Kitabxana vətənpərvər gənclərə

döyüş ruhu aşılayan təlim mərkəzidi

 

Arxada qoyduğum illərin təcübəsi, eləcə də həyat məktəbi sübut edib ki, kiabxana dünyanın ən isti bucağı, ən rahat məkanıdır. Bu məkanda nələr yoxdu? Hər şeydən əvvəl səni sən edən kitabların cazibəsinə düşmək var. Sonra taleyində çox mühüm rol oynayan bədi əsərlər, dünya ədəbiyyatının roman qəhrəmanları, ünlü yazıçılar həyatın gərdişində və dövranın qarma-qarmaqarışıqlığında yoluna işıq salır, düzgün istiqamət götürməyə yönləndirir. Bir sözlə, kitabxana dünyanın da, həyatın da səni çaş-baş salan hadisələri fonunda özünə verdiyin sualların cavabanı tapa biləcəyin ən uyğun məkandı.

 

Sovetlər dönəmində hamı kitabxanaya gedirdi. Böyüklü-kiçikli, cavanlı-qocalı - hər kəs kitabxanaya üzv yazılırdı. Oxu zalları ikinci universitet rolunu oynayırdı. Tələbə vaxtı dərslərimizi hazırlamaq üçün bəzən getdiyimiz kitabxananın oxu zalında oturmağa yer tapmırdıq, başqasına yön alırdıq, orda da eyni mənzərə ilə qarşılaşırdıq. Nəhayət üçüncüsündə yer tapmağa müvəffəq olurduq.

Amma indi bu axın yoxdu. Elmi-texniki tərəqqinin "övladı" olan internet, kompüter texnologiyaları həmin kütləviliyin qarşısını kəsib. Kitabxana və oxucuların sayı nisbətən seyrəlib. Bununla belə hələ də daimi oxucusu olan, özünün simasını qoruyub saxlayan kitabxanalar fəaliyyət göstərir. Bu məsələdə təbii ki, kitabxanaçıların rolu çox böyükdü.

Tovuz rayonundakı 1 saylı şəhər kitabxanasının adını çəkməyim kifayət edir ki, söylədiyimin təsdiqini tapsın. Kitabxananın müdiri Şərqiyyə Alıyeva ömrünün 41 ilini kitab işinə, oxucularla yaxın ünsiyyətə həsr edib. Sıravi kitabxanaçılıqdan müdirliyə qədər gedən yolda taleyinə, yaddaşına kitabla bağlı çoxlu saylı hadisələr həkk olunub.

Tovuza yolum düşəndə onunla görüşürəm, yerinə gedirəm. 10-15 il əvvəl hansı sevgi, hansı şövq ilə çalışırdısa, indieyni həvəs və maraqla kitablardan "yapışıb". Bu kitablar, - deyir, - üç övladım qədər mənə doğmadı, əzizdi. - Birini toz basanda, uzun müddət əlimə götürməyəndə, yaxud da kitabxanaya gələn oxucunun ona tərəf baxmadığını görəndə ürəyim sızlayır. Sanki balalarımdan birinin diqqətdən, qayğıdan kənar olması kimi bir hiss yaşayıram. Bura mənim evimdi, heç zaman o evi tərk edə bilməyəcəyim isti bir yuvamdı.

Əmək kitabçasında ilkson yeri "kitabxana"yazılan Şərqiyyə xanımla bu dəfəki söhbətim həmişə olduğu kimi kitabxananın fəaliyyəti, problemləri, qarşıya çıxan çətinliklərin necə həll edilməsi və oxucularla qurduqları sıx əlaqə haqqında deyil, sırf vətənpərliklə bağlı oldu. Gənclərdə vətənpərvərlik hisslərinin və qəhrəmanlıq duyğularının möhkəmlənməsi üçün kitabxananın və kitabxanaçıların rolundan danışmasını xahiş etdim.

