"BMT Sivilizasiyalar Alyansının VII Qlobal

Forumu: Azərbaycan multikulturalizmi dünyada

mütərəqqi model kimi qəbul olunur”

 

Günümüzdə Azərbaycan yeganə dövlətlərdəndir ki, burada milli və dini tolerantlıq yüksək səviyyədə qorunur, bir çox millətlərin və dini konfessiyaların ölkəmizdə dinc yanaşı yaşaması bütün parametrləri üzrə maksimum dərəcədə təmin olunur.

Məhz sadalanan bu müsbət tendensiyalarına görə, ölkəmiz nəinki yerləşdiyi regiona, hətta dünyaya nümunəvi dövlət kimi göstərilir. Bu gün Azərbaycanda təkcə İslam deyil, eyni zamanda digər dinlərin nümayəndələri də bizimlə birgə, bərabər, yaşayır, sərbəst, heç bir məhdudiyyət olmadan öz dini inanclarını icra edirlər. Azərbaycan müsəlman ölkəsi olmasına baxmayaraq burada qeyri-İslam dinindən olan insanlar üçün də kifayət qədər ibadət yerləri. kilsələr, sinaqoqlar mövcuddur. Həmçinin digər xalqların nümayəndələri heç bir basqı və qadağa olmadan öz milli kimliklərini qoruyub saxlaya, onu yaşada bilirlər. Bütün bu müsbət cəhətlərdən dolayı Azərbaycan dünyada multikultural ölkə kimi xarakterizə edilir. Bəşəriyyət milli və dini zəmində toqquşmalar, məzhəb savaşları ilə üz-üzə qaldığı bir vaxtda Azərbaycandakı milli həmrəylik və xalqlar arasındakı dostluq dünya birliyi, beynəlxalq təşkilatlar tərəfindən də yüksək dəyərləndirilir. Məhz bu dəyərin, qiymətin göstəricisidir ki, əksər beynəlxalq təşkilat və qurumların günümüzün aktual problemlərinə həsr olunmuş toplantıları, konfransları Azərbaycanda keçirilir. Bu mənada BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da mühüm əhəmiyyət kəsb edir.

 

Multikultural ölkə

 

Bu bir reallıqdır ki, müasir dünyamızda mədəniyyətlərarası və dinlərarası dialoq problemi, habelə multikulturalizmlə əlaqədar məsələlər xüsusi yer tutur. Belə bir tarixi dönəmdə dünyanın 140-dan çox ölkəsinin təmsil olunduğu BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna Bakının ev sahibliyi etməsi təsadüfi deyil. Çünki tolerantlığın məkanı, multikultural dəyərlərə sadiq olan müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanmasına və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönələn mühüm layihələrin reallaşdırılması, mötəbər forumların keçirilməsi sahəsində zəngin təcrübəyə malikdir. Məlumat üçün qeyd edək ki, 2014-cü il sentyabrın 26-da BMT Baş Məclisinin 69-cu sessiyasında Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun 2016-cı ildə Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bu öz-özlüyündə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsi idi. Digər tərəfdən, bu, Azərbaycanda multikultural təhlükəsizliyin təmin olunmasına sistemli yanaşmanın mövcudluğundan xəbər verir.

Beləliklə, 2015-ci ilin iyul ayında Azərbaycan Respublikasının Prezident İlham Əliyev Forumun Bakı şəhərində keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzaladı. "İnklüziv cəmiyyətlərdə birgəyaşama: çağırış və məqsəd" devizi altında keçirilən Foruma BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri daxil olmaqla, yüzlərlə qonaq qatıldı. Dünya miqyasında terrorizm təhlükəsi, Avropada kəskinləşən miqrasiya böhranı və cəmiyyətlərdə dözümsüzlüyün artması mühitində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu Azərbaycanla bağlı bir çox gerçəklikləri bir daha ortaya qoydu. İlk növbədə ölkəmiz bununla bir daha qlobal məsələlərin müzakirə edildiyi məkan rolunu oynadığını təsdiqlədi. Belə ki, VII Qlobal Forumunda iştirak edən dünyanın 140-dan çox ölkəsinin nümayəndələri planetin müxtəlif regionlarında etnik və dini zəmində baş verən qarşıdurma və toqquşmalar kimi mürəkkəb problemlərin həllinə dair vahid fikrə gəlmək üçün geniş müzakirələr apardılar.

Forumun digər bir əhəmiyyətli tərəfi ondan ibarət idi ki, bu tədbir vasitəsilə Azərbaycanın multikultural bir ölkə olduğu, burada milli və dini tolerantlığın yüksək səviyyədə qorunduğu dünyaya bir daha aydın oldu. Ölkəmizə təşrif buyuranlar onun əyani şahidinə çerildilər ki, Azərbaycanda etnik azlıqların hüquqlarının müdafiəsi ölkənin siyasi sabitliyinin təminatı və xarici siyasətin prioritet vəzifələrindəndir. Çoxmillətli və çoxkonfessiyalı respublika olan Azərbaycanın milli siyasəti bütün etnik qruplar, o cümlədən, milli azlıqlar üçün şəraitin təmin edilməsi və yaradılmasıdır. Ölkəmizdə multikulturalizm artıq Azərbaycan dövlətinin milli-mənəvi, ümumbəşəri, humanist dəyərlərə söykənən davamlı və ardıcıl siyasi kursudur. Bu mövqenin birbaşa ölkənin birinci şəxsı tərəfindən ifadə edilməsi isə multikulturalizm və birgəyaşayışın Azərbaycanda bir dövlət siyasəti olduğunu ortaya qoyur, beynəlxalq aləmdə, dünya birliyində bu siyasətin bundan sonra da davam edəcəyi barədə əminlik yaradır.

