İtmiş şəhərin izi ilə və
yaxud
tarixi Əncan şəhəri haradadır
Son tədqiqatlara görə, şəhər
mədəniyyətinin tarixi 5000 ildən çox olan
Naxçıvan ərazisində çoxlu sayda şəhərlər
mövcud olmuş, bu şəhərlər tərəqqi və
tənəzzül dövrlərini yaşamış, onlardan bəziləri
şəhər kimi günümüzə qədər
varlığını qoruyub saxlamış, bəziləri kəndtipli
yaşayış məntəqələrinə
çevrilmiş, bəzi şəhərlər isə
ümumiyyətlə həm şəhər, həm
yaşayış yeri kimi əhəmiyyətini itirmiş,
dağıdılmış və yaxud tarix səhnəsindən
silinmişdir.
Məsələn,
Naxçıvan, Ordubad, Culfa kimi şəhərlər, demək
olar ki, tarixin əksər dövrlərində şəhər
kimi varlığını qoruyub saxlaya bilmiş, Əylis,
Qarabağlar, Azad şəhər əhəmiyyətini itirsə
də, bu günə qədər kənd yaşayış məntəqəsi
kimi muxtar respublika ərazisində qalmaqdadır. Lakin tarixdən məlum olan Kiran, Astabad kimi
Naxçıvan şəhərləri mövcudiyyətini
qoruyub saxlamamışdır. Orta əsr mənbələrində
Naxçıvan ərazisində adıçəkilən belə
şəhərlərdən biri də Əncandır.
Məlumdur ki, monqol hücumları
dövrü Azərbaycan, o cümlədən xüsusən
Naxçıvan əraziləri üçün bir sıra
dağıntılarla yadda qalmışdır. Lakin
monqolların yerli əhali ilə qaynayıb
qarışması və yerli dövlət idarəçilik ənənələrini
mənimsəmələrindən sonra meydana
çıxmış Hülakülər dövləti
zamanında bir sıra quruculuq işləri həyata
keçirilmişdir. Maraqlıdır ki, dövrün mənbələrində
Naxçıvan tüməninin tərkibinə aid olan
Naxçıvan, Ordubad, Azad, Makuyə, Dəbil, Qarabağlar
şəhərləri ilə yanaşı, daha bir şəhərin
- Əncanın da adı çəkilir. "Naxçıvan
tarixi"nin I cildində qeyd olunur ki, bəhs
etdiyimiz dövrdə Naxçıvan tüməninə 5
şəhər və əlavə olaraq 10 şəhərtipli
kiçik yaşayış yeri daxil olmuşdur.
Əncan şəhərinin adı
haqqında məlumat verən əsas mənbə
Həmdullah Qəzvininin "Nüzhət əl-qulub" əsəri
hesab edilir. Əncan şəhərində mis mədənlərinin
olduğunu qeyd edən Həmdullah Qəzvini şəhərin
digər adını Karxana kimi göstərmiş və burada
mis emalı barədə məlumat vermişdir. Bu fikirdən belə bir qənaətə gəlmək
olar ki, burada hasil edilən misdən yerli sənətkarlar
müxtəlif məmulatlar hazırlamaq üçün
istifadə etmişlər. Bu dövrdə mis və
mis-bürünc məmulatının, əsasən, məişət
təyinatlı qab-qacağın istehsalı geniş intişar tapmışdır. Unutmamaq
lazımdır ki, Təbriz, Gəncə, Xoy, Şəmkir
şəhərləri ilə yanaşı, Naxçıvan
da monqol yürüşlərinə qədərki dövrdə
metalişləmə sənətinin mühüm mərkəzlərindən
biri olmuşdur.
Apardığımız araşdırmalar göstərir
ki, bu şəhər haqqında naməlum
müəllifin "Əcaib əd-dünya" əsərində
də məlumat verilmişdir. "Əcaib əd-dünya"da
Əncan haqqında verilən məlumatlardan aydın olur ki,
şəhər möhkəm qala divarları ilə əhatə
edilmişdi. Əsərdə yazılır:
"Əncan. Sərt, çətinliklə
keçilən yerdədir. Dağlar şəhərin
hüdudlarından kənarda yerləşir, möhkəm
qaladır. Oranın malları incə
parçalar, yaylıqlar, keyfiyyətli üst örtükləri,
zilə corablardan ibarətdir".
