Müstəqilliyimizin 25 yaşı
Respublikanı
qarşıda yeni uğurlar
gözləyir
Sovet İttifaqının dağılma astanasında olduğu bir dönəmdə
keçmiş müttəfiq respublikalarda baş
qaldıran milli azadlıq hərəkatları,
müstəqillik, azadlıq çağırışları
Azərbaycandan da yan keçmirdi. Əksinə həmin dövrlərdə
Azərbaycan bu proseslərin əsas lokomotivi rolunu
oynayırdı desək
yanılmarıq.
1988-90-cı illəri əhatə edən Azərbaycan xalqının azadlıq, müstəqillik naminə mücadilə dövrü nəhayət,1991-ci ilin oktyabrında hüquqi əsasda öz əksini tapdı. Belə ki, həmin il oktyabrın 18-də Azərbaycan özünün dövlət müstəqilliyini tarixində ikinci dəfə əldə etdi. Həmin tarixdə Azərbaycanın qanunverici orqanı funksiyasını yerinə yetirən Ali Sovet "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı"nı qəbul etdi. Ali Sovetin sessiyasında keçirilən tarixi səsvermədə Ali Sovetin 360 deputatından 258-si iştirak edirdi ki, onların əksəriyyəti "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın lehinə səs verdi Beləliklə, "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqqında Konstitusiya Aktı" yekdilliklə qəbul olundu. Konstitusiya Aktının preambulasında 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin süqutundan sonra Azərbaycanın Rusiya tərəfindən ilhaq edildiyi, 70 il ərzində sovet rejimi tərəfindən Azərbaycan Respublikasına qarşı müstəmləkəçilik siyasətinin yeridildiyi vurğulanırdı. Konstitusiya Aktının Azərbaycan Milli Şurasının 1918-ci il mayın 28-də qəbul etdiyi İstiqlal Bəyannaməsinə əsaslandığı qeyd edilirdi. Həmin maddələrə əsasən, Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi hesab olunurdu. Azərbaycan SSR haqqında isə heç nə deyilmir, Azərbaycanın 71 illik tarixi hüquqi müstəvidə təsbit olunmurdu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan edilməsinin Sovet İttifaqının çöküşü fonunda baş verməsinə baxmayaraq, Kreml, eləcə də Azərbaycanın müstəqil bir respublika kimi mvcud olmasını istəməyən beynəlxalq güclər hələ də ona mane olmağa, 19118-də AXC-nin yaşadığı taleyi yaşatmağa çalışırdılar. Bu məqsədlə xarici güclər tərəfindən bir neçə dəfə dövlət müstəqilliyimiz üçün təhlükələr də yaradıldı. Cənubda separatçı Əlikram Hümbətovun başlatdığı silahlı qiyam, bir qədər sonra anoloji addımın Gəncədə Surət Hüseynov tərəfindən atılması, eləcə də 1995-ci ildə Xüsusi Təyinatlı Polis Dəstəsinin paytaxtda silahlı qiyama cəhd göstərməsi, ümumilikdə Azərbaycanın müstəqil dövlət kimi varlığını süquta uğratmağa çalışan daxili və xarici qüvvələrin məkrli planlarının tərkib hissəsi idi. Lakin bütün bu sınaqlardan, təhlükələrdən Azərbaycan uğurla çıxaraq öz müstəqilliyini qoruyub saxlaya bildi. Təbii ki, bunda ümummilli lider Heydər Əliyevin gərgin əməyini qeyd etməmək mümkün deyil.
Məhz 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev qısa zamanda bir qayda olaraq daha çox xarici dairələrin maraqlarlına xidmət edən qeyri-qanuni silahlı birləşmələri ləğv edərək müstəqiliyimiz üçün təhlükə mənbəyi sayıla biləcək maneləri dəf etdi. Qarşıda isə bu müstəqilliyi bütün parametrləri üzrə təmin etmək, onu hər bir sahədə inkişaf etdirmək kimi mühüm vəzifələr dayanırdı Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlərin nəticəsi kimi Milli Ordu formalaşdırıldı, Azərbaycanın milli mənafelərini qorumağa qadir nizami silahlı qüvvələrin yaradıldı. Azərbaycan daxilində yaranmış nisbi sabitlik və beynəlxalq aləmdə ölkəmizə artan inam və marağın məntiqi nəticəsi olaraq 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft sazişi imzalandı. Bununla da müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə başlıca qayəsini müstəqillik, azərbaycançılıq, dövlətçilik, ədalətlilik, demokratiya, milli tərəqqi, dünyəvilik kimi ümumbəşəri dəyərlər təşkil edən yeni bir ideologiyanın əsası qoyuldu. Beləliklə, 1993-2003-cü illər ölkəmizdə sabitlik və inkişaf illəri kimi yaddaşlarda və tarixdə qaldı. Bu illər ərzində dövlətçiliyin əsasları qoyuldu. Azərbaycan dünya birliyinə özünü təqdim etdi. Beynəlxalq əlaqələr inkişaf etdi. Dünya xəritəsində Azərbaycan özünə layiq yer tutdu. Nəhəng sosial və iqtisadi islahatlar uğurla aparıldı. Azərbaycan bir neçə beynəlxalq təşkilata üzv oldu. Ölkəmizə böyük həcmdə investisiyalar cəlb edildi.
Bu gün də 25 yaşlı müstəqil Azərbaycan Heydər Əliyev siyasətinin layiqli davamçısı İlham Əliyevin rəhbərliyi altında uğurla addımlayır. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilib, dünya miqyasında qəbuledilən ölkə olub. Ən sadə misal, Bakıda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər gənc Azərbaycan dövlətinin dünyada artan nüfuzu və ona olan hörmətin təsdiqidir. Azərbaycan artıq müxtəlif xarakterli - siyasi, idman, səhiyyə, iqtisadi və sair tədbirlərin keçirildiyi məkana çevrilib. Ölkəmizin mədəniyyətlərarası və sivilizasiyalararası dialoq üzrə mərkəzlərdən biri olmasını bütün dünya qəbul edir. Bütün bunlar ölkəmizin artan nüfuzundan xəbər verir. Bu illər ərzində Prezident İlham Əliyev Azərbaycanın inkişafı və güclənməsi üçün bütün addımları atıb. Dövlət başçısının əzmkarlıqla davam etdirdiyi çoxşaxəli islahatlar kursu respublika iqtisadiyyatında böyük uğurlara zəmin yaradıb, hər bir vətəndaşın həyatında irəliləyişlərə səbəb olub. Bütün bu qeyd edilənlərin məntiqi nəticəsidir ki, ölkə vətəndaşları öz prezidentinə inanır, ona böyük etimad göstərir. Bu inam və etimadın əyani sübutu isə sentyabrın 26-da baş verdi. Belə ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti konstitusiya islahatlarının lehinə səs verməklə bir tərəfdən möcud siyasi kursun davam etməsi, digər tərəfdən isə müstəqilliyimizin daha da möhkəm qorunub saxlanmasına, inkişaf etməsinə səs verdilər.
Bu gün 25 yaşını qeyd edən gənc Azərbaycanın keçdiyi şərəfli yol və qarşıdakı hədəflər ölkəmizin növbəti illərdə daha böyük nailiyyətlər, uğurlar əldə edəcəyini söyləməyə əsas verir. Çünki ona qadir olan dövlət rəhbərliyi, Azərbaycan vətəndaşları var.
Süleyman İsmayılbəyli
Olaylar.- 2016.- 18 oktyabr.- S.5.