Gənclər arasında vətənpərvərlik
ideaları təbliğ olunur
Gənclərin milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması tarixin bütün
dövrlərində öz
aktuallığını qoruyub
saxlayıb. Xüsusilə, müstəqillik illərindən sonra bu istiqamətə
diqqət artmağa başlayıb. Bu gün də gənc nəslin
milli mənlik şüurunun
inkişaf etdirilməsi, onlarda
vətənpərvərlik hisslərinin artırılması
başlıca prioritetdir.
Sevindirici hal ondan ibarətdir ki, artıq dövlətlə yanaşı qeyri-hökumət təşkilatları da gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına ciddi diqqət yetirir, bu istiqamətdə bir çox layihələr həyata keçirirlər. Qeyd edək ki, müharibə şəraitində yaşadığımız bir dövrdə qeyri-hökumət təşkilatlarının gənclərin vətənpərvərlik ruhunun və dövlətçilik şüurunun yüksəldilməsində oynadığı rol və bu sahədə həyata keçirilməli olan işlər mühüm aktuallıq kəsb edir. Eyni zamanda, cəmiyyətin, xüsusilə də gənclərin bu istiqamətdə maarifləndirilməsində dövlətlə yanaşı vətəndaş cəmiyyəti institutlarının da üzərinə böyük məsuliyyət düşür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: "Vətənpərvərlik əhval-ruhiyyəsi güclənməlidir. Hər bir vətəndaş, hər bir gənc, hər bir uşaq bu ruhda tərbiyə olunmalıdır. Öz torpaqlarımızı azad etməliyik və əminəm ki, edəcəyik". Nəzərə alsaq ki, qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin üst təbəqəsini təşkil edən əsas amillərdən biridor, o halda gənclərin vətənpər ruhda tərbiyyə olunması bu sahədə ayrıca səhifə təşkil etməlidir. Hazırda Azərbaycanda kifayət qədər qeyri-hökumət təşkil var ki, gənclərin vətənpərvərlik hissinin yüksəldilməsi missiyasını öz üzərinə götürüb. Yeri gəlmişkən qeyd edək ki, "Ədalət və İnkişaf Naminə" uşaq və gənclərə dəstək ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "And Yerimiz Vətən" - yeniyetmə və gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi tədbirlərinin təşkili" adlı layihəni icra edib. İctimai Birlikdən verilən məlumata görə, hazırlıq mərhələsi çərçivəsində layihəni həyata keçirmək üçün layihə rəhbəri tərəfindən işçi qrupu müəyyənləşdirilib, onlarla iclas keçirilib. İclasda layihənin həyata keçirilməsində iştirak edəcək işçi qrupuna daxil olan şəxslərə həyata keçirəcəyi işlər haqqında geniş informasiya verilib. Onlar arasında vəzifə bölgüsü aparılıb və müvafiq qanunvericiliyə uyğun müqavilələr hazırlanaraq imzalanıb. Müvafiq qurumlardan əldə olunmuş məlumatlar və qoyulmuş problemlər haqqında digər maarifləndirici materiallar əsasında mövzuya uyğun məlumatlar toplanıb, materialların müəyyən edilməsi zamanı təlimin mövzusu və iştirakçılara uyğunluğu əsas götürülüb. Bütün bu meyarlar əsas götürülməklə ekspert tərəfindən materiallar seçilib və layihə rəhbərinə təqdim edilib. Bundan əlavə, bu materialları özündə əks etdirən QHT nəşriyyatı tərəfindən bukletlər nəşr olunub. Layihə Xətai və Suraxanı rayonları ərazisində icra olunub.Tədbirlərdə Qarabağ müharibəsi veteranları, Şəhid ailələri, yeniyetmə və gənclər və digər şəxslər iştirak edib. Layihə çərçivəsində rəsm müsabiqəsi, yürüş, həmçinin layihəyə uyğun görüşlər keçirilib. Tədbir iştirakçılarına, xüsusi