Ana Vətəndən Yavru Vətənə
Yaxud 6 illik fasilədən
sonra yenidən Kipr yolçuluğu
Aradan keçən
altı ildən sonra yenə yolumuz Şimali Kipr Türk
Respublikasına düşdü. Şimali Kiprin Bakı
nümayəndəliyinin təşəbbüsü və bu
ölkənin Xarici İşlər Nazirliyinin dəvəti əsasında
reallaşan səfərdə KIV nümayəndəsi olaraq Azərbaycandan
yalnız mənim iştirakım daha çox qürurverici
idi. Eyni zamanda mənim üçün ötən altı il ərzində
Şimali Kiprdə nələrin dəyişdiyi, hansı
müsbət və ya mənfi hallarla rastlaşacağım
olduqca maraqlı idi. O səbəbdən səfərin
başlamasını səbrsizliklə gözləyirdim.
Hava məkanının
lideri
Bir ölkənin giriş qapısı, hava limanı, dəmir yolu və ya avtovağzalında olan vəziyyətinin o ölkənin güzgüsü olduğu prinsipini nəzərə alsaq Azərbaycanda bu güzgünün şəffaf, təmiz olduğunu, üzərində hər hansı ləkənin görünmədiyini açıq söyləmək mümkündür. Açıq etiraf etmək lazımdır ki, bu gün istər Heydər Əliyev adına Beynəlxalq Hava Limanı, istərsə də regionlardakı hava limanlarında son illərdə müsbətə doğru deyişikliklər baş verib. Bunu hava limanına daxil olduğun andan hiss etmək mümkündür. Gülərüz personal, yüksək səviyyəli xidmət, müştəri məmnunluğu günümüzdə Heydər Əliyev adına Beynəlxalq Hava Limanında rast gəlinən müsbət məqamlardandır. Yalnız xırda texniki problemlər mövcuddur ki, onların da tədricən aradan qaldırılacağına şübhə yoxdur. Elə bu səbəbdəndir ki, hava nəqliyyatından istifadə edən əksər sərnişinlər buradakı xidmət mədəniyyətindən məmnunluq ifadə edirlər. Haşiyədən kənara çıxaraq Şimali Kiprə səfər zamanı qarşılaşdığım problemə də toxunmaq istərdim. Amma elə zənn edilməsin ki, üzləşdiyim problem yuxarıda tərifini etdiyim Heydər Əliyev adına Beynəlxalq Hava Limanından irəli gəlirdi. Qətiyyən yox. Nədənsə bu ölkəyə səfər edəndə hər dəfə bəzi texniki problemlərlə qarşılaşıram. 2010-cu ildə olduğu kimi, bu dəfə də "bəxt üzümüzə güldü" desək yanılmarıq. Belə ki, Bakıdan İstanbula uçan Türk Hava Yollarına məxsus təyyarə mənzil başına vaxtından bir qədər gec çatdığı üçün İstanbul-Ercan təyyarəsinə yetişə bilmədik. Çarə ümidsiz şəkildə Türk Hava Yollarının səlahiyyətlilərinə müraciət etməkdə idi. Uçuşa gecikməyimizin məhz Türk Hava Yollarının xətası səbəbindən baş verdiyini dəqiqləşdirən THY səlahiyyətliləri qısa zaman ərzində bizi Ercana uçacaq növbəti təyyarə üçün biletlə təmin etdilər. Amma uçuşa 10 saatdan da artıq müddət qaldığından boş zamanımızı necə keçirəcəyimizi düşündüyümüz halda, THY səlahiyyətlilərindən daha bir "sürpriz" təklif gəldi. Daha doğrusu bu təklif yox, THY-nin gündəlik bir iş prinsipidir. Belə ki, sözügedən Hava Yollarının xətası səbəbindən transfer yolu ilə digər ölkəyə uçacaq sərnişin təyyarəyə gecikdiyi halda, nəinki sərnişinə növbəti reys üçün bilet verilir, eyni zamanda sərnişin otellə də təmin olunur. Biz də THY-nin həmin iş prinsipi əsasında aradakı 10 saatı daha məhsuldar keçirmək və istirahət etmək üçün İstanbuldakı ən möhtəşəm otellərdən birinə yerləşdirildik. Diqqət çəkən və təqdir olunan digər bir məqam isə ondan ibarətdir ki, həmin sərnişinlərin otelə gedişi və uçuş zamanı Atatürk Hava Limanına zamanında geri dönüşünü təmin etmək üçün pulsuz olaraq xüsusi avtobuslar da fəaliyyət göstərir. Biz də Ercana uçacaq növbəti təyyarə üçün biletlə təmin olunduqdan sonra İstanbuldakı 5 ulduzlu otellərdən birinə yerləşdirildik. Gün ərzində 3 dəfə yeməklə təmin olunmaqla bərabər otelə gediş və dönüş xərcləri də məhz THY tərəfindən qarşılandı. Təbii ki, sərnişinə bu cür qulluq, onun hər bir ehtiyacını qarşılamaq mənim kimi digər sərnişinlər üçün də qəribə görünürdü. Amma reallıq ondan ibarət idi ki, bütün bunlar THY-nin bir iş prinsipinə çevrilib və şirkət hər zaman sərnişin məmnunluğunu ən yüksək səviyyədə təmin edir.
