Uşaq və gənclərin

fiziki və mənəvi inkişafı

 

Azərbaycanda uşaq və gənclərin fiziki və mənəvi inkişafı ilə bağlı çoxşaxəli, çevik siyasət həyata keçirilməkdədir. Yürüdülən siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri cəmiyyətin inkişafında fəal sosial təbəqə kimi demokratikləşmə prosesində iştirak edir, mədəniyyət, incəsənət, iqtisadiyyat və digər sahələrdə naliyyətlər qazanır, dövlətçiliyin möhkəmləndirilməsi prosesində yaxından iştirak edirlər. Azərbaycan Respublikası müstəqilliyini elan etdikdən sonra uşaq hüquqlarının müdafiəsi, uşaqların fiziki və mənəvi inkişafı ilə bağlı mühüm tədbirlər həyata keçirilib. Hələ 1992-ci ildə BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasına, 2002-ci ildə Konvensiyanın 2 saylı Əlavə Protokoluna qoşulub. 1998-ci ildə BMT-nin Uşaq Hüquqları Haqqında Konvensiyasının müddəalarını özündə əks etdirən Azərbaycan Respublikasının "Uşaq hüquqları haqqında" Qanunu qəbul olunub. Bu illər ərzində mütəmadi olaraq milli qanunvericilik və normativ-hüquqi aktlar təkmilləşdirilib, uşaq hüquqlarının müdafiəsi, onların normal formalaşması, sağlam böyüməsinə yönəlmiş bir çox Dövlət Proqramları, Tədbirlər Planları qəbul edilib. Bu proqramlar uşaqların hüquq və maraqlarının müdafiəsi, dövlətin vahid uşaq siyasətinin formalaşdırılması, bu siyasətin tənzimlənməsi, həyata keçirilməsinin təmin edilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyasını inkişaf etdirməyə yönəlib.

 

Məktəbəqədər təhsilin vacibliyi

 

Lakin bütün görülən işlərə, həyata keçirilən tədbirlərə baxmayaraq hələ də uşaqların fiziki və mənəvi inkişafına mənfi təsir göstərə biləcək çatışmazlıqlar qalmaqdadır. Azərbaycanda uşaq və gənclərin əqli, mənəvi, fiziki inkişafı, onların məşğuliyyətindən danışdıqda, ilk növbədə məktəbəqədər təhsil ocaqlarının, uşaq intellekt kurslarının fəaliyyəti nəzərə alınmalıdır. Məlumdur ki, uşaq bağçalarının bir çoxunda uşaqların həm mənəvi, həm fiziki cəhətdən mükəmməl inkişaf etməsi üçün böyük şərait yaradılıb. Əksər uşaq bağçaları təlim-tərbiyə vəsaitləri, qurğularla, hətta kompüterlə, stolüstü elektron oyun vəsaiti ilə təmin edilib. Bu da uşaqların ağıllı, tərbiyəli, vətənpərvər yetişməsinə təkan verir. Çox təəssüf ki, hələ də uşaqların bir çoxu uşaq baxçaları, məktəbəqədər təhsil müəssisələrinin imkanlarından yararlana bilmirlər. Məhz bu kimi halların nəticəsidir ki, uşaqlar erkən yaşlarında zərəli vərdişlərin aludəçisinə çevrilirlər.

      Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva deyib ki, uşaqların internet və gecə klublarına, erkən yaşda nikaha, onların müxtəlif zərərli dini cərəyanlara cəlb edilməsi ciddi problemdir. A. Sofiyeva uşaqlarla bağlı problemlərin həllinə QHT-lərin cəlb edilməsini vacib sayıb. Onun sözlərinə görə, bəzən QHT-lər uşaq hüquqlarının müdafiəsi ilə bağlı qrantlar alır, ancaq bu maliyyəni səmərəli xərcləmir, yerli icra qurumları ilə əməkdaşlıq etmirlər: " Düzdür, rayon icra qurumlarının uşaqların problemlərini diqqət mərkəzində saxlaması lazımdır. Ancaq elə məsələlər var ki, rayon icra qurumları bilmir, məhz QHT-lər bilirlər". Onun sözlərinə görə, bu sahədə hal-hazırda daha çox diqqət yetirilən məsələlər valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün alternativ xidmətlərin yaradılması, erkən nikah və qızların təhsildən yayınmasının qarşısının alınması, baxımsız uşaqların və küçə həyatına məruz qalmış uşaqların reabilitasiyası, sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasıdır.

