YUXU, SU,
İŞIQ VƏ HƏSƏN BƏY ZƏRDABİ
Tarixi şəxsiyyətlərin
həyatının bədii təsviri müasir qəhrəmanların
ədəbiyyatda əksindən daha çətin prosesdir. Məhz
ona görə də yazıçıların əksəriyyəti
həyatda gündəlik qarşılaşdığı
insanların təsvirini ədəbi fakta çevirməyə
çalışaraq çağdaş qəhrəmanlar
yaradırlar. Çünki müasir ədəbi qəhrəmanı
yazıçı daha yaxından müşahidə edə, mənəvi,
psixoloji durumunu izləyə bilir və bu yaradıcılıq
texnologiyası əlavə enerji itkisi yaratmır. Tarixi romanlar, povest və ssenarilərin yazılma prosesi
isə xeyli mürəkkəbdir. Artıq tarixin toz basan səhifələrindən
günümüzə boylanan şəxsiyyətləri
canlandırmaq yazıçıdan yüksək erudisiya, təhlil,
dövrün ictimai-mədəni mühitini bilmək və
üstəlik danışıq tərzini mənimsəmək
tələb olunur.
Tarixi
şəxsiyyətlərin Azərbaycan ədəbiyyatına
gətirilməsinin tarixi o qədər də qədim deyil. N.Nərimanov,
M.S.Ordubadi, S.Vurğun, Y.V.Çəmənzəminli, Ə.Cəfərzadə,
S.Rüstəmxanlı, Aqil Abbas, Fərman Kərimzadə kimi
qələm ustadlarının yaradıcılığında
xalqımızın tarixində mənfi, ya da müsbət
rolu olan şəxsiyyətlərin obrazları canlanıb,
povestlərə, cild-cild romanlara çevrilib. Bu qələm
sahiblərinin sayəsində Sözün və Şərtlərin
imkan verdiyi qədər bu tarixi şəxsiyyətlər ədəbi
faktlara çevrilib. Əli Əmirli, Elçin Hüseynbəyli,
Yunus Oğuz və bir çox müasir
yazıçıların tarixi mövzulara müraciət etmələri
ədəbi ənənələrin yaşadılmasına və
inkişafına böyük töhfədir.
Milli
duyğuların təcəssümü olan şeirlər
müəllifi, azərbaycanşünas alim Sona xanım Vəliyevanın
Böyük Azərbaycan mütəfəkkiri, anadilli mətbuatımızın
banisi Həsən bəy Zərdabi şəxsiyyətinə
müraciəti XIX əsrin sonları XX əsrin əvvəlləri
Azərbaycan tarixinə bir növ baş vurması, səyahət
etməsi deməkdir. Çar Rusiyasının müstəmləkəçilik
qanunları və ruslaşdırma siyasətinin yerlərdə
hökm sürdüyü zaman milli şüura, ənənələrə
sadiq, yenilikçi şəxsiyyətlərin yetişməsi,
onların mücadiləsinin qələmə alınması
vacib və olduqca məsuliyyətli işdir.
Xatırlamaqda
fayda var ki, maarifçilik hərəkatının banisi, ilk
xeyriyyə cəmiyyətinin qurucusu, milli teatrın və
jurnalistika sisteminin yaradıcısı H.Zərdabi obrazı
S.Vəliyevanın "İşığa gedən yol”
romanına qədər öz ədəbi taleyini gözləyirdi.
İndiyə qədər H.Zərdabi obrazı ədəbiyyatda
işlənilməmişdir.
Oxuculara
yeni təqdim olunan bu əsərin əsas üstünlüyü
ondadır ki, müəllif bədii təxayülünü sənədlər,
tarixi faktlarla ümumiləşdirir və xronoloji
ardıcıllığı qoruya bilir.
"İşığa
gedən yol”un ümumi, yığcam qiymətini müəyyənləşdirmək
istəsək, aydın olar ki, əsər XIX əsrin sonu XX əsrin
əvvəlki Qafqazın ictimai, siyasi, mədəni
mühitinin ədəbi həll faktıdır. Müəllif
Həsən bəy Zərdabinin timsalında Azərbaycanın
həmin dövr yaşantısını, siyasi, ictimai, mədəni
və etnoqrafik obrazını yaradır.
Uzunmüddətli
yaradıcılıq işi olan "İşığa gedən
yol” romanı Azərbaycan bölgələrinin vəziyyətini,
ictimai problemlərini özündə ehtiva etməklə
yanaşı həm də mətbuat və teatr tariximizin təsviri
və tədqiqini əks etdirən sənədli əsərdir.
Əsərin
qəhrəmanının Zərdabdakı uşaqlıq illəri,
Tiflisdəki gimnaziya həyatı, Moskva universitetində
qarşılaşdığı təhsil və eşq hekayəti,
Borçalıda, Qubada məmur obrazı və ən nəhayət
xalqın maariflənməsi üçün Bakıda
gördüyü çoxistiqamətli fəaliyyəti əsər
boyu oxucunu yormur. Çünki əsərin dili olduqca rəvandır,
anlaşılan və axıcıdır. Yüyrək bir dildə
qələmə alınan bu irihəcmli romanın
üstün cəhətləri çoxdur və onlardan biri də
Həsən bəy Zərdabi və islam faktoruna yanaşma
metodudur.
