Region gəncləri vətənpərvər

ruhda tərbiyə olunur

 

Azərbaycan iyirmi ildən artıqdır ki, müharibə şəraitində olduğundan ölkə gənclərinin vətənpərvərlik ruhunda tərbiyəsi başlıca amilə çevrilib. Xüsusilə, cəbhə xəttində yaşayan gənclərə bu hisslərin aşılanması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Bu mənada sərhədyanı rayonların yerli icra hakimiyyətlərinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində gördüyü işlər təqdir olunmalıdır.

Qeyd edilən istiqamətdə Qazax Rayon İcra Hakimiyyəti də zaman-zaman silsilə tədbirlər keçirir. İstər təşkil olunan konfrans və dəyirmi masalar, istər hərbi hissələrdə keçirilən görüşlər, istərsə də torpaqlarımızın bütövlüyü uğrunda həlak olan şəhidlərimizin ruhuna göstərilən yüksək ehtiram gənn nəslin vətənpərvər ruhda böyüməsinə öz müsbət təsirini göstərir. Hər il ənənəvi olaraq Qazax rayonundakı "N" saylı hərbi hissədə 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş bayram tədbiri də bu qəbildən olan tədbirlər sırasındadır.. Bir qayda olaraq tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, aparatın məsul işçiləri, hərbi hissə komandiri və şəxsi heyəti, Qarabağ müharibəsi veteranları və əlilləri, şəhid ailələrinin üzvləri və KİV nümayəndələri iştirak edirlər. Bu ilanoloji tədbir keçirilib. Əvvəlcə, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini anıb və abidəsi önünə gül-çiçək dəstələri qoyublar. Tədbiri "N" saylı hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini, polkovnik-leytenant Elmar Zeynalabdinov açıb. "N" saylı hərbi hissənin komandiri, polkovnik İdris Məhərrəmov Azərbaycan Respublikasının Müdafiə Naziri Zakir Həsənovun təbrik məktubunu oxuyubgeniş çıxış edib. Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış edərək Milli Ordumuzun yaranmasının 98-ci ildönümü münasibətilə iştirakçıları təbrik edib və ölkəmizdə ordu quruculuğu ilə bağlı görülən işlər barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Milli Ordunun yaranması çox çətin, mürəkkəb və ziddiyyətli bir yol keçib: "1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Azərbaycanda ermənilər tərəfindən milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhəddini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişmədi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail oldu. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstəriblər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi. Ulu Öndər Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. 20 avqust 2001-ci il tarixli fərmanla Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırıldı. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir, ordumuz inkişaf dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. 1918-ci il iyunun 26-da Azərbaycan Demokratik Respublikası Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - əlahiddə Azərbaycan korpusu yaradıldı. Bu qərar Şərqin müsəlman aləmində ilk demokratik hökümətin öz ordusunu yaratmasına hüquqi əsas verdi. 1920-ci ilin aprelində Azərbaycanın Sovet işğalından sonra milli ordu ləğv edildi. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkəmiz hərbi sahədə ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycanın qarşısında duran əsas Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq idi ki, bu da çox çətinliklə həyata keçirilirdi. Həmin illər Respublikanın hər yerində olduğu kimi, Qazaxda da bir sıra itkilər baş vermiş, 7 kəndimiz erməni silahlı birləşmələri tərəfindən işğal olmuşdu. İlk söyqırım faciəsi Qazaxda, Bağanıs Ayrım kəndində baş vermişdi. Biri körpə olmaqla 7 nəfər diri-diri tonqalda yandırılmışdı. Erməni daşnaqlarına qarşı aparılan Birinci Qarabağ Müharibəsində rayonumuzdan 270 nəfər şəhid, 267 nəfər əlil olub. Bu gün Qazaxda 5 Milli Qəhrəman vardır. Onlardan 3 nəfəri - Şamoy Çobanov, Firuddin Şamoyev Mərifət Nəsibov torpaqlarımızın qorunması zamanı Qazax rayonunda, bir nəfəri - Aqil Musayev dövlət çevrilişinin qarşısının alınması zamanı Gəncə şəhərində, bir nəfəri - Alı Mustafayev Dağlıq Qarabağda vəzifəsini yerinə yetirərkən Qarakənd səmasında vertolyot qəzası zamanı şəhid olublar. Bu ilin aprel ayında ermənilərin törətdikləri təxribatın qarşısını alan zaman Qazax rayonundan da 3 nəfər şəhid oldu. Kapitan Mühit Orucov, Baş leytenant Elvin Namazov "İgidliyə görə", Orxan Əliyev isə "Hərbi xidmətdə fərqlənməyə görə" medalları ilə təltif olunublar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz onların qəhrəmanlığı qarşısında baş əyirik, onların əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır". İcra başçısı deyib ki, ölkəmizdə peşəkar ordu quruculuğunun əsası isə 1993-cü ilin sonlarında qoyulub. Məhz həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşılıb, silahlı qüvvələr pərakəndəlikdən xilas oldu, ordudakı siyasiləşməyə son qoyulub: "Ulu Öndər hakimiyyətdə olduğu dövrdə həm prezident, həm də ali baş komandan olaraq, bütün diqqəti güclü ordu yaradılması işinə yönəltdi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir. Ulu Öndər Heydər Əliyevin siyasi kursu bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də möhtərəm Prezidentimiz, Silahlı qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanda iqtisadi inkişafın sürətləndirilməsi ölkəmizin təhlükəsizlik və müdafiə gücünün artmasına bilavasitə təsir göstərmiş, silahlı qüvvələrdə modern islahatlar aparmağa imkan vermiş, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbi qulluqçuların sosial vəziyyətinin daha da yaxşılaşmasına səbəb olmuşdu. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənbalarının müntəzəm olaraq cəbhə bölgələrinə səfər edərək əsgər və zabitlərlə görüşlər keçirməsi, xidmətdə fərqlənən hərbi qulluqçulara Vətənin mükafatlarını təqdim etməsi, silahlı qüvvələrimizin şəxsi heyətində böyük ruh yüksəkliyi yaratmış və onların torpaqlarımızın işğaldan azad olunmasında yeni-yeni qələbələrə ruhlandırmışdı. Bu gün Azırbaycan möhtərəm Prezidentimiz, Ali Baş komandan İlham Əliyev cənablarının dediyi kimi, güclü dövlətdir və onun güclü ordusu vardır. Sonra şəhid ailəsi Kifayət Sabiri, Silahlı Qüvvələrin "Ehtiyyatda olan zabitlər" Konfederasiyasının Qazax rayon şöbəsinin sədri Baxış Hüseynov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Qazax rayon şöbəsinin sədri Xasay Balayev, jurnalist Arif İbrahimov və başqaları çıxış ediblər".

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 13 oktyabr.- S.15.