Kipr türklərinin

azadlıq mücahidləri

 

Bu bir danılmaz faktdır ki, hər bir xalqın, millətin formalaşması, o xalqın qurduğu dövlətin inkişaf etməsində tarixi şəxsiyyətlərin rolu əvəzsizdir. Məhz həmin tarixi şəxsiyətlər buya digər xalqın azadlıq mübarizəsinə rəhbərlik edir, xalqı öz arxasınca aparır, uzun sürən mücadilə və mübarizədən sonra ona arzu etdiyi azadlığı, müstəqilliyi bəxş edir. Əgər bu gün Türkiyə Cümhuriyyətinin vətəndaşları Qazi Mustafa Kamal Atatürkə, Azərbaycan vətəndaşları Məmməd Əmin Rəsulzadəyə, Heydər Əliyevə yüksək sayğı nümayiş etdirirsə, eyni ilə Şimali Kipr Türk Respublikasında da xalqın hər zaman ehtiramla andığı tarixi şəxsiyyətlər var.

Mübaligəsiz demək mümkündür ki,  Şimali Kipr Türk Respublikasının bu günkü durumu, müxtəlif sahələrdə əldə etdiyi inkişafda Kipr türk xalqının müstəqillik, azadlıq uğrunda apardğı mübarizənin önündə gedən insanların böyük, şəksiz əməyi olub. Bu baxımdan Kipr türk xalqı daha çox iki şəxsiyyətə, onların ruhuna böyük ehtiram və sayğı ilə yanaşır. Onlardan biri doktor Fazil Küçük, digəri isə Rauf Raif Denktaşdır. Günümüzdə də hər iki dahi şəxsiyyət Şimali Kipr Türk Respublikasında böyük ehtiramla yad edilir. Təsadüfi deyil ki, Şimali Kipr Türk Respublikasının əlamətdar günlərində, zəfər bayramında ölkə rəsmiləri bir qayda olaraq mərhum Rauf Denktaşın məzarını ziyarət edir, doktor Fazil Küçüyü məmnunluqla yad edirlər. Çünki Fazil Küçük Kipr Türk xalqının müstəqillik, azadlıq uğrunda başladığı mübarizəyə rəhbərlik, öndərlik etdiyi halda, Rauf Denktaş bu mübarizənin müsbət sonluqla başa çatmasında müstəsna xidmətlər göstərib. Hər iki tarixi şəxsiyyətlər keşməkeşli, çətin günlər keçirməsinə baxmayaraq başlatdığı mübarizənin bir addım belə geri çəkilməyib, onun nəticəyə çatması üçün əlindən gələni əsirgəməyib. Elə həm Fazil Küçük, həm də Rauf Denktaşın həyatlarına nəzər saldıqda da bunu aydın görmək mümkündür.

Məlumat üçün qeyd edək ki, Fazil Kiçik 14 mart, 1906-cı ildə Nikosiya qəzasına bağlı kənddə dünyaya gəlib. Orta təhsilini başa vurduqdan sonra o, İstanbul Dar-ül Fünun Tibb Fakültəsinin birinci sinfini müvəffəqiyyətlə bitirir. 1929-cu ildə isə  əvvəl Fransa, daha sonra İsveçrəyə gedərək Lozanna Universitetində tibb təhsilini davam etdirir. Fazil Küçük Lozanna klinikalarında ixtisası üzrə terapiya mütəxəssisi olur. O, 1937-ci ilin may ayında Kiprə dönərək Lefkoşada həkim olaraq fəaliyyətə başlayır.  Elə onun akiv siyasi fəaliyyətə qatılması da məhz bu illərdən hesablanır.  Fazil Kiçik bütün siyasi həyatı boyunca, səylərini Türk məktəbləri ilə Vəqflər İdarəsinin Türk xalqına təhvil verilməsinə sərf edirbu istiqamətdə açıq mübarizəyə başlayır. 1943-cü ildən altı il Nikosiya Bələdiyyə Məclis Üzvü olaraq fəaliytət göstərən Fazil Küçük  zamanın tək Türk qəzeti olan "Söz" vasitəsilə cəmiyyət problemləri haqqında öz fikirlərini xalq çatdırırdı. 1941-ci ildə "Söz" qəzeti nəşrini dayandırdıqdan sonra xalqının haqqlarını müdafiə etmək, bu istiqamətdə mübarizə aparmaq və xalqı maarifləndirmək məqsədi ilə 14 mart, 1942-ci ildə "Xalqın səsi" qəzetini nəşr edir.  O, həmçinin 18 aprel, 1943-cü ildə yaradılan Kipr adası Türk Azınlığı Təşkilatının (KATA) təsisçiləri arasında idi. Daha sonra KATA-dan ayrılaraq, 23 aprel, 1944-cü ildə Kipr Milli Türk Xalq Partiyasını (KMTHP) yaradır. Onun partiyası qısa müddətdə geniş miqyasda təşkilatlanır, yerli şöbələri yaradılır. Partiyanın proqramındakı ana hədəflərdən biri də adanın Yunanıstana ilhakını qarşısını almaq idi.  Artıq onun səyləri nəticə verməyə başladı. Türk Ailə Məhkəmələri yaradılır, müftilik postu təkrar bərpa edilirdi. 1954-cü ildən sonra, Kiprə beynəlxalq maraq artırdı. Fazil Küçük ingilislərə və rumların "Enosis" tələblərinə qarşı mübarizəni sürətləndirir və 15 avqust, 1955-ci ildə rəhbərlik etdiyi partiyanın adı "Kipr Türkdür Partiyası" şəklində dəyişdirilir. O, 1 aprel, 1955-ci ildə  EOKA-nun Kiprdə qanlı terror həyata keçirməsinin ardından, Kipr Türk xalqının EOKA-ya qarşı müqavimətini təmin etmək məqsədilə Kipr Türk Müqavimət Birliyi adlı təşkilat yaradır. O, 17 fevral, 1959-cu ildə Londonda  təşkil edilən konfransda Kipr Türk xalqını təmsil ediriki gün sonra əldə olunan razılaşmanı xalq adından imzalayır. Beləliklə,

