Şəhidliklə vətənpərvərlik

arasındakı körpü

 

Mən universitetdə oxuyanda hərbi kafedra var idi, tələbələrə həftədə iki dəfə hərbi dərs keçirilirdi. Hərbi  xidmətdən gələn oğlanlar bu dərslərdə bir daha hərbin sirrlərini öyrənir, 18-20 yaşlılar isə hərbin bəzi elementləri ilə tanış olur, bir növ əsgəri xidmətə hazır olurdular. Orta məktəbdə hərbin əlifbasını öyrənmiş tələbə oğlanlar bu dərslərdə peşəkar hərbçilərdən çox şey öyrənirdilər.

 

Biz qızlar da tibb dərsləri keçirdik. Hərbi həkimlər bizə müharibə olarsa, yaralılara necə kömək etməyi, sarğı qoymağı,  ilk tibbi yardım etməyi başa salırdılar. Bu dərslər, həm də  bizim daha vətənpərvər olmağımız üçün stimul idi.

Amma indi universitetlərdə hərbi kafedralar ləğv olunub. Orta məktəb partasından qalxıb universitetə gələn tələbə diplom alandan sonra birbaşa əsgərliyə yollanır. Bir müddət əsgərlik şəraitinə öyrəşə bilmir, sıra düzülüşünün,  hərbi addımlarla yeriməyin, silah atmağın necə olduğunu çətin qavrayır. Orta məktəbin hərbi dərslərindən öyrəndiyi sadə hərəkətlər yetərli olmur.

Bu gün müharibə şəraitində olan bir ölkənin gəncləri vətənpərvərlik tərbiyəsində tam olsalar ölkə üçün , özləri üçün   yaxşı olmazmı? Nəzəriyyə ilə müharibəyə getmək olmaz.  Ailədə, orta məktəbdə aldığı sadə biliklər bir qədər universitet illərində təkmilləşərsə əsgərlik xidməti onun üçün daha maraqlı, daha rahat olar.

Azərbaycanlı gənclər demək olar ki, təcrübi biliklər əldə etməyə  meyllidirlər. İllərlə sovet təbliğatı ilə vətən anlayışının olduğunu, böyük sovetlər ölkəsinin hər yerinin  vətən torpağı hesab edildiyini canımıza-qanımıza yeridiblər. Təkcə Azərbaycan deyil, digər  14 respublikanı da doğma vətənimiz saymışıq.  Bu, bəlkə yaxşı hal olub. Qardaşlıq, bərabərlik prizmasından baxaraq öz torpağımızı, öz məmləkətimizi sevərək hər qarışına sahiblənmək hissinə malik olmuşuq. Hətta  bu gün düşmənimizə çevrilmiş mənfur erməni torpaqlarını da  vətənin bir parçası zənn etmişik. Bu, təbii ki, böyük sovet imperiyasının müvəqqəti olsa qələbəsi idi.

İndi imperiya yoxdu, müstəqil, azad Azərbaycan var. Bu gün torpaqlarının 20 faizi işqal olunmuş yaralı  yarımçıq vətənimiz var.  Bu vətəni  yenidən tamlaşdırmaq üçün vətənpərvərlik tərbiyəsinin önəmli olduğunu  universitet tələbəsinə hərbi dərslərdə əyani vasitələrlə başa salmaq, öyrətmək, canına-qanına, lap elə iliyinə yeritmək lazımdı. 20 ildən çoxdu Ermənistan-Azərbaycan-Dağlıq Qarabaq münaqişəsinin  sülh yolu ilə həll olunması üçün ölkə prezidenti bütün yollara əl atır, beynəlxalq təşkilatlar uyğun variantlar axtarırlar. Amma ehtiyatda olanı hər an müharibənin ola biləcəyi variantıdır.  Unudulmamılıdır ki, sülh danışıqları bir nəticə verməyəndə səbr kasası dolan xalq torpağı uğrunda şəhid olmaq üçün ayağa qalxır.

Şəhidliklə vətənpərvərlik arasında bir körpü var. Bünövrəsi ailədən başlayan bu körpünün universitetdə möhkəmlənməsi bu gün üçün çox vacibdi. Kimsə dana bilməz ki, universitet tələbələri vətənini sevmir. Kimsə belə bir arzunun üstündən xətt çəkə bilməz ki,  18-22 yaşlı  oğlan tələbəlik illərində işğal altında olan torpaqlarımızın azadlığı uğrunda vuruşmaq istəmir. Fakt: beş ay əvvəl azad olunmuş torpaqlar uğrunda qəhrəmancasına həlak olmuş universitet məzunları. Ona görə universitetlərdə hərbi dərslərin keçirilməsi bu hissi daha da gücləndirər, gənclərin orduya hazırlığına stimul verər, həmçinin Azərbaycan ordusunun hərbi gücünə güc qatar.

