Heydər Əliyev və Azərbaycan dili

 

Heydər Əliyev və Azərbaycan dili Həyatın özü bir dərsdir. Savadından mövqeyindən asılı olmayaraq həyat insanı tərbiyə edir, püxtələşdirir. Yaşadıqca dəyərləri öyrənirsən . Ətrafındakı insanların fəaliyyətlərini dəyərləndirirsən, nəticədə özünə ideal seçməyə başlayırsan. İdeal demişkən bu yaxınlarda məktəbin 9-cu sinif şagirdlərinə yeni inşanın mövzusunu elan etdim: "İdealım kimdir,".

Müxtəlif fikirlər ortaya çıxdı. Dahi şəxsiyyətlərin həyat və fəaliyyətləri təhlil olundu. Şagirdlərin ən çox Ümumilli Lider Heydər Əliyevin fəaliyyətlərinə olan maraqları məni də düşündürdü. Nümunəvi şəxsiyyətlərin fəaliyyəti həmişə önə çəkilir və uzun illər təhlil olunur. Çox zaman, bu gün baş verən hadisələrin mahiyyətini o qədər də dərindən dərk etmirik, amma vaxt, illər keçdikcə yeni düşüncələr, yeni yanaşmalar ortaya çıxır, əsl həqiqətin nədən ibarət olduğunu anlayırsan. Çoxlarının özünə ideal kimi seçdiyi, həyatının və fəaliyyətinin uzun illər təhlil ediləcəyi tarixi şəxsiyyətlərdən biri də Heydər Əliyevdir. İllər keçdikcə, nəsillər yaşadıqca Ulu Öndərin həyat fəaliyyəti təravətlənir, Müstəqil Azərbaycan Respublikası üçün gördüyü işlərin qiyməti birə min artır. Heydər Əliyevin siyası və mənəvi irsinə hər dəfə müraciət edəndə burada Azərbaycan xalqının dərin problemlərinin öz əksini tapdığının şahidi olursan. Azərbaycan dilinin qorunmasında və iştirak etdirilməsində ümümmilli lider Heydər Əliyevin misilsiz xidmətləri olmuşdur. Hələ Sovet hakimiyyəti dövründə Heydər Əliyevin Azərbaycan dilinin inkişafı və qorunması baxımından apardığı fəaliyyət bir çoxlarına məlumdur. "Dil milli mənliyin açarıdır, milli tərbiyə vasitəsidir" eyən Heydər Əliyev öz natiqlik bacarığı ilə bu dili yaşadırdı Onun müsahibələri, çıxışları, gələcək natiqlik sənəti üçün bir nümunəyə çevrilmişdi. Azərbaycan KP MK-ya yenicə birinci katib seçilmiş Heydər Əliyev 1969-cu ildə, ADU-nun 50 illik yubileyində ilkdəfə Azərbaycan dilində çıxış etdi. Bu çıxış xalqa ana dilində müraciət idi. Hər kəs bilməlidir ki, dil ona qarşı zorakılığa dözmür, əksinə inkişaf edir, Özünə yeni cəbhələr açır. Həm də unudulmamalıdır ki, Azərbaycan dili inkişafı üçün o qədər əlverişsiz şəraitdə olduğu bir vaxtda bu problemə ilk dəfə Heydər Əliyev müraciət etmişdir. Sovet düşüncəsi çərçivəsində bu düşüncənin qizğin məddahları milli dillərə vahid rusdilli sovet xalqının formalaşması və təşəkkülü yolunda ancaq əngəl kimi baxırdılar . Bu maneələrə baxmayaraq H. Əliyev hələ o dövrdə ikinci dəfə hakimiyyətə qayıtmasından sonra da bu istiqamətdə fəaliyyətini davam etdirdi. Ötən əsrin 20-ci illərindən başlayaraq, Azərbaycan Xalq Cümhuriyyətinin qısamüddətli mövcudlugu dövrü də daxil olmaqla, milli dövlətçiliymizin tarixində ana dili ilə baglı məsələlərə Heydər Əliyev qədər dərindən maraq göstərən, bu məsələləri daim diqqət mərkəzində saxlayan ikinci bir dövlət başçısı olmamışdır . Sovet ideologiyası üçün sirli şəxsiyyət olmuş N.Nərimanova milliyətçi damğası vurulduğu dövrdə Heydər Əliyev onun, fəaliyyətinə müraciət etmiş və Azərbaycan dilindən ölkədə daha geniş istifadə edilməsi üçün N.Nərimanovun adtdığı addımların mahiyyətini başa düşməyə çalışmışdır. O zamanlar xalqın milli özünüdərki kifayət qədər yüksək deyildi. 