Bakıda özbək yazıçısının

kitablarının təqdimatı keçirildi

 

Şuxrat Salamov ermənilərin türklərə qarşı həyata keçirdikləri soyqırımları dünyaya bəyan edir

 

Bu gün Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasında tanınmış özbək yazıçısı və tarixçisi Şuxrat Salamovun (Şuxrat Barlas) "Туркестан и Южный Кавказ XIX-XX вв.. Дашнаки: от Ферганы до Карабаха" və "КАРАБАХ ВОЙНА ИДЕЙ. Национализм-Терроризм-Геноцид" kitablarının təqdimat mərasimi keçirilib. Tədbiri giriş sözü ilə açan Kitabxananın direktoru Mayıl Əhmədov bildirib ki, mühüm elmisiyasi əhəmiyyət kəsb edən bu kitabların təqdimatının keçirilməsi Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 25 illiyi ərəfəsində keçirilən tədbirlərə təsadüf edir.

O, qeyd edib ki, Məhz müstəqilliyin verdiyi imkanlar sayəsində Azərbaycanın dünya dövlətləri ilə, xüsusən də türkdilli dövlətlərlə əlaqələri genişlənir, Azərbaycan həqiqətləri onun dostlarının, təəssübkeşlərinin fəaliyyətləri nəticəsində dünya ictimaiyyətinə çatdırılır. Mayıl Əhmədov bildirib ki, Şuxrat Salamovun imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır: "Prezident Kitabxanasının əməkdaşları da Şuxrat Salamovu gözəl tanıyırlar. Şuxrat bəy hələ "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar Fərqanədən Qarabağadək" kitabi üzərində işləyərkən günlərlə bizim kitabxanamızda çalışıb. Əməkdaşlarımız Şuxrat bəyi lazım olan ədəbiyyatla təmin ediblər. Prezident Kitabxanasının əməkdaşları tərəfindən yaradılan və uydurma "erməni məsələsi"nin mahiyyətini ortaya qoyan, erməni vandalizminin üzünü açan elektron resursların materialları da həmin kitabın ərsəyə gəlməsində müəllifə xeyli dərəcədə kömək edib. Şuxrat Salamovun gərin elmi axtarışları nəticəsində bu günlərə onun ikinci kitabı işıq üzü görüb". Mayıl Əhmədov bildirib ki, hörmətli Yaqub müəllimin rəhbərliyi və AMEA A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşlarının yaxından köməkliyi sayəsində Tiflisdə rus dilində çap edilən kitab da erməni yalanlarının ifşa edilməsi və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayacaq. O, vurğulayıb ki, Şuxrat Salamov hazırda Dağlıq Qarabağ münaqişəsinin hüquqi- siyasi aspektlərini əhatə edən yeni kitab üzərində işləyir və Kitabxananın əməkdaşları ona bu sahədə hər cür köməklik göstərməyə hazırdırlar. Şuxrat Salamovun ictimai-siyasi fəaliyyətinə toxunan Kitabxananın direktoru qeyd etmişdir ki, o, Azərbaycanın dostu və təəssübkeşi kimi ölkəmizin Özbəkistandakı səfirliyi və Daşkənddəki Heydər Əliyev Mədəniyyət Mərkəzi ilə sıx əməkdaşlıq edir.

