Narkomaniya cəmiyyəti təhdid
edən əsas problemlərdəndir
Bu problemə qarşı ölkədə
səmərəli mübarizə aparılır
Bu gün gəncliyin
fiziki və mənəvi
sağlamlığına mənfi təsir göstərən
amillərdən biri bütün
dünyanı narahat edən, ən ciddi sosial problemlərdən
hesab olunan
narkomaniyadır. Bu problem,
təəssüflər olsun ki, bizim ölkəmiz üçün də aktual
olaraq qalmaqdadır. Müasir
dövrümüzdə insanlıq üçün
böyük bəla olan
narkomaniya bütün
dünyada geniş
yayılıb. Bu problem ilə
mübarizə aparmaq bir o qədər asan deyil.
Mütəxəssislər haqlı olaraq onu xalqların
genofonduna sarsıdıcı
zərbələr vuran,
qarşısının alınması
böyük çətinliklər,
külli miqdarda xərclər bahasına başa gələn son dərəcə neqativ bir amil kimi
dəyərləndirirlər. Eyni zamanda cinayətkar dəstələr narkotiklərin
qanunsuz dövriyyəsindən
külli miqdarda gəlir əldə etmək üçün müxtəlif yollara əl atırlar. Pul qazanmaq naminə onlar insanları, xüsusilə yeniyetmə
və gəncləri
"ağ ölüm"ə
aparan bu pis vərdişə alışdırırlar. Narkomaniya keçici xəstəliklərin
sürətlə yayılmasına
səbəb olur.
Narkotik maddələrin bir çoxu şprislə qana ötürüldüyündən
və narkoman qrupları daxilində eyni şprisdən istifadə edildiyindən narkomanlar QİÇS və
başqa sağalmaz və ya çətin
müalicə olunan xəstəliklərə yoluxurlar.
Hər bir xalqın gənclərinin
fiziki və mənəvi sağlamlığı
dövlət üçün
böyük əhəmiyyət
kəsb edib. Azərbaycanda
dövlət tərəfindən
gənclərə yetərincə
qayğı göstərilir, böyüyən
nəslin inkişafı, gənclərin
sağlam həyat tərzinin təşkili davamlı olaraq ölkə rəhbərliyinin diqqət mərkəzindədir. Qeyd
etdiyimiz kimi, narkomaniya Azərbaycan vətəndaşlarından da
yan ötməyib. Gənclər və yeniyetmələr
arasında narkotiklərə
aludəçilik halları
ölkəmiz üçün
narahatedici problem olaraq
qalır. Son illər respublikamızda da bu ümumbəşəri
bəlaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə
xeyli güclənmiş,
bu sahəyə cavabdeh olan dövlət
orqanları ilə yanaşı, ictimai təşkilatlar da fəallığı artırıblar.
Ümummilli lider Heydər Əliyev 2002-ci ildə Gəncə Olimpiya İdman Kompleksinin açılış mərasimində
iştirak edərkən
gənclərə tövsiyə
edirdi ki, zərərli vərdişlərdən
əl götürüb
idmanla məşğul
olmaq sağlam cana, sağlam
ruha, sağlam təfəkkürə malik
olmaq deməkdir. Həmin mərasimdə ümummilli liderimiz Heydər Əliyev narkomaniya ilə mübarizə məsələsinə
də toxunub: "... İndi dünyanın, demək olar ki, əksər
dövlətlərinin narkotik
maddələrin istehsalı,
yayılması, onların
satışı ilə
mübarizə aparmasına
baxmayaraq, təəssüflər
olsun ki, narkotik maddələr yayılır. Təəssüflər olsun ki, insanlar,
xüsusən gənclər
bunun təsiri altına düşürlər.
Biz Azərbaycanda bu barədə böyük proqram tərtib etmişik. Lazımi işlər görülür.
Amma bu işlərin sırasında, yenə də deyirəm, yalnız və yalnız gənclərin özlərini fiziki cəhətdən möhkəmləndirməsi,
bədən tərbiyəsi
ilə, idmanla məşğul olması
narkotik maddələrin
istifadə edilməsindən
uzaqlaşmanın ən
birinci vasitəsidir və birinci şərtidir. Bunlara görə
də biz çalışırıq
ki, gənclərimiz üçün, onların
sağlamlığını təmin etmək üçün müxtəlif
idman kompleksləri yaransın. Bədən tərbiyəsi ilə
kütləvi məşğul
olmaq üçün
imkanlar yaransın".
