Orduda fədakarlıq
və şücaət göstərən
əsgərlər medalla təltif olunacaq
Medalın üzərində
"Azərbaycan uğrunda" sözləri həkk ediləcək
Azərbaycan
Silahlı Qüvvələrinə dövlət
qayğısı hər an müşahidə olunmaqdadır.
Artıq payız-qış mövsümünə keçidlə
əlaqədar orduya diqqət daha da artırılıb. Belə
ki, müdafiə naziri general-polkovnik Zakir Həsənov
Silahlı Qüvvələrin bütün hərbi hissə və
bölmələrində silah və hərbi texnikanın
istismarının qış rejiminə keçirilməsi ilə
əlaqədar tapşırıq verib. Silah və texnikanın
qış aylarında fasiləsiz və dayanıqlı
istismarını təmin etmək məqsədilə
bütün hərbi hissələr mərkəzləşdirilmiş
qaydada yanacaq-sürtkü materialları, digər zəruri
ehtiyat hissələri və avadanlıqlarla təmin edilib. Hərbi
hissələrdə fəaliyyətə başlayan texniki xidmət
məntəqələrində silahlanmada olan bütün
döyüş və xüsusi texnikaların
yanacaq-sürtkü materialları dəyişdirilir, filtr və
aqreqatlara planlı şəkildə qulluq göstərilir,
elektrik və hidravlik sistemləri yoxlanılır.
Nəzərdə tutulan fəaliyyətlər müəyyən edilmiş müddətdə başa çatdıqdan sonra silah və hərbi texnikanın hər bir nümunəsinin təhlili aparılaraq nəticələri barədə yuxarı komandanlığa məruzə olunacaq. Bütün növ silah və texnikanın qış rejimində istismara hazırlığı ilə əlaqədar görülən tədbirlər hərbi hissələrin döyüş qabiliyyətinin artırılmasına hesablanıb. Eyni zamanda, gənc əsgərlərin intelektual səviyyəsinin artırılması məqsədilə də xüsusi tədbirlər təşkil edilməkdədir. Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Gəncə İntellektual Oyunlar Klubunun dəstəyi ilə FHN-nin Mülkü Müdafiə Qoşunlarının N saylı hərbi hissəsində intellektual oyun keçirilib. Məlumata görə, FHN-nin Mülkü Müdafiə qoşunlarının xilasetmə briqadasının komandiri Taleh Əlipaşayev bildirib ki, bu qəbildən olan tədbirlərin keçirilməsində əsas məqsəd əsgərlərin asudə vaxtlarını səmərəli təşkil etməkdir: "Əsgərlərin dünyagörüşünün artırılmasında, bilik dünyasının genişlənməsində belə tədbirlər çox faydalıdır". Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşviq Cəfərov hərbi hissələrdə bundan sonra da mütəmadi olaraq tədbirlərin reallaşdırılacağını vurğulayıb. İntellektual oyunda 8 komanda iştirak edib. Komandalardan 7-si əsgərlərdən və biri isə zabitlərdən ibarət olub. Qalib qələn komandalara diplom və dəyərli hədiyyələr təqdim edilib. Məhz orduya göstərilən qayğının nəticəsidir ki, Silahlı Qüvvələrin beynəlxalq əlaqələri genişlənməkdə davam edir. Artlq ölkəmizin müdafiə naziri dünyanın ən inkişaf etmiş ölkələrinin hərbi nazirləri ilə qarşı-qarşıya məsələlər müzakirə etməkdədir. Birləşmiş Millətlər Təşkilatının (BMT) Sülhməramlı Əməliyyatları mövzusunda Müdafiə nazirlərinin Londonda davam edən tədbiri çərçivəsində Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov bu günlərdə Lordlar Palatasında Müdafiə üzrə dövlət naziri, Lordlar Palatasının sədr müavini Örl Hou ilə görüşüb. Azərbaycan Müdafiə Nazirliyindən bildirilib ki, görüşdə Azərbaycanın indiyədək sülhməramlı əməliyyatlarda, eləcə də Əfqanıstanda həyata keçirilən missiyada iştirakı yüksək qiymətləndirilib, BMT-nin