Gənclərə vətənpərvərlik hissləri

yüksək səviyyədə aşılanır

 

Bu gün paytaxtdan tutmuş, respublikanın ayrı-ayrı bölgələrinə, şəhər və rayonlarına qədər hər yerdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində müntəzəm olaraq tədbirlər, layihələr həyata keçirilir. Bu kimi tədbirlər gənclərin vətənpərvərlik ruhunda böyüməsinə öz müsbət təsirini göstərir. Bu baxımdan paytaxtın Nərimanov rayonunda da gənclərin vətənpərvər ruhda tərbiyəsinə yönəlik tədirəlayiq addımlar atılır. Xüsusilə, rayonda torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi hər zaman uca tutulur, onların ruhuna yüksək ehtiram hissi göstərilir. Bu da heç şübhəsiz ki, rayon gəncləri arasında vətənpərvərlik hisslərinin artmasına müsbət təkan verir.

 

Belə tədbirlərdən biri qoşunların təmas xəttində mənfur erməni işğalçıları tərəfindən mövqelərimizə və yaşayış məntəqələrinə edilən təxribatçı hücumun qarşısını alarkən qəhrəmancasına həlak olan, Nərimanov rayonundan hərbi xidmətə çağırılmış, 1994-cü il təvəllüdlü şəhid Mahir Mirzəyevin anım mərasimi olub. Rayon rəhbərliyi, Milli Məclisin deputatları, Müdafiə Nazirliyinin əməkdaşları, şəhidin yaxınları, gənclər və ictimaiyyətin nümayəndələri şəhidin ərazi bütövlüyü uğrunda canını fəda etdiyi torpağa tapşırıldığı məkana gələrək onun məzarını ziyarət ediblər. Böyük izdihamla keçən hüzr mərasimində şəhidin həyat və döyüş yolundan söhbət açılıb, bütün şəhidlərimizin ruhuna dualar oxunub. Mərasimdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev mütəşəkkil və yenilməz Azərbaycan Ordusu tərəfindən aprel döyüşlərində erməni hərbi birləşmələrinin hücumunun qarşısının qətiyyətlə alındığı, həyata keçirilən operativ cavab tədbirləri nəticəsində sarsıdıcı zərbələrlə qəsbkarların xeyli sayda canlı qüvvə və hərbi texnikasının rəşadətlə məhv edilərək düşmənin vahimə içində geri çəkildiyi və nəticə etibarı ilə işğal altında olan geniş ərazilərimizin azad edilərək silahlı qüvvələrimizin daha əlverişli üstün mövqelərə sahib olduğunu vurğulayıb. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov çıxış edərək işğal altında olan ərazilərimizin erməni qəsbkarlarından azad edilməsi istiqamətində aparılan əməliyyatlar zamanı son damla qanınadək döyüşərək qəhrəmancasına şəhid olmuş Vətən övladlarının döyüş meydanında göstərdiyi şücaətdən danışıb, Mahir Mirzəyevin də vətənpərvər ruhda böyüdüyünü və bu ülvi hisslərin sayəsində də onun şəhidlik zirvəsinə ucaldığını qeyd edib. Mərasimdə Mahir Mirzəyevin timsalında bütün şəhid övladlarımızın qəlbimizdə, xalqımızın yaddaşında əbədi olaraq yaşayacağı və heç zaman unudulmayacağı vurğulanaraq, bu gün xalqımızda qələbəyə inam əzminin daha güclü olduğu və bu inamın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında günü-gündən inkişaf edən, maddi-texniki bazası gücləndirilən Azərbaycan Silahlı Qüvvələrinin sayəsində daha da yüksəldiyi, tezliklə erməni faşizmi üzərində möhtəşəm qələbənin işğal altından azad olunmuş əzəli torpaqlarımızda gerçəkləşəcəyinə əminlik ifadə edilib. Sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə şəhidin ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi  igidliyə görə təltif edildiyi "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal Müdafiə Nazirliyinin əməkdaşı, polkovnik-leytenant Hafiz Həsənov tərəfindən onun ailəsinə təqdim edilib. Sonda Şəhidin atası Sabir Mirzəyev dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib, Mahirin tək özünün deyil, həm də şanlı Vətənin övladı olaraq müqəddəs şəhidlik zirvəsinə ucalması ilə qürur duyduğunu və Vətən çağıracağı təqdirdə müsəlləh bir əsgər kimi silaha sarılaraq onu göz bəbəyi tək qorumağa hər an hazır olduğunu söyləyib, şəhidlərimizin qanının yerdə qalmayacağına söz verib. Nərimanov Rayon Gənclər və İdman İdarəsi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsinin birgə təşkilatçılığı ilə isə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların "N" saylı hərbi hissəsində "Şahin" hərbi-idman oyununun rayon birinciliyi keçirilib.

