Özünə şərəfli ölüm arzulayan şəhid

 

"Gedib də gəlməmək, gəlib də görməmək var"

 

Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolu" layihəsi çərçivəsində aprel döyüşlərində şəhid olmuş Qurbanlı Fəxrəddin Seyfəddin oğlunun ailəsini ziyarət edib.

Şəhid Fəxrəddin Qurbanlı 1994-cü ildə Bakı şəhərində anadan olub. 2011-ci ildə Binəqədi rayon 179 saylı orta ümumtəhsil məktəbi bitirib. Məktəbi bitirəndən sonra Azərbaycan Universitetində "Sosial iş" ixtisası üzrə ali təhsil alıb. 2015-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb. Fəxrəddin Qurbanlı Azərbaycan Silahlı Qüvvələrinin Quru Qoşunlarının əsgəri olub. 2016-cı ilin 2 aprel tarixində Erməni Silahlı Qüvvələrinin Tərtər rayonu istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olub. Qeyd edək ki, Fəxrəddin Qurbanlı digər şəhid Mahir Mirzəyev ilə də qohum idi.

Şəhid Fəxrəddin Qurbanlının yaşadığı evi tapmaq elə də çətin olmadı. Çünki Binəqədi rayonunun 1-ci Mədən ərazisində yaşayan bütün sakinlər bu ünvanı çox yaxşı tanıyırlar. Vətən uğrunda canından keçərək cənazəsinin çıxdığı bu ev indi ölkə sakinləri üçün müqəddəs bir ziyarətgaha çevrilib. Ancaq danılmaz faktdır ki, şəhid valideynlərinin dilindən övladları barədə nə isə eşitmək olduqca ağrılı anlardır. Buna baxmayaraq özümüzü cəmləyib şəhidin valideynlərinin dilindən onun uşaqlığını, uğurlarını, vətənpərvərliyini və ən nəhayət arzularını dinlədik. Televiziyadan, radiodan, xəbər portallarından aldığımız xəbərlər bizi necə sarsıdır, nələr hiss edirik, bunu sözlərlə ifadə etmək mümkün deyil. Şəhid valideynlərini canlı dinləyəndə, ananın göz yaşını, atanın oğlundan danışarkən dodaqlarının, çənəsinin titrəməsini canlı görəndə dünya adamın başına fırlanır. Şəhid Fəxrəddin Qurbanlının anası Həzimə xanım qəhər içində boğula-boğula danışır: "Şəhid anası ağlamaz deyirlər, əslində elə şəhid anası ağlayar. Deyirlər sən balanla fəxr etməlisən. Bəli mən balamla fəxr edirdim- uğurları, diplomları, savadı, tərbiyəsi, qazandığı hörməti ilə. Amma indi onunla fəxr edə bilmirəm, itirmişəm axı... Əlim havada boş qalıb. Xatırlamağa çalışıram oğlumun yanlış bir hərəkətini və ya haqqında eşitdiyim şikayəti ki, təsəllim olsun, amma xatırlaya bilmirəm". Fəxrəddin dünyaya gələrkən aldığı zərbədən bir gözünün nurunu itirmiş Həzimə ana bircə oğul balasını itirdiyindən ürək ağrısı, dərd yanğısı ilə danışır. Amma bütün bunlara baxmayaraq onun Vətən uğrunda, torpaq uğrunda şəhid olan balası ilə necə qürurlandığını çox aydın görmək olur. Balasının cəsarəti, qorxmazlığı ilə fəxr edir Həzimə ana.

 

Yarımçıq qalan telefon zəngi

 

Fəxrəddinlə anasının son telefon danışığı aprelin 1-də olub. Ancaq telefonun balansında pulun bitməsi səbəbindən yarımçıq kəsilib. Həzimə xanım hələ də bu danışığın yarımçıq kəsilməsinə yanıb-yaxılır: "Balamla son danışığımda soruşdu ki, gözün necədir? Dedi ki, ana, səndən nigaranam. Bir də dedi ki, tələsirəm, növbəyə gedirəm. Yəqin döyüşü nəzərdə tuturmuş. Ondan sonra oğlumla əlaqəmiz kəsildi. Yenidən əlaqə yaradanda bildirdi ki, növbəyə tələsdiyi üçün qısa danışıb. Sonradan məlum oldu ki, əslində o, döyüşə gedirmiş. Lakin bu barədə bizə məlumat verməyib. Cəbhədə ermənilərin son təxribatından sonra atası yollandı Fəxrəddinin xidmət keçdiyi hərbi hissəyə. Günlərlə balamdan xəbər ala bilmədik. Nə dirisindən, nə də ölüsündən. Ümid edirdik ki, bəlkə itkin düşüb. Ayın 9-da bizə qara xəbəri gəldi. Fəxrəddinin yaşadığına onun tabutu qapıdan çıxana qədər inanırdım. Hərdən yenə elə bilirəm yuxudur bu yaşadıqlarımız".