Dəyişib
inkişaf edən Şimali Kipr
Nəhayət, İstanbuldan Şimali Kipr Türk Respublikasına istiqamət götürmək zamanı yetişdi. Təxminən 1 saat 25 dəqiqəlik yolun sonuna doğru təyyarənin pəncərəsindən müşahidə etdiyimiz mənzərə bu günkü Kiprin 6 il əvvəlki Kiprdən fərqli olduğu görüntüsünü ortaya qoyur. İlkin müşahidələr onu deməyə əsas verir ki, ötən altı il ərzində Şimali Kipr Türk Respublikasında müsbətə doğru xeyli dəyişikliklər baş verib. Əhalinin sayı artıb, infrastruktur yenilənib, quruculuq işləri genişlənib. Bütün bunları Ercan Hava Limanında da müşahidə etmək mümkündür. Əgər altı il əvvəl Ercan Hava Limanı kiçik bir uçuş məntəqəsini xatırladırdısa, bu gün Hava Limanının ərazisi xeyli genişlənib. Həmçinin Hava Limanı müasir avadanlıqlarla tam təmin olunub. Günümüzdə Ercan Hava Limanında sərnişinlərin rahat və təhlükəsiz hərəkəti üçün bütün tədbirlər görülüb.
Kipr yadellilərin basqını altında Məlumat
üçün qeyd edək ki, Kipr Aralıq dənizinin şərqində,
Türkiyənin cənubunda, Suriya və Livanın qərbində
yerləşən adadır. Adada iki dövlət yerləşir.
Bunlardan biri Şimali Kipr Türk Respublikası (ŞKTR), digəri
isə Cənubi Kipr Respublikasıdır. Adanın əhalisinin
əksəriyyətini yunanlar və türklər təşkil
edir. Kipr adasının iki rəsmi dili var ki, bunlardan biri yunan,
digəri isə türk dilidir. Ümumiyyətlə, Kipr
dünyanın qədimdən məskunlaşan ərazilərindən
biridir. Mütəxəssislərin fikrincə məskunlaşma
neolit dövrünə təsadüf edir. Bu adanın tarixinə
gəlincə, bir çox dövlətlərin əsarəti
altında olan Kipr eramızdan əvvəl 1500-cü illərdə
Qədim Misirin idarəsi altında olub. Eramızdan əvvəl
333-cü ildə müharibədə farsları məğlub
edən Makedoniyalı İskəndərin idarəsi altına
keçir. Bu tarixdən sonra adada yunan mədəniyyəti
inkişaf etməyə başlayır. Eramızdan əvvəl
58-ci ildə ada Roma İmperiyasının vilayəti şəklinə
düşür və 350 il boyu Roma İmperiyasının əsarətində
qalır. Kipr tarixi
krit-miken, yunan və türk sivilizasiyalarının bir hissəsidir.
Eramızdan əvvəl ikinci minillikdə Kipr yunan tayfaları
tərəfindən zəbt edilir. Bu hadisə adada yunan mədəniyyəti
və yunan dilinin yayılmasına səbəb olur. Arxeoloqlar
Kiprdə Afroditanın çoxlu heykəl təsvirini
tapırlar. Adanın qərb hissəsində Afrodita məbədinin
qalıqları da qalmaqdadır. Sonralar Kipr adası Osmanlı
dövlətinə aid gəmilərə silsilə hücumlar
həyata keçirən xristian dəniz quldurlarının məkanına
çevrilir. Bu dəniz quldurları əsasən dəniz
ticarət gəmilərinə və həccə gedən sərnişinləri
daşıyan gəmilərə hücumlar təşkil
edirdilər. Bunun üçün Kipr adasının nəzarətə
götürülməsi bir tarixi ehtiyac kimi gündəmə
gəlmişdi. 01 İyul 1570 - 01 Avqust 1571 tarixlərində
II Səlimin hökmdarlığı zamanı Lələ
Mustafa Paşanın komandanlığı altındakı ordu
və Piyale Paşanın dəniz donanmasının birgə
hücumu ilə Osmanlı dövlətinin idarəçiliyinə
keçir. Kiprin fəthi ilə Şərqi Aralıq tamamilə
Osmanlı dövlətinin nəzarətinə keçir. 15
Sentyabr 1570-ci ildə Lələ Mustafa Paşa təntənəli
şəkildə Lefkoşa şəhərinə daxil olur.
