Vətənpərvərliyin təbliği
gənclərdə
milli kimlik hissini
oyadır
Gənclər arasında vətənpərvərliyin
təbliği istiqamətində QHT-lərin rolu
danılmazdır. Sirr deyil ki, vətəndaş
cəmiyətlərinin bu yöndə fəaliyyəti
müsbət nəticəsini verməkdədir. Diaspor Jurnalistlər Birliyinin
sədri Fuad Hüseynzadə "Bildiyimiz kimi, vətənpərvərlik
mənəvi məsələdir. Yəni bu,
insanın içindən gəlməlidir. Vətəndaş
cəmiyyəti vətənpərvərliyi təbliğ etməklə
insanların bu hissinin
üzə çıxmasına stimul verir.
Cəmiyyətdə hər hansı düşüncənin formalaşmasında QHT-lərin rolu əvəzsizdir. QHT-bu təbliğatı aparmaqla vətənpərvərlik haqqında düşüncə formalaşdırırlar. Vətəndaş cəmiyyəti vətənpərvərliyi təbliğ etməklə gənclərə milli kimliklərini yada salırlar. Bu baxımda Azərbaycanda QHT-lər təqdirəlayiq layihələr keçirirlər.Bu layihələr yetişən gəncliyə öz müsbət təsirini göstərir". Onun sözlərinə görə, bu istiqamətdə fəaliyyət davamlılq olmalıdır: "Cari layihələrdənsə davamlı layihələrə üstünlük verilməlidir. Təbliğatı real faktlar üstündə qurmaq lazımdır. Müharibə qəhrəmanları ilə tez-tez gənclərin görüşü keçirilməlidir. Təhsil ocaqlarında, KİV-də bu istiqamətdə təbliğat daha aktiv formada aparılmalıdır. Hər şeydən əvvəl gənclərin bu baxımdan fikirləri, istəkləri öyrənilməlidir, daha sonra ona uyğun layihələr həyata keçirilməlidir. Bunun üçün də öncə sosioloji sorğular aparılmalıdır. İşin effektli olması üçün bu ən optimal variantdır". Qeyd edək ki, vətəndaş cəmiyyətləri gəclərin vətənpərvər ruhda maarifləndirməsi istiqamətində fəallıq nümayiş etdirilər.
Hazırda Gəncə Regional Qadın Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər üçün vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin təşkili" layihəsini uğurla davam etdirir. Layihənin əsas məqsədi nəzəri və praktik fəaliyyətlərin birləşdirilməsi ilə gənclərdə və yeniyetmə nəsildə vətənpərvərlik hisslərinin daha da yüksəldilməsi, tədrisdə bu sahədə yeniliklər tətbiq etməkdir. Layihə çərçivəsində Gəncə şəhəri, Şəmkir və Göygöl rayonundan seçilmiş 25 gəncin iştirakı ilə Şəmkir rayonunda N saylı hərbi korpusda "Günümüzün Qəhrəmanları" adlı yay düşərgəsi təşkil edilib. Düşərgədə hərbi-vətənpərvərlik təlimləri, Azərbaycanın Hərb tarixi, Dağlıq Qarabağ müharibəsi və 2016-cı il Aprel şəhidlərinə həsr olunmuş məşğələlər keçirilib, intellektual oyunlar və müzakirələr təşkil edilib. Əsas məqsəd gənclərin bu barədə məlumatlılığını daha da artırmaq və onların iştirakı ilə hədəf rayonlarda vətənpərvərlik klubları yaradıb, təbliğat işini genişləndirmək, gəncləri Azərbaycan Ordusunun texniki təchizatı ilə tanış etməkdi. Düşərgədə N saylı hərbi hissənin mütəxəssisləri, hədəf ərazilərdən seçilmiş gənclərlə birlikdə hərbi hissənin 200 əsgər və zabiti də iştirakçı kimi nəzəri hissədə iştirak ediblər. Düşərgəyə, həmçinin ekspert və təlimçi, hədəf rayonlardan Gənclər və İdman İdarələrinin rəhbərləri də qatılıblar. Paralel olaraq "Mina Qurbanlarının Sosial-İqtisadi Probelmlərinin Həllinə Kömək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Regionlarda şəhid ailələrinin və Qarabağ müharibəsi iştirakçılarının məşğulluğunun artırılması və işsizliyinin aradan qaldırılması" layihəsinin icrasını davam etdirir. Belə ki, layihə çərçivəsində Xaçmaz rayon Turizm İnformasiya Mərkəzində növbəti tədbir keçirilib. Tədbirdə Xaçmaz rayon İcra Hakimiyyətinin müavini Yaqut Məsimova, Məşğulluq Mərkəzinin nümayəndəsi Elnur Osmanov, Xaçmaz rayonu Böyük Vətən Müharibəsi Veteranları Təşkilatının sədri Fərhad Şeydayev, Qarabağ Əlilləri və Şəhid ailələri şöbəsinin sədri Şöhrət Dadaşzadə, Qarabağ Müharibəsi I qrup əlili Qəhrəman İsmayılov və şəhid ailələri iştirak ediblər. "Mina Qurbanlarının Sosial-İqtisadi Problemlərinin Həllinə Kömək" Ictimai Birliyinin sədri, layihə rəhbəri Məmmədhəsən Həsənov layihənin donoru, məqsədi haqqında məlumat verib. Xaçmaz rayon İcra Hakimiyyətinin nümayəndəsi Yaqut Məsimova bildirib ki, Qarabağ müharibəsi və şəhid ailələri Dövlət başçısı cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. "Bir sözlə, həyata keçirilən tədbirlər bir daha isbatlayır ki, Qarabağ müharibəsi əlilləri və iştirakçıları daim dövlətin diqqət mərkəzindədir. Onu da qeyd etdi ki, belə tədbirlərin keçirilməsi vacibdir". Qarabağ müharibəsi II qrup əlillərindən Mürvət Bayramov, Etibar Məmmədov, Anar Balakişiyev, Babayev Bəxtiyar, Mirağa Əzizov ictimai müzakirədə fəal iştirak edərək, məsələnin çox vacib olduğunu qeyd ediblər. Onlar öz çıxışlarında bildiriblər ki, sözügedən layihə aktual bir mövzudur, Qarabağ müharibəsi əlillərinin sosial-iqtisadi durumunun yaxşılaşdırılmasında böyük rol oynayır və Xaçmaz rayonu turizm bölgəsi olduğu üçün turizm və kənd təsərrüfatı ilə əlaqədar müəyyən kurslar təşkil olunsa, özümüz və övladlarımız bu kurslarda yaxından iştirak edərdik. Məşğulluq Mərkəzinin nümayəndəsi Elnur Osmanov, həmçinin bildirib ki, rayonda yeni tikilən Xalçaçılıq fabrikinə işçilərin qəbulu ilə əlaqədar peşə kurslarından xalçaçılıq kursunun yaradılması daha məqsədə uyğun olardı. "Yetər ki, bu təbəqədən olan insanların istək və marağı olsun və bizə müraciət etsinlər. Daha hansı təkliflər olarsa dinləməyə hazırıq". Tədbirdə müvafiq qurumların nümayəndələri də sözü gedən layihəyə öz fikirlərini bildiriblər. Müharibə Veteranı və şəhid ailələrinin məşğulluğunun artırılmasına xüsusi diqqətin ayrılmasının vacibliyi vurğulanıb. Tədbirin sonunda təkliflər paketinin ictimai müzakirəsi aparılıb. Təkliflər paketi İcra Hakimiyyəti və Məşğulluq Mərkəzinin nümayəndələrinə təqdim edilib. "Məşəl" Əlil və Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirdiyi "Qarabağ müharibəsi veteranlarına sosial yardımların göstərilməsi" layihəsi çərçivəsində ilk tədbirini Füzuli rayonunda yerləşən Heydər Əliyev Mərkəzində keçirib.Tədbirdə "Məşəl" Əlil və Şəhid Ailələrinə Sosial Dəstək" İctimai