Bayrağımızı kölgəsində ölə

biləcəyimiz qədər sevək...

 

Bu, doğrudan da belədir. Qəhrəmanlıq simvolu olan bayraq millətin millət olaraq var olmasını sübüt edən, ayaqda durmasına stimul verən bir atributdur. Bayraq millətin qüruru, fəxri, baş tacı və vətənpərvərlik közünü alovlandıran atəşdi. Bayraq hər bir millətin tarixinin xəritəsidi. Bayrağın dəyəri onun parçasının pambıq, atlasyaxud ipək olması ilə deyil, təmsil etdiyi millətin qiyməti ilə ölçülür. Bayraq həm də dövlətin hakimiyyətini, müstəqilliyini və şərəfini təmsil etdiyi üçün ona sayğı göstərilərək başdan ucada tutulur.

 

Bəs, Bayrağa olan sayğının kökünü harda axtarmaq lazımdı? Tarixə qısa bir nəzər salsaq, Bayraqla bağlı qürurun millətin torpağa,vətənə məhəbbətindən irəli gəldiyini görərik.

Vətənpərvərlik, vətən sevgisinin əzəli müqəddəs Bayraqdan başlanır. Vətənə bağlılıq insanlarda vətənpərvərliklə səciyyələndirilir. Vətənpərvərlik içimizdə, ruhumuzda kök salmış, qəlbimizdə yuva qurmuş torpaq sevgisinə bağlıdır. Qəhrəmanlıq başımızdan ucada tutduğumuz, önündə əyildiyimiz, öpüb alnımıza qoyduğumuz Bayrağa hoparaq onunla birlikdə yaşayır.

Çox qədim zamanlarda qurulan dövlətlər, eləcə də tayfalar bayraq, yaxud da bayrağa bənzər simvollardan istifadə ediblər. Qədim misirlilərin, assuriyalıların, iranlıların özlərinə məxsus xüsusiyyətləri olan bayraqları olub. Çində, Hindistanda, Roma imperatorluğunda bez üzərində cürbəcür miniatürlərin yer aldığı simvollarla bəzədilmiş bayraqlardan istifadə ediblər.

İslam dininin təşəkkül tapdığı ərəb dövlətlərində də hicrətin birinici ilindən etibarən bayraqdan istifadə olunub. Məhəmməd peyğəmbər Mədinəyə hicrət edəndən bir il sonra Şamdan dönən Qureyş tayfasının karvanlarının üzərinə gedən 30 nəfərlik dəstəyə Həmzə rəhbərlik edib. Həmzə nizənin ucuna rəngli bez parçası bağlayaraq onu Əbu Mürşüdün əlinə verib. Məhz bu bayraq müsəlmanların ilk bayrağı, Əbu Mürşid isə müsəlmanların ilk bayraqdarı olub. Tarixçilər yazırlar ki, türklər nizənin ucuna bağlanan bu məmulata "batrak, badruk, bayrak" deyiblər.

Yaxın dövrə kimi SSRİ-nin yarandığı gün olan 7 noyabrda təntənəli paraq keçirilirdi. Hərbçilər və sovet zəhmətkeşləri möhtəşəm parada uzun müddət hazırlaşırdılar. Bu paradda yüzlərlə qırmızı rəngli, oraq-çəkic şəkilli sovet bayrağı dalğalanırdı. 70 il sovet hokuməti bu bayrağı sevməyi, ona müqəddəs bir sevgi ilə yanaşmağı təbliğ etdi. Deyim ki, təbliğat öz bəhrəsini verirdi də. Amma 1991-ci ildə sovet dövləti dağıldıqdan sonra Azərbaycanın ay-ulduzlu bayrağı SSRİ-nin oraq-çəkicli bayrağını ayaqlar altına atdı.

Bu gün müstəqilliyimizin 24 yaşı var. Bu 24 ildə bayrağımıza sevgi nə dərəcədə olub? Hər kəs bayrağına sahib çıxıb onu başı üzərinə qaldırırmı? Bayrağa hörmət etmək, onu sevmək müqəddəs bir borcdur. Bu borc ailədən başlayır. Ailə tərbiyəsindən qaynaqlanır. Ailənin vətən, torpaq sevgisindən qidalanır. Ailənin vətənpərvərlik tərbiyəsi qəhrəmanlıq hissinə köklənmiş duyğulara bağlıdır ki, bunun də əsasında üçrəngli bayrağımız durur.

Biz bayrağımıza sarılmağı bacarırıq, onu başımızdan uca tutmağı şərəf işi hesab edirik. Amma bu hər kəsə aiddirmi? Məncə, yox. Etiraf etmək lazımdır ki, Ramil Səfərovun Macarıstan olayına kimi bayraq müqəddəsliyi kütləyə tam aydın deyildi. Çoxları Ramil Səfərovdan öyrəndi bayraq sevgisini. Bəziləri üçün isə bu hadisə ya anlaşılmaz oldu, ya da dərk edə bilməyəcəyi dərəcədə soyuqqanlı, vecsiz bir yanaşma ilə nəticələndi. O, milli qürurumuzun tapdanmasına dözə bilmədi, bayrağımızın şərəfini qorudu, vicdansız ermənini cəzalandırdı. Bu hadisə bəlkə də heç zaman unudulmayacaq, azərbaycanlıların da, ermənilərin də yaddaşına hopacaq. Hələ neçə-neçə nəsil bu olaydan danışacaq. Bəlkə də zaman gələcək ki, Ramil Səfərovun bayraq sevgisi tarixdə bir iz qoyacaq, bu hadisə mənbə kimi istifadə olunacaq. Bəlkə də unudulacaq... bunu zaman göstərəcək.

