Şəhidlər şəhid olanda yox,
unudulanda ölürlər
Şəhidlik elə
bir zirvədir ki, o yüksəkliyə ucalanlar
oradan heç vaxt enmirlər.
Şəhidlik
elə bir yoldur ki, yolunda canını verdiyi vətənin yaraları
sağalmayınca şəhidin də ruhu
sakit olmur. Şəhidlik
elə bir məktəbdir ki,
bu məktəbin öyrənciləri
öyrəndiklərini gələcək nəsilə torpaq üstünə axıdılan
qanları ilə ötürürlər.
Dünyanın bütün xalqlarında şəhidlik müqəddəslik mərətəbəsi sayılır. Bütün xalqlarda şəhidlər ən ali pillədə bərqarar olurlar. Çünki ŞƏHİD canını havasını udub, suyunu içdiyi VƏTƏNdən, qanını üstündə yeridiyi TORPAQdan üstün saymır. Şəhidin bir amalı olur: uğrunda döyüşdüyü torpağın, canını fəda edəcəyi vətənin azadlığına qovuşan ruhları səmalarda rahat dolaşa bilsin.
Bu gün Azərbaycan səmasında ağ göyərçinlər sayağı minlərlə şəhid ruhu "qanaq çalır". Düşmən tapdağı altında olan torpaqlarımızın işğaldan azad olacağı günün həsrətini çəkirlər. Bəri başdan deyim ki, prezident İlham Əliyevin son illər Qarabağla bağlı apardığı xarici siyasətin gözəl nəticə verəcəyi gün yaxınlaşır. Və əminəm ki, daxilimdən gələn xoş müjdəli səsin diqtəsi ilə yazdığım bu sətirlərin sevincini yaşayacam, eləcə də hər biz Azərbaycan vətəndaşı yaşayacaq.
Bu gün Bakının ən uca nöqtəsində - qeyrət və ucalıq zirvəsində bərqərar olan, istiqlal savaşında tarixə dönən şəhidlərimizin əbədi uyuduğu bir məkan var - Şəhidlər Xiyabanı. 1990-cı ilin yanvarında Dağüstü parkı "fəth edərək", millətin qəhrəmanlıq ziyarətgahı "vəsiqəsini alıb" müqəddəsləşən bu məkan müstəqilliyimizin rəmzi, azadlığımızın simvoludu. Bu statusu bizə Vətənin daşı, xalqın qan yaddaşı olan şəhidlərimiz verdilər. Bu məkanda əbədiyyət yuxusuna gedən igidlər xalqın ən dəyərli övladlarıdı.
Qədim tariximizin qüruru, bu günümüzün hünəridi Şəhidlər Xiyabanı. Millətin and yeri olan bu yüksəklikdən şərəfli keçmişimiz də görünür, vətən uğrunda canını fəda edən şəhidlərin övladlarının yaşayacağı qələbələrlə dolu gələcəyimiz də boy göstərir. Bu qələbənin olacağına inanan gənclik hərbi xidmətə yola düşərkən Şəhidlər Xiyabanına gedib məzarlar önündə baş əyməyi vicdan və şərəf borcu sayaraq vətənə sadiq olmaq andı içirlər.
1988-ci ildən başlayan azadlıq mübarizəsi təkcə Bakıda deyil, Azərbaycanın bütün regionlarında Şəhidlər Xiyabanının salınması ilə nəticələndi. Həmin şəhid xiyabanları o regionun yeniyetmələri və gəncləri üçün torpaq sevgisinin, vətən məhəbbətinin göstəricisi olaraq, onlarda vətənpərvərlik və qəhrəmanlıq duyğularını tərbiyə edir. Milli birliyin, vətənpərvərliyin və qəhrəmanlığın vəfa simvoluna çevrilmiş şəhid xiyabanları müstəqilliyimizin möhkəm bünövrəsi, tam təməlidir.
Şəhid olmaq, şəhidlik məktəbindən keçmək vətənpərvərlik hissinin közərən ocağı, alovlanan məşəlidir. Bu məşəl 25 ildir ki, sönmür. Bu közərən ocağın "istisi" 25 ildir ki, şəhid analarını yandırır, şəhid övladlarını qarsıdır. Qan yaddaşımız olan 20 Yanvardan üzü bu yana vətənpərvərliyini, qəhrəmanlıq duyğularını şəhidlik məqamı ilə təsdiqləyən oğullar, qızlar Qarabağ döyüşlərində qanlarını axıtdılar, "uf" demədən, gözlərini belə qırpmadan mənfur düşməni qovmağa çalışdılar.
Rəsmi statistikaya görə təkcə 1991-1994-cü illərdə Qarabağda və dövlər sərhədində baş vermiş döyüşlərdə 11 min 557 döyüşçü şəhid olub. Qalan 22 ildə şəhid olanları da əlavə etsəm bu rəqəm 15 mini əhatə edir. Bir xalqın 25 il ərzində şəhid olmuş 15 min vətəndaşının azadlıq ruhunu özündə əbədiləşdirən şəhid məzarlarının olması o deməkdir ki, millətin vətənpərvərlik hissi, qəhrəmanlıq duyğusu vətəninin, torpağının azadlığı qədər müqəddəsdi, azaddı, eləcə də xalqın özünüdərki və ölməzliyidi.
