Şərəf
borcu
Əslində vətənpərvərlik
hər bir azərbaycanlının şərəf borcudu. Bu,
yuxarıdan göstərişlə, yaxud da digər təzyiq
vasitəsi ilə olmur. Sadəcə cəmiyyətdə fəaliyyət
göstərən bəzi qurumlar birbaşa, yaxud da
dolayısı ilə bu hissin insanlarda, xüsusilə də gənclərdə
artırılmasında müəyyən rol oynayırlar.
Qeyri-hökumət təşkilatlarının əksəriyyəti
bu yönümdə illərdi iş aparırlar və fəaliyyətlərinin
müsbət nəticəsi də olur. Bəzi QHT-lər də
bunu yalnız kağız üzərində "yerinə
yetirirlər". Bu, təbii ki, xoşagələn deyil, bir
növ baş aldatmaqdı.
Ölkədə 17 ildi fəaliyyət göstərən bələdiyyələrin də bu sahədə üzərlərinə müəyyən iş düşür. Bələdiyyələr vətəndaşların fəaliyyətini təşkil edən elə bir qeyri-dövlət sistemidir ki, bu sistem qanun çərçivəsində onlara yerli əhəmiyyətli məsələləri müstəqil və sərbəst şəkildə həll etmək hüququnu həyata keçirmək imkanı verir. Azərbaycan Respublikasının Konstitusiyasında bələdiyyələrin səlahiyyətləri aydın göstərilib. Yerli sosial müdafiə və sosial inkişaf proqramlarının, yerli iqtisadi inkişaf proqramlarının, yerli ekoloji proqramların qəbul və icra edilməsi bu səlahiyyətlərə daxildir. Amma dördüncü fəaliyyət dövrünü yaşayan yerli özünüidarə qurumu olan bələdiyyələrin üzərinə düşən vəzifələr bu gün bununla da məhdudlaşmır. Fəaliyyət göstərdiyi ərazidə yaşayan bələdiyyə sakinləri ilə birlikdə gənclərdə vətənpərvərlik ruhunun və qəhrəmanlıq hissinin möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görürlər.
Hazırda ölkə üzrə 1000-dən çox bələdiyyə fəaliyyət göstərir. Yerli problemlərin həlli ilə məşğul olan bu qurumun üzvləri öhdələrinə düşən vəzifələri maksimum yerinə yetirməyə çalışırlar. Onların bəzilərinin fəaliyyəti nəzərə çarpmasa, bəzilərinin isə varlığı ilə yoxluğunun bilinməməsi faktları olsa da, danmaq olmaz ki, elə bələdiyyələr var yerli problemlərin həlli fonunda öz daxili imkanları hesabına fəaliyyət dairəsinə daxil olmayan məsələlərin də yoluna qoyulmasına çalışırlar. Sumqayıt bələdiyyəsi, Bakı şəhəri üzrə Nizami, Baxıxanov, Qaraçuxur, Nərimanov bələdiyyələri, Lənkəran bələdiyyəsi, Şəmkir bələdiyyəsi, Göygöl bələdiyyəsi, Gəncə bələdiyyəsi, Zaqatala bələdiyyəsi və başqa xeyli sayda yerli idarəetmə strukturu vətənpərvərlik tərbiyəsini əhatə edən məsələlərə xeyli diqqət ayırır.
Bələdiyyə üzvləri bələdiyyə sakinləri ilə vaxtaşırı görüş keçirirlər. Müxtəlif məzmunlu bu görüşlərdə təkcə bələdiyyə sədri, yaxud müavinlər və bələdiyyə üzvləri danışmırlar, həm də sakinlərlə qarşılıqlı, səmimi söhbətlər aparırlar. Xüsusilə də şəhid ailələrini, müharibə veteranlarını narahat edən və bilavasitə bələdiyyənin fəaliyyət dairəsinə daxil olmayan problemlərin həll olunması üçün onları müvafiq idarə və strukturlara yönləndirirlər. Elə ki, məsələ birbaşa vətənpərvərliklə bağlı olur bələdiyyə qurumu özü onu həll etməyə çalışır.
