Gənclərə vətənpərvərlik hissləri aşılanır

 

Müntəzəm olaraq Silahlı Qüvvələrdə keçirilən görüşlər, ordumuzun əsgər və zabit heyətinıə göstərilən diqqət və qayğı gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına təkan verir. Bu mənada hərbi qulluqçuların ehtiyata buraxılması məqsədilə keçirilən tədbirlər də mühüm əhəmiyyət kəsb edir. Artıq bir müddətdir ki, Müdafiə Nazirliyi və yerli icra hakimiyyətlərinin birgə keçirdiyi həmin tədbirlər həm ehtiyata buraxılan, həm də hərbi xidmətə yeni çağırılan gənclərdə vətənpərvərlik hisslərinin artmasına yol açır.

 

Bu günlərdə Şəmkir rayonundakı "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması ilə əlaqədar təntənəli mərasim keçirilib. Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilərək qarşısına gül dəstələri düzülüb. Ulu öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrin müşayiəti ilə Dövlət himni ifa olunub. General-mayor Xəqani Cəbrayılov tədbir iştirakçılarını salamlayaraq hərbi xidmətini başa vuran oğullara minnətdarlığını bildirib. General qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən artıq bir neçə gündür müddətli həqiqi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət qulluqçularının ehtiyata buraxılması prosesi uğurla davam etdirilir. Ehtiyata buraxılan əsgərlərin sıralarında Silahlı Qüvvələrimizin salnaməsinə dördgünlük savaş kimi düşmüş aprel döyüşlərinin də iştirakçıları var. Onlar öz doğmalarının görüşünə qalib kimi qayıdırlar və bu hər kəsə qismət olmayan bir xoşbəxtlikdir. General-mayor ulu öndər Heydər Əliyevin "Hər bir gənc ailəsindən, ata-anasının tutduğu vəzifədən, yaxud da maddi vəziyyətindən asılı olmayaraq Azərbaycan milli ordusunda xidmət etməlidir. Milli ordumuzda xidmət etmək hər bir Azərbaycan vətəndaşının şərəfli borcu olmalıdır", - sözlərini xatırladaraq bu gün təntənə ilə yola salınan Vətən oğullarının öz şərəfli borclarını layiqincə yerinə yetirdiklərinə görə məhz böyük hörmətə layiq olduqlarını qeyd edib. Xidmətini şərəflə başa vuran hərbi qulluqçulara Vətənə nümunəvi xidmət etdiklərinə, onların valideynlərinə isə vətənpərvər, layiqli əsgər yetirdiklərinə görə bir daha təşəkkür edən hərbi hissə komandiri böyük əminliklə bildirib ki, ehtiyata buraxılan döyüşçülərin davamçıları olacaq gənc əsgərlər xidmət keçmiş hərbi qulluqçuların ənənələrini davam etdirərək Silahlı Qüvvələrimizin salnaməsinə yeni-yeni parlaq səhifələr yazacaq və Vətənin qalib əsgəri kimi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxılacaqlar. Polkovnik Abdulla Qurbani vaxtilə bu hərbi hissədə xidmət etdiyi vaxtları xatırlayıb: "Bu, o vaxtlar idi ki, xidmət üçün heç bir şərait yox, ərzaq, geyim təminatı son dərəcə aşağı səviyyədə, döyüşçülərin peşəkarlığı zəif, arxa cəbhədə isə qarşıdurmalar, dövlət çevrilişi cəhdləri xalqı və ölkəmizin müqəddəratını təhlükədə qoymuşdu. Lakin bu gün respublikamızda əmin-amanlıq, sabitlik hökm sürür, ordumuz daha da qüdrətlənir və bu hərbi hissədə də ən müassir xidmət şəraiti yaradılıb, maddi-texniki təminat, silahlanma, şəxsi heyətin isə döyüş ruhu, mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir". Polkovnik böyük iftixarla bildirib ki, artıq bir mərkəzdən idarə olunan, vahid komandanlığa tabe, Ali Baş Komandanın əmrlərinə hər an hazır olan mütəşəkkil ordumuz vardır və o, qarşıya qoyulmuş istənilən döyüş tapşırığını yerinə yetirməyə hazır və qadirdir. Tədbir iştirakçılarının nəzərinə çatdırılıb ki, bu gün gənclər böyük həvəslə əsgərliyə gəlir və onlardan çoxu ehtiyata buraxıldıqdan sonra belə müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətlərini davam etdirir, gənclər hərbi peşələrə həvəslə yiyələnirlər. Şəmkir rayon icra hakimiyyəti başçısının birinci müavini Qüdrət Əliyev çıxış edərək Murov, Daşkəsən, Gədəbəy dağlarında, Qazax və Tovuzun müdafiəsində mətin dayanaraq düşmənin silahlı təxribatlarının qarşısını mərdliklə alan Vətən oğullarına bütün şəmkirlilər adından xidmətlərini uğurla başa vurduqlarına görə minnətdarlıqlarını bildirib. Döyüş növbəsinin rəmzi təhvil və qəbulu mərasimi tədbir iştirakçılarının alqışları və vətənpərvərlik mahnılarının sədaları altında icra olunub. Gəncə Dövlət Dram Teatrının aparıcı aktyoru, respublikanın Xalq artisti Alim Məmmədov Nizami Gəncəvinin, Səməd Vurğunun ölməz misraları ilə ehtiyata buraxılan oğullara uğurlar arzulayıb. Bütün tədbir iştirakçıları Xalq artistinə qoşularaq S.Vurğunun "Azərbaycan" şeirini birlikdə söyləyiblər. Vətən qarşısında öz övladlıq borclarını şərəflə yerinə yetirən əsgərlərimizə Silahlı Qüvvələrimizdə nümunəvi xidmətlərinə görə fəxri fərmanlar, qiymətli hədiyyələr təqdim olunub, ailələrinə isə təşəkkür məktubları ünvanlanıb. Onlar "Vətən" marşının sədaları altında, alqışlarla, gül çiçəklə "Vətən çağırarsa, biz yenidən döyüş səngərlərimizə qayıdacaq, yenə də Vətənin sadiq əsgərləri olacağıq!" nidaları altında hərbi hissələrindən evlərinə yola düşüblər.

