Vətəndaşların korrupsiyaya
qarşı mübarizədə rolu
Korrupsiya hüquqpozmaları barədə
məlumat verən şəxslərin müdafiəsi necə
təmin olunacaq?
Milli Məclisin son
plenar iclasında "Korrupsiyaya
qarşı mübarizə haqqında" Azərbaycan
Respublikasının Qanununa əlavə və
dəyişiklik edilib. Bununla
korrupsiya hüquqpozmaları və korrupsiyaya şərait yaradan
hüquqpozmalarla bağlı məlumat
vermə mexanizmini müəyyən edilib və belə məlumatları verən
şəxslərin dövlət müdafiəsini təmin edilib. Maraqlıdır, bu əlavə
və dəyişikliklər nədən ibarətdir və onun korrupsiya
hallarının aradan
qaldırılmasına nə kimi təsiri
olacaq?
Əvvəlcə qeyd edək ki, sözügedən qanuna əlavə olunan "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermə" maddəsi korrupsiyaya qarşı mübarizənin daha da möhkəmlənməsinə yönəlib. Belə ki, mövcud layihəyə əsasən dövlət və bələdiyyə orqanlarında, bu orqanların idarə, müəssisə və təşkilatlarında rəhbər tərəfindən belə məlumatların verilməsi üçün vəzifəli şəxs və ya struktur bölmə müəyyən ediləcək. Yeniliyə görə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat hər bir şəxs tərəfindən yazılı (o cümlədən elektron) və ya şifahi formada verilə bilər. Dövlət və bələdiyyə orqanlarının, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərin və büdcə təşkilatlarının rəhbəri həmin idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə müəyyən edəcək. Beləliklə, idarə, müəssisə və təşkilatlarda çalışan işçilər korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatları səlahiyyətli struktur bölməyə verə biləcək. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatı qəbul etdikdən sonra qeydə almalı və məlumatın qeydə alınmasını məlumatı verən şəxsə bildirməlidir. Səlahiyyətli struktur bölmə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat qeydə alındığı gündən 20 iş günü müddətində məlumatı araşdırmalı və araşdırmanın nəticəsini məlumat verən şəxsə bildirməlidir. Araşdırma "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə baxılması xüsusiyyətlərinə uyğun aparılır. Ancaq barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat səlahiyyətli struktur bölmə ilə əlaqədar olduqda, məlumatı verən şəxs həmin məlumatı müvafiq idarə, müəssisə və ya təşkilatın rəhbərinə təqdim etmək hüququna malikdir. İdarə, müəssisə və ya təşkilatın rəhbəri belə məlumatların qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidir. Korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat idarə, müəssisə və ya təşkilatın rəhbəri ilə bağlı olduqda, məlumat verən şəxs həmin məlumatı idarə, müəssisə və ya təşkilatın rəhbərindən yuxarı vəzifəli şəxsə və ya korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlara təqdim etmək hüququna malikdir. Həmin orqanlar bu məlumatın qəbul edilməsini, qeydə alınmasını və bu Qanunda nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər.
"Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsi" maddəsi isə cəmiyyətdə korrupsiya halları barədə məlumat verməni təşviq etməklə bu sahədə məlumatlandırmanın artmasına, məlumat verən şəxslərin özlərini daha əmin və müdafiəli hiss etməsinə və bu hallarının qarşısının alınmasına töhfə verəcək. Onların dövlət müdafiəsinə gəldikdə isə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs özü barədə məlumatın açıqlanmasını istəmədiyi halda, səlahiyyətli struktur bölmə, idarə, müəssisə və ya təşkilatın rəhbəri və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar onun konfidensiallığını təmin etməlidirlər. Bu məlumat korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin yazılı razılığı olduqda açıqlanır. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin konfidensiallığının pozulmasında təqsiri olan şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsə və ya onun yaxın qohumuna hədə - qorxu gəlmək, onları təzyiqlərə məruz qoymaq, maddi və ya mənəvi ziyan vurmaq, təhqir və təhdid etmək, şərəf və ya ləyaqətini alçaltmaq qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olacaq. Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs və ya onun yaxın qohumu barəsində öldürməklə hədənin icra ediləcəyi, zor tətbiq ediləcəyi, əmlakının məhv ediləcəyi və ya ona ziyan vurulacağı qorxusunun mövcudluğu barədə real əsaslar olduğu təqdirdə, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin prokurorluğa müraciəti əsasında "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təhlükəsizlik tədbirləri tətbiq ediləcək. Qanuna görə, idarə, müəssisə və ya təşkilatın korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat vermiş işçisi barəsində məsuliyyət tədbirlərini tətbiq edən idarə, müəssisə və ya təşkilat onların qanunla müəyyən edilmiş hallardan irəli gəlməsini və korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatla aidiyyəti olmadığını əsaslandırmalıdır. Həmin işçi attestasiyadan keçirildikdə, səlahiyyətli struktur bölmənin nümayəndəsi attestasiya komissiyasının iclasında iştirak etməlidir. İdarə, müəssisə və ya təşkilatlar, səlahiyyətli struktur bölmə və korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış orqanlar tərəfindən bu Qanunun müvafiq maddələrinin tələbləri pozulduqda, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxs inzibati qaydada və ya məhkəməyə şikayət verə bilər. Bu Qanunun 11-2-ci maddəsində nəzərdə tutulmuş müdafiə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı bilə-bilə yalan məlumatvermə, həmçinin özü və ya digər şəxslər üçün qanunsuz olaraq maddi və digər nemətlər, imtiyazlar və güzəştlər əldə etmək məqsədi ilə məlumatvermə hallarında tətbiq olunmur. Ekspertlər hesab edirlər ki, korrupsiya hüquqpozmaları barədə məlumat verən şəxslərin müdafiəsi beynəlxalq təcrübədədə korrupsiyaya qarşı mübarizədə tətbiq edilən, müsbət qəbul edilən mexanizmdir. Azərbaycanda isə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Baş Prokuror yanında Korrupsiyaya qarşı mübrizə üzrə Baş İdarə fəaliyyət göstərir. Bundan sonra isə məlumatı qəbul etməli olan bütün orqanlar məlumatın qəbul edilməsini, qeydə alınmasını və nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin edəcəklər. Bu isə korripsiyaya qarşı ən effektli mübarizə üsullarından hesab olunur. Ümumilikdə isə korrupsiyaya qarşı mübarizədə vətəndaşlar da fəal olmalıdırlar, çünki ictimai nəzarət, vətəndaş cəmiyyətinin iştirakı olmadan ölkədə korrupsiyaya qarşı mübarizə aparmaq çətindir. Ona görə də bu məsələdə hüquq-mühafizə orqanları ilə yanaşı, vətəndaşların da fəallıq göstərməsi vacib şərtlərdən hesab olunur.
Alim
Olaylar.- 2016.- 18 oktyabr.- S.6.