Vətənpərvərlik elə bir

mənəvi hissdir ki...

 

Onun varlığı millətin, dövlətin mövcudluğu deməkdir

 

Gənclərin vətənpərvər ruhda tərbiyə olunmasında vətəndaş cəmiyyətlərinin rolu artıb. Xüsusən, bu sahədə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının keçirdikləri maarifləndirmə tədbirləri tədqirəlayiq haldır. Artıq QHT-lərin bu istiqamətdə fəallığı müşahidə olunmaqdadır.

Belə ki, "Addım" Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinin "Gənclər arasında milli vətənpərvərlik ruhunun təbliği" layihəsinin nəzərdə tutulan tədbirləri sona çatsa da maarifləndirmə davam etdirilir. Layihə çərçivəsində Ağcabədi rayonunun Qaraxanlı kəndində "Milli vətənpərvərlik nədir" adlı tədbir keçirilib.Tədbirdə "Addım" Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinin sədri Tural Quliyev və məktəbin direktoru Afət Süleymanova mövzunun aktuallığından, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan bəhs ediblər. Daha sonra məktəblilərin ifasında vətənə aid mahnılar səsləndirilib, şerlər söylənilib. Məktəbə Birlik tərəfindən "Qəhrəmanlıq yolu - Milli qürur yolu" adlı kitab hədiyyə verilib. Yekunda iştirakçılar tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır. Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət (ABUC) "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" mövzusunda növbəti tədbirini 283 saylı tam orta məktəbdə keçirib. Layihə rəhbəri Məlahət Xəlilova bildirib ki, Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində icra planına uyğun olaraq növbəti tədbirini keçirir. Tədbir "Azərbaycan yazıçılarının əsərlərində milli vətənpərvərliyin və qəhrəmanlığın təbliği" mövzusuna həsr olunub. Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz deyib ki, vətənpərvərlik elə bir mənəvi hissdir ki, onun varlığı millətin, dövlətin mövcudluğu deməkdir. Vətənpərvərlik fərdin öz içində millətini, dövlətini, Vətənini sevməsi deməkdir. Təbii ki, öz ailəsini qoruya bilməyən Vətəni də qoruya bilməz. Bu hissin gənclər, xüsusən, gənc əsgərlər arasında aşılanmasında yazarların rolu əvəzsizdir. Millət vəkili, yazıçı Aqil Abbas qeyd edib ki, gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması orta məktəbdən başlanmalıdır. Çünki vətənpərvərliyin qayəsini elm təşkil edir. Orta məktəb isə vətəndaş hazırlayan təşkilatdır. Əgər fərd vətənpərvər deyilsə, yüz dəfə "Babək", "Dolu" filminə baxsa, yenə də vətənpərvər olmayacaq. Yazıçı Elçin Hüseynbəyli qeyd edib ki, vətənpərvərlik sevgi kimi bir şeydir, onu qışqırmaqla aşılamaq mümkün deyil: "Qarabağ mənəvi baxımdan bütün azərbaycanlıların Vətənidir. Qarabağın işğalı mənəviyyatın, adət-ənənənin, ruhun işğalıdır. Odur ki, biz özümüz işğal altında olan torpaqlarımızı azad etməyə hazır olmalıyıq. Hər kəs öz sahəsində qəhrəman olsa bizə heç kim qalib gələ bilməz. Bu hisslər insanın içindən gəlməlidir". Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyət istiqamətinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, yeniyetmə və gənclərdə vətəndaşlıq hisslərinin yüksəldilməsi, onların Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə hazırlıq ruhunda tərbiyə edilməsi məqsədi ilə mütəmadi olaraq ictimai tədbirlər həyata keçirir. Xidmətin 2016-cı il üçün fəaliyyət planına əsasən Abşeron Rayon İcra hakimiyyəti ilə birgə "Vətənin müdafiəsinə hazıram!" mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Abşeron Rayon İcra hakimiyyətinin başçısı İradə Gülməmmədova, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəsinin müavini general-mayor Novruzəli Orucov, Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli, orta məktəblərin yuxarı sinif şagirdləri, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak etmişlər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanılmış, daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirmişdir ki, belə tədbirlərin keçirilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxışında Silahlı Qüvvələrimizin müasir hərbi texnika və silahlarla təchizatı məsələlərinə toxunaraq, Azərbaycan Ordusunun bütün göstəricilər üzrə regionun ən qüdrətli ordusu olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri haqqında gənclərə ətraflı məlumat verdi. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, "Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli qeyd etmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində həyata keçirdiyi tədbirlər gənc nəslin milli ruhda tərbiyə edilməsi işinə müsbət təsir edir.Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Abşeron rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişlər. Etiraf edək ki, gənc əsgər cə zabitlərin sağlamlıq məsələsi də daim diqqət mərkəzindədir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu ilə birgə bu istiqamətdə həyata keçirdiyi növbəti tədbir C.Naxçıvanski adına Hərbi Liseydə baş tutub. Liseyin şagirdləri qarşısında "Sağlam həyat tərzinin təbliği" mövzusunda maarifləndirici mühazirə ilə çıxış edən İSİM-in əməkdaşı, həkim-metodist Rüfət Rəhimov gənc əsgərlərə sağlam həyat tərzi, zərərli vərdişlərin sağlamlığa mənfi təsir edən amilləri və onlardan çəkinmə yolları haqqında məlumat verib. Mövzu ilə bağlı təqdimatlar edən məruzəçi fiziki aktivliyin cavanların həyat tərzində, onların sağlamlıqlarının qorunmasında mühüm rol oynamasını da vurğulayıb. Sağlamlığın qorunması üçün maarifləndirmə işinin vacib olduğunu bildirən R. Rəhimov daha sonra iştirakçıları maraqlandıran sualları cavablandırıb. Tədbirdə iştirakçılara mövzu ilə bağlı İSİM tərəfindən hazırlanmış maarifləndirmə materialları paylanılıb. Qeyd edək ki, tədbir "Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya"ya uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün, digər zərərli vərdişlərin təhlükələri barədə əhalini məlumatlandırmaq məqsədi ilə təşkil olunub. Mütəxəssislərin qənaətinə görə, yazıçılar, şairlər, elm xadimləri, cəmiyyətdə tanınan ziyalıların tez-tez hərbi hissələrdə əsgərlərə dəstək məqsədli görüşlər keçirməsində fayda var. Müharibə filmlərindən görmüşük, tarix kitablarından da oxumuşuq ki, belə görüşlər gecə-gündüz səngərlərdə keşik çəkən hərbçilərə mənəvi ruh verir. Nədənsə Azərbaycan əsgəri ilə belə görüşlərin tez-tez keçirilməsi müşahidə olunmur. Azərbaycan Yazıçılar Birliyinin Hərbi-vətənpərlik komissiyasının sədri Şahin Musaoğlu məsələ ilə bağlı açıqlamasında bu cür görüşlərin keçirilmədiyi haqda fikirlə razılaşmayıb: "Mən aprel ayından AYB-nin Hərbi-vətənpərlik komissiyasına sədrlik edirəm. Məndən öncə bu komissiyanın sədri Azərbaycanın Xalq şairi Zəlimxan Yaqub olub. Zəlimxan Yaqubun rəhbərlik etdiyi zamanda da fəaliyyət zəif olub. Biz mart, aprel ayından mütəmadi olaraq Müdafiə Nazirliyi ilə birgə tədbirlər keçiririk. Axırıncı dəfə 2 gün əvvəl tədbir keçirmişik. Bəzən Yazıçılar Birliyinin "Natəvan" klubunda, bəzən isə Müdafiə Nazirliyinin kitabxanasında vətənpərvərlik mövzusunda tədbirlər keçirmişik. Bundan başqa, bizim hərbi hissələrdə də görüşlərimiz olur. Sonuncu dəfə Bakı şəhərindəki "N" saylı hərbi hissədə əsgərlərlə görüşlərimiz olub. Məsələ belədir ki, plan tutulub və proqramla hərəkət edirik. 2016-cı ilin proqramına uyğun olaraq fəaliyyət göstəririk". Komissiya sədrinin sözlərinə görə, 2017-ci il üçün tədbirlər proqramı hazırlanır: "Biz həmin plan üzrə bütün güc nazirliklər, o cümlədən də Müdafiə Nazirliyi ilə birgə fəaliyyət tədbirləri planlaşdırırıq. Gələn il üçün tədbir proqramında hərbi hissələrdə əsgərlərlə görüşlərimiz də var. Tədbirlərimiz təkcə hərbi hissələrdə deyil, eyni zamanda universitetlərdə, məktəblərdə də planlaşdırılıb. Mən bu komissiyaya 6 aydır rəhbərlik edirəm. Amma mənə qədər də bizim komissiyanın üzvlərinin cəbhə bölgəsində görüşləri olub. Şairlər, yazıçılar mütəmadi olaraq əsgərlərə dəstək vermək üçün cəbhə bölgəsinə yollanır".

 

Olaylar.- 2016.- 22-24 oktyabr.- S.15.