AMEA-nın müxbir üzvü, millət vəkili Yaqub Mahmudov Azərbaycan və özbək xalqları arasındakı əlaqələrin dərin tarixi köklərə malik olmasından danışıb. O, bildirib ki, özbək yazıçının qələmə aldığı kitablar müstəqilliyimizin 25 illiyinə ən böyük töhfədir. Yaqub Mahmudov ermənilərin tarixən azərbaycanlılara, ümumilikdə türklərə qarşı soyqırım həyata keçirdiklərini diqqətə çatdırıb. O, qeyd edib ki, ermənilərin həyata keçirdikləri soyqırım, insanlıq əleyhinə cinayətlərin dünya birliyinə çatdırılmasında Şuxrat Salamov kimi yazıçıların qələmə aldığı kitabların mühüm əhəmiyyəti var. Millət vəkili erməni yalanlarının ifşa edilməsi və onların azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımların dünya birliyinə çatdırılmasında araşdırmaçılar, tarixçi və tədqiqatçılara dövlət hər bir dəstək verir. Yaqub Mahmudov bildirib ki, xüsusilə Prezident İlham Əliyev bu prosesdə araşdırmaçılara, tarixçilərə hər cür dəstək verir. Məhz bu dəstəyin nəticəsidir ki, artıq səsimizə Mərkəzi Asiyadan səs verirlər. Tarix İnstitutunun direktoru qeyd edib ki, "Qarabağ: ideyalar müharibəsi" kitabında erməni daşnaklarının öz havadarlarının köməyi ilə necə ideyalar irəli sürdükləri, insanları ideoloji müharibəyə necə hazırladıqları barədə tarixi faktlar əksini tapıb: "Təkzibolunmaz və çoxsaylı arxiv sənədləri sübut edir ki, XX əsrin əvvəllərində böyük dövlətlərin fəal köməyi ilə terrorçu-ekstremist erməni təşkilatlarının Azərbaycan, Şərqi Anadolu və Mərkəzi Asiyanın türk-müsəlman əhalisinə qarşı həyata keçirdiyi soyqırımları dünya tarixinin ən dəhşətli soyqırımlarıdır".

Daha sonra çıxış edən Şuxrat Barlas bildirib ki, erməni millətçiləri Azərbaycan torpaqlarında, Gürcüstanda, Özbəkistanda müxtəlif zamanlarda ağır cinayətlər, qırğınlar, terror aktları törədib, soyqırımları həyata keçiriblər: "Bolşevik terroru nəticəsində Türküstanda milyonlarla insan öldürülüb. Bu qırğında erməni daşnaklarının rolu böyükdür. Dinc əhalinin vəhşicəsinə qırılması əsl terrordur, etnik təmizləmədir və soyqırımdır". Təqdimatda bildirilib ki, "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlərdə" kitabında böyük regional dövlətlərin öz geosiyasi məqsədlərinə çatması üçün erməni amilindən istifadə etməsi, Türküstanda, həm də Cənubi Qafqazda, Kiçik Asiyada türk etnosuna qarşı aparılan soyqırımı siyasəti tarixi faktlarla sübut olunur. Qeyd edək ki, ermənilərin türk xalqlarına qarşı törətdikləri cinayətlərdən və soyqırımı siyasətindən bəhs edən bu qiymətli əsər Orta Asiyada bu mövzuda yazılan ilk tədqiqat işidir. Müəllifin sözlərinə görə, bu kitabda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də bəhs olunur, ermənilərin ölkəmizə qarşı ərazi iddiaları irəli sürməsi tutarlı faktlarla ifşa edilir, tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan adlı dövlətin yaradıldığı vurğulanır.

Millət vəkili, Azərbaycan-Özbəkistan Dostluq Qrupunun sədri Eldar İbrahimov rəsmi Daşkəndin hər zaman Dağlıq Qarabağ probleminin həlli məsələsində Azərbaycanın yanında olduğunu deyib. Bildirib ki, bunun göstəricisidir ki, nə Özbəkistanın Ermənistanda, nə də Ermənistanın bu ölkədə səfirliyi var. Millət vəkili deyib ki, hazırda dünyada 3 dövlət, Türkiyə, Pakistan və Özbəkistan tam mənada Qarabağ məsələsində Azərbaycanın yanında yer alır. Tədbirdə çıxış edən digər şəxslər də özbək yazıçının kitabının əhəmiyyətindən danışıblar. Sonda görkəmli özbək alimi Ş.Barlasa Tarix İnstitutunun fəxri doktoru adı verilməsi haqqında institutun elmi şurasının qərarı səsləndirilib və ona fəxri doktor diplomu təqdim olunub.

 

Süleyman

 

Olaylar.- 2016.- 26 oktyabr.- S.9.