 

Şərq və Qərbin mədəniyyət körpüsü

 

Azərbaycanın əsrlər boyu dinlər, mədəniyyətlər və sivilizasiyaların bir araya gəldiyi məkan olduğunu vurğulayan Prezident İlham Əliyev VII Qlobal Forumda çıxışı zamanı bildirib ki, Azərbaycan Şərq və Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüdür: "Əsrlər boyu müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələri Azərbaycanda sülh şəraitində və ləyaqətlə yaşayıblar. Dini dözümlülük və multikulturalizm burada hər zaman mövcud olub. "Multikulturalizm" sözü mövcud olmadığı bir zamanda belə, həmin ideyalar daim yaşayıb. Bunun nəticəsidir ki, bu gün Azərbaycan çox millətli və çoxkonfesiyalı ölkədir. Burada bütün dinlərin və etnik qrupların nümayəndələri sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Bu bizim ən böyük sərvətimizdir və biz tariximizlə fəxr edirik. Biz müxtəlif mədəniyyətləri özündə əks etdirən tarixi abidələrimizlə fəxr edirik. Dünyanın ən qədim məscidlərindən biri Azərbaycanın qədim şəhəri olan Şamaxıda 743-cü ildə inşa edilib. Bununla yanaşı, ən qədim kilsələrdən biri - qədim Qafqaz Albaniyası dövrünə aid kilsə də məhz Azərbaycanda, daha bir qədim şəhər olan Şəkinin yaxınlığında yerləşir. Hökumətimiz məscidlərin, pravoslav və katolik kilsələrinin, habelə sinaqoqların inşası və təmirinə maliyyə vəsaiti ayırır. Bu, bizim siyasətimiz və həyat tərzimizdir. Əsrlər boyu Azərbaycan ölkəmizdə mövcud olan siyasi və sosial vəziyyətə baxmayaraq, bu sərvəti qoruyub saxlayıb". İstər VII Qlobal Forum, istərsə də ölkəmizdə keçirilən bu və ya digər beynəlxalq əhəmiyyətli tədbirlər- "Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq" mövzusunda Dünya İqtisadi Forumu, Madrid Klubunun toplantısı, Birinci Cənubi Qafqaz Forumu, BMT-nin VII İnternet İdarəçilik Forumu, Dini Liderlərin Ümumdünya Sammiti və s. Azərbaycanın artıq Cənubi Qafqazda bütün sahələr üzrə müasir dövrün aktual məsələlərinin müzakirə olunduğu geosiyasi əhəmiyyətli mərkəzlərdən biri olduğunu sübuta yetirir. Eyni zamanda, bu kimi beynəlxalq əhəmiyyətli tədbirlər Azərbaycanın mədəniyyətinin, zəngin multikulturalizm ənənələrinin, turizm imkanlarının, həmçinin Azərbaycan brendi olan məhsulların təbliği baxımından da çox faydalıdır. Sadalanan faktorlar onu deməyə əsas verir ki, regionun siyasi, iqtisadi və humanitar mərkəzinə çevrilmiş Azərbaycan həm də beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutub, güclü dövlət və etibarlı tərəfdaş imici qazanıb. Bakı şəhəri artıq qlobal məsələlərin müzakirə olunduğu, qitə və dünya miqyaslı tədbirlərə ev sahibliyi edən humanitar məkan kimi tanınır. Azərbaycan artıq sivilizasiyalararası dialoqun, multikulturalizmin, siyasi, iqtisadi, humanitar və digər sahələrdə qlobal məsələlərin müzakirə olunduğu mərkəzə çevrilib. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal məkandır.

 

Azərbaycan dialoq məkanı

 

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, eləcə də bu kimi qlobal miqyaslı tədbirlərin ölkəmizdə keçirilməsi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə daha dolğun və obyektiv çatdırılması baxımından da mühüm əhəmiyyət kəsb edir. Bu məqama diqqət çəkən Prezident İlham Əliyev bütün tədbirlərdə ölkəmizin humanitar fəlakətlə üzləşdiyini iştirakçıların diqqətinə çatdırır: "Bizim tarixi əzəli torpağımız Dağlıq Qarabağ və onun ətrafında yerləşən yeddi rayon Ermənistan tərəfindən işğal edilib, günahsız insanlar qətlə yetirilib, xalqımıza qarşı hərbi cinayət, Xocalı soyqırımı törədilib. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerlə-yeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salıblar, dağıdıblar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerlə-yeksan ediblər. Fərq bundan ibarətdir".

Nəhayət, mühüm faktorlardan biri də ondan ibarətdir ki, bu və ya digər beynəlxalq əhəmiyyətli tədbirlər, BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumuna evsahibliyi etməklə Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yaxından töhfəsini verir. Məhz bunun əyani sübutudur ki, bu gün Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlərin nə qədər düzgün tənzim olunması dünya üçün artıq bir nümunədir. Ümumiyyətlə, ölkəmizdə keçirilən tədbirlərin məqsədi xalqlar, dövlətlər və sivilizasiyalar arasında dialoq imkanlarını genişləndirmək, cəmiyyətdə sülh, əmin-amanlıq və dözümlülük mühitini inkişaf etdirmək, müasir dünyamızda müzakirə olunan inkişaf modelləri ətrafında fikir mübadiləsi aparmaqdan ibarətdir. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda münaqişələrin artması tendensiyasının müşayiət olunması fonunda Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı qlobal əhəmiyyət kəsb edən məsələdir.

 

Süleyman İsmayılbəyli

 

"Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün

 

Olaylar. - 2016. - 28 oktyabr.- S.14.