Kipr probleminin həllinə olan ümidlər
Və Rum tərəfinin
bu ümidləri puça çıxaran davranışı
Avropa Birliyi,
ümumilikdə beynəlxalq aləmin qeyri-obyektiv
yanaşması, ədalətsiz mövqeyinə rəğmən
Şimali Kipr Türk Respublikası ciddi cəhdlə ayaqda
durmağa, inkişaf etməyə, ən nəhayət
dünyanın bir parçasına çevrilməyə
çalışır. Kipr probleminin həlli istiqamətində
danışıqlar prosesinin davam etməyi və sonucda bir nəticənin
əldə edilməsini hədəfləyən Şimali Kipr
Türk Respublikası qeyri-rəsmi səviyyələrdə əməkdaşlıq
etdiyi beynəlxalq qurumlarla da bu istiqamətdə əməkdaşlıq
edir. Elə bir müddət əvvəl Şimali Kipr Türk
Respublikasının 43-cü İslam Əməkdaşlıq
Təşkilatı Xarici İşlər Nazirləri
Şurasının Yığıncağında
iştirakı da bu əməkdaşlıqdan irəli gələn
bir addım idi.
Məlumat üçün qeyd edək ki, Özbəkistanın paytaxtı Daşkənddə keçirilən həmin toplantıda xarici işlər naziri Tahsin Ertuğruloğlu Kipr probleminin həlli istiqamətində aparılan danışıqlar və hazırkı vəziyyət barədə iştirakçıları məlumatlandıraraq bundan sonrakı gözləntilər barədə də geniş məruzə etmişdi: "2016-ci ilin sonuna qədər problemin həlli istiqamətində bir ortaq nöqtə əldə edilmədiyi halında, təxminən 50 illik müzakirə prosesinin ardından, adadakı iki tərəf arasındakı mövcud prosesin sona çatacağı bilinən bir gerçəkdir. Bu nöqtədən sonra, beynəlxalq platformada yarım əsrdir ədalətsiz bir şəkildə təcrid edilmiş vəziyyətdə olan Kipr Türk xalqının, sonu olmayan müzakirələrə və naməlum bir gələcəyə məhkum edilməsi mümkün deyil. Bu səbəblə, 2016-ci ilin sonuna qədər bir həll variantı əldə edilməlidir".Tahsin Ertuğruloğlu İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin Şimali Kipr Türk Respublikası ilə əlaqələri genişləndirməsinin vacibliyini də önə çəkərək qeyd edib ki, qardaş üzv ölkələrin Kiprli türklərlə yaxın əlaqələr qurması, dayanışmalarını və əlaqələrini genişləndirməsi, Şimali Kiprə hər sahədə dəstək verərək onun dünya ilə inteqrasiyasına yardım etməsi lazımdır: "İslam Əməkdaşlıq Təşkilatının Kiprə bağlı aldığı qərarlardan məmnuniyyət duyduğumuzu ifadə etmək istəyirəm. Ancaq, haqqında danışılan qərarların reallığa keçirilməsi üçün daha ediləcək çox çox şey olduğunu da ifadə etməkdə fayda görürəm. Dolayısla, Kiprli türklərin dünya ilə entegrasiyasına maneə təşkil edən şərtlərin aradan qaldırılması məqsədilə sürətli və konkret addımların önəm kəsb edir. Digər tərəfdən, Rum tərəfinin davam edən uzlaşmazlığı səbəbiylə, 2016-ci ilin sonuna qədər bir razılaşma əldə edilməyəcəyi təqdirdə Kipr Türk tərəfinin alternativ variantlarının olduğunu da vurğulamaq istəyirəm. Ümid edirəm ki, Kiprli türklərin dünyanın bir parçası halına gəlmələrinin təmin edilməsi üçün bütün müsəlman qardaş ölkələr həmrəylik içərisində beynəlxalq aləmin konkret addımlar atmasına bundsn sonra ciddi cəhd göstərəcəklər. İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü kimi Şimali Kipr Türk Respublikasının təşkilata üzv xalqların rifahı üçün əlindən gələni edəcəyini vurğulamaq istəyirəm və bunu təmin etməyə hazırıq".