 

Valideyinlərin məsuliyyəti artırılır

 

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı bildirib ki, ölkədə uşaq və gənclərin fiziki və mənəvi inkişafını təmin etmək dövlətin diqqəti mərkəzindədir. Ölkə parlamenti də bu istiqamətdə qanunvericilik bazasının yaradılması ilə bağlı ciddi addımlar atır. Belə ki, "Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında" qanuna əlavə ediləcən yeni maddə prezident İlham Əliyevin qanunvericilik təşəbbüsündən irəli gəlib. Dəyişikliyə görə, Azərbaycanda yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və ya saxlanması sahəsində valideynlərin və ya digər qanuni nümayəndələri öz vəzifələrini yerinə yetirməməsinin üzürlü səbəbləri müəyyən edilməsi ilə bağlı qanunvericiliyə əlavələr edilir: "Bu maddənin əlavə edilməsində məqsəd yetkinlik yaşına çatmayanların baxımsızlığı ilə bağlı valideynləri və digər qanuni nümayəndələri müxtəlif bəhanələrdən çəkindirmək xarakteri daşıyır".

 

Dövlət müstəqilliyinin

keşiyində duran vahid qüvvə

 

Azərbaycanda həyata keçirilən gənclər siyasəti də sağlam və intelektual nəslin formalaşmasına səbəb olub. "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir" - deyən Ümummilli lider 1994-cü ildə Gənclər və İdman Nazirliyinin əsasını qoydu. Gənclərə etibar edən Ulu öndər 1995-ci ildə gənclərin forumunun keçirilməsi haqqında təklif irəli sürdü və bundan sonra 1996-cı ildən başlayaraq, forumlar təşkil edildi. Məhz, I Gənclər Forumundan sonra bu sahədə atılan addımların sayı dəfələrlə artdı və 1997-ci ildə imzalanan sərəncamla fevralın 2-i Azərbaycan Gənclər Günü elan edildi. Gənclərlə bağlı qəbul edilən dövlət proqramları, eləcə də "Gənclər siyasəti haqqında" qanun gənclərin intellektual, kreativ və mütəşəkkil qüvvə kimi formalaşmasına, mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, sosial problemlərin həllinə, faydalı məşğulluğun təmin edilməsinə imkan yaratdı. Görülən tədbirlərin nəticəsində sağlam və vətənpərvər ruhda yetişən Azərbaycan gəncləri milli-mənəvi dəyərlərin qorunmasında, elmi, intellektual potensialın reallaşdırılmasında əhəmiyyətli rol oynamağa, dövlət institutlarında təmsil olunmağa başladı, dövlət müstəqilliyinin keşiyində duran vahid qüvvə kimi formalaşdılar.

     Etiraf edilməlidir ki, bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin başlıca istiqamətlərindən biri də gənclərə dövlət dəstəyinin gücləndirilməsi, onlara hərtərəfli diqqət göstərilməsidir. Xüsusən, son illər respublikamızda həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati - hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı olan "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)" və "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı təsdiq olunub ki, onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilib, ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılıb və bu sahədə irəliləyişlərə nail olunub, dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. 2007-ci ilin "Gənclər ili" elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 20-dən artıq şəhər və rayonunda gənclər mərkəzlərinin inşası, 2013-cü ildə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir. Təkzibolunmaz faktdır ki, gənclərimizin həm Azərbaycanda, həm də xaricdə dəstəklənməsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da xüsusi rolu var. Elə "Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatı" çoxşaxəli fəaliyyətilə gənclərimizi milli maraqların qorunması məqsədi ətrafında sıx birləşdirir və Azərbaycan haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırır.

