Əsgərlərin mənəvi-psixoloji
hazırlığına xüsusi diqqət
yetirilir
Azərbaycan gəncliyinin
milli-mənəvə dəyərlərimizə hörməti
heç vaxt tükənməyib, bu ənənəyə
heç zaman xələl gətirilməyib. Bu gün də həmin
ənənə davam etdirilir, hətta bu istiqamətdə
maarifləndirici tədbirlərin həyata keçirilməsi
davam etdirilir.
Qeyd edək ki,
belə tədbirlərin xüsusən, orduda təmsil olunan gənclər
arasında keçirilməısinə ehtiyac var. Məhz bu
ehtiyacə nəzərə alan dövlət və özəl
təşkilatlar mütəmadi olaraq Silahlı Qüvvələrdə
maarifləndirici tədbirlər həyata keçirilər. Elə
bu günlərdə Silahlı Qüvvələrdə
"Milli-mənəvi dəyərlərə hörmət,
dini radikalizmə nifrət!" devizi altında silsilə tədbirlər
aylığına start verilib.
Şəmkirdəki "N" saylı hərbi hissədə keçirilən ilk tədbirin iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin qərargahın qarşısında ucaldılmış abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Heydər Əliyev Mərkəzində Ulu Öndərin mənalı ömür yolu və xalqa həsr olunmuş möhtəşəm xidmətlərini əks etdirən ekspozisiya qonaqlarda xoş təəssürat oyadıb. Tədbir iştirakçıları Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xətti ilə nəşr olunan kitabların sərgisinə maraqla baxıblar. Əsgər klubunda Silahlı Qüvvələrdə silsilə tədbirlər aylığının açılışına həsr edilən mərasimdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olanların xatirəsi hörmət və ehtiramla anılıb, Dövlət himni səsləndirilib. Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani çıxış edərək keçiriləcək tədbirlər haqqında ətraflı məlumat verib. Bildirilib ki, Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin şəxsi heyətinin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinə xüsusi önəm verir və bu istiqamətdə məqsədyönlü iş aparılır. Hər bir komandir, şəxsi heyətlə iş üzrə zabit yaxşı bilir ki, xalqımızın əsrlər boyu yaratdığı və qoruduğu milli-mənəvi dəyərləri mənimsəmədən, ona yaxından bələd olmadan əsil vətəndaş, əsil döyüşçü yetişdirmək mümkün deyil. Dünya ölkələrinin və xalqlarının tarixini, mədəniyyətini, adət-ənənələrini bilmək yaxşıdır. Ancaq mənsub olduğun xalqın soykökünə, milli-mənəvi dəyərlərinə biganə yanaşdınsa, bu, əsil fəlakətdir. Çünki bu dəyərlər hər bir azərbaycanlının, Azərbaycan vətəndaşının milli kimliyidir. Qeyd olunub ki, uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşadan Azərbaycan əsgərinin aprel döyüşlərindəki zəfərinin əsas amillərindən biri də şəxsi heyətin döyüş ruhunun, vətənpərvərlik hissinin, hərbi qulluqçuların mənəvi-psixoloji hazırlığının yüksək səviyyədə olması idi. Bu isə Silahlı Qüvvələrdə tərbiyə işində milli-mənəvi dəyərlərə geniş yer verilməsinin nəticəsidir. Dini radikalizm isə bu gün bəşər üçün ən böyük təhlükə mənbəyidir və separatizmə, terrorizmə aparan faciəvi yolun başlanğıcıdır. Heç bir ölkə və xalq dini radikalizmdən siğortalanmayıb. Odur