Elə Şimali Kipr Türk Respublikasının dünya birliyi, ayrı-ayrı ölkələrlə sıx əlaqələr qurmaq, dünyanın bir parçasına çevrilmək cəhdi və bu istiqamətdə əldə etdiyi müəyyən nailiyyətlərin nəticəsidir ki, Rum tərəfi ciddi cəhdlə Kipr probleminin həllinə maneçilik törədir. Ən son olaraq İsveçrə görüşü bunu təstiqləmiş oldu . Belə ki, bütün diqqətlər İsveçrə görüşünə yönəldiyi halda Rum tərəfi yenə də qeyri-konstruktiv mövqe sərgiləyərək problemin həllinə maraqlı olmadığını ortaya qoymuş oldu. Halbuki Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akınçı İsveçrə görüşünə böyük ümidlərlə gedirdi. Mustafa Akınçının belə bir gözləntidə olduğu Şimali Kipr Türk Respublikasının elan edilməsinin 33-cü ildönümü ilə bağlı keçirilən mərasim zamanı etdiyi çıxışdan da aydın sezilirdi. Məlumat üçün qeyd edək ki, cari il, noyabr ayının 15-də Şimali Kipr Türk Respublikasının elan edilməsinin 33-cü ildönümü təntənəli şəkildə qeyd edilib. Həmin mərasimdə çıxışı zamanı Şimali Kipr Türk Respublikasının prezident Mustafa Akınçı əsas diqqəti aparılan danışıqlar prosesinə yönəldərək İsveçrəyə böyük ümidlərlə gedəcəyini vurğulamışdı: "Təsüüflər olsun bu günə qədər həyata keçirilən müzakirələrlə Kiprdə federal bir həll ulaşmamızı təmin edə bilməmişik. Az qala yarım əsrdir davam edən müzakirələrin artıq bir sona çatmasının zamanı gəlib. Müzakirələr bir 50 il daha bu şəkildə davam edə bilməz. Bu məqsədlə Türkiyə ilə yaxın mələhətləşmə içərisində apardığımız müzakirələrdə, artıq qərar vermə anına yaxınlaşmaq ərəfəsindəyik. Bu çərçivədə bildiyiniz kimi İsveçrənin Mont Pelerin qəsəbəsində müzakirələr etdik. Görüşlər ərəfəsində bir sıra məsələlər ətrafında ortaq mövqe əldə edilməsinə çalışıldı. Amma hələ də müəyyən xüsuslarda fikir ayrılıqları mövcuddur. İsveçrəyə getmədən əvvəl də açıqladığım kimi, torpaq mövzusunda meyarlar əsasında uzlaşma təmin edildiyi təqdirdə iki tərəf öz xəritəsini hazırlayacaq və eyni anda, beşli konfransın tarixini də Birləşmiş Millətlər Təşkilatı təyin edəcək. Əvvəlki Mont Pelerində danışıqların son günündə və son saatlarına yaxınlaşdığımız bir anda Rum lider Anastasiadesin qərar vermə mövzusunda hazır olmadığını bildirdi. Və görüşmələrə bir həftə ara verərək ölkəsində və Yunanıstanda məsləhətləşmələr aparmaq üçün vaxt istədi. Gələcəkdə ortaqlıq quracağımız cəmiyyətin liderindən gələn bu tələbi nəzərə alaraq bir həftə sonra İsveçrədə yenidən müzakirələrin davam etməsi barədə razılaşma əldə etdik. Bu bir həftə içərisində nələrin baş verəcəyi əhəmiyyətlidir. Yenə eyni iradə və qətiyyətlə yenidən İsveçrədə olacağıq". Mustafa Akınçı onu da ifadə etdi ki, Kipr probleminin həlli istiqamətində yaranmış fürsət İsveçrə danışıqlarında beşli konfransın önünü açaraq bir gerçəkliyə çevrilə bilər: "Məqbul və ədalətli yanaşmalarla adamızın qədəri dəyişə bilər. Bunu bacara bilərik. Bunun üçün bütün əlaqədar tərəflərin yardım və dəstəyinə ehtiyacımız olacaq. Biz Kipr Türk tərəfi olaraq Rumların həssaslıqlarına diqqət etdiyimiz kimi, eyni həssaslığı onlardan da gözləyirik. Kiprdə cəmiyyətlərin bərabərlik və azadlıq içində yaşamaları, təhlükəsizlik içində olmaları da son dərəcə əhəmiyyətlidir. Təhlükəsizlik və zəmanət anlayışı həm cəmiyyətlər baxımından, həm də qurulacaq statusun qorunması baxımından əhəmiyyət daşımaqdadır. Bu baxımdan ada içində yeni əməkdaşlıq körpüləri yaratmaq lazımdır. Şərq Aralıq dənizidəki təbii qaz yataqları enerji sahəsində bənzərsiz bir əməkdaşlıq fürsəti təqdim edir. Həmçinin Kiprin şimalına Türkiyədən gələn su gələcəkdə bütün ada üçün faydalı əhəmiyyət kəsb edə bilər. Qurulacaq federal dövlət və iki bərabər qurucu dövlət öz səlahiyyətləri çərçivəsində, qarşılıqlı anlaşma əsasında kiprlilər üçün gözəl bir gələcək yarada bilər. Eyni zamanda Türkiyənin Yunanıstan və Avropa Birliyi ilə münasibətlərində yeni bir səhifə açıla bilər. Adada problemin həll olunması ilə türkçə Avropa Birliyinin rəsmi dillərindən biri halına gələ bilər. Bunun üçünsə hər iki tərəfin eyni yanaşmanı ortaya qoyması lazımdır. Əgər Rum tərəfi maksimalist yanaşmasını buraxıb, həqiqi və məqbul davransa, bu sahədə də çıxış yolu tapıla bilər.Ümid edirəm ki, Rum tərəfi də bizim kimi davranır və müzakirələrdə nəticə əldə edərik. Amma Şimali Kipr Türk Respublikasının hər mənada irəliyə getməsi üçün də var gücümüzlə çalışacağıq. Rum tərəfinin maksimalist davranışlarına nəzarət edə bilməməsi və məqbul bir qarşılıqlı razılaşmaya yanaşmaması halında isə, Şimali Kipr Türk Respublikası olaraq yolumuza davam edəcəyik. Arzumuz əlbəttə barışdır, həlldir əməkdaşlıqdır. Bütün tərəflərin faydalanacağı yeni bir Kipri xüsusilə gənç nəsillər üçün inşa etməkdir".