 

Gənclər siyasətinə yeni baxış

 

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov bildirib ki, Azərbaycanda gənclər və idman sahəsində həyata keçirilən islahatlar sürətlə gedir. Bu gün elə bir regionumuz yoxdur ki, orada Olimpiya Kompleksi olmasın: "Lakin regionda fəaliyyət göstərən olimpiya komplekslərində bir çox problem də mövcuddur. Orada olan şərait imkan verir ki, biz həmin yerlərdə regional səviyyədə tədbirlər həyata keçirək. Ancaq buna görə büdcə lazımdır. Gələcəkdə həmin komplekslərin büdcədən maliyyələşməsi məsələsinə baxılmalıdır". Fuad Muradov əlavə edib ki, bu gün gənc nəslə siqaretlə bağlı təsir edən çox ciddi problemlər var."Bədən tərbiyyəsi və idman haqqında" qanuna ediləcək dəyişiklikdə kütləvi idman yerlərində siqaret çəkmək, alkoqollu içkilərə qadağa qoyulması məsələsi öz əksini tapıb: "Mən bilirəm ki, bir çox qanunlarımızda siqaretlə bağlı məhdudiyyətlər var. Çox yaxşı olardı ki, biz bunları bir araya yığıb kütləvi idman yarışlarında siqaretin qadağası ilə bağlı qanun qəbul edək".

   Gənclər və idman nazirinin müavini İntiqam Babayev isə qeyd edib ki, ölkəmizdə çox çevik gənclər siyasəti həyata keçirilir. Həmin siyasətə əsasən, normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının da təkmilləşdirilməsinə ehtiyac duyulur. "Gənclər siyasəti haqqında" Azərbaycan Respublikasının qanununda dəyişikliklər və əlavələr edilməsi barədə" qanun layihəsinin hazırlanması həmin zərurətdən yaranıb. İ.Babayev bildirib ki, ölkəmizdə "Gənclər siyasəti haqqında" qanun 2002-ci ildə qüvvəyə minib. 2007-ci ildə bu qanuna müəyyən dəyişikliklər edilib. Aradan ötən müddətdə ölkəmiz durmadan inkişaf edib, gənclərin düşüncəsi dəyişib. Dünya miqyasında yeni qlobal çağırışlar meydana çıxıb. Bütün bunları nəzərə alaraq nazirlik Milli Məclisə öz təkliflərini verib. Layihədə dövlətin gənclər siyasətinə dair bir sıra yeni müddəalar öz əksini tapıb. Sənəddə gənc alim və tədqiqatçıların inkişafı, tələbə özünüidarəetməsi, təhlükəsiz internetin yaradılması, aztəminatlı gənc ailələrin, çətin həyat şəraitində və risk qrupunda olan gənclərin problemləri, hərbi xidmətini başa vuran, həmçinin cəzaçəkmə müəssisələrindən azad olunan gənclərin məşğulluğunun təmin edilməsi, gənclər arasında multikultural vərdişlərin yaradılması və sair məsələlər əksini tapıb.

     Birmənalı şəkildə qeyd etmək olar ki, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Sirr deyil ki, müstəqil dövlətimizin verdiyi imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Məhz bu amil nəzərə alınaraq ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası" cənab Prezident tərəfindən təsdiq olunmuşdur. Gənclərin gündəlik qayğılarından tutmuş, ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırması Strategiyanın əsas vəzifələri sırasındadır.

 

Alim Hüseynli

 

Yazı "Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün" hazırlanıb

 

Olaylar.- 2016.- 29 noyabr.- S.10.