Azərbaycan dövlət müstəqilliyinin 25 illik yubileyi ərəfəsində isə Gəncə Qarnizonunda "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda tədbir keçirilib. Bir qrup hərbi qulluqçu Gəncə şəhərindəki Heydər Əliyev park-kompleksinə gələrək Ümummili Liderimizin abidəsi önünə gül dəstələri qoyublar. Sonra hərbi qulluqçular Heydər Əliyev Mərkəzinin nəzdindəki muzeyin ekspozisiyası ilə tanış olublar. Mərkəzin əməkdaşı Sevinc Əhmədova Ümummilli liderimizin uşaqlıq və gənclik illəri, dövlət təhlükəsizliyi orqanlarında fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi illər, dövlət müstəqilliyimizin qorunması, ordu quruculuğunda, eləcə də qədim Gəncənin inkişafındakı müstəsna xidmətlərini əks etdirən foto, sənəd və digər eksponatlarla əsgər və zabitləri tanış edib. Sonra "Heydər Əliyev və dövlət müstəqilliyimiz" mövzusunda "dəyirmi masa" öz işinə başlayıb. Müdafiə Nazirliyinin zabiti, Prezidentin Fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani mövzu ilə bağlı ətraflı çıxış edərək bildirib ki, 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra respublikamız uzun müddət SSRİ-nin tərkibində olsa da, xalqımız həmişə müstəqillik arzuları ilə yaşamışdır. Ulu öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərliyinin ilk vaxtlarından başlayaraq həmişə ölkəmizin dövlət müstəqilliyini bərpa edəcəyinə inanmış və bu istiqamətdə heç kimin xəyalına gəlməyən tədbirlər görmüşdür. Təkcə onu xatırlamaq kifayətdir ki, ötən əsrin 70-ci illərində milli liderimizin yaratdığı indiki C.Naxçıvanski adına Hərbi Lisey olmasaydı dövlət müstəqilliyimizin qarantı olan bugünkü güclü Silahlı Qüvvələrimiz haqqında danışmaq belə mümkün olmazdı. Qeyd olunub ki, 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilməsinə baxmayaraq həmin tarixi günə qovuşmağımızın təməlində məhz ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti dayanır. Heydər Əliyevə görə Azərbaycanın dövlət müstəqilliyi xalqımızın ən böyük sərvətidir və müstəqilliyimiz daimidir, sarsılmazdır, əbədidir. ""Dəyirmi masa"da iştirak edən Gəncə Dövlət Universitetinin dosenti, tarix və siyasi elmlər üzrə fəlsəfə doktoru Etibar Musayev, Müdafiə Nazirliyinin zabiti polkovnik Nazim Əhmədov, Gəncə Dövlət Aqrar Universitetinin müəllimi Sevda Abdullayeva, polkovnik-leytenant Loğman Xanlarov, mayor İftixar Mehdiyev, kapitan Vüsal Sadıqov, leytenant Arif İsmayılov və başqaları respublikamızın tərəqqisində, iqtisadi, siyasi, mədəni uğurlarında, beynəlxalq əlaqələrin genişlənməsində, Azərbaycan ordusunun dünyanın ən güclü orduları sırasında yer almasında, ümumiyyətlə, dövlət müstəqilliyimizin möhkəmlənməsində, daimi və əbədi olmasında xalqımızın dahi oğlu Heydər Əliyevin müstəsna xidmətlərindən söhbət açıb, fikir və mülahizələrini bildiriblər. Azərbaycanın Milli Qəhrəmanı şəhid Elbrus Allahverdiyevin qızı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Sevinc Allahverdiyeva Azərbaycanın dövlət müstəqilliyinin qorunması və respublikamızın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi uğrunda şəhid olanların ailə üzvlərinin daim diqqət və qayğı ilə əhatə olunması ənənəsinin də Heydər Əliyevlə başlandığını "dəyirmi masa" iştirakçılarının diqqətinə çatdırıb. "Dəyirmi masa"nın sonunda səmimi qarşılanmaya görə Heydər Əliyev Mərkəzinin direktoru Könül xanım Zeynalovaya və bütün əməkdaşlara Müdafiə Nazirliyi adından minnətdarlıq bildirilib. Heydər Əliyev Mərkəzinə və qonaqlara kitab-albomlar hədiyyə edilib.

Ağdam rayonunun Quzanlı qəsəbəsində isə "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin təşəbbüsü ilə qazılan subartezian quyusunun və Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin adını daşıyan bulağın açılışı olub. Rayon ictimaiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, Qarabağ müharibəsi veteranlarının və şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədov və digərləri "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin Ağdam rayonunda həyata keçirdiyi xeyriyyə tədbirlərini yüksək qiymətləndiriblər. Milli Məclisin deputatı Flora Qasımova həyat yoldaşı, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin xatirəsinə göstərilən ehtirama görə Ağdam rayon İcra Hakimiyyətinin başçısı cənab Raqub Məmmədova və İctimai Birliyinin rəhbərliyinə təşəkkür edib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 11 oktyabr.- S.15.