Gənclərimiz vətənpərvər

ruhda tərbiyə olunur

 

Azərbaycan Silahlı Qüvvələrinin bütün hissə və bölmələrində hərbi-vətənpərvərlik tədbirləri davam etdirilməkdədir. Ekspertlərin qənaətinə görə, belə tədbirlər gənclərin vətənpərvərlik hissinin yüksəlməsində əhəmiyyətli rol oynayır. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir.

Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən, Qazax Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax rayon şöbəsinin şəxsi heyəti, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyüsuverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.Tədbiri giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bildirmişdir ki, Azərbaycan xalqı ordusuna inanır və Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı tezliklə azad edəcəyinə əmindir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında aprel döyüşlərində Azərbaycan ordusunun düşməni ağır məğlubiyyətə uğratmasının ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdiyini qeyd etmişdir. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulamışdır. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli qeyd etmişdir ki, aprel döyüşlərində Azərbaycan xalqı yekdilliklə Ali Baş Komandanın yanında olduğunu bir daha nümayiş etdirmişdir. Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, Qazax rayonunda yerləşən N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Qazax rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər. Daşkəsən Rayon İcra Hakimiyyəti də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilib. Tədbirdə rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və xidmətin Daşkəsən rayon idarəsinin şəxsi heyəti, şəhid ailələri, Qarabağ Müharibəsi veteranları və hərbi xidmətə çağırış yaşlı gənclər iştirak edib.Tədbirdən öncə rayon rəhbərliyi və rəsmi qonaqlar rayon mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyev tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyətini qeyd edərək, ölkəmizin bütün sahələrdə daha da inkişafına, onun regionda və beynəlxalq arenada layiqli yer tutmasına təkan verən ordu quruculuğu və gənclər siyasətinin banisinin xalqımızın Ümummilli Lideri Heydər Əliyev olduğunu vurğulayıb. Gənclərin dövlətimizin gələcəyini, inkişafını istiqamətləndirən sivil cəmiyyətin aparıcı qüvvəsi, həmçinin əzəli torpaqları erməni qəsbkarları tərəfindən işğal edilmiş Vətənimizin cəsur keşikçiləri, düşmən sipəri olduğunu bildirmişdir. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında Ümummilli Liderimizin siyasi kursunun ən layiqli davamçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən həm ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu vurğulayıb. Əhəd Abıyev Azərbaycanın sabitlik və inkişafının qarantı olan vətənpərvər dövlət başçısının ətrafında Vətəni qorumaq ideyası naminə sıx birləşməyi hər bir Azərbaycan gənci üçün həm vətəndaşlıq borcu, həm bir mənəvi vəzifə kimi səciyyələndirib. Sonra çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov ordu quruculuğu sahəsində qazanılmış uğurlardan danışıb, həmçinin Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu deyərək, düşməndən qat-qat üstün olan ordumuzun doğma torpaqlarımızın keşiyində daim ayıq-sayıq dayandığına, hərb işinin sirlərinə mükəmməl yiyələndiklərinə, dövlətimizin başçısının rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün möhkəm qorunduğuna və tezliklə işğal altında olan ərazilərimizin yağı düşməndən azad olunacağına əmin olduğunu bildirdi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Novruzəli Orucov tədbirin hazırlanmasında əməyi keçən, yüksək təşkilatçılıq və dəstək göstərdiyinə görə təşəkkür plaketini Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhəd Abıyevə təqdim etmişdir. Dövlət Xidməti tərəfindən həmçinin şəhid ailəsinin üzvlərinə, müharibə veteranlarına və hərbi hazırlıq fənnində yüksək nailiyyət qazanmış şagirdlərə fəxri fərman və mükafatlar təqdim edilib.Tədbirdə şair Cavanşir Atəşinin (Qocayev) "İrəli" şeiri səsləndirilmiş və rəğbətlə qarşılanmışdır.Tədbirin bədii hissəsində vətənpərvərlik mövzusunda yazılmış mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlı konsert proqramı ilə çıxış etmişdir. Gənclərin vətənpərvərlik ruhda tərbiyyəsi ilə bağlı