ki, dini radikalizmə qarşı mübarizədə hər bir şəxs, eləcə də hərbi qulluqçular daim ayıq-sayıq olmalı, təsirlərə düşməməli və bu yolun həm özləri, həm ailələri, həm də vətəndaşı olduqları dövlət üçün təhlükəli olduğunu dərk etməlidirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bu istiqamətdə Silahlı Qüvvələrdə aparılan işin təqdirəlayiq olduğunu bildirib, Müdafiə Nazirliyi ilə rəhbərlik etdiyi qurumun birgə planına əsasən keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. M.Qurbanlı bu günlərdə uğurla başa çatan "Milli-mənəvi dəyərlərimizi yad təsirlərdən qoruyaq!" tolerantlıq və multikulturalizm həftəsi çərçivəsində keçirilən tədbirlərdə minlərlə hərbi qulluqçunun, ilahiyyatçının, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələrinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin əməkdaşlarının iştirakını, hətta cəbhə bölgələrində, ön səngərlərdə tədbirlərin təşkilini müsbət hal kimi qiymətləndirib. Komitə sədri dünyanın bir çox ölkələrində iqtisadi, siyasi, hərbi böhran yaşandığına baxmayaraq, Azərbaycanda sabitlik və əmin-amanlığı, əhalinin sosial həyat tərzinin gündən-günə yaxşılaşmasını, ordu quruculuğunun sürətlə inkişafını, xalqların dostluq və qardaşlıq şəraitində yaşamasını, din və söz azadlığını ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasətin nəticəsi kimi nəzərə çatdırıb. O, əmin olduğunu bildirib ki, Müdafiə Nazirliyinin yeni layihəsi də öz müsbət bəhrəsini verəcək, şəxsi heyətin milli-mənəvi dəyərlərə hörmət, dini radikalizmə nifrət ruhunda tərbiyə edilməsində mühüm əhəmiyyət kəsb edəcəkdir. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev, Müdafiə Nazirliyinin əməkdaşları Rövşən Qarayev, Vüsal Hüseynov, dövlət qulluqçusu İlqar Orucov, Gəncə Şah Abbas məscidi dini icmasının sədri Hacı Əlisəftər, Şəmkir şəhər Cümə məscidi dini icmasının sədri Hacı Natiq və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bildiriblər. Hərbi hissə komandirinin müavini polkovnik Nemət Babayev qonaqları salamlayıb və şəxsi heyətin milli-mənəvi dəyərlər əsasında tərbiyə olunmasında Müdafiə Nazirliyi rəhbərliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xidmətlərini xüsusi vurğulayıb. Bu kimi tədbirlərin Silahlı Qüvvələrin şəxsi heyətinin qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində müstəsna rolunu qeyd edib və dünyanı narahat edən bir çox dini cərəyanların Azərbaycan Ordusuna sirayət etmədiyini, lakin dini radikalizmə qarşı mübarizə tədbirlərinin də yüksək səviyyədə təşkil olunduğunu nəzərə çatdırıb. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış "Fitnə" sənədli filminə kütləvi baxış olub və tamaşaçılar film haqqında fikir və təkliflərini bildiriblər. Tədbirin sonunda qonaqlar əsgəri xidmət üçün yaradılan şəraitlə tanış olub, əsgər və zabitlərlə görüşüb, hərbi hissədən xoş təəssüratla ayrılıblar.
