Şəhidlərin ruhuna olan yüksək

ehtiram gəncləri vətənpərvər böyüdür

 

Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində son vaxtlar həyata keçirilən ardıcıl tədbirlər regionlarda daha geniş yayılıb. Bu istiqamətdə Ağsu rayonunda keçirilən tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Müntəzəm olaraq rayon ərazisində şəhid və milli qəhrəmanlarımızın xatirəsi yad edilir, onların ruhuna yüksək ehtiram göstərilir. Məhz rayonda milli qəhrəmanlar, torpaqlarımızın bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsinin ica tutulmasının məntiqi nəticəsi olaraq rayon gəncləri arasında vətənpərvərlik hissi ən yüksək səviyyəyə qalxıb.

Elə bir mddət əvvəl də 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş gizir Toğrul Habil oğlu Fərəczadənın Ağsu şəhərində adı verilmiş küçədə xatirə lövhəsinin və bulağın açılışı olub. Tədbir iştirakçıları ilk öncə Azərbaycan torpaqlarınıın bütövlüyü uğrunda canından keçən vətən oğullarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Rayon İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi mayor Nizami Heybətov, şəhidin məzunu olduğu Bico kənd tam orta məktəbinin direktoru Yaşar Qarayev, ictimaiyyət nümayəndələri və şəhidin anası Toğrul Habil oğlu Fərəczadənin keçdiyi qəhrəmanlıq yolundan, şəhidlərə və müharibə əlillərinə göstərilən dövlət qayğısından danışaraq bütün şəhidlərimizin yaxınlarına Allahdan səbr diləyiblər. T.Fərəczadənin oxuduğu Bico kənd tam orta məktəbin şagirdlərinin ifasında qəhrəmanlıq mövzusunda kompozisiya dinlənilib. Sonda bütün şəhidlərimizin ruhuna dua oxunub.

Ağsu rayonunun Rəhimli kəndində isə Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Əliyevin xatirəsi anılıb. Yusif Əliyevin dəfn olunduğu ata-baba yurdunda keçirilən anım mərasimində rayon rəhbərliyi, kənd sakinləri, o cümlədən məktəblilər iştirak ediblər. Mərasim iştirakçıları əvvəlcə kənd qəbiristanlığına gələrək Milli Qəhrəman Yusif Əliyevin məzarı üzərinə gül-çiçək düzüblər. Sonra Rəhimli kəndindən olan ikinci Milli Qəhrəmanın - Şamil Ramazanovun da qəbri ziyarət olunub. Kənd mədəniyyət evinin qarşısında, hər iki Milli Qəhrəmanın büstü önündə keçirilən anım mərasimində Yusif Əliyevin döyüş yolundan söz açılıb. Bildirilib ki, 1990-cı ilin avqustunda polis sıralarına qəbul olunan Yusif Əliyev əmrini post-patrul xidməti alayının 3-cü rotasına almışdı. Bu, mənfur erməni təcavüzkarlarının Azərbaycan ərazilərinə ardıcıl hücumlarının tüğyan etdiyi vaxtlar idi. 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüşə qatılıb. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq yolları kəsir, tez-tez basqınlar edirdilər. Fevralın 24-də sübh tezdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçib. Qüvvələr qeyri-bərabər idi. Polis dəstəsi öz əlverişli mövqeyini qoruyub saxlamağa çalışmaqla yanaşı, planlı şəkildə düşməni yaxına buraxır, müxtəlif istiqamətlərdən onları hədəfə alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı qurtarmaq üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan, dəstənin cəsarətli həmləsindən çaş-baş qalan ermənilər pərən-pərən düşdülər. 1991-ci ilin sentyabrın ortalarında Yusif Əliyevin son döyüşü oldu. Belə ki, düşmən yenidən böyük qüvvə ilə Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstəyə xəbər gəldi ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa nail oldu. Lakin bu, onun həyatı bahasına başa gəldi. Artıq o vaxtdan 25 il keçir. Ölümündən sonra 1992-ci il 6 iyun tarixli Sərəncamla Yusif Əliyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Çıxış edənlər torpaqlarımızın bütövlüyü, Azərbaycanın azadlığı uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsini ehtiramla yad ediblər.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi tərəfindən isə ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçulqrı ilə görüş keçirilib. Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsi, rayon ictimaiyyətinin nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov tədbiri açıq elan edərək yeniyetmə və gənclərin müddətli hərbi xidmətə hazırlanması, vətəndaşlar arasında vətənpərvərlik tərbiyəsi işlərinin təşkili, çağırışçıların Azərbaycan Respublikası Silahlı Qüvvələrinə və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrə yola salınması və ehtiyata buraxılmış müddətli həqiqi hərbi xidmət qulluqçulqrının qarşılanması işinin yüksək səviyyədə həyata keçirilməsinin təmin olunduğunu bildirib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin rəisi, mayor Nizami Heybətov, Müharibə və Əmək Silahlı Qüvvələr və Veteranlar İctimai Birliyinin rayon təşkilatının sədri Cəmaləddin Zeynalov, şəhid ailəsi, Qarabağ Əlilləri və Veteranlar İctimai Birliyinin rayon təşkilatının sədr müavini Allahverdi Qənbərov, Məşğulluq Mərkəzinin direktoru Həsrət İbadov, rayon Təhsil şöbəsinin müdiri Tahir Xasi və Azərbaycan Respublikasının Milli Qəhrəmanı Zabit Quliyev çıxış edərək, hərbi xidmətdən ehtiyata buraxılan gənclərə öz ürək sözlərini söyləmişlər və onlara uğurlu gələcək arzulayıblar. Xidmətdən ehtiyata buraxılmış gənclərə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağsu rayon şöbəsinin adından hədiyyələr rayon İcra Hakimiyyəti başçısı və Hüquq Mühafizə Orqanlarının rəhbərləri tərəfindən təqdim edilib.