Müəllif
müasir dövrümüzə qədər gəlib
çıxan, elmi-fəlsəfi, akademik araşdırmalarda
tez-tez istifadə olunan H.Zərdabinin ateist olması
iddiasını ciddi-cəhdlə əsaslandırmağa
çalışanlardan fərqli yol tutur və həqiqəti
ortaya qoyur.
Vaxtilə
mədrəsədə ona dərs demiş Molla Məhəmmədlə
görüşünü dialoq şəklində qələmə
alan müəllif Zərdabinin heç də islam tarixinə,
mədəniyyətinə biganə qalmadığını
göstərir.
"Molla,
yadındadırmı bizə müxtəlif hədislər
haqqında söyləyirdin, Peyğəmbərimiz nə
buyurmuşdu? Buyurmuşdu ki, Əli elmin qapısıdır. Mən
də həzrət Əlinin qapısını açdım,
elmə, obama, həzrəti Peyğəmbərimizin, Əlinin
buyurduğu, məsləhət bildiyi elmi, elmin
işığını xalqımıza gətirməyə
çalışdım. Tək dini təhsil imamı kamil
öyrədə bilməz”.
Hər
yeni bir işə başlayanda Zərdabi üzünü
Tanrıya tutur, ondan güc-qüvvət istəyir, dərdli, əzabkeş
millətinə nicat diləyir: "Allahım mənə həyatda
edə biləcəyim bütün işləri sən
buyurdun, mənim taleyimi, həyat amalımı sən müəyyən
etdin, indi mənə həm də yetərincə güc və
iradə ver ki, sona qədər bu yolla gedə bilim”. Müəllif
əsərin bir çox yerində Tanrı ilə H.Zərdabinin
iç söhbətini qələmə alır və bununla da
H.Zərdabinin timsalında müsəlman maarifçi,
yenilikçi obrazının cizgilərini yaradır.
Rusiyanın "çalxalanan dövrü”ndə Moskvada ali təhsil alan Zərdabinin Vera adlı rus qızı ilə yaşanan ilk gənclik macəralarını və Bakıya qayıdandan sonra yuxusunda ona aşina olan, adını gimnaziyanı bitirən qızların siyahısında gördüyü Hənifə xanım Abayevaya elçi düşməsini ümumiləşdirərək bədii yozum verən müəllif faktların bədiiləşdirilməsində heç bir mübaliğəyə yer vermir. S.Vəliyeva sənədlərə, memuarlara, dövrün mətbuat səlnamələrinə söykənir. Zərdabinin ömür-gün yoldaşı Hənifə xanım Məlikovanın 1925-ci ildə qələmə aldığı xatirələrindəki fakta söykənərək müəllif Moskva universitetinin rektoru Solovyovun qızının timsalında Vera obrazını yaradır. Mənsub olduğu millətə xidmət borcunun tələb etdiyi şərtləri öz iç dünyasından keçirən əsərin baş qəhrəmanı Veraya olan məhəbbətindən keçməli olur. Çünki o buna məcburdur. Gözünün qarşısında anası Mənzər xanımın qardaşı çar generalı Fərəc bəy Ağayev durur. Rus ordusunda general rütbəsinə qədər rəşadətli hərbi yol keçmiş F.Ağayevin xristianlığı qəbul edərək rus xanımla evliliyinin gətirdiyi faciələr, bütün qohum-əqrəbanın ondan imtinası, milli məişətdən uzaqlaşdırılması Həsən bəyi ailə qurmaq məsələsində ehtiyatlı davranmağa sövq edir. S.Vəliyeva sanki bununla bu gün xaricdə təhsil alan gənclərəüz tutur, H.Zərdabinin sevgi tarixçəsini misal gətirir və onlara öz xalqının gözəl xanımlarıyla ailə qurmasını bir növ tövsiyə edir. Həsən bəyi çılğın ehtirasla sevən Veranı Hənifə xanım Məlikova ilə müqayisə edən müəllif milli oyanışda, ilk anadilli qəzet təsisində, milli teatr, ictimai xeyriyyə cəmiyyəti yaratmaqda Veranın Həsən bəyə çiyin verəcəyini, dayaq olacağına inanmır. Və bununla da ömür-gün yoldaşı seçimində H.Zərdabinin yanaşmasını, iradəsini örnək göstərir.
Romanın ən üstün cəhətləri həm də etnoqrafik etüdlərə kifayət qədər yer verilməsi və xalqın milli adət-ənənələrinin qorunmasına çağırışların olmasındadır. Türk-müsəlman xanımlarının geydiyi butalı əbanın təsviri, belə gümüş kəmər taxmaları, anaların övladlarının gələcəyi üçün hazırladığı cehiz sandığı, Novruz bayramı çərşənbələrin keçirilmə qaydaları əsər boyu xatırlanır və ədəbi obrazlarla cilalanır.