Kipr Respublikasının quruluş razılaşmalarına görə, prezident rumlardan olduğu halda, prezident köməkçisi isə Türk olacaqdı. Kipr Türk xalqı Fazil Küçüyü xilasedici olaraq gördüyündən 3 dekabr, 1959-cu ildə alternativsiz olaraq Kiprin ilk prezidentinin köməkçisi seçir. Fazil Küçük 18 fevral, 1973-cü ildə prezident köməkçisi vəzifəsindən  ayrılaraq, yerini Rauf  Denktaşa verir. Ancaq qəzetindəki mübarizəsi ilə yanaşı  siyasət həyatını da davam etdirir. O, xalqın haqlı tələblərini müdafiə etməkdən geri qalmır. 1980-ci illərin əvvəllərində artıq Fazil Küçüyün səhhətində ciddi problemlər meydana gəlir. Bu həmin illər idi ki, artıq Rauf Denktaşın rəhbərliyi altında Şimali Kipr Türk Respublikası qurulmuşdu. Və Fazil Küçük bu olayı böyük bir sevinclə qarşılayırdı. Ölümündən əvvəl verdiyi son açıqlamada  Fazil Küçük Şimali Kipr Türk Respublikasının qurulmasını görməsi ilə həyata yenidən qovuşduğunu vurğulayır. Fazil Küçük, 15 yanvar, 1984-cü ildə tutulduğu xəstəlikdən xilas ola bilməyərək müalicə aldığı Londonda, 78 yaşında vəfat edir. Yuxarıda vurğuladığımız kimi günümüzdə də Fazil Küçük Kipr Türk xalqı tərəfindən böyük ehtiramla yad edilir.  Hətta Fazil Küçüyün bir vaxtlar  həkim kimi çalışdığı yer bu gün muzey olaraq fəaliyyət göstərir və Kirpə gələn xarici turistlərin ən çox üz tutduğu məkanlardan birinə çevrilib.

Qeyd etdiyimiz kimi Şimali Kipr Türk xalqının ən böyük sayğı ilə qarşıladığı ikinci ən böyük şəxsiyyət Rauf Denktadır. Rauf Raif Denktaş Şimali Kipr Türk Respublikasının qurucusuilk prezidentidir. O,  27 yanvar, 1924-cü ildə anadan olub. Ora məktəbi bitirər bitirməz Rauf Denktaş Fazil Küçüyün "Xalqın səsi" qəzetində yazılar yazmağa başlayır. Daha sonra bir müddət Mağusada tərcüməçilik, məhkəmələrdə məmurluq və ingilis məktəbində müəllimlik edir. 1944-ci ildə hüquq təhsili almaq üçün Birləşmiş Krallığa gedir. 1947-ci ildə adaya dönən Rauf Denktaş vəkillik fəaliyyətinə başlayır. 27 noyabr, 1948-ci ildə Kipr Türklərinin təşkil etdiyi ilk mitinqdə Fazil Küçük ilə birlikdə nitq söyləyir. Beləliklə, Rauf Denktaş 24 yaşındaykən xalq ilk xitabını edir. Rauf Denktaş 1 avqust, 1958-ci ildə Türk Müqavimət Təşkilatını yaradır. 18 fevral, 1973-cü ildə Fazil Küçük vəzifəsindən ayrılması səbəbindən Rauf Denktaş  Kipr prezidentinin köməkçisi seçilir. 28 fevral, 1973-cü ildə tutduğu vəzifədən istefa verən Ruaf Denktaş  eyni gün Kipr Türk Rəhbərliyinin başçısı seçilir. 1975-ci ildə Kipr Türk Federal dövlətinin elanından sonra dövlət və məclis başçısı vəzifələrini icra edirkonstitusiyaya uyğun olaraq 1976-ci ildə keirilən ilk ümumi seçkilərdə dövlət başçısı seçilir. Rauf Denktaş 1981-ci ildə ikinci dəfə dövlət başçısı olur. 15 noyabr, 1983-cü ildə Şimali Kipr Türk Respublikasının elanından sonra təkrar alternativsiz şəkildə prezidentliyə namizəd olaraq xalqın mütləq əksəriyyətinin səsi ilə dövlət başçısı seçilir. 22 aprel, 1990-cı ildə keçirilən erkən seçkilərdə ikinci dəfə prezident postuna seçilir.  Eyni proses 1995-ci il seçkilərində də təkrarlanır. 2000-ci ildə keçirilən seçkilərdə isə 43.67 faiz səs aldığı üçün ikinci tur seçkilər keçirilir. Amma ikinci turda Rauf Denktaşa alternativ olan Derviş Eroğlunun seçki mübarizəsindən geri çəkilməsi üzərinə Denktaş yenidən seçkidən qalib ayrılır. Rauf Denktaş 2004-cü ildə BMT-nin baş katibi Kofi Annanın Kipr Probleminin həlli üçün hazırladığı Annan Planına qarşı çıxır. Buna baxmayaraq plan kiprli türklər tərəfindən qəbul edilsə də, lakin  kiprli yunanların planı rədd etməsi üzərinə Annan planı reallaşmır.  Artıq yaşad olan Rauf Denktaş 2005-ci ildə keçirilən prezident seçkilərində iştiraka maraq göstərmir və namizədliyini irəli sürmür. O, 24 aprel, 2005-ci il tarixində vəzifəsini yeni seçilmiş prezident Mehmet Əli Tələtə  təhvil verir.  Siyasət həyatı ilə yanaşı, eyni zamanda yazar kimi də tanınan Rauf Denktaş həyatı böyunca onlarla kitabın müəllifi olur.  Bu gün Şimali Kipr Türk xalqının böyük sayğı və ehitramla yad etdiyi Rauf Raif Denktaş 8 yanvar, 2012-ci ildə səhhətində yaranan ciddi problemlər səbəbindən  Yaxın Şərq Universiteti Xəstəxanasına yerləşdirilir. Orqan çatışmamazlığından əziyyət çəkən Şimali Türk xalqının azadlıq və mübarizlik simvolu sayılan Rauf Denktaş 13 yanvar, 2012-ci il tarixində 88 yaşında  müalicə gördüyü xəstəxanada vəfat edir. Rauf Denktaşın vəfat xəbəri Şimali Kipr Türk Respublikasında böyük üzüntüyə səbəb olur. Təkcə Şimali Kipr Türk Respublikası deyil, eləcə də Türkiyə Cümhuriyyəti, bütün Türk Dünyasında böyük itgi kimi qarşılanır.  Rauf Denktaşın  vəfatı ilə  Türkiyə  Cümhuriyyəti və Şimali Kipr Türk Respublikasında milli matəm elan olunur. O, 17 yanvar, 2012-ci ildə təşkil edilən  dövlət mərasimiylə Lefkoşadaki Respublika Parkında dəfn edilir. Təsadüfi deyil ki, bu gün Şimali Kipr Türk Respublikasına baş tutan səfərlər zamanı da protokol qaydasına uyğun olaraq qonaqlar Rauf Denktaşın məzarını ziyarət edirlər. Həmçinin Şimali Şipr Türk Respublikasının rəsmiləri milli bayramlarda  bu ada ölkəsini onlara əmanət edən Rauf Denktaşın məzarını ziyarət etməyi özlərinə borc bilirlər.  Elə elanının 33-cü ildönümü ərəfəsində də Şimali Kipr Türk Respublikasının hazırkı prezidenti Mustafa Akınçı, eləcə də digər hökumət üzvləri, parlamentarilər, həmçinin Türkiyə baş nazirinin müavini Turgut Türkeş Respublika Parkına gələrək Rauf Raif Denktaşın məzarını ziyrət edib, onun ruhuna yüksək ehtiram nümayiş etdiriblər.

 

Süleyman İsmayılbəyli

Bakı-İstanbul-Lefkoşa-Bakı

Ardı var

 

Olaylar.- 2016.- 29 noyabr.- S.12.