1906-ci ilin dekabrında "Molla Nəsrəddin" jurnalındakı düşündürücü və ibrətamiz olan karikatura dərc edilmişdi: Azərbaycanlını yerə yıxaraq və " Ay qardaşlar, mən ki dilsiz xalq olmamışam, bu dilləri ağzıma niyə soxursunuz" deyə nalə çəkməsinə məhəl qoymayaraq onun ağzına bir tərəfdən ərəb, digər tərəfdən fars, üçüncü tərəfdən isə rus dilini təpirlər . Nə qədər kədərli də olsa real vəziyyət belə idi. Ana dili məsələsində tutdugu prinsipial, qətiyyətli mövqe sayəsində Heydər Əliyev Azərbaycan Respublikasının 1977-ci ildə qəbul edilmiş Konstitusiyasına Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili oldugu barədə məşhur 73-cü maddənin daxil edilməsinə nail oldu. Həmin dövrdə Azərbaycan milli dilə Konustitusiya qanunu səviyyəsində dövlət statusu vermiş üç keçmiş sovet respublikasından biri və yeganə türk müsəlman respublikası idi. N. Nərimanovun dil siyasətinin təhlilindən tutmuş Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinə müraciət etməsinə qədər Heydər Əliyev Azərbaycan dilini nə qədər təəssübkeşi olduğu aydın görünür. Eyni zamanda onun fəal dəstəyi ilə 1970-ci ildə Bakıda mötəbər "Sovetiskaya tyurkologiya " ümumittifaq jurnalı təsis olunmuşdu. Azərbaycan Elimlər Akademiyasınin tərkibində ayrıca Dilçilik İnistitutu olan tək-tük , sovet respublikasından biri idi . Heydər Əliyev dilçilik elminə Azərbaycan dilinin problemlərinin öyrənilməsinə, onun mükəmməl qramatikasının yaradılmasına, milli terminologiyanın inkişafına xüsusi qayğı göstərirdi. Heydər Əliyev ümumiyyətlə hər bir xalqın dilinə hörmətlə yanaşır, onların inkişafina dəstək olurdu. Milli düşüncənin inkişafında dilin əvəzolunmaz vasitə oldugunu yaxşı bilən H.Əliyev Azərbaycan Dövlət Dil Komissiyasının yaradılması, "Azərbaycan Əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında" 2001-ci il 9 avqust tarixli fərmanları, qəbul olunmuş qanunlar ölkəmizdə dil siyasətinin dil quruculuğunun qanunverici aktlarıdır Onun nitqlərini Azərbaycan üçün maarifləndirici məqam hesab etmək olar. Biz bu gün sevinməliyik ki, Azərbaycanda Heydər Əliyev ideyalarını yaşadan və onu inkişaf etdirən Cənab İlham Əliyev kimi prezidentimiz var. Ölkəmizin hər bir ucqar guşəsinin inkişaf etməsi, gözəlləşməsi onun məqsədyönlü fəaliyyəti ilə bağlıdır." Azərbaycan dünyaya günəş kimi doğacaq" ifadəsi bu gün cənab prezidentimiz İlham Əliyevin timsalında təşəkkül tapır. Uğurlar biri-birini əvəzlədikcə, yeni-yeni hədəflər müəyyənləşdirilir. Prezident İlham Əliyevin Azərbaycanın müstəqillik tarixində qazandıgı uğurların fonunda təsdiqlədiyi "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası qarşıdakı illərin əsas hədəflərini müəyyənləşdirib. Məqsəd Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, yüksək gəlirli dövlətə çevirmək, bu günə qədər üç dəfə artan ümumi daxili məhsulun daha iki dəfə artırılmasına nail olmaqdır. Bu siyasət şübhəsiz onun bacarığı, iradəsi və həm də ölkəmizin malik olduğu iqtisadi və maliyyə imkanlarına əsaslanır. Azərbaycan tarixini qızıl hərflərlə yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, ideyaları, irsi misilsiz sərvətdir. Bu sərvəti qorumaq, ideyalarının həyata keçirilməsi üçün hər bir Azərbaycan vətəndaşı üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirməyə çalışmalıdır. Bu ideyalar Azərbaycan gəncliyinə, onun uğurlu gələcəyinə geniş imkanlar açır. Heydər Əliyev hər hansı ideyanın, yeniliyin reallaşdırılmasında xalqın rəyini də unutmurdu . Müstəqilliyimizin ilk illərində Konstitusiya layihəsi mətbuatda dərc olunandan sonra ayrı- ayrı vətəndaşlardan və təşkilatlardan 3 mindən çox təklif, əlavə düzəliş daxil, olmuş, onlar ümumiləşdirmişdir. O vaxt Azərbaycan dilini dövlət dili olması haqqında 23-cü maddə daha çox müzakirə edilmişdi. Heydər Əliyevb bu məsələni AMEA-da almlər, ziyalılar, dilçilər