Əncan şəhəri ilə bağlı tədqiqatçılar müxtəlif
fikirlər irəli sürsələr də, bu şəhərin
dəqiq lokalizasiyasını aparmaq bu günə qədər
mümkün olmamışdır. Qeyd edək ki, Naxçıvan Muxtar
Respublikası ərazisində mis filizi və sərbəst mis
yataqları Naxçıvan şəhərindən 18 kilometr
şimal-şərqdə, Naxçıvançayın orta
axın hövzəsində, Qızıldağ dağından
1 kilometr cənub-şərqdə yerləşən Xal-xal
yatağında, mis-molibden-porfir yataqları isə
Ordubadçayın yuxarı axın hissəsində, Sərkidağ-Diaxçay
filiz sahəsində aşkara
çıxarılmışdır.
1925-ci ilə aid olan
"Naxçıvan diyarının təhqiqi üzrə
xüsusi komissiyanın məruzəsi"ndə
Naxçıvan ərazisində daha bir metal yatağı ilə
bağlı məlumat verilir. Mənbədə
qeyd edilir ki, Naxçıvanda ən iri
gümüş-qurğuşun yataqları Şərur
stansiyasından Arpaçaya gedən şose yolu üzrə 15
verst aralıda Gümüşlü deyilən yerdədir.
Bu yataqlar çoxdan işlənmişdir, bunu
ordakı köhnə mədən yerləri göstərir.
Bu cür köhnə şaxtalardan biri təmizlənmiş və
onda qədim alətlər: dəmir pazlar, gil
lampalar, yağ bardağı, bir neçə insan kəlləsi
və sümükləri tapılmışdır.
XIX əsr rus mənbələrində
Naxçıvan haqqında verilən məlumatlardan bəhs edən
tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov
yazır: "Rus mənbələrinin təhlilindən belə
məlum olur ki, Dərələyəz mahalındakı
Gümüşxana kəndinin (İndiki Şərur rayonunun
Gümüşlü kəndi - Y.R.) ətrafında
gümüş çıxarılan iki dərin xəndək
olmuşdur". Professor Səfərəli
Babayevin "Naxçıvan Muxtar Respublikasının
coğrafiyası" adlı kitabında təqdim etdiyi xəritədə
də Gümüşlü yaxınlığında polimetal
yataqlarının olduğu qeyd edilmişdir.
Maraqlıdır ki, Məhəmməd Seyfəddini də Əncan şəhərinin
məhz Şərur ərazisində yerləşməsi
fikrini irəli sürmüşdür. Dilçi alim
Adil Bağırov isə Əncanın digər adı olan
Karxananın indiki Gümüşlü kəndinin
keçmiş adı olduğunu əsərlərində qeyd
etmişdir. Müəllifin digər bir əsərində
isə Naxçıvan ərazisində üç yerdə -
Babək rayonunda, Ordubad rayonunun Biləv kəndində və
Şərur rayonunda Karxana toponiminin olduğu göstərilmişdir.
Fikrimizcə, XIX əsr rus mənbələrində
verilən məlumatlar, 1925-ci ilə aid olan
"Naxçıvan diyarının təhqiqi üzrə
xüsusi komissiyanın məruzəsi"ndə göstərilmiş
faktlar Əncan və ya Əcnanın məhz
Gümüşlü kəndi istiqamətində yerləşdiyini
söyləməyə imkan verir.
Maraqlıdır ki, A.Ş.Milmanın yazdığına görə, XIX əsrdə
Qarabağ xanlığına aid olan 21 mahaldan biri
Əcnan-türk və ya Əncan-türk mahalı olmuşdur. Ola bilsin ki,
monqol hücumlarının ağırlığı nəticəsində
Əcnan sakinləri Qarabağa üz tutmuş və bu
türk tayfaları Qarabağda məskunlaşdıqdan sonra
öz doğma şəhərlərinin adını yerləşdikləri
mahala vermişlər. "Naxçıvan tarixi"ndə
Naxçıvanda XIII əsrdən sonra mis mədənlərinin
işinin tənəzzülə uğraması haqqında
verilən məlumatı da nəzərə alsaq, deyə bilərik
ki, bu proses yerli əhalinin miqrasiyası ilə də
bağlı ola bilərdi.
Tarixi mənbələrdə
adı qalan bu şəhərin,
mütləqdir ki, ulu Naxçıvanın bir guşəsində
izləri qalmışdır və gələcək tədqiqatlar
bizi bu şəhərə aparıb çıxaracaqdır.
Elnur KƏLBİZADƏ
"Şərq qapısı" qəzetinin
əməkdaşı
Olaylar.- 2016.- 26 oktyabr.- S.12.