Hərbi qulluqçuların döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsində mədəniyyət, ədəbiyyat və incəsənət xadimlərinin də rolu çox böyükdür. Bu işin əhəmiyyətini nəzərə alan Müdafiə Nazirliyi ölkəmizin bütün yaradıcılıq təşkilatları ilə mütəmadi olaraq əlaqə saxlayır, xüsusi plana əsasən silsilə tədbirlər həyata keçirilir. Gəncə Dövlət Dram Teatrının aktyoru, Respublikanın Xalq artisti Alim Məmmədovun gənc əsgərlərlə görüşü şəxsi heyətdə xoş təəssüratlar oyadıb. Əməkdar İncəsənət Xadimi, polkovnik Abdulla Qurbani Xalq Artistinin həyat və yaradıcılığı haqqında məlumat verərək onun Azərbaycan teatrı və kinosu tarixində mühüm yer tutduğunu nəzərə çatdırıb. Qeyd olunub ki, on altı yaşından səhnə fəaliyyətinə başlayan aktyor "Bir cənub şəhərində", "Qara volqa", "Ölülər" və başqa filmlərdə, eləcə də Azərbaycan və dünya klassiklərinin, çağdaş dramaturqların tamaşaya qoyulan bir çox əsərlərində uğurla çıxış etmiş və aparıcı aktyor kimi xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. Xalq artisti Alim Məmmədov Müdafiə Nazirliyinin yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkil etdiyi kütləvi vətənəpərvərlik tədbirlərində də yaxından iştirak etmiş, ona həvalə edilən obrazların öhdəsindən layiqincə gəlmişdir. Silahlı Qüvvələrimizin şəxsi heyəti A.Məmmədovu Nizami Gəncəvi, Cavanşir, Cavad xan, Mücirəddin Beyləqani, general Əliağa Şıxlinski, hərbiyyə nazirimiz Səmədbəy Mehmandarov və başqa şəxsiyyətlərin obrazlarının mahir ifaçısı kimi tanıyır. Xalq artisti gənc əsgərlər qarşısında çıxış edərək hərbi xidmət illərini yada salıb, yaratdığı obrazların dili ilə onları salamlayıb, monoloqlar, vətənpərvərlik şeirlərindən nümunələr söyləyərək əsgər və zabitləri ruhlandırıb, gələcək xidmətlərində uğurlar qazanmağı arzulayıb və onları maraqlandıran sualları cavablandırıb. Polkovnik-leytenant Elşən Salayev dəvətlərini məmnuniyyətlə qəbul edərək gənc əsgərlərlə görüşə gələn və onlarda xoş əhval-ruhiyyə yaradan sənətkara şəxsi heyət adından dərin minnətdarlığını bildirib, Müdafiə Nazirliyinin xətti ilə nəşr olunmuş "Ruhumuzun qələbəsi naminə" adlı kitab-albomu Xalq artistinə xatirə olaraq hədiyyə edib.
Qeyd edək ki, hərbi qulluqçuların vətənpərvərlik hissini artırmaq üçün təkcə ideoloji tədbirlər kifayət etmir. Bunun üçün kompleks tədbirlərin görülməsinə ehtiyac duyulur. Xüsusən, döyüş hazırlığı ilə bağlı görülən işlər əsgərlərin döyüş ruhunu daha da artırmış olur. Elə bu baxımdan Müdafiə Nazirliyində Silahlı Qüvvələrdə döyüş hazırlığının nəticələrinə həsr olunmuş kollegiya iclası keçirilib.Toplantıda Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qismləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlər iştirak ediblər. Müşavirədə döyüş hazırlığı və nizam-intizamın vəziyyəti, həyata keçirilən fəaliyyətlər, problemlər və onların həlli yolları, əldə olunan nailiyyətlər, əsas istiqamətlər üzrə yerinə yetirilən tapşırıqlarla bağlı nazir müavinləri və birlik komandirlərinin məruzələri dinlənilib, qısa və uzun müddətli perspektivlər barədə ətraflı fikir mübadiləsi aparılıb. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan cənab İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi diqqət və qayğını xüsusi qeyd edərək, xalqımızın və ölkə rəhbərliyinin ordumuzun fəaliyyətinə verdiyi yüksək qiyməti toplantı iştirakçılarının diqqətinə çatdırıb. Müdafiə naziri cari ilin aprel döyüşlərindən sonra işğaldan azad olunmuş ərazilərdə müdafiənin ön xəttinin möhkəmləndirilməsi, hərbi hissələrin müasir silah-sursat və zirehli texnikalarla təchiz edilməsi, şəxsi heyətin döyüşə hazırlığının səviyyəsi, hərbi qulluqçuların mənəvi-psixoloji vəziyyəti və nizam-intizamın gücləndirilməsi, eləcə də onların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması istiqamətində vəzifəli şəxslər qarşısında müvafiq tapşırıqlar qoyub. Sonda kollegiya iclasında irəli sürülən təkliflər müzakirə edilərək qərar layihəsi qəbul edilib.
Azərbaycan
Respublikası Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə
çap edilmişdir
Olaylar.- 2016.- 2
sentyabr.- S.15.