Sərhədyanı rayonların gəncləri

vətənpərvər ruhda tərbiyə olunur

 

Azərbaycan müharibə şəraitində yaşadığından gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi vacib amillərdən biridir. Bu zərurəti nəzərə alan müvafiq qurumılar müntəzəm olaraq gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına yönəlik tədbirlər keçirirlər. Xüsusilə, bu kimi tədbirlərə cəbhəyanı rayonlarda ciddi diqqət yetirilir. Elə Daşkəsən rayonu da bu istiqamətdə təşkil olunan tədbirlər sırasında ön planda dayanır. Belə ki, bu günlərdə Daşkəsən rayonundakı N nömrəli hərbi hissədə "Dağlar çağırır səni, Azərbaycan əsgəri!" devizi altında bir qrup hərbi qulluqçunun döyüş növbəsinə təntənəli yolasalma mərasimi keçirilib. Qoşqar dağının ətəyində toplanmış şəxsi heyət qarşısında çıxış edən Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani Azərbaycanın ordu quruculuğunda son illərdə qazanılan uğur və nailiyyətlərdən fəxrlə danışaraq ordumuzun bu gün Qafqazın ən qüdrətli ordusu olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb. Qeyd olunub ki, bugünkü mütəşəkkil ordunun yaranması xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdırsa, onun daha da qüdrətlənərək, qarşıya qoyulmuş hər hansı bir döyüş tapşırığını yerinə yetirməyə qadir və hazır olan güc strukturuna çevrilməsi möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevin məqsədyönlü və qətiyyətli fəaliyyətinin nəticəsidir. Vaxtilə zirvələrdə xidmətə göndərilən hərbi qulluqçulara əgər cəza tədbiri kimi baxılırdısa, bu gün ən yaxşı, nümunəvi, vətənpərvər, yüksək mənəvi-psixoloji hazırlıqlı, eləcə də fiziki keyfiyyətlərə malik sayseçmə əsgər və zabitlər məsuliyyətli, çətin, ancaq şərəfli mövqelərə göndərilir. Bununla yanaşı, düşmənlə təmas xəttində, sərt dağlıq şəraitində, ön mövqelərdə ən müasir xidməti şərait yaradılıb, yay-payız aylarından lazımi qış tədarükü görülüb, bütün təminat məsələləri yüksək səviyyədə həll edilib. Dağlarda döyüş növbəsi çəkən hərbi qulluqçuların xidmətləri komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilir və Müdafiə Nazirliyi rəhbərliyinin daima diqqət mərkəzindədir. Polkovnik-leytenant Fuad Ələkbərov döyüş növbəsinə yola salınan şəxsi heyətin silah və texnikalara yaxından bələd olduqları kimi, onların döyüş ruhunun, vətənpərvərlik hissinin də yüksək səviyyədə olduğunu və göstərilən etimadı əməli fəaliyyətləri ilə doğruldacaqlarına əminliyini bildirib. Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Daşkəsən rayon şöbəsinin sədri Elman Məmmədov yaşının səksənə yaxınlaşmasına baxmayaraq, bu gün gənc döyüşçülərə qoşulub zirvələrə qalxmağa hazır olduğunu, Qarabağ müharibəsi veteranı Zakir Məmmədov vaxtilə xidmət etdiyi hərbi hissə ilə bugünkü hərbi hissələrin həm maddi-texniki təchizat, həm də şəxsi heyətin döyüş ruhu baxımından yerlə göy qədər fərqləndiyini, Daşkəsən Rayon İcra Hakimiyyətinin rəsmiləri Elman Əliyev və İlhamə Bayramova isə bütün xalqımız kimi daşkəsənlilərin də güclü dövlətimiz, güclü ordumuzla fəxr etdiklərini fərəh hissi ilə deyiblər. Döyüş növbəsinə yollanacaq əsgərlər adından çıxış edən Vüqar Dadaşov: "Bu gün bəlkə də mənim həyatımın ən xoşbəxt günüdür. Sumqayıtda doğulub, şəhər mühitində böyüsəm də, həmişə dağlara qalxmaq arzusuyla yaşamışam. Özüm ali təhsilliyəm. Oxuduğum kitablar, baxdığım filmlərdən bu qənaətə gəlmişəm ki, həqiqətən cəsurlar, əqidəli, iradəli insanlar həmişə zirvələri seçərlər. Qartallar zirvələrdə məskən salar, dağ kəlləri, qar bəbirləri zirvələrə can atarlar. Bu mənada, mən və mənim əsgər yoldaşlarım fəxr edirik ki, qış mövsümünü biz dağlarda keçirəcək, şaxtaya, çovğuna sinə gərərək Vətən qarşısında əsgəri borcumuzu şərəflə yerinə yetirəcək, bu dağlardan Laçına, Kəlbəcərə, Şuşaya, eləcə də Azərbaycan əsgərinin yolunu səbirsizliklə gözləyən qədim Göyçə mahalına tezliklə yollar açacaq, xalqımıza əsl bahar, qələbə sevincini yaşadacağıq" - deyib. Daşkəsən "Cümə" məscidinin axundu Fariz Hüseynov İslamda Vətən, dövlət sevgisindən, şəhidliyin ən müqəddəs məqam olduğundan danışıb, Vətən sərhədində keşik çəkən əsgəri cəhənnəm odunun yandırmayacağını vurğulayıb və döyüş növbəsinə yola salınan əsgərlərə xeyir-dua verərək onları müqəddəs kitabımız olan Qurani-Kərimin altından keçirib. Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə Qarnizonu Zabitlər Evinin səyyar təşviqat qrupunun çıxışları alqışlarla qarşılanıb. Hərbi qulluqçular musiqi sədaları altında böyük ruh yüksəkliyi ilə qarlı zirvələrə - döyüş növbəsinə yola düşüblər. Həmin gün zirvələrdə döyüş növbəsini müvəffəqiyyətlə başa vuran hərbi qulluqçulardan bir qrupu məzuniyyətə yola salınıblar.