hazırlanmış fincanlar, köynəklər və disklər paylanıb. Tədbirlərdə milli qəhrəmanlarımız haqqında film nümayiş olunub. Eyni zamanda, Gəncə Regional Qadın Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Gənclər üçün vətənpərvərlik mövzusunda müxtəlif tədbirlərin təşkili" layihəsinin icrasını uğurla davam etdirir. Layihə çərçivəsində Gəncə şəhərində növbəti tədbir keçirilib. "Vətənpərvərlik Klubu"nun Gəncədə təsis edilməsində tələbələr fəal iştirak ediblər. Klubun əsas məqsədi gənclər arasında Azərbaycan tarixinin əsas səhifələrindən olan Qarabağ müharibəsi və bu müharibədə şəhid olanlar, veteranlar haqqında məlumatı artırmaqdan ibarətdir. Gənclərin iştirakı ilə Gəncə şəhərində təbliğat işini genişləndirmək, gənclərdə Vətənpərvərlik hisslərini daha da gücləndirmək və onları təbliğatçılara çevirmək də klubun məqsədləri sırasındadır. Qeyd edək ki, layihənin keçirilməsində Gəncə şəhər Gənclər və İdman İdarəsi tərəfdaş kimi iştirak edir. Bundan başqa, Müharibə Veteranı Qadınlarına Sosial Yadım İctimai Birliyi də "Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində Azərbaycanda və xarici ölkələrdə silsilə tədbirlərin keçirilməsi" adlı layihəsini uğurla davam etdirir. Bu dəfə layihə çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində "Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir" adlı tədbir keçirilib. Tədbirdə müzakirə mövzusu Azərbaycan tarixinin Qarabağ həqiqətlərinin təbliğində ölkədə və xaricdə davamlı tədbirlərin keçirilməsi olub. Universitetin iqtisadiyyat korpusunda keçirilən tədbiri İctimai Elmlər və Multikulturalizm kafedrasının müdiri, dosent Azad Bayramov açıb. Bildirilib ki, bu cür layihələr və tədbirlər vətən sevgisindən qaynaqlanır və yetişməkdə olan gənc nəslin Qarabağ həqiqətlərini öyrənmələrinə, dünya miqyasında təbliğ etmələrinə stimul yaradır. Layihənin rəhbəri, Müharibə Veteranı Qadınlarına Sosial Yadım İctimai Birliyinin sədri Radə Abbas layihə haqqında söhbət açıb, əsasən Almaniya, İsveç və Hollandiyada həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb. Tədbirdə Qarabağın tarixi, mədəniyyəti, ərazisi haqqında danışılıb, Azərbaycanın işğal olunan ərazilərində ermənilər tərəfindən törədilən vəhşiliklər, tarix-mədəniyyət abidələrimizin məhv edilməsi və bunun dünyaya ötürülməsinin vacibliyi diqqətə çatdırılıb. Hollandiyadan tədbirə dəvət alan Avrasiya Türk Dünyası Qadınlar Birliyi Niderland İctimai Birliyinin sədri Fatma Aktaş qaldırılan məsələdə qadınların rolundan, Azərbaycanın Türk dünyası ilə yaxınlığının gələcək gözəl nəticələrindən bəhs edib, ölkədə tərəfdaş təşkilat olaraq Müharibə Veteranı Qadınlarına Sosial Yadım İctimai Birliyinin sədri Radə Abbasın rəhbərliyi ilə həyata keçirilən layihələrin Ermənistan tərəfindən girov götürülən Azərbaycan qadınlarının müdafiəsi ilə əlaqədar olduğunu deyib. Sonda layihə rəhbəri R. Abbas tədbirin təşkili üçün universitet rəhbərliyinə təşəkkür edib, layihənin icrasının Avropada davam etdiriləcəyini söyləyib. "Addım" Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinin də "Gənclər arasında milli vətənpərvərlik ruhunun təbliği" layihəsinin