Allah insanı torpaqdan yaradıb. Bəlkə də elə bu qanunauyğunluqdur ki, insan yarandığı torpağın mahiyyətinə varmadan, cazibəsini hiss etmədən uğrunda canını fəda edir, vətənə qurban gedir. "Allah yolunda öldürülənlərə (şəhidlərə) ölülər deməyin, onlar diridirlər. Lakin siz onu anlaya bilməzsiniz (Bəqərə surəsi, ayə 154). Bu ayədə şəhidlərin Allah yolunda öldürülənlər olduğu vurğulanır. Torpağın da Allah qədər müqəddəs və dəyərli olduğu pəncərədən baxsaq, eyni məntiqlə Allah, həm də torpaq uğrunda canını verən şəhidlərin ölümsüzlüyünə işarə edir.
Şəhidlər güllə yarasından ölmürlər. Şəhidlər unudulanda ölürlər. Nə xoş ki, Azərbaycanda şəhidlər və şəhid ailələri ilə bağlı çözülməsi mümkün olmayan problem yoxdu.
Ölkədə müharibə əlilləri, veteranlar və şəhid ailələri hər zaman dövlətin diqqətindədir. Ümumilikdə vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırlması yönümündə ildən-ilə islahatlar aparılır. Şəhid ailələri bu islahatlarda ayrıca üstünlükləri ilə diqqət çəkir. Dövlət başçısının müxtəlif illərdə imzaladığı sərəncam və fərmanların məzmununu şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, hər cür diqqət və qayğı ilə əhatə olunması təşkil edir. Onların mənzil probleminin həll olunması, ali məktəblərdə təhsil alan şəhid övladlarının təhsil haqqından azad edilməsi, təqaüd və müavinətlərinin artırılması və digər məişət problemlərinin həllinə yönəlmiş işlər şəhid ailələrinin ürəyincə olur. Hər bir şəhid ailəsi hiss edir ki, dövlət və dövlətçilik yolunda canını fəda etmiş övladının arxada qoyduğu ailəsi diqqət və qayğıdan məhrum deyil.
Müharibə şəraitində yaşayan Azərbaycan gənclərinin vətənpərvərlik ruhunun dirçəldilməsi şəhid ailələrinə göstərilən diqqədən keçir. Gənc oğlan, ya qız görəndə ki, şəhidin valideynləri, bacı və qardaşları, övladları ölkənin hörmətli vətəndaşları sayılır, eləcə də qarşılaşdıqları problem və çətinliklər maneəsiz və sözssüz həll olunur, onun da dövlətə inamı artır, daxilindəki vətənpərvərlik duyğusu vətən sevgisinə qarışıb döyüş ruhunu artırır.
Bir neçə il əvvəl prezident İlham Əliyevin doğum gününü bu təbəqədən olan insanlarla - müharibə veteranları, əlillər və şəhid ailələri ilə birgə keçirməsi onu göstərir ki, Ali Baş Komandan həqiqətən də müharibənin od-alovunda yanan, közündə qarşıyan vətəndaşlara xüsusi önəm verir və diqqət ayırır. O, həmçinin həmin gün şəhid ailələrinə yeni mənzillərin, avtomobillərin açarlarını təqdim etdi. Bir neçə gün əvvəl dövlət başçısı daha bir fərman imzaladı. Prezidentin fərmanı ilə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə misilsiz vətənpərvərlik nümunəsi göstərərək Milli Qəhrəman adına layiq görülmüş şəxslərin Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği artırılaraq 1300 manat müəyyən edilib.
Ölkədə fəaliyyət göstərən QHT-lər də səhid ailələrinə diqqət və qayğı göstərmək üçün yetərincə iş görür, necə deyərlər dövlətə dəstək olurlar. "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyi, "Azərbaycan Respublikası Silahlı Qüvvələri Ehtiyatda olan Zabitlər" Konfederasiyası, "Azərbaycan Respublikası Qarabağ Müharibəsi, Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyi, "Azərbaycan Respublikası Vətən Müharibəsi Veteranları" İctimai Birliyi, "Əsgər Anaları" Şurası, "Qarabağ Əlilləri və Veteranları Cəmiyyəti", "Əsgər Ailəsi" Cəmiyyəti, " Aztəminatlı Əlil, Veteran və Şəhid Ailələri" İctimai Birliyi, "Şəhid Ailələrinin Hüquqlarının Müdafiəsi" İctimai Birliyi, "Şəhid Ailələrinə Maddi və Mənəvi Yardım" İctimai Birliyi, Qarabaq Azadlıq Təşkilatı və s. QHT-lər ictimai qurum olaraq fəaliyyətlərini qanunvericilik bazasının əsasında yerinə yetirirlər. Şəhidlərin adına küçə və məktəblərin verilməsi, bağ və parkların salınması, bulaqların tikilməsi və digər bənzər işlərdə QHT-lər təklif və təşəbbüsləri ilə dövlətin əlaqədar qurumlarına yardım edirlər.
Böyük türk şairi Məhmət Əmin Yurdakul "Ya qazi ol, ya şəhid" şeirində insanları azadlıq uğrunda ölüm-dirim savaşına səsləyərək, onlara ya qəhrəman kimi həlak olmağı, ya da yalnız və yalnız qalibiyyətli bir savaşın qazisi kimi geri dönməyi arzulayır. Çünki səhidlik elə bir taledir ki, bu taleyə yazılmış qismət onu Allah dərgahında ən uca pillədə bərqərar edir. Şəhidlik elə bir məqamdır ki, şəhid üçün cənnət qapısı həmişə açıq olur.
Züleyxa Nadir
Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə
ABUC-un həyata keçirdiyi
"Vətənpərvərlik hissinin
yüksəldilməsində QHT-lərin rolunun
artırılması" layihəsi çərçivəsində
çap olunur.
Olaylar.- 2016.- 15-17 oktyabr.- S.13.