Vətənpərvərlik hissi, qəhrəmanlıq duyğusu bayraqsız olarmı? Azadlığımızı, ləyaqətimizi, şərəfimizi özündə ehtiva edən bayrağımızı necə ucuz tutmaq olar? Belələri təbii ki, yox deyil. Belələri azya çox dərəcədə hər millətdə var.

Qardaş Türkiyədə insanların bayraq sevgisi bəlkə də heç bir xalqda yoxdu. Orada hər evdə, hər ailədə türk bayrağı qiymətli əşya kimi ucada saxlanılır. Az qala müqəddəs Quran kimi əlçatmaz bir dəyər ucalığında ürəklərdə gəzdirilir. Təbii ki, bu, bizdə də mövcuddur. İş otaqlarında, hökumət binalarının üstündə bayrağımızı görə bilirik. Bir çox evlərdə də var, amma kütləvi deyil.

Qonşumuzda yaşayan ailənin evinin dam örtüyü üç rəngdən ibarətdir: göy, qırmızı və yaşıl. Uzaqdan baxanda sanki, evin damına Azərbycan bayrağı sərilib. Evin içində də bayraqlar göz oxşayır. Otaqların hamısında balaca bayraqlar var. Bu, çox gözəldi. Sıradan bir vətəndaş olan fəhlə qonşum deyir ki, bayrağımızı övladlarım qədər sevirəm. Elə bu sevgidir ki, o, uşaqlarına paltar alanda da çox vaxt eləsini seçir ki, üzərində bayraq, ya da ki, bayraqdakı rənglərin üçü birlikdə olsun. Bax, bu, bayrağa olan vurğunluqdur, bəlkə də yaxşı mənada fanatlıqdır, ola bilsin ki, böyük eşqdir.

Bir neçə il əvvəlin söhbətidi. İşdən evə gedirdim. Həmişəki kimi yenə də avtobus tıxacda dayanmışdı. Yarım saatdan çox əsəb gərginliyi keçirən sərnişinlər dilxor idilər. Bu zaman gözəl bir mənzərə yaranmış gərginliyi aradan qaldırdı. Yolun kənarı ilə gedən 5-6 gəncin biri Azərbaycan bayrağını çiyninə salmışdı. Bu görüntü çox gözəl idi. Hər kəsin içində bir qurur, bir fəxr hissi baş qaldırmışdı. Hamı dəstə ilə gedən gənclərə baxırdı, həm də üzlərində xoş bir təbəssümlə. Birdən oğlan bayrağı iki əlli başının üzərinə qaldırdı. Möhtəşəm bir mənzərə gözümüzü oxşadı. Üçrəngli bayraq o qədər cazibədar görünürdü ki, sanki, dünyanın bütün gözəlliyini çəkib özünə hopdurmuşdu. Bəlkə də bu görüntünü bir qədər obrazlı yazdım, bəlkə də sentimental düşündüm, hissə qapıldım, amma həqiqətən belə idi. Sanki bir avtobus sərnişinin tarıma çəkilmiş əsəblərinin üstünə sərin su çiləndi. Düşünmək olardı ki, Allah o gənci göndərib içimizdəki tufanı yatırtsın, yerinə sevgi doldursun. doğrudan da sərnişinlərdən biri bayrağa olan sayğıdan, türklərin bayraq sevgisindən danışmağa başladı. Ab-hava dəyişdi, həm də çox gözəl bir istiqamətə yön aldı. Bayrağa olan hörmət, sevgi işini gördü.

İllərdi Elman Türkoğlu Azərbaycan bayrağını başının üzərində daşıyır. Dəfələrlə döyülüb də, söyülüb də, həbsə də atılıb, amma yenə də bayrağı əlindən yerə qoymayıb. Bu adam sanki, Azərbaycan bayrağından ayrılsa ölə bilər. Divin canı şüşədə olan kimi, Bayraqdarın da canı üçrəngli bayraqdadır, ürəyi bayraqla birlikdə döyünür, bayraqla nəfəs alır, bayraqla yaşayır. Bu, onun bayrağa olan Məcnun eşqi, fərqli sevgisidi.

Məmməd Əmin Rəsulzadə deyib ki, oyanan milli qürur hissini, yəni ucalan bayrağı heç bir qüvvə endirə bilməz. 24 ildir Bayrağımız dalğalanır. 24 ildir Bayrağımız mənliyimiz və kimliyimiz olubdur. 24 ildir Bayrağımız hərbi hissələrin varlığı kimi qəbul olunur. Əgər hər hansı hərbi hissə savaşda məğlub olsa, amma bayraq qalsa, deməli o hərbi hissə yaşayır. Hərbi hissə yaşayırsa deməli, vətən yaşayır, torpaq da nəfəs alır.

Bu gün bayrağımızla fəxr etməli çox şeylər var. Hündürlüyü 162 metr olan Dövlət Bayrağı Meydanında dalğalanan milli qürurumuz, milli kimliyimiz dünyanın ən hündür bayrağıdır, adı Ginnesin "Rekordlar Kitabı"nda qeyd olunub. Gəlin babalarımızdan bizə miras qalan bu müqəddəs dəyəri qoruyaq, ona hörmət etmək kimi bir borc daşımaq şərəfini unutmayaq. Bayrağımızı kölgəsində ölə biləcəyimiz qədər sevək, bağrımıza basaq, başımızdan uca tutaq.

 

Züleyxa Nadir

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2016.- 8-10 oktyabr.- S.12.

 

  

: