Silahlı Qüvvələrə göstərilən
diqqət və
qayğı döyüş ruhunu artırır
Bu gənclər
üçün də vətənpərvərlik örnəyi
təşkil edir
Gənclərin
milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik
hisslərinin artırılması istiqamətində Müdafiə
Nazirliyi müntəzəm olaraq tədbirlər həyata
keçirir. Xüsusilə, Silahlı Qüvvələrin
şəxsi heyətinin döyüş ruhunun
artırılmasına yönəlik tədbirlər vətənpərvərlik
hisslərinin yüksəldilməsinə xidmət edir.
Məlumat üçün qeyd edək ki, Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının və vətənpərvərlik hissinin daha da yüksəldilməsində Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri də yaxından iştirak edirlər. Belə ki, təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə bir qrup Böyük Vətən müharibəsi veteranı cəbhə bölgələrinə səfər edərək şəxsi heyətlə görüşüb, onların xidmət şəraiti ilə tanış olub, problem və qayğıları ilə maraqlanıb, Vətən müdafiəçilərinə ağsaqqal öyüd-nəsihəti verib və işğal edilmiş torpaqlarımızın tezliklə düşmən tapdağından azad edilməsi naminə onlara uğurlar arzulayıb. Veteranlar hərbi hissə komandanlığı tərəfindən səmimiyyətlə qarşılanıb. Onlara hərbi hissənin yaranma tarixi, keçdiyi döyüş yolu, şəhid və qəhrəmanları haqqında ətraflı məlumat verilib. Xalqımızın ümummilli lideri, müasir, mütəşəkkil ordumuzun baş memarı Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla yad edilib. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbaninin müşayiəti ilə veteranlar Beyləqan rayonunun Birinci Şahsevən kəndinə gedərək Sovet İttifaqı Qəhrəmanı Gəray Əsədovun ev muzeyini ziyarət edib, 90 yaşlı bacısı ilə görüşüb və onun qəhrəman qardaşı haqqında xatirələrini dinləyiblər. Döyüşçülərlə ilk görüş aprel döyüşləri zamanı düşmən tapdağından azad edilən Lələtəpə zirvəsində reallaşıb. Zabit Rəşad Piriyev dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini nümayiş etdirən aprel döyüşləri və onun qəhrəmanları haqqında danışıb. Şəhidlərin xatirəsi yad edilib. Bir neçə gün əvvəl irimiqyaslı təlimlər ərəfəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bu zirvəyə gəlişi, döyüşdə fərqlənən bir qrup hərbi qulluqçunu mükafatlandırması, döyüşçüləri mübarizəyə səsləyən qətiyyətli çıxışı və düşmənə tutarlı mesajları bir daha xatırlanıb. Döyüşlərdə göstərdiyi şəxsi şücaətə görə hələ aprel ayında Prezidentin sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı, bir neçə gün öncə isə Prezidentin şəxsi hədiyyəsi ilə mükafatlandırılan əsgər İmran Remixanov hər an Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bildirib. Qeyd edib ki, yaşları 90-ı çoxdan ötmüş veteranları azad etdikləri strateji yüksəkliklərdə görməkdən böyük qürur duyur və aprel döyüşlərindəki Qələbəni hər an təzələməyə qadirdirlər. Veteranlar təşkilatının sədr müavini polkovnik C.Xəlilov hər bir Azərbaycan vətəndaşının, eləcə də hər bir veteranın ordumuzun uğur və nailiyyətlərindən fərəhləndiyini, Azərbaycan əsgərinə həmişə arxa-dayaq olduqlarını diqqətə çatdırıb. Müdafiə Nazirliyinin rəhbərliyinə veteranlara göstərilən diqqət və qayğıya, bu kimi tədbirlərin keçirilməsi üçün yaradılan şəraitə görə respublika veteranlar ordusunun minnətdarlığını bildirib.
Xalqımız üçün, o cümlədən Azərbaycan Ordusunun şəxsi heyəti üçün həmişə əziz və dəyərli olan insanların, bəşər üçün ən böyük fəlakət sayılan faşizm taunu ilə üz-üzə dayanıb mübarizə apararaq ölümün caynağından qurtulmuş veteranların keçdikləri şanlı döyüş yolundan söhbət açılıb.
