Orta məktəblərdə gənclərin vətənpərvərlik

ruhunda tərbiyəsi diqqət mərkəzindədir

 

Vətənpərvərlik və milli mənəvi şüurun təbliği, onun aşılanması məsələsi xüsusilə pedoqogikada diqqət edilməli başlıca məsələdir. Vətənpərvərlik pedaqoji prosesdə tədris olunan mövzunun məqsədində mütləq yer almalıdır. Torpaqlarımızın 20%-nin işğalda olduğu bir vaxtda orta məktəblərdə milli şüur tərbiyəsinin aktual problem olduğunu pedaqoji kollektiv dərk edərək bu istiqamətdə sistemli tədbirlər keçirməli, ictimai səciyyə daşıyan vətənpərvərlik tərbiyəsi şagirdlərin vətəndaş kimi formalaşmasında, öz vətənini, ləyaqətini qorumaqda mənəvi təsir gücünə malik olmalıdır.

Vətənpərvərlik Vətənin tarixini öyrənməkdə, sərhədlərini qorumaqda, lazım gələrsə, dövlətin müəyyənləşdirdiyi qaydalara şüurlu əməl etməkdə ifadə olunur. Şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin müdrik kəlamı mühüm əhəmiyyət daşıyır: "Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir". Vətənpərvərlik tərbiyəsinin aşılanmasında xalqımızın min illər əvvəl dedikləri tarixi kəlamlarda ifadə olunan vətənə vurğunluq şagirdlərə xatırlanmalıdır. Vətənpərvərlik tərbiyəsi öz Vətəninə sevgi və məhəbbət hissinin, vətəndaş məsuliyyətinin, hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşması üçün olduqca vacibdir.