Bələdiyyələr orta məktəblərlə əlaqə yaradır, məktəblilərlə birlikdə fəaliyyət proqramında nəzərdə tutulan vətənpərvərlik mövzularını müzakirə edir, şagirdlərin hərbi-vətənpərvərlik oyunlarında iştirakını təmin edir, qaliblərə xüsusi bələdiyyə mükafatları verirlər. Bir çox hallarda
bu görüşlərdə bələdiyyənin dəvəti ilə müharibə veteranları da iştirak edirlər. Keçmiş döyüşçülər orta məktəb şagirdlərinə döyüş yollarından bəhs edir, torpağı, vətəni necə sevməyi, lazım gələrsə onun yolunda şəhid olmağı təlqin edirlər. Elə bələdiyyə sədri, yaxud da bələdiyyə üzvü var ki, ya Azərbaycanın milli-azadlıq hərəkatında müəyyən rolu olub, ya da Qarabağ döyüşlərində erməni faşistləri ilə döyüşüb. Belələrinin mübarizələrlə dolu həyatı, döyüş yolu məktəblilərə çox maraqlı olur. Dünən Azərbaycanın azadlığı üçün döyüşənlər, bu gün onun müstəqil yerli idarəetmə strukturunda "döyüşürlər". Hər iki döyüş vətənin azadlığı, müstəqilliyi və inkişafı üçündü. Şəhid ailələrinin üzvləri də yerli idarəetmədə çalışırlar. Onların şəhid olmuş atası, qardaşı, əmisi, dayısı, eləcə də digər qohumlarının vətən torpağına qarışan qanını yerdə qoymaq olmaz, düşməndən intiqam alıb, dizini yerə qoymaq lazımdı. Şagirdlərlə keçirilən görüşlərdə şəhidlərin döyüş yolu, Milli Qəhrəmanların qəhrəmanlıq məktəbi bir örnək kimi izah edilir ki, bunda da bələdiyyələrin xüsusi rolu var.
Bələdiyyələrin fəaliyyət göstərdiyi ərazilərdə Milli Qəhrəmanların və şəhidlərin adına küçələr, bağlar, parklar, məktəblər və onların büstləri var. Onu deyim ki, bu adların əbədiləşdirilməsində bələdiyyələrin də rolu az deyil. Birbaşa səlahiyyətlərinə daxil olan məsələ olmasa da, onlara etimad göstərib səs verən bələdiyyə sakinlərini yaxşı tanıdıqlarından Milli Qəhrəmanların tanıdılması məqsədilə ölkənin əlaqədar qurumlarına təkliflər verir, vətənpərvərlik hisslərinin, qəhrəmanlıq ruhunun möhkəmləndirilməsinə təsir edən təbliğat və təşviqat vasitələrinin yayılmasında iştirak edirlər. Qəhrəmanların və şəhidlərin doğum günlərində, şəhid olduqları və digər əlaqədar günlərdə qəbirlərinin ziyarət ediləməsi, ailə üzvləri ilə görüşlər keçirilməsi, adlarına olan küçələrin abadlaşdırılması, büst və heykəllərinin ətrafının səliqəli saxlanması, gül-çiçək əkilməsi, vaxtaşırı əklillər qoyulması birbaşa bələdiyyənin səlahiyyətinə daxil olan məsələlərdir. Və onlar bu işləri vəzifə borcları hesab etdiklərinə görə məmniniyyətlə yerinə yetirirlər.
Xüsusilə də kənd bələdiyyələrində bu iş çox həvəslə yerinə yetirilir. Çünki bələdiyyə üzvləri məhz həmin kəndin övladları olduğu üçün vətənpərvərliklə bağlı sakinlərlə birgə, kollegial surətdə həyata keçirdikləri tədbirlər hər bir kənd sakininin ürəyindən xəbər verir. Qarabağ döyüşlərində şəhid olmuş oğullar, müharibə vetereranları elə həmin bələdiyyə sədrinin, yaxud da bələdiyyə üzvlərinin yaxını, doğması, əzizidir, ya da qonşusudur. Ona görə də qəhrəmanların tanıdılması və şəhid adlarının əbədiləşdirilməsi istiqamətində apardıqları işlər ətrafdakı vətənpərvər oğullar üçün bir stimul olur.
Bu cür işlər cəbhəyanı bölgələrdə demək olar ki, hər gün, hər həftə həyata keçirilir. Düşmənlə üz-üzə dayanan bələdiyyə sakinlərinin vətən sevgisi bir başqadır. Düşmənə nifrət hissi onlarda torpaq məhəbbətinə qarışaraq qəribə bir hiss yaradır. Vətənpərvər oğullar yerli idarəetmə strukturunun vətənlə bağlı hər təklifinə, hər çağırışına qəhrəmanlıq müstəvisində cavab verirlər.
Hər bir azərbaycanlının şərəf
borcu sayılan vətənpərvərlik hissi bələdiyyə
üzvlərindən yan keçməyib. Milli qəhrəmanlar
və şəhidlərlə bağlı parklarda,
küçə və xiyabanlarda qurumuş ağac
budaqlarının kəsilməsi, yaşıl otların
biçilməsi, şəhid bulaqlarının
abadlaşdırılaraq ətrafına gül kollarının və
bəzək ağaclarının əkilməsi, anım
günlərinin keçirilməsi bələdiyyələrin
xalq üçün gərəkli bir qurum olmasından xəbər
verir. Bu, həm də yerli idarəetmə qurumunun bələdiyyə
üzvlərinə qarşı diqqət və
qayğılarının təzhürü olmaqla
yanaşı, gənclərdə vətənpərvərlik
hisslərinin güclənməsi və ölməməsi
üçün bir nümunədi.
Züleyxa Nadir
Azərbaycan
Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi
Şurasının maliyyə dəstəyilə ABUC-un həyata
keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində
QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində
çap olunur.
Olaylar.- 2016.- 22-24 oktyabr.- S.13.