97 yaşlı müharibə veteranı Bəkir Məmmədov, Berlinədək döyüş yolu keçmiş bombardmançı təyyarəçi Daməd Vəliyev çıxış edərək ön səngərdə Azərbaycan əsgəri ilə bir yerdə olduqlarını, Lələtəpə zirvəsinə qalxdıqlarını, həyatlarının ən xoş anı hesab edib və tezliklə Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər yolumuzu gözləyən yurd yerlərimizdə qalib Azərbaycan əsgəri ilə görüşəcəklərinə əminliklərini bildiriblər.
Xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının təsis etdiyi yubiley medalları təqdim edilib. Çay süfrəsi arxasında səmimi söhbət həm əsgərlərdə, həm də qonaqlarda xoş duyğular oyadıb. Xatirələr veteranları gənclik illərinə qaytarıb, əsgərlərimiz isə babaların qəhrəmanlıq ənənələrini şərəflə davam etdirəcəklərinə söz veriblər.
Cəbrayıl, Füzuli, Xocavənd, Ağcabədi, Beyləqan rayonları istiqamətində Vətən, xalq və dövlət qarşısında əsgəri borclarını layiqincə yerinə yetirən Vətən müdafiəçiləri ilə biri-birindən maraqlı görüşlər keçirilib. Veteranlar əsgərlərlə bir yerdə nahar edib, eyni yataqxanada gecələyib, onların təlimlərini izləyib, silah və hərbi texnikalarla tanış olub və cəbhə bölgəsindən xoş təəssüratlarla ayrılıblar.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti isə fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, 25 noyabr 2016-cı il tarixdə Biləsuvar Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdə Biləsuvar Rayon İcra hakimiyyətinin başçısı Mahir Quliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılıb, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətindən və gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində belə tədbirlərin əhəmiyyətindən danışıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov qeyd etdi ki, Biləsuvar gəncləri daim öz vətənpərvərlikləri ilə fərqləniblər. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Qarabağ müharibəsində hərbçilərimizin göstərdikləri qəhramanlıqlardan danışıb. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıb. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Biləsuvar rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.
Binəqədi rayonu 244 nömrəli orta məktəbdə
isə hərbi- vətənpərvərlik, milli-mənəvi
dəyərlərə bağlılıq və Azərbaycançılıq
məfkurəsinin təbliği mövzularına həsr
olunmuş tədbir keçirilib. Tədbirdə Rayon İcra
Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini Rauf Həsənov, Azərbaycan
Respublikasının Milli Qəhrəman Zabit Quliyev, Respublika
"Qarabağ müharibəsi Veteranları, Şəhid ailələri
və Əlilləri" İctimai birliyinin sədr
müavini, Binəqədi, Nizami və Xətai rayon təşkilatlarının
sədrləri, "Milli Qəhrəmanları Tanıtma"
İB-nin, "Əfqanıstan Müharibəsi
Veteranları" Cəmiyyətinin, "Xocalı
Soyqrımını Tanıtma" İB-nin rayon təşkilatlarının
sədrləri və məktəbin müəllim-şagird
kollektivi iştirak edib. Tədbiri giriş nitqi ilə
açan məktəbin direktoru Yəhya Abbasov qonaqları təqdim
etdikdən sonra sözü Binəqədi Rayon İcra Hakimiyyətinin
İctimai- siyasi və humanitar məsələlər
şöbəsinin müdir müavini Rauf Həsənova verdi.
Natiq tədbirin mahiyyəti və önəmi barədə
iştirakçılara məlumat verdikdən sonra söz
"Qarabağ Müharibəsi Veteranları, Şəhid ailələri
və Əlilləri" İctimai birliyinin rayon şöbəsinin
sədri İlham Qayıbzadəyə verildi. Təşkilat sədrinin
hesabat xarakterli çıxışından sonra ictimai-siyasi fəallıqlarına
görə bir qrup şəxsə Respublika "Qarabağ
Müharibəsi Veteranları, Şəhid ailələri və
Əlilləri" İctimai birliyinin təsis etdiyi "Vətən
naminə" medalı təqdim olunub. Tədbirin rəsmi hissəsi
bitdikdən sonra məktəbin istedadlı şagirdlərinin
ifasında vətənpərvərlik hisslərini tərənnüm
edən şer və musiqi nömrələri ifa olunub.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 30 noyabr.- S.15.