2007-ci il 28 iyun tarixində Azərbaycan Respublikası
Prezidenti İlham Əliyevin "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının
qanunsuz dövriyyəsi
və narkomanlığın
yayılması ilə
mübarizə üzrə
Proqramın (2007-2012-ci illər)
təsdiq edilməsi barədə" Sərəncam
imzaladı. Proqramda bildirilir ki, bəşəriyyətin ən
böyük bəlalarından
olan narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyamızı
narahat edən mürəkkəb problemlərdən
biridir: "Bu təhlükəli
təzahür insan cəmiyyətinin mənəvi
və əxlaqi dəyərlərinə böyük
zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların
həyat və sağlamlığına ciddi
təhlükə yaradan,
cinayətkarlığın artmasına səbəb olan amildir". Proqramın əsas məqsədi ölkədə
narkotik vasitələrin,
psixotrop maddələrin
və onların prekursorlarının qanunsuz
dövriyyəsi və
narkomanlığın yayılması
ilə mübarizənin
gücləndirilməsi, antinarkotik
təbliğat, maarifləndirmə
yolu ilə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının
qarşısının alınması,
narkomanlığa düçar
olmuş şəxslərin
müalicə edilməklə
sağlam həyata qaytarılması, müalicə-bərpa
sahəsindəki fəaliyyətin
daha da təkmilləşdirilməsi,
bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi,
cəza tədbirlərinin
səmərəliliyinin öyrənilməsi
üçün elmi və praktiki araşdırmaların aparılması,
beynəlxalq əməkdaşlığın
inkişaf etdirilməsindən
ibarətdir.
Məlum olduğu kimi, Silahlı Qüvvələr cəmiyyətin tərkib hissəsidir və bu cəmiyyətdə böyümüş minlərlə gənc hər il ordu sıralarına çağırılır. Cəmiyyətin və onun gəncliyinin sağlamlığı isə ordumuzun sağlamlığı deməkdir. Ona görə gənclər ordu sıralarına yola salınarkən ciddi müayinədən keçirilirlər. Nazirliyin mətbuat xidməti bildirir ki, mülki həyatda narkotik maddə qəbul edən gənclərin Silahlı Qüvvələrə hərbi xidmətə çağırılmaması üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti çağırışdan öncə narkoloji dispanserlərdən sorğu vasitəsilə qeydiyyatda olanların siyahısını götürərək həmin gəncləri Səhiyyə Nazirliyinin müvafiq müəssisələrinə müayinəyə göndərirlər. Silahlı Qüvvələrdə də narkomaniya ilə mübarizə tədbirləri daim diqqət mərkəzində saxlanılır. Xidmətə çağrılanların davranışında, nitqində narkotik sərxoşluğuna şübhə olduqda həmin hərbi qulluqçular müayinəyə göndərilirlər. Müayinə zamanı şübhələr təsdiq olunduqda onlar məhkəmə-tibbi ekspertiza laboratoriyalarında narkotestlərə cəlb olunurlar. Hərbi hissə və birləşmə komandirlərinə narkomanlıq halları aşkar edilərsə, hərbi qulluqçuların müalicəsi və sağlamlığının bərpasının təmin edilməsi, hərbi xidmətdən tərxis olunduqdan sonra isə profilaktik işlərin həyata keçirilməsi məqsədi ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müvafiq orqanlarla qarşılıqlı məlumat mübadiləsinin aparılması tövsiyə edilib. Şəxsi heyətlə aparılan tərbiyə işinin təşkili zamanı və keçirilən hüquq hazırlığı saatlarında narkomaniyanın yaranması, narkotik vasitələrin və psixotrop maddələrin insan orqanizminə vurduğu zərər, habelə onların cəmiyyətdə törətdiyi fəsadların nəticələri haqqında məlumatlar verilir və xüsusi dərslər keçirilir, sənədli filmlər nümayiş olunur. Narkotik vasitələr və psixotrop maddələri qəbul edən şəxslərin aşkar edilib müəyyənləşdirilməsi və profilaktik işin təşkili üçün komandir və rəislər müvafiq qayda və üsullardan istifadə edirlər. Bütün bunlar əyani şəkildə göstərir ki, narkomaniya dövlətin və cəmiyyətin qarşısında ağrılı bir problem kimi dayanır və bu sahəyə cavabdeh olan dövlət orqanları ilə yanaşı, ictimai təşkilatlar, o cümlədən qeyri-hökumət təşkilatlarının birgə fəaliyyəti nəticəsində bütövlükdə cəmiyyəti təhdid edən bu bəla ilə səmərəli mübarizə aparmaq mümkündür.
Füzuli
Olaylar.- 2016.- 18 oktyabr.- S.11.