Ötən əsrin 90-cı illərində böyük çətinliklər və ağır itkilər hesabına yenidən öz müstəqilliyinə qovuşan Azərbaycan üçün bu gün Vətənin müdafiəsinə hər an hazır olan vətənpərvər nəslin formalaşdırılması xüsusi önəm kəsb edir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Vətənin müdafiəsinə hazıram!" devizi ilə Ağsuda keçirilən tədbirdə səsləndirilib. Tədbirdə Ağsu, Kürdəmir, Şamaxı və Qobustan rayonlarından olan yeniyetmələr iştirak ediblər. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov və digər çıxış edənlər bildiriblər ki, ordu sıraları üçün vətənpərvər gənclərin yetişdirilməsi hər şeydən əvvəl orta məktəbdən, yeniyetməlik çağlarından başlanır. "Vətənin müdafiəsinə hazıram!" devizi ilə keçirilən regional mədəni-kütləvi tədbir də məhz yeniyetmə və gənclərdə hərbi-vətənpərvərlik hisslərinin formalaşdırılmasına xidmət edir. Bildirilib ki, bu gün Azərbaycanda Vətənin müdafiəsinə hər an hazır olan yeni nəsil yetişir. Tədbirdə şəhid ailələrinin nümayəndələrinə, yeniyetmələrin çağırışaqədər hazırlığında fərqlənənlərə, eləcə də fəal şagirdlərə, habelə rayonların icra hakimiyyətlərinin nümayəndələrinə xüsusi mükafatlar təqdim edilib. Hərbi vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının, gənc şahinlərin sürəkli alqışlarla qarşılanan çıxışları iştirakçılarda yüksək əhval-ruhiyyə yaradıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən, gənclərin həqiqi hərbi xidmətə çağırış kampaniyası çərçivəsində Ağsu şəhərindəki Heydər Əliyev Mərkəzinin qarşısında bir qrup çağırışçı gəncin təntənəli yolasalma mərasimi keçirilib. Əsgər gedən gənclər əvvəlcə Heydər parkında müasir Azərbaycan dövlətinin, onun silahlı qüvvələrinin qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. Sonra çağırışçı gənclər Heydər Əliyev Mərkəzinə gəliblər. Burada Ulu Öndərə həsr edilən sənədli filmə baxıb, mərkəzdə sərgilənən sənədlərlə tanış olublar. Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin, valideynlərin iştirakı ilə təntənəli yolasalma mərasimi keçirilib. Mərasimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Ağsu rayon şöbəsinin rəisi, mayor Elməddin Cəfərov açaraq Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, silahlı qüvvələrin formalaşmasında və güclənməsində ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdikləri ardıcıl və məqsədyönlü tədbirlərdən, bu gün ordumuzun müstəqilliyimizin qarantı olmasından ətraflı danışıb. Çıxışlarda gənclərə uğurlu yol, vətənimizin, müstəqilliyimizin qorunmasında şərəfli xidmət arzulanıb. Rayon musiqiçilərinin konserti ilə müşayiət olunan mərasimin sonunda gənclər marş sədaları altında Azərbaycan bayrağını öpərək yola düşüblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 23 noyabr.- S.15.