayonları ərazisindəki hərbi hissələrin əsgər
və zabitləri, eləcə də ictimaiyyət nümayəndələri
iştirak ediblər. Müdafiə Nazirliyinin rəsmiləri və
rayon icra hakimiyyətinin rəhbərliyi əvvəlcə
xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini
ziyarət edərək Ulu Öndərə hörmət və
ehtiramlarını bildiriblər.
Mərasimdə
Azərbaycan Respublikasının ərazi
bütövlüyü, müstəqilliyi və suverenliyi
uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik
sükutla yad edilib. Əməkdar İncəsənət Xadimi
polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə
hazırlanmış ədəbi-musiqili-xoreoqrafik kompozisiya
tamaşaçılarda böyük maraq doğurub.
Aparıcılar Azərbaycan Respublikasının dövlət
müstəqilliyinin bərpasına gedən yolların hələ
1970-ci illərdə ölkəmizə rəhbərlik
etmiş dünya şöhrətli siyasətçi Heydər
Əliyevlə başlandığını və bu istiqamətdə
uzaqgörənliklə mühüm addımlar
atıldığını qeyd ediblər. Mərasimdə
müstəqilliyin qazanılmasından daha çox onun
qorunması, əbədi, dönməz və sarsılmaz
olması naminə mübarizə aparmağın daha çətin
və şərəfli olduğu vurğulanıb. Dövlət
müstəqilliyimizin və milli təhlükəsizliyimizin
qarantı olan Silahlı Qüvvələrimizin yaranması,
formalaşması və Qafqazda ən güclü orduya
çevrilməsi barədə ətraflı məlumat verilib.
Ulu öndər Heydər Əliyevin və Prezident, Ali Baş
Komandan İlham Əliyevin mütəşəkkil,
qarşıya qoyulmuş döyüş
tapşırıqlarını yerinə yetirməyə hər
an hazır və qadir olan ordunun yaranmasında müstəsna
xidmətləri nəzərə çatdırılıb. Tədbirdə
xalqımıza qələbə sevinci yaşadan aprel
döyüşlərinin qəhrəmanları
xatırlanıb. Bu döyüşlərin dövlətimizin
və ordumuzun gücünü, xalqımızın həmrəyliyini,
vətənpərvərliyini bir daha nümayiş etdirdiyi
bildirilib. Silahlı Qüvvələrin Mahnı və Rəqs
Ansamblı, Gəncə Qarnizonu Zabitlər Evinin
yaradıcı kollektivi və hərbi birliyin birləşmiş
özfəaliyyət kollektivlərinin ifa etdikləri hərbi
marşlar, şeirlər, vətənpərvərlik mahnı
və rəqsləri tamaşaçılarda xoş
duyğular oyadaraq, onları Azərbaycanın ərazi
bütövlüyünün təmin olunması, işğal
altındakı torpaqlarımızın azadlığı
uğrunda mübarizəyə ruhlandırıb. Beyləqan
rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev,
Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və
İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi
general-mayor Rasim Əliyev, general-mayor Mais Bərxudarov, Azərbaycanın
Milli Qəhrəmanı polkovnik Şükür Həmidov tədbir
iştirakçılarını əlamətdar, tarixi gün
münasibətilə təbrik edib, Azərbaycanın Dövlət
bayrağının etibarlı əldə olduğunu və
dövlət müstəqilliyimizin bundan sonra da inamla
qorunacağına əminliklərini bildiriblər. Hərbi vətənpərvərlik
mərasimi Azərbaycanın Dövlət himninin oxunması ilə
başa çatıb.
Azərbaycan Respublikası Prezidenti
yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 17 noyabr.- S.15.