Elə son İsveçrə görüşü də bir daha sübut etdi ki, ŞimaliKipr Türk Respublikası bundan sonra yola təkbaşına davam etməlidir. Hər halda hər zaman olduğu kimi bu dəfə də Kiprin Rum tərəfinin İsveçrə görüşü zamanı ortaya qoyduğu qeyri-konstruktiv yanaşma belə deməyə əsas verir. Artıq Şimali Kipr Türk Respublikasında əksəriyyət belə düşünür ki, Rum tərəfi hər hansı bir həll variantına maraqlı deyil. Bunun başlıca səbəbi isə Kiprin Rum tərəfinin 2004-cü ildə qeyri-obyektiv bir qərarla Avropa Birliyinə təktərəfli üzv qəbul edilməsidir. Elə bu ədalətsiz yanaşmadır ki, bu gün Rum tərəfi özünü üstün durumda hesab edərək həll planlarına müxtəlif vasitələrlə mane olmağa çalışır.
Bütün bunlara baxmayaraq Şimali Kipr Türk Respublikasının rəhbərliyi problemin hələ də danışıqlar, qarşılıqlı anlaşma yolu ilə həll ediləcəyinə ümid bəsləyir. Elə Şimali Kipr rəhbərliyi də İsveçrəyə məhz bu ümidlə getmişdi. Hər halda prezident Mustafa Akınçının açıqlamalarından belə başa düşülür. İsveçrəyə yaxşı niyyətlə gedildiyini, əhəmiyyətli addımlar atıldığını, ancaq cavab görə bilmədiklərini ifadə dən Şimali Kipr Türk Respublikasının Prezidenti Mustafa Akınçı qeyd edib ki, İsveçrəyə müzakirə etməyə, Kipr Türk xalqının haqqlarını təslim etməyə getməyiblər: ". Həll variantının ancaq bərabərlik, azadlıq və təhlükəsizlik çərçivəsində ola bilməsini hər zaman ağlımızda tutduq. Kipr Rum cəmiyyətinin hüquqlarına hörmətlə yanaşdığımız halda, Kipr Türk xalqının da hüquqlarına hörmət gözlədik". Ancaq Kipr Rum tərəfinin haqsız və ədalətli olmayan bir rəftar sərgilədiyini qeyd edən Mustafa Akıncı Kiprin Rum tərəfinin kiprli türklər üçün çox əhəmiyyətli olan mövzuları əlində təsir vasitəsi olaraq tutmaq istədiyini diqqətə çatdırıb. Torpaq mövzusunun ən çətin mövzulardan biri olduğunu Mustafa Akıncı onu da bildirib ki, bugünkü həll imkanları 2004-cü ildəki həll imkanlarından daha çətindir. Onun sözlırinə görə, Kipr kimi bir adada bölünmüş yaşamanın məntiqi yoxdur. Rum tərəfi lazımlı zehniyyət dəyişikliyini reallaşdırıb, nəyin mümkün nəyin qeyri-mümkün olduğu səhvini etməzsə, həllə doğru sürətlə yol ala bilərik. Yaxşı niyyətli səylərimizi və hədəfimizi davam etdirməyə davam etdirəcəyik. Ancaq Rum tərəfinin mövqeyinin çox əhəmiyyətli olduğunun vurğulamaq istəyirəm".
Hazırda diqqətlər İsveçrə uğursuzluğundan sonra Türkiyə prezidenti Rəcəb Tayip Ərdoğanla Yunanıstanın baş naziri Aleksis Çipras arasında dekabr ayının əvvəllərində baş tutacaq görüşədir. Məhz Ərdoğan-Çipras görüşündə Kipr probleminin həlli istiqamətində ciddi müzakirələrin aparılacağı və müəyyən bir razılığın əldə olunacağına ümid bəslənilir. Ancaq adanın Rum tərəfində 2018-ci ildə baş tutacaq seçkilərdən dolayı gələn il seçki hazırlıqlarına start veriləcəyi bu ümidləri bir qədər azaldır. Çünki seçki məsələlərinə başı qarışan rumların problemin həlli istiqamətində danışıqlara maraq göstərməyəcəyi şübhəsizdir.
Ardı var
Süleyman
İsmayılbəyli
Bakı-İstanbul-Lefkoşa-Bakı
Olaylar.- 2016.- 25 noyabr.- S.12.