Daşkəsən Rayon İcra Hakimiyyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib.Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Daşkəsən rayon idarəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edib. Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar rayon mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb. Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirmişdir. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıb. Əhəd Abıyev Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib. Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu deyərək, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əmin olduğunu bildirib. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov tədbirin hazırlanmasında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərdiyinə görə təşəkkür plaketini Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə təqdim edib. Dövlət Xidməti tərəfindən həmçinin şəhid ailəsinin üzvlərinə, müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib. Tədbirdə şair Cavanşir Atəşinin (Qocayev) "İrəli" şeiri səsləndirilmiş və rəğbətlə qarşılanəb. Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış edib.

Daşkəsən rayonunda "Bakı Gənclər Klubu" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Vətənin ucalığı hünərdən keçər" adlı layihəsini həyata keçirib. Daşkəsən şəhər Mədəniyyət evində baş tutmuş tədbirdə rayonun fəal gəncləri, ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Qarabağ müharibəsi iştirakçıları və veteranları, həmçinin Bakı Dövlət Universitetinin tarix fakultəsinin tələbələri iştirak ediblər. Görüşü Daşkəsən rayon İcra Hakimiyyətinin məsul işçi Elmar Əliyev açıq elan edib, qonaqlara tədbir iştirakçılarını təqdim edib. Görüşdə Bakı Dövlət Universitetinin tarix kafedrasının müəllimi, dosent Atamoğlan Məmmədli, "Bakı Gənclər Klubu" İctimai Birliyi sədri Azər Cavadov, Daşkəsən rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Vüqar Məmmədov və rayon Gənclər və İdman idarəsinin rəisi Samir Həsənov çıxış edib, Azərbaycan əsgərlərinin Qarabağ müharibəsi zamanı igidliklərindən danışmış və onların qəhrəmanlıq mübarizəsindən söhbət açıb, torpağa, elə-obaya məhəbbətdə onlardan nümunə götürməyi tövsiyə etmiş, belə qəhrəmanları unutmamağa çağırıblar. Səmimi atmosferdə davam edən görüşdə müasir gənclərə Vətəni həmin qəhrəmanlar kimi sevməyi, uğrunda lazım gəlsə ölməyi, onlar kimi yaşamağı arzulayıblar. Çıxış edənlər bütün gəncləri ölkə rəhbəri, Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək onun apardığı çox uğurlu daxili və xarici siyasəti dəstəkləməyi tövsiyə ediblər.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 26-28 noyabr.- S.15.