Bəzi universitet məzunları hərbi xidmətə gedəndə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kurs keçərək xidmətə zabit kimi başlayır. Hərdən Təlim-Tədris Mərkəzinin baş giziri olan qardaşım oğlu ilə söhbət edirəm, vəziyyətlə maraqlanıram. Doğrudu o, hərbi sirrlərdən söz açmır, amma təlimin keyfiyyətini,  gənc oğlanların necə həvəslə oxuduğunu,  hərbin bir çox məziyyətlərini öyrəndiklərini söyləyir. Kursun tamamında demək olar ki, onlar təkcə hərbi xidmətə tam şəkildə hazır olmurlar, həm yüksək səviyyədə vətənpərvərlik hissinə yiyələnir, qəhrəmanlıq duyğusunu ürəklərinə hopdururlar. Təlim-Tədris Mərkəzinin müdavimləri qəhrəman kimi döyüş bölgəsinə yollanırlar. Özlərini vətənin ölməz əsgəri sayırlar, qorxmurlar, gözlərini belə qırpmadan döyüşə biləcəklərinə tam əmin olurlar.

Bu, qəhrəmanlıq tərbiyəsinin, vətənpərvərlik hissinin güclənməsinə təkan verən  ən gərəkli amildi. Hərbi qulluğa yollanan gənc özündən əvvəlki əsgərin şəhidliyinə tapınır,  həlak olmuş hərbçi zabitin şərəfinə and içir. Əsgərliyə gedənə qədər həm mənəvi, həm psixoloji  cəhətdən hazırlıqlı, ümumi ibtidai hərdi biliklərə yiyələnən gənc oğlan ordudakı nizam-intizama sözssüz hazır olur, müharibə ab-havasından çəkinmir, onda xof yaranmır. Bilir ki,  günün birində  düşmən üzərinə hücum əmri verilə bilər.  Bu əmri sözssüz yerinə yetirənlər vətənpərvərlik tərbiyəsi  güclü olanlar, özünü qəhrəmanlıq etməyə hazır sayanlardı. Tam əminliklə deyə bilərəm ki, azərbaycan ordusunun əsgər zabitləri məhz belədi: hər gün, hər saat  torpaq uğrunda döyüşmək üçün beyni saat kimi işləyən hərbçilərdi.

Bu "saatın" dayanmaması üçün ölkənin ələqadar qurumları  birgə işləməlidirlər. Müdafiə Nazirliyi Təhsil Nazirliyi ilə birlikdə universitet tələbələrinin Silahlı Qüvvələrdə xidmətinin uğurlu olmasına yönəlik tədbirləri həyata keçirsələr ordumuza böyük kömək olar. Eləcə Gənclər İdman Nazirliyi  vətənpərvərlik tərbiyəsində  universitet tələbələri arasında lazımlı apara bilər, hətta deyərdim ki, bu onun üzərinə düşən əsas işdi. Birbaşa gənclərlə işləyən nazirlik idmançı  tələbələrə yarışlarda qalib gəlmələri üçün vətənpərvərliyin qəhrəmanlığın gözəl duyğu olduğunu,  ürəklərinin qələbə hissinə kökləndiyini aşılamalıdır.

QHT-lər bu işdən kənarda qalmamalıdır. Məlumdur ki, ölkənin  bir çox  qeyri-hökumət  təşkilatları vətənpərvərlik  yönümündə xeyli işlər görüblər və dayanmadan bu işi davam etdirirlər. Zaman-zaman universitet tələbələri ilə ehtiyatda olan zabitlərin görüşünü təşkil edirlər. Bu tədbirlərdə onların  hərbidən keçən həyat yolundakı uğurlardan danışılır, əsgərlərlə zabitlər arasındakı hərbi təmasın faydası izah olunurbunun döyüşə yollanan əsgər üçün böyük təkan olduğunu vurğulayırlar.

Azərbaycan ordusunun gücü azərbaycanlı gəncin  təkcə biləyində deyil, həm də ürəyindədir. O ürəkdə ki, orda torpaq həsrəti var. O ürəkdə ki, orda düşməndən intiqam almaq hissi kök atıb. Bu həsrətə son qoymaq, intiqam almaq hissini azadlıq hissi ilə əvəz etmək ali mktəblərdəki hərbi hazırlıqdan başlayır. Ümid edək ki, yaxın zamanlarda universitetlərdə hərbi kafedralar bərpa olunacaq. Şəhidliklə vətənpərvərlik arasındakı körpünün bünövrəsini bu dərslərdə qoyacaqlar.

 

Züleyxa Nadir

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

 

Olaylar.- 2016.- 6 oktyabr.- S.6.