Bu gün dövlət gənclər siyasətinin ən mühüm istiqamətlərindən biri kimi ölkəmizdə gənc nəslin vətənpərvər ruhda tərbiyəsi diqqət mərkəzindədir. Ümumtəhsil məktəblərinin ən vacib vəzifələrindən bir də vətənpərvərlik hisslərinin tərbiyəsi və aşılanmasəıdır. Həmin sahədə həyata keçirilən kütləvi tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, doğma torpağa məhəbbət hissinin yüksəldilməsinə, eləcə də müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasına yönəldilir. Torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərin vətənpərvərlik tərbiyəsinin düzgün təşkili daha böyük aktuallıq kəsb edir. Bu yöndə orta məktəblərdə tədris olunan "Gənclərin çağırışaqədərki hazırlığı" fənni mühüm rol oynayır. Bu fənn öz məzmunu etibarı ilə şagirdlərə Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatların, hərbi nizamnamə qaydalarının mənimsədilməsini, onların ordu həyatı ilə tanış olmalarını, hərbi xidmətə fizikipsixoloji cəhətdən hazır olmalarını, şagirdlərdə Azərbaycanın Silahlı Qüvvələrində xidmətin müqəddəs borc və şərəf işi olmasına inamın yaradılmasını, vətənpərvərlik, əqidəlilik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətlərin inkişaf etdirilməsini, mülki müdafiə və ilkin tibbi yardım bacarıqlarının formalaşdırılmasını nəzərdə tutur. Eyni zamanda bütün fənlərin tədrisində, xüsusilə də humanitar-ictimai fənlərin tədrisində vətənpərvərlik tərbiyəsinin aşılanması üçün kifayət qədər imkanlar var. Vətən uğrunda, torpaqlarımız uğrunda döyüşlərdə qəhrəmanlıq göstərmiş şəxslərin, beynəlxalq yarışlarda bayrağımızı yüksəldən idmançıların, Azərbaycanı dünyada tanıdan dövlət xadimlərinin, alim, yazıçı və incəsənət xadimlərinin şəxsi nümunələri də şagirdlər üçün tərbiyə məktəbidir. Ermənistanla olan müharibə vəziyyəti hər an torpaqlarımızın güc yolu ilə azad olunması reallığını ortaya qoyur. Bu işin reallaşdırılması əsasən gənc nəslin üzərinə düşür. Belə bir şəraitin mövcud olması gənc nəslin vətənpərvərlik ruhunda formalaşdırılmasını labüd edir. Hər bir vətəndaşa milli ruhun aşılanması prosesi hələ körpə yaşlarından həyata keçirilməli, məktəblərdə davam etdirilməli və təkmilləşdirilməlidir. Bu mənada orta məktəblərdə tədris olunan hərbi hazırlıq fənlərinin böyük əhəmiyyəti var. Hərbi hazırlıq dərslərində şagirdlər təkcə silahlardan istifadə qaydalarını öyrənməməli, eyni zamanda, Vətənə bağlılığını artırmalı, onu müdafiə etmək borcunu öz üzərinə götürməlidir. Orta ümumtəhsil məktəblərində çağırışa qədərki hərbi hazırlıq fənninin tədrisinin əsas məqsədi birinci növbədə gəncləri ölkənin müdafiəsinə indidən psixoloji cəhətdən hazırlamaqdır. Məktəblərdə eyni zamanda ibtidai hərbi hazırlıq dərslərinin tədrisi onların vətənpərvər ruhda böyüməsinə öz təsirini göstərir. Bütün bu kimi işlər nəticə etibarilə gənclərə vətənpərvərlik hisslərinin aşılanmasında mühüm rol oynayır. Orduya çağrılan gənclərin orta məktəbdə oxuduğu dövrdə müəyyən hərbi biliklərə yiyələnməsi sonrakı dövrdə onların peşəkar hərbçi kimi yetişməsində vacib rol oynayır. Məktəblər arasında hərbi-idman oyunlarının keçirilməsinin də yeniyetmələrdə vətənpərvərlik hisslərinin aşılanmasında əhəmiyyət kəsb edir. "Cəsurlar", "Şahinlər" kimi oyunların keçirilməsində də məqsəd şagirdlərdə cəsarətliliyi, cəldliyi, mübarizliyi, qələbə çalmaq uğrunda iradə möhkəmliyinin təmin olunmasını öyrətməkdir. Bu cür oyunlar Azərbaycan məktəblərində mütəmadi olaraq təşkil olunur. Bu işdə Təhsil və Gənclər İdman Nazirliklərinin, eyni zamanda bir sıra qeyri hökumət təşkilatlarının iştirakı göz önündədir. Sözügedən yarışların son zamanlarda kütləviliyinin artırılması diqqətə layiqdir. Keçirilın oyunlarda oğlanlarla yanaşı qızların da iştirakı təmin edilir ki, bu da işin sevindirici tərəfidir. Hərbi hazırlıq dərslərinin təqaüdə çıxmış zabitlər tərəfindən keçirilməsi bu işdə əhəmiyyətli rol oynaya bilər. Belə mütəxəssislər şagirdlərə hərbi-vətənpərvərlik hisslərini daha keyfiyyətli şəkildə aşılaya bilirlər. Şagirdlərin hərbi-vətənpərvərlik hisslərinin