Qalib əsgərlər gənclər
üçün örnəkdir
Aprel
döyüşlərinin iştirakçıları təxris
olundular
Vətən
uğrunda canlarından keçməyə hazır olan, aprel
döyüşlərində xüsusi qəhrəmanlıq
nümayiş etdirmiş əsgərlərin ehtiyata
buraxılması mərasimi keçirilib. Prezident İlham
Əliyevin "Azərbaycan Respublikası vətəndaşlarının
2016-cı il oktyabrın 1-dən 30-dək müddətli həqiqi
hərbi xidmətə çağırılması və
müddətli həqiqi hərbi xidmət hərbi
qulluqçularının ehtiyata buraxılması
haqqında" 9 sentyabr 2016-cı il tarixli Sərəncamının
icrası Silahlı Qüvvələrdə davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə Tərtər şəhərinin mərkəzindəki Heydər Əliyev meydanında "Vətənə nümunəvi xidmətə görə sağ ol!" devizi altında keçirilən tədbirdə yüzlərlə rayon sakini, veteran, ictimaiyyət nümayəndələri və məktəblilər cəbhə bölgəsində əsgəri borcunu şərəflə yerinə yetirərək ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından bir qrupunu təntənə ilə yola salıblar. Müdafiə Nazirliyinin zabiti polkovnik Abdulla Qurbani tədbir iştirakçılarına Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbrikini çatdıraraq Azərbaycan Silahlı Qüvvələrinin son illərdəki uğurlarından, aprel döyüşlərindəki qələbəmizdən, ordu ilə xalqın daha sıx birliyinin yaranmasından danışıb. Qeyd olunub ki, mütəşəkkil ordunun yaranması əgər ulu öndər Heydər Əliyevin adı ilə bağlıdırsa, bu ordunun nəinki Cənubi Qafqazda, eləcə də dünyanın güclü orduları sırasında yer alması Ali Baş Komandanımız İlham Əliyevin adı ilə bağlıdır. Son illərdə ordumuzun maddi-texniki bazası daha da təkmilləşdirilib, yeni silahlar, döyüş texnikaları, zenit-raket kompleksləri, artilleriya qurğuları, təyyarə və helikopterlər alınmış və düşməni susdurmaq üçün həm silah-texnika, həm də şəxsi heyət sarıdan kifayət qədər qüvvəmiz vardır. Hər şeydən öncə şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji hazırlığı, vətənpərvərlik hissinin yüksək olması və hamının bir amal uğrunda, bir bayraq altında birləşməsidir.Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu gün yola salınan əsgər və çavuşların hamısı aprel döyüşlərinin iştirakçılarıdırlar və onlar doğmalarının yanına qalib kimi qayıdırlar. Ehtiyata buraxılan hər bir əsgər haqqında məlumat verilib, döyüşlərdə göstərdikləri rəşadətlərindən söhbət açılıb. Sonra döyüş növbəsinin, qəhrəmanlıq estafetinin rəmzi təhvili mərasimi başlanıb. Ehtiyata buraxılan əsgər Altay Vəliyev "Bu gün mən və mənimlə bir vaxtda müddətli həqiqi hərbi xidmətə çağırılan gənclər həyatımızın ən xoşbəxt günlərini yaşayırıq. Biz artıq Vətən və xalq qarşısında müqəddəs əsgəri borcumuzu şərəf və vicdanla yerinə yetirərək doğmalarımızın yanına alnıaçıq və üzüağ dönürük. Ancaq Vətən çağırarsa biz silaha sarılaraq yoluna-izinə yaxşı bələd olduğumuz, şəhidlərimizin qanı çilənmiş səngərlərimizə yenidən qayıdacaq və yenə də Vətənin sadiq əsgəri kimi xidmətimizi davam etdirəcəyik", - deyərək silahını, dəmir dəbilqəsini və zirehli gödəkçəsini onu əvəz edəcək gənc əsgərə təqdim edib. Gənc əsgər Elmir Məmmədov isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin qəhrəmanlıq ənənələrini davam etdirəcəklərinə, Ali Baş Komandanımızın rəhbərliyi altında tezliklə Xankəndi, Şuşa, Laçın və işğal altında olan digər torpaqlarımızdan xalqımıza qələbə müjdəsi gətirəcəklərinə and içib. Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov ehtiyata buraxılan əsgərlərə tərtərlilərin minnətdarlığını çatdırıb, onlara xatirə hədiyyələri təqdim edib və ordudan mülki həyata həm fiziki, həm də mənəvi cəhətdən mükəmməl, hazırlıqlı gənc kimi dönən igid oğullara uğurlar arzulayıb. Tərtər məktəbliləri öz bağçalarında becərdikləri gül-çiçəklərdən dəstə tutaraq Vətən oğullarına yaxşı yol diləyiblər. General-mayor Hikmət Həsənov bu gün yola salınan igidlərlə fəxr etdiyini, onlarla bütün xalqımızın fəxr etdiyini bildirib. Belə vətənpərvər, qorxmaz, cəsarətli oğullar ordumuza bəxş etdikləri üçün onların valideynlərinə təşəkkür edib. Ordu ilə xalqın birliyindən danışan general H.Həsənov diqqətə çatdırıb ki, tərtərlilər həmişə olduğu kimi aprel döyüşlərində də Azərbaycan əsgərinə arxa-dayaq olmuş və qələbənin qazanılmasında səylərini əsirgəməmişlər. Yaşayış məntəqələri düşmən atəşlərinə məruz qalanda, mərmilər dolu kimi yağanda heç bir tərtərli od-ocağını tərk etməyib. Bu, əsil qəhrəmanlıqdır. Daha sonra general şəhidlərin hörmət və ehtiramla ünvanlarına yola salınmasında göstərdiyi diqqətə görə şəxsən rayonun icra başçısına və bütün tərtərlilərə minnətdarlıq edib. Ehtiyata buraxılan əsgərlərə hərbi biletlər, nümunəvi xidmətlərinə görə fəxri fərman, valideynlərinə isə təşəkkür məktubları təqdim edən birlik komadiri onları bir-bir bağrına basıb, yaxşı yol arzulayıb. Əmin olduğunu bildirib ki, bu gün ehtiyata buraxılan gənclər əsgərlikdə olduqları kimi arxa cəbhədə, ictimai həyatda da ümidləri doğruldacaq xalqımıza, dövlətimizə layiqli övladlar olacaqlar. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi Tərtər rayon filialının sədri Suliddin Yusifov, Azərbaycan Bayrağı ordenli veteran döyüşçü Nizami Heydərov da Vətən qarşısında əsgəri borclarını yerinə yetirən oğullarla fəxr etdiklərini deyərək onlara uğurlar arzulayıblar. Aprel döyüşlərinin iştirakçılarından olan gizir Raqif Qayıbov və müddətdən artır həqiqi hərbi xidmət hərbi qulluqçusu Niyazi İsgəndərov da ehtiyata buraxılan gənclərlə bir yerdə erməni işğalçılarına divan tutduqlarını, strateji yüksəklikləri azad etdiklərini, erməni əsgərlərinin silah-sursatlarını ataraq necə qaçdıqlarını xatırlayıb və bu gün ehtiyata buraxılan döyüşçüləri əvəz edəcək əsgərlərə bu barədə daha geniş söhbət açaçaqlarını, onları nümunə göstərəcəklərini deyiblər. Tədbirə toplaşanlar milli musiqimizin sədaları altında əsgərlərlə bir yerdə rəqs edib, onları böyük qələbəliklə doğma el-obalarına yola salıblar.