Qeyd etmək lazımdır ki, "İşığa gedən yol” milli mətbuat tariximizin bədii obrazlarla oxucuya çatdırılması üçün böyük mənbə rolunu oynaya bilər. "Əkinçi”nin çətinliklərlə ərsəyə gəlməsi, "Ziya”, "Ziyayi Qafqaziyyə”, "Kəşkül”, "Şərqi-rus”, "Həyat”, "Kaspi” qəzetlərinin fəaliyyəti və bu mətbu orqanlarının yaradıcılarının obrazları əsər boyu hadisələrin iştirakçılarına çevrilir, tarixdə oynadıqları rol xatırlanır.
"Əkinçi”dən sonra 1883-cü ildə Tiflisdə Ünsizadə qardaşlarının nəşr etdikləri "Kəşkül”ün bağlanmasını təhkiyə üsulu ilə müəllif oxuculara Fərəc bəy Ağayevin dilindən bu cürə təqdim edir: "Bilirsiniz, mən bu xəbəri həyəcanla qarşıladım. "Əkinçi”dən sonra gözümüzü "Kəşkül”ə dikmişdik. Çox ciddi və ehtiyatlı iş görülsəydi, yenə də bəhanə tapacaqdılar”. F.Ağayevin təəssüf hissinə qatılan H.Zərdabi yeni anadilli mətbuatın yaradılması üçün bütün vasitələrdən istifadəni məqbul sayır. Ümid yenə də xeyriyyəçi, messanat, millət atası ünvanını alan Hacı Zeynalabdin Tağıyevə qalırdı. Zərdabda sürgün həyatı yaşayan Həsən bəyi "Kaspi”yə dəvət edən də, sonradan "Həyat”ı yaradan da o oldu. Tarixi dəlillərə, faktlara söykənərək S.Vəliyeva dövrün qələm sahiblərinin öz ağsaqqal müəllimlərindən qidalandığını dönə-dönə xatırladır.
Əsərin son bölümlərində H.Zərdabinin Bakı Dumasındakı fəaliyyəti, erməni daşnaklarının bəd niyyətlərinin qarşısının alınması, 1905-ci ildə Bakıda ermənilərin törətdikləri faciələr, "Kaspi”nin mərkəzi rus mətbuat orqanlarının yaydıqları böhtanlara cavabı və "Həyat” qəzetinin nəşri ardıcıl olaraq oxuculara çatdırılır. Xronoloji ardıcıllığın qorunması oxucunun bilgiləndirilməsinə xidmət edir ki, bu da müəllifin tarixi faktlara dəqiq yanaşmasının nəticəsidir.
Ömrünü millət yolunda fəda edən H.Zərdabinin ölüm səhnəsinin təsviri də olduqca duyğulu, hüzünlü fikirlər və səhnələrlə qələmə alınıb: "Hənifə xanım onun əlini əlinə aldı, gülümsəyərək gözünü yumdu, sanki son dəfə dərindən nəfəs alırmış kimi bütün nəfəsini içinə çəkdi və bir daha geri qaytarmadı həmin nəfəsi. Bu an Hənifə xanımın ətürpədən hönkürtüsü evi başına aldı. Həsən bəy artıq gözlərini əbədi yummuşdu”.
Əsərin milli məzmunu həm də ondadır ki, oxucunu tək tarixi şəxsiyyətlərlə qarşılaşdırıb, onların həyat hekayələrini dinləməyə sövq etmir, türk mifoloji düşüncəsini mətnin iç qatına daxil edir. 600 səhifəlik əsərdə İşıq, Su və Yuxunun Həsən bəy Zərdabi ömürlüyündə oynadığı mifik rol fəlsəfi və bədii məzmun qazanır.
İşıq Müstəqil Azərbaycandır. 1918-ci ilin mayında istiqlaliyyətini bütün dünyaya bəyan edən Azərbaycan Xalq Cümhuriyyətidir. H.Zərdabi əsərin əksər hissələrində bu İşığa doğru addımlayır. Bu əzmkar obrazın bütün əməli fəaliyyəti məhz ona köklənib.
Su aydınlıqdır. Əsərin qəhrəmanının Kürün, Xəzərin üzərində salınan körpü ilə İşığa doğru gedir. Müstəqil Azərbaycanın aydın yolu olduğuna müəllifin bir işarəsidir.
Və ən nəhayət Yuxu mifik obrazıdır. Yuxu şaman türklərində öngörmədir. Üzləşəcəyi bütün çətinliklər və bu çətinliklərdən qurtulmağın yolu Həsən bəyə bu Yuxularla çatdırılır.
S.Vəliyevanın bir qələm əhli, yazıçı kimi üstünlüyü bu üç mifoloji komponenti qəhrəmanın həyatı ilə bağlaya bilməsindədir.
Və ən nəhayət Yuxu çin olur. Həsən bəy Zərdabi Azərbaycan Xalq Cümhuriyyətini və bu cümhuriyyətin siyasi varisi müstəqil Azərbaycanı ruhən görür və sevinir.
Akif
Aşırlı
Olaylar.- 2016.- 12 oktyabr.- S.12.