Turan Yazqan əmanəti

 

Təəssüf ki, bu əmanəti qoruya, ona sahib çıxa bilmədik

 

ONUN vəfatı xəbərini Şimali Kipr Türk Respublikasında səfərdə olarkən aldım. Səhər saatlarında oğlumdan telefonda hıçqırtı ilə "Ata müdürümüz Əli Devrim öldü" xəbərini eşidəndə belə inanmadım. Bunun sanki bir zarafat, yaxud qeyri-dəqiq informasiya olduğunu düşündüm.

Təəssüflər olsun ki, heç də hər zaman hər şey düşündüyün kimi olmur. Elə "Ata müdürümüz Əli Devrim öldü" xəbəri də düşündüyüm kimi olmadı. Artıq sosial şəbəkələr, xəbər portalları Türk Dünyası Araşdırmlar Vəqfi Bakı Atatürk Liseyinin müdiri Əli Devrimin vəfatı barədə xəbərlər yayırdı. Deməli nə qədər acı da olsa Əli Devrimim ölüm xəbəri gerçək idi. Nə qədər təsiredici olsa da, Əli Devrim bizi tərk edərək haqq dünyasına qovuşmuşdu. İstər-istəməz bu xəbərləri oxuyunca gözlərim doldu, dünyam qaraldı. Adətən birisi yaxın qohum-əqrəbası, dostu vəfat edərkən eyni hissləri yaşayır, dərindən məyusluq keçirir. Eyni hissləri bu dəfə mən yaşayırdım. Çünki Əli Devrim təkcə mənim deyil, ümumilikdə övladı Atatürk Liseyində təhsil alan bütün valideynlər üçün yaxın qohum-əqrəbadan, dost-tanışdan belə bir pillə yuxarıda dayanan nadir şəxsiyyətlərdən, aydınlardan, ən əsası varlığı, canı, malı, qanı ilə Türk birliyi, Türk dünyasının bərabərliyi üçün çalışan dəyərli simalardan biri idi. Səfərdə olarkən bir neçə dəfə Əli Devrimlə bağlı nələrsə yazmağa cəhd etdim. Ancaq əlim gəlmədi. Çünki hələ də içimdə bir ümid vardı ki, Vətənə geri dönərkən hər şey yenidən başlayacaq, yenə Əli Devrimlə qarşı-qarşıya gələcək, liseylə bağlı müəyyən fikir mübadiləsi aparacağıq. Həm də mən səfərə getmədən əvvəl telefon danışığımız əsasında qərara almışdıq ki, qayıdandan sonra mütləq görüşüb bir çay içək və bəzi məsələləri müzakirə edək. Elə ona görə də Əli Devrimin vədinə sadiq qalacağına ümid edirdim. Xəbər portallarında, saytlarda ONUN ölümü barədə xəbərləri oxumağıma baxmayaraq, içimdə bir inam hissi vardı ki, Əli Devrim bütün vədlərinə sadiq qaldığı kimi qərarlaşdırdığımız vədinə də sadiq qalaraq geri dönməyimi gözləyəcək. Axı bu vaxta qədər Əli Devrim heç bir vədinə xilaf çıxmamışdı.

 

Vədinə xilaf çıxmayan Türk oğlu

 

Türk Dünyası Araşdırmalar Vəqfi Bakı Atatürk Liseyinə müdür təyin olunan zaman təhsil ocağında yaşanan sıxıntılar, mövcud olan bəzi problemləri tezliklə aradan qaldıracağına söz verən Əli Devrim elə fəaliyyətinin birinci ilində verdiyi vədə əməl etdi. Qısa zaman ərzində Bakı Atatürk Liseyi yerləşdiyi Nəsimi rayon üzrə ən yaşı təhsil ocaqlarından birinə çevrildi. Hər il bu liseyi bitirən məzunların hər biri Azərbaycanın və dünyanın tanınmış ali təhsil ocaqlarının tələbəsinə çevrildi.