və ictimaiyyət nümayəndələri ilə müzakirə etdi, daha sonra Konstitusiya layihəsi ümumixalq müzakirəsinə verildi. Ana dilinə münasibətin son dərəcə siyasiləşdirildiyi və bir çox hallarda əsassız siyasi ittihamlara məruz qaldığı illərdə Heydər Əliyev Azərbaycan dilinin məişət dili və ədəbi dil səviyyəsindən dövlət dili səviyyəsinə qaldırılmasına yönəldilmiş fəaliyyəti ilə kifayətlənmir, həm də özünün şəxsi nümunəsi ilə dilimizin nüfuzunu artırır, onun elmi şəkildə öyrənilməsi və geniş yayılması üçün stimullar yaradırdı.Məhz H. Əliyevin rəhbərliyi və iştirakı ilə 1970-ci illərin əvvəllərindən etibarən Azərbaycan dilindən dövlət əhəmiyyətli tədbirlərdə istifadə edilməyə başlandı.Elə həmin illərdə dördcildlik "Müasir Azərbaycan dili" kitabı Respublika Dövlət mükafatına layiq görüldü. 1995-ci ilin 31 oktyabrında Azərbaycan EA-nın binasında, noyabrın 2-də və noyabrın 5-də Prezident sarayında Konistitusiyanın Dövlət dili haqqında maddəsi ilə bağlı keçirilən gərgin və tam demokratik müzakirələr nəticəsində nəhayət ki, Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı, azərbaycançılığın təməl daşı olan "Azərbaycan dili" adı bərpa olundu. Müstəqil Azərbaycan Respublikasının referendum yolu ilə qəbul edilən Konstitusiyasında Azərbaycan dili Azərbaycan Respublikasının Dövlət dili kimi təsbit olundu və Konstitusiyanın 21-ci maddəsi belə formalaşdırıldı: "Azərbaycan Respublikasında Dövlət dili Azərbaycan dilidir, Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin edir". Dövlət dilinə böyük əhəmiyyət verən Heydər Əliyev 18 iyun 2001-ci ildə "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" fərman imzaladı. Bu fərman Azərbaycan dilinin inkişafı, tətbiqi və təbliği barədə misilsiz tarixi sənəddir. Müstəqillik illərində respublikamızda yaşayan azsaylı xalqların inkişafı və tərəqqisinə diqqət xeyli artırılmışdı. Belə ki 1992-ci il sentyabrın 16-da Azərbaycan Respublikasında yaşayan milli azlıqların, etnik qrupların dilinin və mədəniyyətlərinin, hüquq və azadlıqlarının inkişafı üçün dövlət yardımı haqqında fərman verildi. Şura təskil olundu. Ləzgi, talış, kürd, slavyan, yəhudi və başqa xalqların mədəniyyəti genişləndirildi. Ümumtəhsil məktəblərində onların dilləri tədris olunmağa başladı. Əlifbalar çap olundu. Heydər Əliyev çox gözəl başa düşürdü ki, doğma dili sevmək nə deməkdir. Dil olmadan xalqın tarixini, onun keçmişinin, mədəniyyətini öyrənmək olmaz.Dil xalqın tarixinin, mədəniyyətini, incəsənətinin,ədəbiyyatının adət-ənənələrinin ifadə vasitəsidir. Dilin gözəlliyi həm də onu işlədənlərdən, onların nitq bacarıgından aslıdır. Məhz bu baxımdan Ümummilli liderə təşəkkür etməliyik. Onun istər Azərbaycan dilinin inkişafı sahəsində, istərsə də digər sahələrdəki uğurlu xidmətləri gələcək nəsillər üçün qürur mənbəyi, neçə-neçə araşdırmalar, elmi əsərlər, məqalələr, ali tədbirlər üçün müraciət ediləcək bir xəzinə olacaqdır. Heydər Əliyevin 1998-ci ilin prezident seçkiləri kompaniyasında söylədiyi bu fikirləri ilə mövzumu tamamlamaq istərdim: "Nə qədər ki Azərbaycan var, məndə varam. Mən isə Azərbaycanda əbədi olacağam" Məmləkətimizin əbədiliyi, müstəqilliyimizin daimliyi həm də Heydər Əliyevin əbədiyaşarlığıdır. Taleyini ölkəsinin tarixinə çevirən şəxsiyyətlər bu statusa sahibdirlər! Azərbaycanla birlikdə əbədiyyət haqqı qazanmaq da Heydər Əliyevin aldığı halal statusdur.

 

Babacan Zəkiyev

Qusar rayonu, Həsənqala və

Balaqusar tam orta məktəblərinin

Azərbaycan dili ə ədəbiyyat müəllimi

 

Olaylar.- 2016.- 19 oktyabr.- S.12.