Aprel döyüşlərinin iştirakçılarına

göstərilən diqqət və qayğı

 

Gənclərin vətənpərvərlik hisslərinin artırılmasına xidmət edir

 

Günümüzdə gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onların vətənpərvərlik hisslərinin artırılması prioritet istiqamətlərdən sayılır. Məhz bunu nəzərə alan dövlət, eləcə də onun müvafiq qurumları, eyni zamanda ictimai-siyasi təşkilatlar öz fəaliyyətlərində daha çox bu istiqamətə üstünlük verirlər. Hakim Yeni Azərbaycan Partiyası da bir qayda olaraq gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılmasına xidmət edən tədbirlər təşkil edir, müxtəlif layihələr həyata keçirir.

Hakim partiyanın torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün qorunması istiqamətində həlak olmuş şəhidlərimizin ruhuna göstərdiyi yüksək ehtiram, onların ailə üzvlərinə nümayiş etdirilən diqqət və qayğı heç şübhəsiz ki, gənclərin vətənpərvərlik hisslərinin artırılmasına təkan erən amillərdəndir. Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikası Silahlı Qüvvələrinə ümumxalq inamının və dəstəyinin əyani ifadəsi olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinə Yardım Fonduna bir neçə dəfə vəsait köçürüb, dəfələrlə müxtəlif formalarda, o cümlədən xeyriyyə tədbirləri təşkil edib.

Hakim partiya bu ənənəsinə sadiq qalaraq bu günlərdə də milli qəhrəmanların, şəhidlərin yaxınlarına, onların ailə üzlərinə diqqət və qayğısını əsirgəmir. Yeni Azərbaycan Partiyasının bu qəbildən olan növbəti humanist aksiyası yay mövsümünün xarakteri nəzərə alınaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahətinin səmərəli təşkilinin həyata keçirilməsindən ibarətdir. Cari ilin aprelində erməni işğalçıları tərəfindən törədilən azğın təxribatların qarşısını igidliklə almış və düşmən həmlələrinə layiqli cavab vermiş Silahlı Qüvvələrin bir qrup əsgər və zabitinin ailə üzvləri ilə birlikdə yay istirahəti Yeni Azərbaycan Partiyasının təşəbbüsü və vəsaiti hesabına Lənkəran rayonu ərazisində yerləşən "Palıdlı sahil" istirahət mərkəzində təşkil edilib. Yay mövsümü ərzində Silahlı Qüvvələrin bir qrup əsgər və zabiti ailə üzvləri ilə birlikdə bu imkanlardan bəhrələniblər. 50 nəfərdən ibarət növbəti qrupun yay istirahətinin təşkili avqustun 25-dən başlayıb. Bu ərəfədə Yeni Azərbaycan Partiyasınn dəstəyi ilə Lənkəran şəhərində öz ailə üzvləri ilə birlikdə istirahət edən aprel döyüşlərinin bir qrup iştirakçısı ilə rayon ictimaiyyətinin və qarnizon hərbçilərinin görüşü keçirilib. Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin yad edilməsi ilə başlayıb. Giriş sözü ilə çıxış edən Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsi rəisinin müavini, polkovnik Abdulla Qurbani Silahlı Qüvvələrimizin əsgər və zabitlərinə göstərilən belə diqqət və qayğıya görə Müdafiə Nazirliyinin rəhbərliyi adından Yeni Azərbaycan Partiyasına, Ali Baş Komandan, Prezident İlham Əliyevə minnətdarlığını bildirib. Qeyd olunub ki, YAP-ın Sədr müavini - İcra katibi, Baş nazirin müavini Əli Əhmədovun başçılıq etdiyi bir qrup millət vəkili və partiya fəllarından ibarət nümayəndə heyəti bir müddət öncə cəbhə bölgəsinə səfər edib.

Səfər zamanı nümayəndə heyəti igid döyüşçülərimizin qanı bahasına erməni işğalından azad edilmiş torpaqlarımızda olub, döyüşçülərlə, eləcə də yerli sakinlərlə görüşüb. Bir daha vurğulanıb ki, Azərbaycan torpağı igid əsgərlərimiz tərəfindən etibarlı şəkildə qorunur və düşmən tapdağı altında olan bir çox ərazilər və yüksəkliklər artıq Milli Ordumuzun nəzarəti altındadır.