 

Fəxrəddin təkcə Qarabağ

haqında düşünmürdü

 

Fəxrəddinin keçdiyi həyat yolunu xatırladan Həzimə ana deyir ki, oğlu heç vaxt ozunə artıq söz dedirtməzdi. Məktəbdə də, qonşuda da, hər yerdə. Deyirdi ki, nəyisə etmək olmaz, deməli olmaz. Ondan ötrü mən niyə özümə söz götürüm: "Fəxrəddin yay tətillərində könüllü təşkilatlara qoşulurdu. Uşaq evlərinə, qocalar evlərinə gedirdi. Adətən uşağı ata, ana ilə tanıyarlar. O isə istəyirdi ki, öz ayağı üstündə dursun. Hərbi xidmətə çox böyük həvəsi var idi. Məzuniyyətə gələndə hərbi xidmət haqqında həvəslə danışardı. Hərbi xidmətdən çox razı idi, bir dəfə də olsun onun narahatçılığını eşitməmişdim. Axırıncı dəfə məzuniyyətdən qayıdanda özü ilə 2 çanta kitab apardı". Həzimə ana deyir ki, Fəxrəddin təkcə Qarabağ haqqında düşünmürdü: "Azərbaycan tarixini çox gözəl bilirdi. Deyirdi ki, Zəngəzur torpaqları da geri qaytarılacaq. Çünki bu torpaqlar bizim əzəli ərazimiz olub. Fəxrəddin ailənin yeganə övladı idi. Ixtisasi isə sosial işlə bağlı idi. Deyirdim ki, gələcək karyeran üçün hərbi xidmət vacib deyil. Lakin o birmənalı şəkildə bildirirdi ki, mən hərbi xidmətə getməliyəm, Vətənə xidmət etməliyəm. Mən getməsəm, başqaları getməsə, Vətəni kim müdafiə edəcək, itirilmiş torpaqları kim geri qaytaracaq. Əgər biz gənclər Qarabağı geri almasaq, sabah ermənilər Bakını almaq iddiasına düşəcəklər. Onda gərək biz bu dünyada yaşamayaq. Fəxrəddin bu qədər Vətənə bağlı gənc idi". Həzimə ana deyir ki, yeganə təsəllisi Fəxrəddinin adının əbədiləşdirilməsi ola bilər: "Mən artıq bircə balamı itirmişəm. İndi yeganə təsəllim onun xatirəsinin əbədiləşdirilməsi ola bilər. İstərdim ki, Fəxrəddinin adı bir məktəbə, küçəyə verilsin. Bu addımın atılması həm də gənclərin vətənpərvərlik hissinin artmasında mühüm rol oynaya bilər".