Əli Devrim liseyə müdür təyin olunarkən hər bir müəllim və şagirdin yaxın dostu olacağı vədinə də son dəqiqəsinə qədər əməl etdi. Liseyə rəhbərlik etdiyi illər ərzində təhsil ocağının hər bir müəllim və şagirdinə təkcə müdür deyil, eləcə də qayğıkeş insan, sevimli valideyn kimi yanaşdı. Kollektivdə hər hansı bir sıxıntısı olan müəllimə, şagirdə dərhal yardım əlini uzatdı, onu himayəsinə götürdü.

Əli Devrim səhhətində ciddi problemlərin meydana çıxmasından dolayı qardaş ölkəyə, doğulub boya-başa çatdığı Aydına yola düşərkən belə vəd etdi və həmin vədini də reallaşdırdı. Tezliklə geri qayıdacağına söz verən Əli Devrim bu ayın əvvəllərində yenidən Azərbaycana qayıtdı. Amma bu dəfə vədinə əməl etməsəydi daha yaxşı olardı. Çünki Aydından Bakıya doğru uzanan bu dəfəki yolçuluq Əli Devrimin gözlərini daimi yumması üçün hesablanmışdı. Və belə də oldu. Nə qədər acı da olsa noyabrın 15-də ONU itirdik. Kaş ki, bu vədə əməl etməzdin Əli bəy.

Əli Devrim Türk Dünyası Araşdırmalar Vəqfinin Turan Yazqandan sonra ən böyük itgisi oldu. O, da mərhum Turan Yazqan kimi Türk dünyasının birlik və bərabərliyi üçün çalışar, bu yolda canını belə fəda etməkdən çəkinməzdi. Hər zaman onu düşündürən bir sual vardı. Türk dünyasının gələcəyi necə olacaq? Türk dünyasının birlik və bərabərliyi üçün gözünü qırpmadan belə çalışan Əli Devrim ən böyük türkçü idi. Bəlkə də elə bu səbəbdən, Turan Yazqan sevgisindən dolayı idi ki, Əli Devrim də məhz Turan Yazqanla eyni ayda bu dünyadan ayrıldı.

 

Ən böyük Azərbaycançı

 

Əli Devrim həm də ən böyük Azərbaycançı idi. Azərbaycanı özünün ikinci Ana Vətəni hesab edərdi. Hər zaman ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" kəlamı onun fəaliyyətinin əsas ana xəttini təşkil edirdi. Hətta Əli Devrim bir çox azərbaycanlılardan belə daha çox Azərbaycançı idi desək yanılmarıq. Cari ilin aprel ayında cəbhədə baş verən erməni təxribatı zamanı Əli Devrimin ən böyük Türkçü və Azərbaycançı olduğunun bir daha şahidinə çevrildik. Həmin günlər ərəfəsində Əli Devrimlə görüşümüz zamanı onun cəbhə xəttindən verilən xəbərləri necə həyacanla dinlədiyini görürdük. Sanki cəbhədə erməni gülləsinə tuş gəlib şəhid olan hər bir Azərbaycan əsgərini Əli Devrim öz övladı hesab edərək təsirlənir, qəhər keçirirdi. Xüsusilə, qəhrəman şəhidimiz Təbriz Musazadənin liseydə təhsil alan övladları ilə hər gün qarşılaşmaq Əli Devrim üçün olduqca ağır idi. Əli bəy, atasını itirən şəhid övladları ilə qarşı-qarşı gələrkən hansı əzabları keçirir, necə haldan-hala düşürdü, onu Əli Devrimi yaxından tanıyanlar daha yaxşı bilir. Sanki Əli Devrim özünü şəhid övladları qarşısında borclu bilirdi. Bu borcu qaytarmaq barədə düşünürdü. Elə şəhid övladlarının liseydə oxuduğu müddət ərzində təhsil haqqlarının təhsil müəssisəsi tərəfindən qarşılanması təşəbbüsü də məhz Əli Devrim tərəfindən irəli sürülmüşdü. Ali Devrim ən böyük Azərbaycançı kimi sinəsində Xocalı dağı gəzdirirdi. Hər il fevral ayının 26-da liseydə Xocalı faciəsi ilə bağlı təşkil olunan anım tədbirləri zamanı nümayiş etdirilən film və fotoları izləyərkən Əli Devrimin gözləri dolar, qəlbi qan ağlardı. Xocalı faciəsi qurbanlarına olan yüksək ehtiram və sayğının göstəricisi idi ki, Əli bəy doğulub boya başa çatdığı Aydında Xocalı faciəsi qurbanlarına abidənin ucaldılması təşəbbüsü ilə çıxış etmişdi. Həyatda olduğu müddətdə Əli Devrimin ən böyük arzularından biri Aydında Xocalı abidəsinin açılışında iştirak etmək idi. Təssüflər olsun ki, Ali Devrim bu arzusunu reallaşdıra bilmədi.