artırılmasında canlı ünsiyyət də mühüm rol oynayır. Hərbi dərslər zamanı şagirdlərin hərbi hissələrə aparılması və onların əsgərlərlə söhbətlər etməsi də yeniyetmələrin formalaşmasında, onların vətənə bağlılığının artırılmasında və vətənin, torpağın müdafiəsində durmaq kimi hisslərinin inkişaf etdirilməsi üçün mühümdür. Məktəblərin qarşısında gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi sahəsində məsul və təxirəsalınmaz vəzifələr qoyulması təsadüfi deyil. Hərbi-vətənpərvərlik tərbiyəsi bir məqsədə - gəncləri vətənimizin fəal müdafiəsinə hazırlamaq məqsədinə xidmət etməlidir. Buna görə də Azərbaycan dövləti xalqını, onun gənc nəslini həmişə sayıq olmağa, vətənimizin hərbi qüdrətini hər vasitə ilə möhkəmləndirməyə, onun müdafiə bacarığını artırmağa çağırır. Orta məktəblərin təhsil sistemi çağırış yaşı hələ çatmamış gənclərə ibtidai hərbi hazırlıq keçilməsini, onların fiziki cəhətdən möhkəmliyini təmin etməyi, gəncləri orduda xidmətə hazırlamağı tələb edir. Bu cəhətdən də indiki şəraitdə çağırışa qədərki məktəbli gənclərin hərbi-vətənpərvərlik tərbiyəsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədə nail olmaq üçün məktəb və ailə uşaqlarda vətənə, xalqa, məhəbbət tərbiyə etməli, onlarda vətən qarşısında şərəf və borc hissini qüvvətləndirməlidir. Son dövrlər qabaqcıl məktəblərimizdə şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqət xeyli artırılıb. Hərbi-vətənpərvərlik tərbiyəsinin faktlar və zəngin əyani vasitələr əsasında aparılması tərbiyə işinin bu mühüm sahəsi üzrə maraqlı formaüsullar meydana çıxarıb. Bir çox məktəblərdə "Döyüş şöhrəti" muzeyləri, guşələr yaradılır, məktəblərdə fəaliyyət göstərən dərnəklərdə Qarabağ müharibəsində iştirak etmiş qəhrəmanların xatirələrini əbədiləşdirmək üçün geniş işlər aparılır. Məktəblərlə hərbi hissələr arasında əlaqələrin yaradılması təmin edilir. Bu sahədə məktəblərimizdə toplanmış qabaqcıl təcrübə hərbi-vətənpərvərlik tərbiyəsini daha məzmunlu və məqsədəuyğun şəkildə aparmağa imkan verir. Pedaqoji kollektiv hərbi-vətənpərvərlik tərbiyəsinin bu forma və üsullarından istifadə etməklə ona nail olmağa çalışır ki, şagirdlərdə vətənə məhəbbət hissi daha da qüvvətlənsin, həqiqi vətənpərvərliyin məzmununu onlar düzgün dərk edə bilsin, vətəni müdafiə etməyi, onun şərəfini qorumağı özünün xalq qarşısında şərəfli vəzifəsi hesab etsin. Uşaqlara izah etmək lazımdır ki, Azərbaycan Silahlı Qüvvələri əsl mənada xalqın özüdür, gənclərin minlərlə igid və mərd nümayəndələrini öz sıralarında birləşdirən sarsılmaz qüvvədir. Ona görə də bütün xalq öz ordusu ilə fəxr edir, onu yüksək məhəbbət hissi ilə sevir. Xalqın alovlu məhəbbəti, hörməti və qayğısı isə əsgərlərin qəlbini oxşayır, onları ruhlandırır. Qəhrəmanların həyatı, qəhrəmanlıqları haqqında söhbətlər məktəblilərdə vətənə məhəbbət, dəyanət, qəhrəmanlıq, möhkəm yoldaşlıq, dostluq, sədaqət və başqa nəcib xüsusiyyətləri tərbiyə etməyə kömək edir. Həyatda hər şeydən əziz olan ana vətənlə bağlı hər bir tapşırıq onun gənc övladları üçün ən şərəfli və ülvi bir vəzifədir. Şagirdlərə məhz bu amillər izah olunmalıdır.Xatırladaq ki, Vətənpərvərlik mahiyyəti vətənə məhəbbət və öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılıqdır. Bu bağlılıq həm də özünün mənsub olduğun millətin etnik, mədəni, siyasitarixi xüsusiyyətlərinə arxalanan milli hissiyyatya milli qürür kimi də hallanır. Burada vətəninin xarakterini və mədəni incilərini qorumaqözünü bu keyfiyyətlərlə millətin başqa üzvləri ilə tanımaq, vətənin və öz xalqının marağını qorumaq da vətənpərvərlik keyfiyyətlərinə aiddir. Vətənpərvərliyin tarixi kökü min illər boyu yaşamış, möhkəmlənmiş, öz ana torpağına, dilinə və adət ənənələrinə bağlanmış dövlətçilik durur. Millətin və dövçiliyin formalaşması şəraitində vətənpərvərlik onun inkişafının ümumimilli anlarını əks etdirən ictimai düşüncənin tərkib hissəsinə çevrilir. Vətənpərvərlik anlayışı müxtəlif mənalarda işlənib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 19 oktyabr.- S.15.