Şəhidin atası Seyfəddin kişi isə deyir ki, Fəxrəddin bir dəfə şəhid oldu, amma biz hər gün şəhid oluruq: "Evə gəlirik bomboş. Gəl indi unut, unuda bilirsənsə bu eşitdiklərini". Seyfəddin kişi qəhərdən birtəhər xilas olaraq söhbəti davam etdirir. Deyir ki, oğlu orta məktəbdə fəal uşaq olub. Azərbaycan Universitetində oxumasına baxmayaraq qeyri-hokumət təşkilatları ilə sıx əlaqə saxlayıb. Universitetdə ən yuksək təqaüd alırdı: "Hərbi xidmətdən də heç bir narazılığı yox idi. Hər dəfə danışanda deyirdi ki, hər şey yaxşıdır. Xidmət etdiyi hərbi hissə ilə əlaqə yaratdıqda ona ancaq kitab göndərilməsini xahiş edərdi. Hətta məzuniyyətə gələndə özü ilə yeni kitablar aparardı: "22 ildir ki, bu məhlədə yaşamışıq. Bir dəfə eşitmədim ki, desinlər Fəxrəddin məhlədə kiminləsə dalaşdı. O, doğulan vaxtdan anası xəstədir. Evin tək uşağı olmasına baxmayaraq biz Mockvaya müalicəyə getdikdə evdə tək qalardı. Dərsə tək gedib gələrdi". Seyfəddin kişi Azərbaycanın ərazi bütövlüyü, işğal altında olan torpaqların geri alınmasında qəhrəmanlıqla şəhid olanların xatirəsinin əbədiləşdirilməməsindən narahatdır. Deyir ki, bu elə bir vəsait aparmır, həlli mümkün olmayan proses deyil. Elə Binəqədi rayonunun özündə Mədən-1, Mədən-2 və sair kimi çoxlu sayda küçə adları var. Əslində həmin küçələri axtarıb tapmaq vətəndaşlara böyük çətinliklə başa gəlir. Ancaq şəhid Fəxrəddinin evi dedikdə hamı bu küçəni tanıyır. Yaxşı olardı ki, bu küçələrdən birinə Fəxrəddinin adı verilsin.

 

Sonuncu görüş, sonuncu vida

 

Fəxrəddinin evə son gəlişi ad gününə təsadüf edib. Yanvarın 13-də 22 yaşını qeyd edib Fəxrəddin. Bu onun son dəfə ailəsi ilə birgə keçirdiyi doğum günü törəni olub. Sadə bir ad günü törəni... Yaxınları deyir ki, Fəxrəddin hər zaman özünə şərəfli ölüm arzulayırdı: "Sözü o idi ki, hərə bir cür ölür, biri xəstələnir, biri yol qəzasında ölür, biri qocalır ölür. Əsil ölüm isə şərəfli ölümdür. Şəhid olmaq... Elə bu arzusuna da qovuşdu Fəxrəddin". Şəhid əsgərin məzuniyyətdən qayıdarkən sosial şəbəkədə yazdığı status diqqəti xüsusilə çəkib: "Və budur kiçik, amma gözəl olan məzuniyyət bu gün bitdi. Səhər yenə əsgər həyatına davam, amma bu da müvəqqətidir, 5 ay. Məzuniyyətdə olduğum vaxt hiss elədim ki, 23 illik həyatım boş yerə getməyib, sağ olsun dostlar, tanışlar. Xüsusilə deməyə ehtiyac yoxdur, çünki mənim bütün dostlarım xüsusidir. Bəzi insanları görə bilmədim, Özünüzə yaxşı baxın, gedib də gəlməmək, gəlib də görməmək var. Getdik, istiqamət Tərtər, Doğma Qarabağ!" İndi bu statusu onun valideynləri tez-tez xatırlayır və yeni anlamağa başlayırlar bu ifadənin nə məna daşıdığını. Fəxrəddin 22 yaşında düşmən tapdağında olan Seysulan kəndinə 24 ildən sonra qədəmlərini basdı. Bu torpağı azad edərək əbədiyyətə, ölümsüzlüyə, ən yüksək zirvəyə ucaldı. Aprelin 8-i Qurbanovun ailəsi üçün dəhşətli bir günı çevrilmişdi. Eyni gündə Fəxrəddin və onun yaxın qohu Mahir Mirzeyev döyüşdə dünyasını dəyişir. Fəxrəddinin dayısı Malik bu xəbəri eşidən kimi ürəyi dözmərərək əbədiyyatə qovuşur. Fəxrəddin ölümündən sonra "xidmətə görə 2-ci dərəcəli medalla" təltif olunub. "Hüquq Dünyası" Hüquqi Təbliğat İctimai Birliyi tərəfindən "Şəhid Sosial İşçi Fəxrəddin Qurbanlı" mükafatı təsis olunub. Mükafat hər il aprel ayının 9-da Sosial iş sahəsində uğurlu fəaliyyət göstərən insanlara veriləcək.

 

Alim Hüseynli

 

Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə ABUC-un həyata keçirdiyi "Vətənpərvərlik hissinin yüksəldilməsində QHT-lərin rolunun artırılması" layihəsi çərçivəsində çap olunur

 

Olaylar.- 2016.- 3-5 sentyabr.- S.12.