Əli Devrim həm də gözəl ailə başçısı idi. Dəvət aldığı məclislərə bir qayda olaraq həyat yoldaşı Haticə Devrimlə getməyi sevərdi. Hər zaman "Haticə hanım" deyə müraciət edən Əli Devrim bir dəfə olsun belə həyat yoldaşına müraciətdə xanım ifadəsini yaddan çıxarmazdı. Əli Devrim xanımı Haticə Devrim üçün təkcə həyat yoldaşı deyil, həm də yaxın dost, sirdaş, məsləkdaş idi.

 

Elm, təhsil fədaisi

 

Bütün bunlarla yanaşı Əli Devrim Atatürk Liseyi şagirdlərinin ən sevimli müəllimi, müdürü idi. Uşaqdan böyüyə qədər hər kəs Əli Devrimi öz valideyni kimi sevər, ona sonsuz məhəbbət bəslərdi. Çünki şagirdlər də eyni münasibəti elə lisey müdürü Əli Devrimdən görürdülər. Liseydə təhsil alan hər bir şagirdin qəlbinə yol tapan Əli Devrim bir növ günümüzün Mahmud hocası idi. Uşaqların daha yaxşı təhsil alıb vətənləri, milləti üçün xeyir vermələrinə çalışardı. Bizim Füzuliyə də Əli Devrimin böyük sevgisi vardı. Görüşdüyümüzdə "Füzulinin yaxşı bir gələcəyi var, onun üzərində dur" deyə bəzi məsləhətlər verən Əli Devrim hərdən isə zarafatyana şəkildə "Füzuli bu liseydən ya sən gedəcəksən, ya da mən" deyərdi. Amma heç ağlımıza gəlməzdi ki, Əli Devrimin bu zarafatı, vədi də bir gün gerçək olacaq. Özü də Əli Devrim təkcə Atatürk Liseyi deyil, həyatdan birdəfəlik gedəcək.

Əli Devrim əsl elm fədaisi idi. Elə canını da məhz elm yolunda fəda etdi. Müalicə almaq üçün Türkiyəyə yollanan Əli Devrim qardaş ölkədə çox qala bilmədi. Bakıda, Atatürk Liseyində yarımçıq qalmış işlərini başa çatdırmaq üçün yenidən Azərbaycana döndü. Ancaq bu dönüş son oldu. Əli Devrim canı qədər sevdiyi Azərbaycanda gözlərini əbədi yumdu. Necə ki, XX əsrin 50-60-cı illərində Məmməd Əmin Rəsulzadə qardaş Türkiyədə gözlərini əbədi yumaraq haqqa qovuşdu, eləcə XXI əsrin əvvəllərində Əli Devrim Azərbaycanda vəfat edərək bu dünyadan ayrıldı. Özü Türkiyə ilə yanaşı çox sevdiyi Azərbaycan bayrağına bürünərək haqq yolçuluğuna çıxdı. Ruhun şad, məkanın cənnət olsun ey Türk oğlu, təhsil fədaisi Əli Devrim.

 

Süleyman İsmayılbəyli

 

P.S. Bu gün bir çoxlarımız öz profil şəkillərimizi mərhum Əli Devrimin fotoları ilə bəzəyirik, bununla guya ona olan mənəvi borcumuzu qaytarmağa çalışırıq. Yaxud hansısa qəzet xəbər portallarında qələmə aldığımız bu cür cızma-qara yazılarla Əli Devrimə olan mənəvi borcumuzu qaytardığımızı düşünmürük. Amma, reallıqda belə deyil. Çünki Əli Devrim şəxsiyyəti, böyüklüyü qarşısında bu cür addımlar, qələmə alınan yazılar cılız görünür.

 

Olaylar.- 2016.- 22 noyabr.- S.12.