Yarış Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Veteranlar Təşkilatının birgə təsdiq etdiyi əsasnaməyə uyğun keçirilib.  "Şahin" hərbi-idman oyununun keçirilməsində məqsəd böyüməkdə olan nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarətdir. Yarışda rayonun 21 məktəb komandası tərkibində 294 nəfər məktəbli (onlardan 84 nəfəri qızlardır) iştirak edib. Yarışın nəticəñinə görə I yerə 212 saylı məktəbin komandası, II yerə 258 saylı məktəbin komandası, III yerə isə 82 saylı məktəbin komandası layiq görülüblər. Yarışda I, II və III yerləri tutmuş komandalar Nərimanov Rayon Gənclər və İdman İdarəsi tətəfindən müvafiq dərəcəli diplom, kubok və medallar ilə təltif olunublar.Yarışın qalib komandası məktəblilər arasında şəhər üzrə zona birinciliyinə vəsiqə qazanıb.

Ümumiyyətlə, Rayon İcra Hakimiyyəti, eləcə də Gənclər və İdman İdarəsi hər ay gənclərin vətənpərvərlik hisslərinin artırılmasına yönəlik mədəni-kütləvi, maarifləndirici tədbirlər təşkil edir. Belə tədbirlərdən biri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də dəstəyi ilə baş tutub. Belə ki, Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nərimanov Rayon İdarəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib.

Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar İcra Hakimiyyətinin inzibati binasının foyesində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz və parlaq xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin  ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb.

Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirən Ş.İbadov, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində yeni mərhələdə daha da inkşaf etdiyini bildirib. Natiq, Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib. Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəis müavini, general-mayor Novruzəli Orucov, Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Rayon Ağsaqqallar Şurasının sədri Miri Həsənov, şəhid ailəsi Sona Vəliyeva, "Silahlı Qüvvələrə İctimai Nəzarət Mərkəzi" İctimai Birliyinin sədri Emin Həsənli və digər çıxış edənlər gənclərin Vətənimizin müdafiəsi, qədim tariximizin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliğində fəal iştirak etdiyini, mədəniyyət, idman, elm və digər sahələrdə parlaq nailiyyətlər qazanaraq, dövlətçilik ənənələrini daim uca tutduğunu, çoxşaxəli islahatların reallaşdırılmasında yaxından iştirak etdiyini və dövlətimizin onlara verdiyi stimul nəticəsində öz potensiallarından səmərəli istifadə edərək və dövlətimizin başçısının ətrafında sıx birləşərək ölkəmizin daha dinamik inkişafı istiqamətində bundan sonra da Vətənə ləyaqətlə xidmət edəcəklərinə əmin olduqlarını bildiriblər. Onlar ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu vurğulayaraq, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əminlik ifadə ediblər. Tədbirdə qatılan gənclər Vətənimizin sərhədlərinin keşiyində ayıq-sayıq dayandıqlarını, işğal altında olan torpaqlarımızın məfur düşməndən azad edilməsinə hər an hazır olduqlarını və bunu özləri üçün şərəf saydıqlarını bildiriblər. Tədbirin bədii hissəsində rayonun təhsil ocaqlarının tələbə və şagirdləri, vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı maraqlı konsert proqramı ilə çıxış ediblər.

Sonda müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib. Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Nərimanov rayon idarəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 24 noyabr.- S.15.