tədbirlər təkcə hərbi sahədə deyil, eləcə də yerli özünüidarə və icra strukturları tərəfindən də təşkil olunur. Xüsusən, şəhid ailələrinə qayğı ilə əhatə olunmuş mərasimlər gənclərdə ruh yeksəkliyi yaradır. Belə tədbirlərdən biri Açşeron rayonunda baş tutub. Belə ki, Abşeron rayonunun Məhəmmədi kənd bələdiyyəsi tərəfindən şəhid Zöhrab Mustafazadənin ailəsi fərdi evlə təmin edilib. Bu münasibətlə keçirilən mərasimdə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə dövlət qayğısından bəhs olunub. Qeyd edilib ki, dünyada iqtisadi böhranın kəskinləşməsinə baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf dinamikası qorunub saxlanılır və bütün sosial proqramlar, o cümlədən şəhid ailələrinin mənzillə təminatı işləri uğurla davam etdirilir. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova əminliklə vurğulayıb ki, Azərbaycan dövlətinin qüdrəti, Prezident İlham Əliyevin qətiyyəti və ordumuzun gücü sayəsində işğal altında olan bütün torpaqlarımız düşmən tapdağından azad ediləcək. Bildirilib ki, mövcud iqtisadi şəraitdə ölkəmizdə aparılan islahatlar, eyni zamanda, sosial siyasət kursunun daim güclənməsi, vətəndaşların sosial rifahının yaxşılaşdırılmasına yönələn tədbirlərlə müşahidə olunur. Şəhidin yaxınları Vətənimizin müdafiəsi uğrunda gedən döyüşlərdə şəhid olmuş insanların xatirəsinin daim uca tutulması, onların ailələrinin sosial rifah halının yaxşılaşdırılması, xüsusən yeni mənzillərlə təmin olunması istiqamətində aparılan məqsədyönlü işlərə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər. Qeyd edək ki, Füzuli rayonunun Alaxanlı kəndi istiqamətində erməni hərbi birləşmələrinin təxribatının qarşısını alarkən şəhid olan 1996-cı il təvəllüdlü Zöhrab Mustafazadə Məhəmmədi kəndində doğulub, boya başa çatıb. Onu da qeyd edək ki, ölkədə Milli Qəhrəmanlar və şəhidlərin adlarının əbədiləşdirilməsi istiqamətində keçirilən tədbirlər də vətənpərvərliyin təbliği istiqamətində mühüm rol oynayır. Məhz bu amil nəzərə alınaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Azərbaycanın Milli Qəhrəmanı, mayor Əfqan Hüseynovun xatirəsinə həsr olunmuş ənənəvi futbol turniri keçirilir. Müdafiə Nazirliyindən verilən məlumata görə, mərasimdə əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Turnir iştirakçılarını salamlayan liseyin rəisi, polkovnik Rüfət Əmirov onlara gərgin mübarizədə uğurlar arzulayıb. Liseyin zabiti, polkovnik-leytenant Kamran Nəsibov qəhrəmanın şərəfli həyat və döyüş yolundan danışıb. Torpaqların azadlığı uğrunda gedən döyüşlərdə şəhid olanların xatirəsinin diam hörmətlə anıldığını vurğulayan K.Nəsibov neçə ildir ənənəvi olaraq liseyin məzunu, Azərbaycanın Milli Qəhrəmanı mayor Əfqan Hüseynovun xatirəsinə həsr edilən futbol turnirinin keçirildiyini deyib. Qeyd olunub ki, erməni işğalçıları torpaqlarımıza hücum edəndə başqa vətənpərvər zabitlər kimi Ə.Hüseynov da ağır döyüşlər gedən Qubadlı, Laçın bölgəsinə yollanıb. Şərəfli ömürdöyüş yolu keçən mayor Ə.Hüseynov 1992-ci il noyabrın 1-də üzərinə düşən tapşırığı yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Ümummilli lider Heydər Əliyevin 1995-ci il 15 fevral tarixli fərmanı ilə döyüşlərdə göstərdiyi igidliyə görə, Ə.Hüseynova Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib. Sonra "Neftçi" komandasının əfsanəvi futbolçusu, Regional Futbol Federasiyasının prezidenti İsgəndər Cavadov çıxış edərək bildirib ki, bu cür tədbirlərin keçirilməsinin gələcəyin zabitləri üçün çox böyük tərbiyəvi əhəmiyyəti var. Müdafiə Nazirliyində müntəzəm olaraq şəhidlərin xatirəsinə həsr olunan tədbirlər keçirilir. Bu, şəhidlərin xatirəsinə ən böyük hörmət və ehtiramdır. Gələcəyin zabitləri görürlər ki, torpaq uğrunda şəhid olanlar heç vaxt unudulmur. "Neftçi" futbol komandasının veteranı, Futbol Veteranları Şurasının sədri Oktay Abdullayev, beynəlxalq dərəcəli hakim, Regional Futbol Federasiyasının baş katibi Füzuli Nəcəfov, Gənclər və İdman Nazirliyinin futbol sektorunun müdiri Nüvər Xasiyev və başqaları da çıxış edərək turnir iştirakçılarına uğurlar arzulayıblar. Futbol turniri oktyabrın 20-dək davam edəcək. Yarışın kuboku da elə həmin gün təntənəli surətdə qaliblərə təqdim olunacaq.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 20 oktyabr.- S.15.