-Müharibə şəraitində olan bir dövlətdə gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsi çox mühümdü, çox da vacibdi, - deyə həmsöhbətim söhbətə başladı. - Gənc nəslin vətənpərvərlik hissinin yüksəldilməsində təhsil müəssisələri ilə yanaşı, mədəniyyət ocaqlarının, kitabxanaların da boynuna böyük məsuliyyət düşür. Vətənpərvərlik qəhrəmanlığın təməlidir. Qəlbində qəhrəmanlıq hissi güclü olanlar vətən sevgisini, torpaq məhəbbətini bütün sevgilərdən üstün tuturlar. Azərbaycan tarixində əfasanəvi qəhrəmanlarımız olub. Kitabxanamızda həmin qəhrəmanlardan bəhs edən çoxlu sayda əsərlər var. Vaxtaşırı oxucularla birlikdə Babəkdən, Cavanşirdən, Şah İsmayıl Xətaidən, Mehdi Hüseynzadədən, Əliağa Şıxlinski və Səməd bəy Mehmandarovdan bəhs edən əsərləri müzakirə edirik. Bəri başdan deyim ki, belə tədbirlərdə iştirak edən gənclərimiz 1-2 saatda çox şey öyrənir, vətənə məhəbbət hissinin dədə-babalardan gəldiyinin, genetik olaraq qanla keçdiyinin, xarakter olaraq nəsildən-nəsilə ötürüldüyünün fərqinə varırlar. Ona görə də onlar vətəni göz bəbəyi kimi qorumağa hazır olurlar. Çəkinmədən deyə bilərəm ki, rayonumuzun gəncləri torpaqlarını göz bəbəyi kimi qorumağa hazırdırlar. Qarabağ torpaqlarında, eləcə də Tovuz sərhədlərində düşmənlə ölüm-dirim mübarizəsinə qalxan gənclər Azərbaycan xalqının qəhrəmanlıq səhifəsinə qanla yazılmış iz qoyublar. Bu, vətənpərvərlik tərbiyəsinin nəticəsidir. Gənclərdə hərbi-vətənpərvərlik tərbiyəsi o zaman güclü olur ki, ailədə, orta məktəbdə aşılanan qəhrəmanlıq hissləri kitabxanada daha da möhkəmlənir. Rayonumuzun gəncləri pis vərdişlərə meylli deyil, onlar əsasən təhsilə üstünlük verirlər. Müşahidələrim əsas verir deyim ki, gənclərin çoxu müasir kompüter texnologiyalarından geniş istifadə etsələr də yazılı ədəbiyyatı oxumağa, öyrənməyə daha çox həvəs göstərirlər. Son illərin müharibə şəraiti, hər gün cəbhədə şəhid olanların taleyi gənclərimizin vətənpərvər ruhunu demək olar ki, alovlandırır. Onlar təkcə gənc deyil, həm də vətənpərvərlik hissi, qəhrəmanlıq duyğuları zəngin olan əsil vətəndaşdırlar. Əsil vətəndaş dedikdə bilavasitə vətənə, dövlətə gərəkli fəaliyyəti ilə xidmət edən, böyük mənəvi keyfiyyətlərə malik olanlar nəzərdə tutulur. Təcrübə göstərir ki, ailədən, məktəbdən başlayan vətəndaşlıq tərbiyəsi kitabxanada güclənir. Çünki kitabxana dünya deməkdi. Kitabxana həyat deməkdi. Kitabxana sağlam yetişən şəxsiyyətə yüksək mənəviyyat möhürü vuran sistem deməkdi. Bunu da xüsusi vurğulayıram ki, kitabxana vətənpərvər gənclərə döyüş ruhu aşılayan təlim mərkəzidi. Bu təlimə rəhbərlik edən "generallar" kitablardı.

Kitabxananın gözəl məziyyətlərini sadalayan Şərqiyyə xanımın sözünü kəsirəm:

- Tovuz mənfur düşmənlə sərhəddə yerləşən cəbhəyanı bölgədi. 1988-ci ildən bəri gedən döyüşlərdə bir qarış torpaq belə erməni daşnaklarına verilməyib. Bu, rayondakı Şəhidlər Xiyabanında uyuyan oğulların, hələ də bədənində qəlpə gəzdirən igidlərin sayəsində olub. İnanıram ki, həmin şəhidlərin və müharibə veteranlarının keçdiyi döyüş yolu gənclərin taleyində mühüm rol oynayır, onlarda vətəndaşlıq hissini, torpaq sevgisini, vətən təəssübünü artırır. Bəs, sənin kitabxanan konkret olaraq bu yönümdə hansı işləri aparır?