Bu arada Qeyri-Hökumət təşkilatları regionlarda vətənpərvərlik tədbirlərini davam etdiriblər. Quba rayonunda Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi İctimai Birliyi tərəfindən (ADİİM) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycanda yaşayan azsaylı xalqlar, milli azlıq və etnik qruplar arasında vətənpərvərlik ruhunun aşılaması məqsədilə maariflənmə kampaniyasının həyata keçirilməsi" layihəsi çərçivəsində növbəti tədbir keçirilib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialının akt zalında keçirilən tədbiri açan filialın Tələbə Gənclər Təşkilatının sədri İlkin Xanlarzadə qonaqları iştirakçılara təqdim edib. Sonra ADİİM sədri Cavid Şahverdiyev layihə barədə məlumat verərək qeyd edib ki, tədbirlərin təşkilində əsas məqsəd Qubada yaşayan azsaylı xalqların gənc nəsli arasında vətənpərvərliklə bağlı maarifləndirmə işini təşkil etməkdir. C.Şahverdiyev layihənin fəaliyyət planından söz açıb, bildirib ki, bundan öncə Bakı və Siyəzəndə tədbir keçirilib. Oktyabrın 3-4-ü Qubada, noyabr ayında isə Qusar və Xaçmazda tədbirlərin keçirilməsi planlaşdırılır: "QHT-lərə Dövlət Dəstəyi Şurası hər il yüzlərlə QHT-ni dövətimizin, millətimizin, xalqımızın milli maraqlarına xidmət edən layihələrini maliyyələşdirir. Vətənpərvərlik mövzusu daim aktual olub ". QHT sədri onu da qeyd edib ki, hər bir cəmiyyətin gələcəyi onun yetişməkdə olan gənc nəslidir. Gənc nəslə qayğı isə hər bir dövlətin siyasətinin aparıcı istiqamətlərindən biridir. Bugünkü gənc nə qədər savadlı, nə qədər vətənpərvər, nə qədər yüksək dünyagörüşünə malik olarsa, dövlətin, millətin gələcəyi bir o qədər işıqlı və ümidverici olar. Bu gün milli dövlətçiliyin formalaşması, milli mənlik şüurunun inkişaf etdirilməsi, vətənpərvərlik ruhunun yüksəldilməsi kimi qlobal proseslərdə gənclərin üzərinə böyük məsuliyyət düşür. Gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsi, milli vətənpərvərlik ruhunda tərbiyə olunması müstəqil dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin ideya-siyasi, elmi və mədəni tərəqqisi üçün mühüm amildir. Məhz bu amillərin təsiri nəticəsində gənclərin həyat tərzini, dünyaya baxışını, Vətənə, torpağa sayğıdan uzaqlaşmaq təhlükəsi yaranır. Belə anda ən mühüm məsələ kimi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi məsələsi önə keçmiş olur. Daha sonra layihənin eksperti Ramin Mahmudov çıxış edib. O gənclərin vətənpərvərlik ruhunda fəaliyyət göstərmələrinin vacibliyindən danışıb. Bildirib ki, gənclərin lazım olandan artıq dərəcədə dünyəvi dəyərlərə önəm verməsi, onları millilikdən uzaqlaşdırır. Nəticədə onların öz milli kimliyini itirməsi təhlükəsi yaranır. Kosmopolit düşüncə tərzinin hakim olması xalqın sahib olduğu dəyərləri deqradasiyaya uğradır. Gənclərdə milli vətənpərvərlik hissləri güclü olmalıdır. Bizim gənclərimizin vətənpərvər olmaları isə xüsusilə vacibdir. O mənada ki, torpaqlarımız işğaldadır, məcburi köçkünlərimiz var, qız-gəlinlərimiz əsirlikdədir. Torpaqlarımızın işğaldan azad edilməsi, əsirlərimizin öz doğmaları ilə qovuşması üçün gənclərimizdə vətənpərvərlik ruhu günü-gündən artmalıdır. Tədbirdə tələbələrin də fikirləri dinlənilib, layihə rəhbərliyinə ünvanlanan suallar cavablandırılıb. Sonra tədbir iştirakçılarına ADİİM tərəfindən çap edilən layihə ilə bağlı maarifləndirmə məqsədi daşıyan bukletlər paylanılıb.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 6 oktyabr.- S.15.