Abdulla Qurbani qeyd edib ki, əsgərlərimizlə görüşdə Baş nazirin müavini Əli Əhmədov tərəfindən çox vətənpərvər və humanist bir təklif səsləndirilib. Belə ki, hakim partiyanın Mərkəzi Aparatının üzvləri və partiya fəalları üçün hər il Lənkəranda istirahət təşkil olunur. Bu il isə YAP-çılar öz istirahətlərindən imtina edərək, bu hüququ aprel döyüşlərində fəallıq göstərən igid döyüşçülərimizin ailə üzvlərinə hədiyyə etmək qərarına gəliblər. Beləliklə, iyul ayından başlayaraq, aprel döyüşlərində fərqlənən qəhrəman əsgər və zabitlərimiz mərhələli şəkildə öz ailələri ilə birlikdə Lənkərandakı istirahət mərkəzində dincəlirlər. Görüşdə iştirak edən aprel döyüşlərinin iştirakçıları olan hərbçiləri tədbir iştirakçılarına təqdim edən Abdulla Qurbani onların hər biri haqda qısa məlumat verib, "Lələtəpə" və "Talış" yüksəklikləri uğrunda gedən döyüşlərdəki qəhrəmanlıqlarından danışıb. Döyüşlərdə müxtəlif dərəcəli xəsarətlər almalarına, hələ də bədənlərində qəlpələr gəzdirmələrinə baxmayaraq, hərbçilərimizin hər zaman ön cəbhəyə can atdıqlarını vurğulayıb. Aprel döyüşlərində milli ordumuzun göstərdiyi şücaətlərdən danışan natiq qeyd edib ki, 4 gün davam edən müharibə əsgərlərimizdə çox böyük əhval-ruhiyyə yaradıb. Onlar erməni işğalçılarının torpaqlarımızdan tamamilə qovulub çıxarılması üçün Ali Baş Komandanın əmrini səbirsizliklə gözləyiblər. Və bu əhval-ruhiyyə elə xalq tərəfindən də yüksək çoşqu ilə qarşılanıb: "Biz aprel döyüşlərində ona görə qalib gəldik ki, Azərbaycan zabiti öz əsgərindən öndə döyüşürdü. Əsgər görürdü ki, öndə zabitdir, sağında, solunda zabit döyüşür, o da qələbəyə ruhlanırdı.

Bizim şəhidlərimiz arasında təqribən üçdə biri zabitlərimizdir. Bu, bizim məğlubiyyətimiz deyil, əksinə, qalibiyyətimizdir. Tarixdən bilirik ki, 1941-1945-ci il müharibəsində zabitlər həmişə əmr ediblər ki, əsgərlər hücuma keçsinlər. Bilirik ki, döyüşlərdə əsgərlər öz komandirinin qabağına sinəsini verib ki, ona güllə dəyməsin. Amma aprel döyüşlərində bizim qəhrəman zabitlərimiz öz sinələrini əsgərinin qabağında sipər edirdi. Odur ki, biz qalib gəldik".

"Aprel döyüşlərinin bir qalibi var - o da Azərbaycan əsgəri, Azərbaycan zabitidir!" deyən "Lələtəpə" uğrunda gedən döyüşlərdə xüsusi qəhrəmanlıqları ilə fərqlənən, hərbi hissə komandiri, polkovnik-leytenant Elşən Qarayev vurğulayıb ki, döyüşlərdə sağ ayağını itirməsinə baxmayaraq, yalnız bir arzusu var. O da tezliklə sağalaraq yenidən cəbhə bölgəsinə yolanmaq, silahdaşlarına kömək etmək, yarımçıq qalmış işlərini tamamlamaq: "Biz döyüşə atılanda həyatda sağ qalmaq haqda düşünmürdük. Bizim bir amalımız var idi - o da Vətən torpağını düşməndən azad etmək! Şükürlər olsun ki, bu arzumuzun müəyyən bir hissəsinə çatmış olduq. Azərbaycan əsgəri bu müharibədən başı uca, üzü ağ çıxdı. Çünki biz öz doğma torpaqlarımız uğrunda döyüşürdük. Odur ki, şəxsi heyətdə də böyük ruh yüksəkliyi var idi. Bu millətin Həzi Aslanov, Qafur Məmmədov, Məlik Məhərrəmov, daha neçə-neçə igidləri var. Biz də onların yolunu davam etdirir, eyni zamanda, bunu gələcək nəsillərə ötürürük. Odur ki, biz döyüşə yalnız və yalnız qalib gəlmək amalı ilə yollanırdıq. Əminliklə vurğulamaq istəyirəm ki, bütün işğal olunmuş ərazilərimiz Ermənistan ordusundan təmizlənəcək və Azərbaycanın üçrəngli bayrağı bütün Qarabağ ərazilərində dalğalanacaq!".