Birliyinin sədri, layihə rəhbəri Alman Abbasov layihənin donoru, məqsədi haqqında məlumat verib. Tədbirdə Füzuli rayonu İcra Hakimiyyətinin nümayəndəsi Qənimət Əliyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şəbəsinin nümayəndəsi Elturan Aşurov, Qarabağ Müharibəsi Veteranı Elçin Rəfiyev, Yaşar Aslanov, Ehtiram Alıkişiyev, Qarabağ Müharibəsi iştirakçısı və keçmiş zabit Yavər Rzayev, Habil Əliyev, Ərşad Xəlilov və digərləri iştirak ediblər. İcra Hakimiyyətinin nümayəndəsi Q. Əliyev çıxış edərək layihənin əhəmiyyətini qeyd edib və layihənin icrasında uğurlar arzulayıb. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şəbəsinin nümayəndəsi E. Aşurov öz çıxışında layihədə birgə işləməyə hazır olduqlarını və əllərindən gələn lazımı göməkliyi əsirgəməyəcəklərini deyib. Qarabağ müharibəsi iştirakçılarından Sevindik İsmayılov, Armais Hacıyev və Allahqulu Bədəlov ictmai müzakirədə fəal iştirak edərək, məsələnin aktuallığını qeyd ediblər. Layihənin hüquqşünası Məmmədhəsən Həsənov çıxış edərək bildirib ki, qanunvericilik çərçivəsində hüquqi qaydada müvafiq sənədlərin toplanmasında və müraciət edilməsində lazımi hüquqi yardımlar göstəriləcək və bu haqda ərizə, məktublarla aidiyyatı orqanlara müraciət olunacaq. Tədbir zamanı yerindəcə bir necə Qarabağ müharibəsi iştirakçılarının ərizələri qəbul edilib. Tədbirin sonunda sənədlərin necə tərtib olunması iştirakçılara izah olunub və onların müraciətləri dinlənilib. Bu arada müxtəlif dövlət qurumları da prosesə qoşulublar. Belə ki, Zərdab rayon İcra Hakimiyyətinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin və Zərdab rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə sülh aylığı çərçivəsində "Gənclərin sülh hərəkatının inkişafında və sülh mədəniyyətinin təbliği prosesində fəal rolu" mövzusunda tədbir keçirilib. Gənclər Mərkəzində təşkil olunmuş tədbiri giriş sözü ilə açan Zərdab rayon Gənclər və İdman İdarəsinin rəisi İlkin Əliyev Cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində Azərbaycanın dünya səviyyəsində yüksək mədəniyyətə malik olan, sülhsevər və tolerant ölkə kimi tanınmasından, gənclərimizin cəmiyyətin fəal üzvü olaraq ictimai proseslərdə fəal iştirak etməsindən söhbət açıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ucar bölgəsi üzrə şöbəsinin Zərdab rayonu üzrə nümayəndəsi Sədi Hüseynov sülh və əmin-amanlıq tərəfdarı olan ölkəmizdə, İslam dininin əsl mahiyyətinin anlaşılması istiqamətində həyata keçirilən bu cür maarifləndirmə xarakterli tədbirlərin əhəmiyyətindən danışıblar. Çıxışlarda gənclərin sülh hərəkatının inkişafında və sülh mədəniyyətinin təbliği prosesində fəal rolu xüsusilə diqqətə çatdırılıb. Tədbirdə "Region Gənclərinin İnkişafına Töhfə" İctimai Birliyinin üzvləri də fəal iştirak ediblər. Daha sonra mövzu ətrafında müzakirələr keçirilib, suallar cavablandırılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 22 noyabr.- S.15.