-Yəqin sən də təqdir edərsən ki, Azərbaycan xalqı heç zaman müharibə arzulamır, həmişə sülhün, əmin-amanlığın tərəfdarı olub. Bu baxımdan kitabxananın rolu çox böyükdü. Gənclərin vətənpərvərlik tərbiyəsinin təbliği yönümündə bizim kitabxanada çox görülür. Bunun üçün kitabxanamızda müntəzəm olaraq oxucularla vətənpərvərlik və qəhrəmanlıq mövzusunda söhbətlər aparır, biblioqrafik xülasə, ədəbi-bədii gecə, oxucular konfransı keçiririk. Daimi oxucularımız olan çoxlu sayda aşağı sinif şagirdlərində müharibə ilə bağlı təsəvvür yaransın deyə sərgilər təşkil edirik. Sərgidə kitab, qəzet və jurnal məqalələri ilə yanaşı hərbi-vətənpərvərlik mövzusuna həsr olunmuş şəkillər də nümayiş olunur. Sərginin yanında ədəbiyyat siyahısı və kartoteka qutusu qoyuruq. "Tariximizin qəhrəmanlıq səhifələri", "Heç kimheçunudulmur", "Analar müharibə istəmir", "Torpağımız göz bəbəyimizdi" adlı bu sərgilərdə, həm də vətənpərvərlik haqqında dahilərin, görkəmli şəxsiyyətlərin vətənpərvərlik haqqında dediyi fikirlərdən, sitatlardan istifadə edirik. Bu, sərginin daha dolğundaha məzmunlu olmasına təsir edir. Onu da deyim ki, böyük həyat təcrübəsi keçmiş biri kimi kitabxanaya gələn gənclərlə, kiçik yaşlılar və yeniyetmələrlə fərdi söhbətə də üstünlük verirəm, vətənpərvərlik mövzusunda kitab seçməyə kömək edirəm. Çünki onlar hələ müharibənin dəhşətləri ilə üz-üzə gəlməyiblər, qanlı döyüş səhnələrini filmlərdə görüblər.

Müntəzəm olaraq müharibə mövzusunda rəsm sərgisi təşkil edirik. Məktəblilər arasında "Maharibə uşaqların gözü ilə" adlı müsabiqə elan edirik. Qalibləri kitablarla mükafatlandırırq. Bu, onlarda, həm də kitaba sevgi hissi yaradır. Şəhid ailələri ilə, müharibə veteranları ilə oxucuların görüşünü təşkil edirik. Aşağı sinif şagirdləri bu görüşlərdə müharibənin canlı şahidlərini görür, onlarla yaxından tanış olur, filmlərdə gördükləri, kitablarda oxuduqları hadisələri onların dilindən eşidirlər. Kitabxanamızın girişində asdığımız üç rəngli bayrağımızın yanında Bəxtiyar Vahabzadənin "Bayraq" şerindən olan bu misranı əminəm ki, oxucularımız əzbərləyiblər və heç vaxt da yaddanm çıxarmazlar:

Bayraq mənliyimdir, bayraq kimliyim!

Bayraq öz yurduma öz hakimliyim!

Azərbaycan tarixinin yaxın keçmişində qanla yazılmış 20 Yanvar və Xocalı hadisələri var. Bu, bizim qan yaddaşımızdı, onu unutmaq olmaz. Hər iki hadisəni törədənlərin mənfur hərəkətlərininin yaddaşımızdan silinməməsi üçün keçirdiyimiz tədbirlər də oxucularlda vətənpərvərlik hisslərini gücləndirir, düşmənə qarşı intiqam hissini alovlandırır. Xocalı soyqırımı ilə bağlı "Xocalı göynərtisi", "Xocalı qan yaddaşımız", "Qisas qiyamətə qalmayacaq", "Əsrin faciəsi", "Bu yaranın izi getməz", 20 Yanvar qırğınını özündə əks etdirən "Qan yaddaşımız", " 20 Yanvar gecəsi" kimi stend və sərgiləri kitabxanamızın daimi "aksesuarı" da adlandırmaq olar. Bu gün vətənpərvərlik hissini təbliğ edən bədii əsərlərin çoxluq təşkil etdiyi kitabxanamızda həmin kitabların vaxtaşırı oxucuların müzakirəsinə verilməsi də öz bəhrəsini verir.

Ümimilli Liderimiz Heydər Əliyeb deyib: "Hamımızın ümumı vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhıdliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir". Mən və kitabxanamızın əməkdaşları liderin bu sözlərini əsas tutaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.

Söhbətimi uzun illik kitabxanaçılıq təcrübəsi toplayaraq fəaliyyətini hər zamanın tələbinə uyğun qurmağa üstünlük verən, keçirdiyi bütün tədbirlərdə ona yaxından kömək edən daimi oxucularının - Nuriyyə İsayevanın, Fidan Məmmədovanın, Amaliya Bağırovanın, Cəfər İsayevin, Elbrus Bağırovun, Məhəmməd Əsgərovun adını çəkməyi unutmayan Şərqiyyə xanıma minnətdarlıqla dolu olan üç kəlməlik "çox sağ ol" sözləri ilə bitirdim.

Bu qədər gözəl işlərin müqabilində başqa nə deyə bilərdim ki?!

 

Züleyxa Nadir

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur.

 

Olaylar.- 2016.- 25 oktyabr.- S.13.