sülhməramlı fəaliyyətinin təkmilləşdirilməsinə dair fikir mübadiləsi aparılıb, ölkəmizin bu fəaliyyətdəki perspektivləri və iki ölkə arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub. Bu işdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının fəaliyyəti xüsusilə qeyd edilməlidir. Belə ki, sözügedən Akademiya Avropa ölkələrinin hərbi elm və təhsil müəssisələri ilə sıx əməkdaşlığını davam etdirir. Silahlı Qüvvələrin Hərbi Akademiyası və Polşa Respublikasının Varşava Hərbi Tədqiqatlar Universiteti "Beynəlxalq təhlükəsizlik və hərbi tədqiqatlar İSMS 2016" mövzusunda birgə beynəlxalq elmi konfrans keçiriblər. Silahlı Qüvvələrin Hərbi Akademiyası konfransa telekörpü vasitəsilə qoşulub. Varşava Hərbi Tədqiqatlar Universitetinin rəhbəri konfransı açaraq bu cür tədbirlərin əhəmiyyətindən danışıb. Silahlı Qüvvələrin Hərbi Akademiyasının rəisi general-leytenant Heydər Piriyev də öz növbəsində konfransın iştirakçılarına uğurlar arzulayıb və birgə əməkdaşlığın perspektivlərindən danışıb. Konfransda Silahlı Qüvvələrin Hərbi Akademiyasının professoru S.Sadıyevin "Silahlı Qüvvələrdə müxtəlifliklərin idarə olunması strategiyası" mövzusunda məruzəsi dinlənilib. Məruzədə Azərbaycan Silahlı Qüvvələrində multikultural dəyərlərin qorunması və müxtəlifliklərin idarə olunması strategiyasından bəhs olunub. Məruzəçi bu sahədə Azərbaycan modelinin özəlliklərini konfrans iştirakçılarının diqqətinə çatdırıb. Sonra Hərbi Akademiyanın Adyunktura və elm şöbəsinin rəisi polkovnik Elşən Həşimov "CİS texnologiyasından istifadə etməklə görünməyən obyektlərin aşkar edilməsi" mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi ArcGis proqram təminatından istifadə etməklə real dağlıq ərazinin 3D modelinin qurulması və onun nəticələri barədə danışıb. Konfransda hərb elminin digər aktual problemlərinə dair elmi məruzələr dinlənilib və fikir mübadiləsi aparılıb. Azərbaycan qonşu ölkələrlə də hərbi əməkdaşlığı davam etdirməkdədir. Məlumata görə, İran İslam Respublikası Hərbi Dəniz Qüvvələrinin "Dəmavənd" və "Cövşən" hərbi gəmilərinin Bakıya dostluq səfəri planlaşdırılıb. Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək.1-ci dərəcəli kapitan Əbdülhüseyn Zəfərinin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikası Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə görüşü, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi məktəbinə səfəri və bir sıra digər tədbirləri nəzərdə tutulub. Gəminin şəxsi heyətinin mədəni və tarixi abidələrlə tanışlıq məqsədilə Bakıda gəzintisi, həmçinin futbol üzrə yoldaşlıq görüşünün keçirilməsi də planlaşdırılır. Səfər oktyabrın 21-dək davam edəcək. Azərbaycan ordusunun gücü, ölkəmiz haqqında həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində də ciddi iş aparılır. Belə ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə Litva Jurnalistlər İttifaqının vitse-prezidenti, "Alkas.lt" internet portalının redaktoru Audris Antanaytis və portalın fotoqrafı Arunas Sartanaviçus cəbhə bölgəsində yerləşən Tərtər rayonunda lentə aldıqları videomaterialı paylaşıblar. Məlumata görə, onlar rayonun