"Lələtəpə" yüksəkliyi uğrunda döyüşlərin iştirakçısı, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Eldəniz Sadıqov isə deyib ki, döyüşə atılarkən milli ordumuzun gücünə, eləcə də xalqımızın və dövlətimizin dəstəyinə güvənirdik. O qeyd edib ki, dövlətin belə dəstəyi hərbçilərimizi də qələbəyə ruhlandırıb: "Dördgünlük müharibədə düşmən Azərbaycan əsgərinin gücünü gördü. Ermənilər silah-sursatlarını ataraq qaçırdılar. Düşmən aprel döyüşlərində canlı qüvvə və texnika sarıdan böyük itkilər verdi. Mən Ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm. İndi dövlətimizin yüksək diqqət və qayğısı sayəsində mən ailəmlə birlikdə bu gözəl məkanda istirahət edirəm", - deyə Eldəniz Sadıqov bildirib. Aprel döyüşlərində şəhid olan hərbçilərimiz var. Fürsətdən istifadə edərək şəhid qardaşlarımızın valideynlərinə, onların övladlarına dərin hüznlə başsağlığı verir, onlara Allahdan rəhmət diləyirəm. Belə igid övladlar böyütdükləri üçün mən şəhid qardaşlarımızın valideynləri qarşısında baş əyirəm. Buradan bir daha bildirirəm ki, şəhid qardaşlarımızın qanı yerdə qalmayacaq, biz tezliklə qaldığımız yerdən bu işi davam etdirəcək və onu sona çatdıracağıq".

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə ordu quruculuğuna böyük diqqət yetirildiyini qeyd edən YAP-ın Siyasi Şurasının üzvü, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Ali Baş Komandanın daim əsgər və zabitlərimizin sosial vəziyyətlərinin yaxşılaşdırılmasını diqqətdə saxladığını vurğulayıb. Onun sözlərinə görə, bu gün Azərbaycan şəhid ailələri, eləcə də müharibə əlillərinə göstərdiyi qayğıya görə dünya ölkələrinə bir nümunədir. Dünyada çox az ölkə tapılar ki, müharibə iştirakçılarına, sağlamlığını itirmiş hərbi qulluqçulara, şəhid ailələrinə bizim ölkəmizdəki kimi qayğı göstərilsin, onlara mənzil və minik avtomobilləri hədiyyə olunsun.

 

Hadi Rəcəbli daha sonra Yeni Azərbaycan Partiyasının aprel döyüşçüləri üçün belə bir istirahətin təşkil edilməsindən iftixar hissi keçirdiyini vurğulayıb. Onun sözlərinə görə, YAP-ın belə bir addımı böyük şirkətlər, sahibkarlar üçün bir nümunə olmalıdır ki, onlar da qəhrəman əsgərlərimizə diqqət və qayğılarını əsirgəməsinlər.

Tədbirdə iştirak edən qəhrəman döyüşçülərə şəhər rəhbərliyinin salamlarını çatdıran Lənkəran şəhər İcra Hakimiyyətinin ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlimərdan Əliyev daha sonra lənkəranlıların daim milli ordumuzla fəxr etdiyini vurğulayıb. O qeyd edib ki, aprel döyüşlərində Milli Ordumuzun qazandığı qələbə ölkəmizin bütün vətəndaşları kimi, lənkəranlıların da böyük ruh yüksəkliyinə səbəb oldu. Əlimərdan Əliyev həmin döyüşlərdə ölkəmizin digər bölgələri ilə yanaşı, lənkəranlı hərbi qulluqçuların da fədakarlıq, rəşadət göstərdiklərini vurğulayaraq onlardan şəhidlik zirvəsinə ucalanların olduğunu diqqətə çatdırıb. O, Yeni Azərbaycan Partiyası tərəfindən atılmış bu vətənpərvər addımın Azərbaycan Respublikası Silahlı Qüvvələrinə, onun əsgər və zabit heyətinə ümumxalq inamının və dəstəyinin, ordu və xalqın möhkəm birliyinin əyani ifadəsi kimi dəyərləndirildiyini vurğulayıb.

Yüksək vətənpərvərlik ruhunda keçirilən tədbirin sonunda istirahət mərkəzində dincələn hərbçilərlə xatirə şəkli çəkdirilib.

Tədbirdə həmçinin Azərbaycanın Xalq artisti Qabil Quliyev tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib.

 

Azərbaycan Respublikası Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilmişdir

 

Olaylar.- 2016.- 1 sentyabr.- S.15.