Cəbhəyanı rayonların gəncləri
vətənpərvər ruhda
böyüyür
Gənclik hər
bir millətin inkişafının təməl
daşıdır. Məhz bu
səbəbdən bir millətin mövcudluğu üçün
sağlam gəncliyin olması vacib şərtdir. Çünki
ölkədə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi,
gələcəyin etibarlı təminatı, intellektual
səviyyəli potensial kadrların
yetişdirilməsindən, onların aparıcı
qüvvəyə çevrilməsindən asılıdır.
Bu
baxımdan ölkəmizdə gənclərlə iş sahəsində görülən tədbirlər
Azərbaycan gəncliyinin daha da inkişaf etməsinə
təkan verir, onların cəmiyyətdə təsdiq olunmaları üçün şərait yaradır.
İnsanın ən ali və əzəli
hisslərindən olan vətənpərvərlik
hər kəsin doğulub boya-başa çatdığı elə, obaya, torpağa, vətəndaşı
olduğu ölkəyə məhəbbətdən
qaynaqlanır. Lakin vətənpərvərlik
təkcə Vətəni sevmək deyil.
Vətənpərvərlik həm də Vətənin naminəçalışmaq, Vətəni qorumağa hər an hazır olmaq, onun yolunda qəhrəmanlıqlar, fədakarlıqlar göstərmək, Vətənin, xalqın hər bir uğuruna sevinməkdir. Bu hiss insanda anadangəlmə olsa da, bütün digər hisslər kimi tərbiyəyə möhtacdır və tərbiyə yolu ilə daha da möhkəmlənir və inkişaf edir. Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən olduğundan onun böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması həmişə təlim-tərbiyə işinin ən mühüm istiqamətlərindən, təhsil müəssisələrinin ən vacib vəzifələrindən olub.Azərbaycan xalqıgələcəyimiz olan gənc nəslin Vətənə məhəbbət, elinə və obasına hörmət, soykökünə, öz ata-babalarının ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına həmişə böyük məsuliyyətlə yanaşıb və ona həyati əhəmiyyətli məsələ kimi baxıb. Bu bir həqiqətdir ki, vətənpərvərlik insanda fədakarlıq, qəhrəmanlıq və məğlubedilməzlık hissi yaradır, apardığı mübarizədə onda inam hissini gücləndirir. Xüsusilə ayrı-ayrı regionlarda gənclərin vətənpərvər ruhda tərbiyəsinə, onların bu ruhda byüməsinə xidmət edən silsilə tədbirlərin keçirilməsi sözügedən prosesə təkan verir. Bu məsələdə təkcə Müdafiə Nazirliyi deyil, eləcə də yerli icra hakimiyyətlərin xüsusi diqqət ayırması aparılan işin keyfiyyətini bir qədər artırır. Bu günlərdə nazirlik daha bir mühüm əhəmiyyətli tədbir keçirib. Belə ki, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirmi beşinci ildönümü haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələr Silahlı Qüvvələrdə də uğurla həyata keçirilir.
Müdafiə Nazirliyinin birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində yubileylə əlaqədar silsilə tədbirlər davam edir və bu tədbirlərdə Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil respublikamızın son 25 il ərzində suveren dövlət çərçivəsində əldə etdiyi uğur və nailiyyətlər geniş təbliğ olunur. Müdafiə Nazirliyi və Beyləqan rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Vətənə, dövlətə canımız fəda!" devizi altında keçirilən hərbi vətənpərvərlik mərasimində Füzuli, Ağcabədi, Xocavənd və Beyləqan rayonları ərazisindəki hərbi hissələrin əsgər və zabitləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Əvvəlcə Müdafiə Nazirliyinin rəsmiləri və rayon icra hakimiyyətinin rəhbərliyi xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək Ulu Öndərə hörmət və ehtiramlarını bildiriblər.
Beyləqan Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Əməkdar İncəsənət Xadimi polkovnik Abdulla Qurbaninin ssenarisi və rejissorluğu ilə hazırlanmış ədəbi-musiqili-xoreoqrafik kompozisiya tamaşaçılarda böyük maraq oyadıb. Aparıcılar Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasına gedən yolların hələ 1970-ci illərdə ölkəmizə rəhbərlik etmiş dünyaşöhrətli liderimiz Heydər Əliyevlə başlandığını və bu istiqamətdə uzaqgörənliklə mühüm addımlar atıldığını qeyd ediblər.
Müstəqilliyin qazanılmasından daha çox onun qorunması, əbədi, dönməz və sarsılmaz olması naminə mübarizə aparmağın daha çətin və şərəfli olduğu vurğulanıb. Dövlət müstəqilliyimizin və milli təhlükəsizliyimizin qarantı olan Silahlı Qüvvələrimizin yaranması, formalaşması və Qafqazda ən güclü orduya çevrilməsi barədə ətraflı məlumat verilib. Əbədiyaşar Ali Baş Komandan Heydər Əliyevin və müdrik, qətiyyətli sərkərdəmiz cənab İlham Əliyevin mütəşəkkil, qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirməyə hər an hazır və qadir olan ordunun yaranmasında müstəsna xidmətləri xüsusi olaraq nəzərə çatdırılıb. Uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan aprel döyüşlərinin qəhrəmanları xatırlanıb. Bu döyüşlərin dövlətimizin və ordumuzun gücünü, xalqımızın həmrəyliyini, vətənpərvərliyini bir daha nümayiş etdirdiyi bildirilib.