Şıxarx qəsəbəsində və Həsənqaya kəndində erməni artilleriyasının atəşi nəticəsində dağıntıya məruz qalmış mənzillərə baş çəkib, sakinlərlə söhbət edib, müharibənin viran qoyduğu evlər və infrastrukturla yaxından tanış olmaq imkanı qazanıblar. Litvalı jurnalistlər, həmçinin ermənilərin Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə Şıxarx qəsəbəsində ermənilərin özləri tərəfindən ucaldılmış "Marağa 150" abidəsinin qalıqlarına da baxıblar. Xatırladaq ki, XIX əsrin əvvəllərindən başlayaraq Azərbaycanın Qarabağ bölgəsinin dağlıq hissəsinə İrandan və Türkiyədən on minlərlə erməni əhalisinin köçürülməsi və onların bu bölgədə süni surətdə çoxaldılması sonradan Ermənistanın ölkəmizə qarşı ərazi iddiaları ilə nəticələnib. Tərtər Həsənqaya kənd icra nümayəndəliyinin rəhbəri Ilqar Qasımov Litvalı jurnalistlərə məlumat verib ki, Ermənilərin Qarabağa gəlmə olduqları tarixçilərin tədqiqatlarında da öz əksini tapıb. Tərtərdəki "Marağa - 150" abidəsinin tarixçəsi isə ermənilərin Qarabağa köçürüldüklərini sübut edən faktlardan yalnız biridir. Abidə Rusiyailə İran arasında 1828-ci ildə bağlanmış Türkmənçay müqaviləsindən sonra ermənilərin İran Marağasından Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə ermənilərin özləri tərəfindən 1978-ci ildə Qarabağda inşa edilib. XX əsrin sonlarında Ermənistanın Azərbaycana qarşı növbəti ərazi iddiaları başlayanda "Marağa - 150" abidəsi ermənilər tərəfindən qəsdən dağıdılıb. Bu arada xatırladaq ki, Azərbaycanda hərbçilərə göstərilən diqqət və qayğı gənclər arasında vətənpərvərlik hissinin daha da artırıb. Ölkə parlamenti tərəfindən qəbul olunan qanuna görə, Azərbaycanda şəhid ailələrinin üzvləri orta ixtisas təhsil müəssisələrində (kollec) və Milli Elmlər Akademiyasının magistratura pilləsində təhsil haqqından azad olunublar. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna təklif edilən dəyişiklikdə əksinin tapıb. Layihə barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verib. Layihəyə əsasən dövlət ali təhsil müəssisəsi ilə yanaşı, orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda (AMEA magistratura) ödənişli formada təhsil alan şəhid ailəsi üzvləri təhsil haqqını ödəməkdən azad olunurlar. Eyni zamanda, Azərbaycanda vətənin müdafiəsində şücaət və fədakarlıq göstərməklə fərqlənən şəxslər üçün "Şücaətə görə" medalı təsis edilib. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunun 2-ci maddəsinə yeni hissələr təklif edilir. "Şücaətə görə" medalının Əsasnaməsinə görə, vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər bu medalla təltif ediləcək. Medalın üzərində "Azərbaycan uğrunda" sözləri həkk edilib. Medal müvafiq icra hakimiyyəti orqanı tərəfindən təltif ediləcək. Bütün sadalananlar deməyə əsas verir ki, Azərbaycan əsgərinin hərbi-döyüş hazırlığının, onların mənəvi-psixoloji dözümlülüyünün təmin olunması üçün bütün vasitəlrdən istifadə olunur. Artıq görülən işlər öz bəhrəsini verməkdədir. Yəni, Azərbaycan ordusu bütün sahələr üzrə döyüşə tam hazır vəziyyətdədir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.-2016.- 18 oktyabr.- S.15.