nəzərdə tutulan tədbirləri sona çatsa da, maarifləndirmə davam etdirilir. Layihə çərçivəsində Bərdə rayonunun Qarabağ qəsəbəsində yerləşən Kəlbəcər 41 saylı köçkün məktəbində "Milli vətənpərvərlik nədir" adlı tədbir keçirilib. Tədbirdə "Addım" Gənclərin Təşəbbüsünə Dəstək İctimai Birliyinin sədri Tural Quliyev, məktəbin müəllimləri Şahin Hümbətov və Larisa Quliyeva mövzunun aktuallığından, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsindəki rolundan bəhs ediblər. Tədbirdə ekspertlərin Azərbaycanın müstəqillik tarixi ilə bağlı məlumatları dinlənilib. Çıxışlarda Azərbaycanın müstəqil dövlət kimi möhkəmlənməsində, dünyada tanıdılmasında Ümummilli lider Heydər Əliyevin böyük xidmətlərindən, müstəqilliyinin ilk illərində respublikamızın üzləşdiyi çətinliklərdən, uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən və torpaqlarımızın işğalının acı nəticələrindən söhbət açılıb. Daha sonra məktəblilərin ifasında vətənə aid mahnılar səsləndirilib, şerlər söylənilib. Məktəbə Birlik tərəfindən "Qəhrəmanlıq yolu - Milli qürur yolu" adlı kitab hədiyyə verilib. Yekunda iştirakçılar tədbirin keçirilməsində əməyi olan hər kəsə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılır."Əsgər Ailələrinə Dəstək" İctimai Birliyinin sədri Mətanət Əsgərqızı füzulilərin döyüşlərdə göstərdikləri qəhrəmanlıqdan danışmışdır.Tədbirdə şəhid ailəsinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, eləcə də "Çağırışaqədərki hazırlıq" fənnində yüksək nailiyyət göstərən şagird mükafatlandırılmışdır. Tədbirin bədii hissəsində Füzuli rayonunun müxtəlif məktəblərinin şagidləri və vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış etmişdir.
Təkcə bu faktlar deməyə əsas verir ki, son illərdə ölkədə digər sahələrlə bərabər vətəndaş cəmiyyəti institutlarının, xüsusilə də QHT sektorunun da ciddi dirçəlişi və fəallığı hiss olunur. Bu da ondan ibarətdir ki, üçüncü sektorun fəaliyyətinin güclənməsi birinci növbədə dövlətin marağındadır və dövlət bu sahəyə xüsusi diqqət göstərərək QHT layihələrinin maliyyələşdirilməsinə vəsait ayırır. Qeyd edək ki, buna qədər QHT-lərin maliyyələşməsində əsas rol oynayan beynəlxalq donorlar onların cəmiyyətdə vətənpərvərliyin təbliği istiqamətində olan layihələrinə heç bir maraq göstərmir və hər zaman da bu layihələrdən imtina edirdilər. Lakin son illərdə Azərbaycan hökumətinin maliyyə imkanlarının artması bu sahədə də olan problemlərə son qoymuşdur. Bu gün əsas milli donor institutları olan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Azərbaycan Gənclər Fondunun maliyyə ayırdığı QHT layihələrinə nəzər salsaq bu tendensiyanı aydın müşahidə etmək mümkündür. Qeyd edək ki, adıçəkilən donorlar QHT-lərin gənclərin vətənpərvərlik istiqamətində olan layihə təkliflərinə böyük maraq və diqqət göstərir, onları maksimum şəkildə maliyyələşdirməyə çalışırlar. Bu isə nəticə etibarilə gənclərin vətənpərvər ruhda böyüməsi, onların döyüş ruhunun artırılması işində müstəsna əhəmiyyət kəsb edir.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi
Fondunun maliyyə dəstəyilə çap edilmişdir
Olaylar.- 2016.- 28 oktyabr.- S.15.