Kiprin fəth edilməsi zamanı adada çox az sayda rum var
idi. 1571-ci ildə adada siyahıya alınma keçirilmiş və
150 000 əhali qeydə alınmışdı. Adadakı
türk əsgərinin sayı isə 30 000 nəfər idi.
Adanı tutmuş təqribən 30 min türk əsgərinə
tutduqları ərazidə torpaqlar bəxşiş edilirdi. Nəticə
etibarilə türk sərkərdələrinin bəziləri
yerli feodal mülkədarlara çevrilirdilər. Adada turk əhalisinin
formalaşması prosesi belə başlanmışdı.
1878-ci ildə isə adanın coğrafi və hərbi-strateji
mövqeyinin üstünlüklərindən öz xeyrinə
istifadə etməyə çalışan İngiltərə
Kipri işğal edir. 1925-ci ildə isə ona rəsmən
ingilis müstəmləkəsi statusu verilir və ada Boyük
Britaniyanın xammal bazasına çevrilir. Bir neçə
illərdən sonra adadakı etnik qruplaşmalar arasında başlanan
ziddiyyətlər yunan və türk mənşəli kiprlilər
arasında silahlı toqquşmalara gətirib
çıxarır. Uğurlu hərbi əməliyyatlar nəticəsində
türk qoşunları ada ərazisinin təqribən 40 faizini
tuturlar. Kiprdə yaranmış vəziyyətlə əlaqədar
BMT-nin Təhlükəsizlik Surası 1974-cü il qətnaməsinə
əsasən bütün xarici qoşunları Kiprdən
çıxarmağa çağırır.
Yunanların türk düşmənçiliyi
Zaman
keçdikcə kiprli yunan və türk icmaları bir-birindən
təcrid olunur və bir-birinə düşmən münasibəti
bəsləyirlər. Yeni hərbi toqquşmaların baş
verməsinin qarşısını almaq üçün BMT
sülhməramlı qoşun kontingentini adaya göndərməyi
qərara alır. Bu gün adanın hər iki hissəsində
BMT qüvvələrinin koməyilə ayırıcı xətt
müəyyənləşdirilib. Adanın yunanlar yaşayan
hissəsində Böyük Britaniyanın iki hərbi
bazası qorunub saxlanılır. Bu hissədə, həmçinin
Yunanıstanın hərbi kontingenti də yerləşir.
Türklər yaşayan hissədə isə Türkiyəyə
məxsus hərbi kontingent vardır.
XX əsrdə Kiprdə vəziyyət daha qaynar və maraqlı oldu. Belə ki, 1974-cü ildə başladılan Kipr Hərəkatının nəticəsində 1976-cı ildə Kipr Türk Federal Dövləti yaradılır. 15 Noyabr 1983-cü ildə isə Şimali Kipr Türk Cümhuriyyəti öz müstəqilliyini bəyan edir. Şimali Kipr Türk Cümhuriyyəti və ya Şimali Kipr (qısaca olaraq KKTC) Aralıq dənizinin böyüklüyünə görə üçüncü adası və Anadolu yarımadasından 65 kilometr cənubda yerləşən Kipr adasının şimalında yerləşən və müstəqilliyi Türkiyə Cümhuriyyətindən başqa heç bir dünya dövləti tərəfindən tanınmayan de-fakto müstəqil bir dövlətdir. Bu gün bir çox dövlətlər, o cümlədən BMT və Avropa Birliyi kimi nüfuzlu təşkilatlar haqsız olaraq adanın cənubunda yerləşən Kipr Respublikasını tanıyırlar. Səbəb isə sadədir. BMT və Avropa Birliyi iddia edir ki, Kiprin şimal hissəsi Türkiyənin işğalı altındadır. Müstəqilliyini elan etdikdən sonra Türkiyə tərəfindən hər cür siyasi, iqtisadi və hərbi dəstək alan Şimali Kipri Türkiyədə "Yavru Vatan", "Yeşilada" və ya "Cennet ada" deyə adlandırırlar.
Süleyman
İsmayılbəyli
Bakı-İstanbul-Lefkoşa-Bakı
Ardı var
Olaylar.- 2016.- 22 noyabr.- S.10.