Silahlı Qüvvələrin Mahnı və Rəqs Ansamblı, Gəncə Qarnizonu Zabitlər Evinin yaradıcı kollektivi və hərbi birliyin birləşmiş özfəaliyyət kollektivlərinin ifa etdikləri hərbi marşlar, şeirlər, vətənpərvərlik mahnı və rəqsləri tamaşaçılarda xoş duyğular oyadaraq, onları Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, işğal altındakı torpaqlarımızın azadlığı uğrunda mübarizəyə ruhlandırıb.
Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayev, Müdafiə Nazirliyi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev, general-mayor Mais Bərxudarov, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov tədbir iştirakçılarını əlamətdar, tarixi gün münasibətilə təbrik edib, Azərbaycanın Dövlət bayrağının etibarlı əldə olduğunu və dövlət müstəqilliyimizin bundan sonra da inamla qorunacağına əminliklərini bildiriblər.
"Vətənə, dövlətə canımız fəda!" devizi altında keçirilən hərbi vətənpərvərlik mərasimi bütün iştirakçılar tərəfindən Azərbaycan Respublikasının Dövlət himninin birlikdə ifa olunması ilə başa çatıb.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də Azərbaycan Respublikası vətəndaşlarının hərbi vətənpərvərlik ruhunda tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda yetişdirilməsi sahəsində mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmət "Vətənin müdafiəsinə hazıram!" mövzusunda növbəti tədbiri Beyləqan Rayon İcra Hakimiyyəti ilə birgə Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilib. Kütləvi tədbirdə Beyləqan Rayon İcra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin nümayəndələri, orta məktəblərin yuxarı sinif şagirdləri, həmçinin şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsinin veteranları, fəal gənclər iştirak ediblər. Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə respublikamızın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev çıxış edərək, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, hər bir Azərbaycan vətəndaşı Vətənimizin müdafiəsinə, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazırdır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, general-mayor Novruzəli Orucov çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan, Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu prosesindən, bu sahədə əldə olunan uğurlardan danışıb. Bildirib ki, Azərbaycan ordusunun cəbhə xəttində düşməni ağır məğlubiyyətə uğratması işğal altında olan ərazilərimizin azad ediləcəyi günün yaxında olduğunu sübut edir. Əgər düşmən işğal etdiyi əraziləri sülh yolu ilə azad etməsə, bu işi Azərbaycan ordusu yerinə yetirəcəkdir.
"Əfqanıstan Müharibəsi Veteranları" İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxışında gənclərin hərbi-vətənpərvərlik tərbiyəsinə xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayaraq, ölkəmizdə bu istiqamətində, həmçinin ordu quruculuğunda görülən işləri yüksək qiymətləndirib, Silahlı Qüvvələrimizin son döyüşlərdə göstərdiyi qəhrəmanlıqdan danışıb. Tədbirdə şəhid ailələrinin üzvləri, veteranlar, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılıblar. Tədbir rayon məktəblilərinin və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlının ifasında konsert proqramı ilə davam edib. Həmçinin Beyləqan şəhərində Müdafiə Nazirliyinin və Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə "Sən Vətənin sipəri, xalqımın qürurusan" adlı kütləvi hərbi şöhrət bayramı keçirilib. Aprel ayının əvvəllərində qoşunların təmas xəttində şücaət göstərmiş hərbi hissələrin nümayəndələri, eləcə də Beyləqan rayonundan olan hərbi qulluqçular, döyüşlərdə göstərdikləri qəhrəmanlıq və igidliyə görə fəqrlənərək yüksək fəxri ada layiq görülən hərbçilər, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhid ailələri, gənclər iştirak ediblər.
Tədbirdə çıxış edən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı cənab Vaqif Abdullayev bildirib ki, beyləqanlılar həmişə Azərbaycan ordusuna dayaq olublar, Heydər Əliyev ideyalarına sadiqdirlər, Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an respublikamızın ərazi bütövlüyü uğrunda savaşa hazırdırlar. Sonra Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək, xalqla ordunun monolit birliyindən, aprelin əvvəllərində erməni işğalçılarının cəbhədə törətdiyi təxribatlara Azərbaycan ordusunun verdiyi layiqli cavabdan danışıb, Silahlı Qüvvələrimizin işğal altında olan torpaqlarımızı Ali Baş Komandanın əmri ilə azad etməyə hazır olduğunu bildirib. Tədbirdə silahlı qüvvələrin mahnı və rəqs ansamblı, Beyləqan rayon incəsənət ustaları hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim ediblər. Xalq Artisti Samir Cəfərovun ifa etdiyi Abdulla Qurbaninin sözlərinə bəstəkar Azad Zahidin yenicə yazdığı "Lələtəpə fatehləri" mahnısını tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Birbaşa ön cəbhədən, təmas xəttindən gələn zabit və əsgərləri beyləqanlılar alqışlarla qarşılayıblar. Vətənimizin müdafiəsində fərqlənən bir qrup hərbi qulluqçuya hədiyyələr verilib. Kütləvi hərbi şöhrət bayramı ordu ilə xalqın monolit birliyinin nümayişinə çevrilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 21 oktyabr.- S.15.